Gənclərə
örnək şərəfli ömür
Elə insanlar var ki, onlar
fəaliyyəti ilə yaşadığı dövrdə cəmiyyətin
parlaq bir simasına
çevrilirlər.
Dünyasını dəyişəndən sonra onların cəmiyyətdə
yeri görünür.
Belə insanların biri
haqqında yazmağa qərar verəndə
istər - istəməz arxivin
saralmış sənədlərini qaldırmalı oldum. Ötən əsrin 70 - 80 - ci illərində SSRİ Elektrotexnika
Sənayesi Nazirliyi rəhbərliyinin dəfələrlə
Hikmət Əliağa oğlu Babayev haqqında Azərbaycana göndərdiyi
məktub və teleqramlar dediklərimi bir daha təsdiq edirdi.
1988 - ci il aprel
ayının 19 - da nazirlik
Azərbaycandakı eyniadlı nazirliyin ən
böyük müəssisəsi olan Mərkəzi Elektriktökmə Zavodunun direktoru Hikmət
Babayevə göndərdiyi məktubunda yazırdı:
“Çoxillik
məhsuldar fəaliyyətinə, müəssisədə
yaratdığı nizam - intizam, işgüzarlıq ruhu,
işçilərin rifahı, istehsalın
inkişafındakı ixtira və səmərələşdirici
təkliflərinə və müəssisəni ümumittifaq
miqyasda nümunəvi cərgəyə
çıxardığına görə H. Ə. Babayevə
nazirliyin Fəxri fərmanı təqdim edilsin.”
Doğrusu,
bacarıqlı mütəxəssis, səriştəli rəhbər
Mərkəzi Elektriktökmə Zavodunun 20 il fasiləsiz direktoru olmuş
Hikmət Babayev haqqında bu ifadələri böyük
qürurla oxudum. Həmsöhbətimiz,
Neft Akademiyasının baş müəllimi Səadət
Babayevanın mərhum həyat yoldaşı ilə
bağlı xatirələrini çözərkən qısa
vaxt ərzində onunla bağlı nə varsa
hamısını çatdırmaq istəyi heç də nəzərimdən
yayınmadı. Lakin bir detal Hikmət müəllimin öz
peşəsinin fədaisi olmasını qeyd - şərtsiz
isbat edirdi. Səadət xanım söylədi ki, səhhəti
ilə bağlı Hikmət müəllim istefa ərizəsini
Nazirlər Kabinetinə təqdim edəndə bir ilə
yaxın müddətdə onun ərizəsinə qol çəkilmədi. Gözləyirdilər ki, bu
bacarıqlı direktor sağalıb yenidən işlədiyi
müəssisəyə dönəcək. Onun böyrək
çatışmazlığı problemi var idi. Mən onu
Moskvaya apardım. Mənsub olduqları nazirliyin xəstəxanalarını
bir - bir gəzdik, lakin təəssüf ki, bütün əzab
- əziyyətlərimiz boşa getdi. Mən hətta öz
böyrəyimi ona verməyə razılıq vermişdim.
Zalım fələk yarıda qoydu hər şeyi. Söz
verdiyim kimi Hikməti sağaldıb övladlarına və
onun kollektivinə çatdıra bilmədim... Heç yadımdan
çıxmaz, ömrünün son günlərində belə
bir hadisə olmuşdu:
Xəstə
olarkən kollektivindən bir qrup işçi ona baş
çəkməyə gəlmişdi. Müəssisənin vəziyyəti
haqqında soruşanda sex rəislərindən biri dedi ki, Hikmət
müəllim, keçmiş şöhrətimizdən təkcə
xarab olmuş avadanlıqlar qalıb. Bu zaman o, əlləri ilə
başını tutdu və göz yaşları sakitcə
yanağına süzüldü.
Doğrusu,
xanımının söylədiyi bu kiçik xatirə əslində rəhbəri olduğu müəssisəyə
can yanğısı ilə yanaşan bir insanın əsl
portret cizgisi idi. Hikmət Babayevin ömür yoluna nəzər
salarkən onun necə şərəfli, gənclərə
örnək olası həyatı gözlərimiz
önündə canlanır.
Adlı
- sanlı mühəndis, metallurgiya üzrə görkəmli
mütəxəssis Hikmət Babayev
1938 - ci ildə Salyan şəhərində qulluqçu
ailəsində anadan olmuşdu. Salyan şəhərində
orta məktəbi bitirdikdən sonra M. Əzizbəyov adına
Azrbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Neft
Akademiyası) mexanika fakültəsinə daxil olmuş, ali təhsil
ala-ala Mərkəzi Elektriktökmə Zavodunda işləməyə
başlamışdır. Bu zavod o dövrdə yenicə
qurulurdu. İlk gündən burada o, usta vəzifəsində
çalışmış, sonradan baş usta, sex rəisi və
1967 - ci ildə baş mühəndis olmuşdur.
Bacarıqlı mütəxəssis kimi vəzifə tramplinini
uğurla aşan Hikmət Babayev yeni texnologiyanın tətbiqinə,
istehsalat fəaliyyətinin tənzimlənməsinə ciddi səy
göstərmiş, elektik məmulatlarının texnoloji
proseslərə uyğun istehsal olunması üçün
var qüvvəsini sərf etmişdir. 1980 - ci ildə
işgüzarlığı və təcrübəsi nəzərə
alınaraq o, Mərkəzi
Elektriktökmə Zavodunun direktoru vəzifəsinə təyin
edilmişdir. Bu vəzifədə fasiləsiz olaraq 20 il, yəni
ömrünün sonuna qədər işləmişdir. H.
Babayev təcrübəli, nəzəri cəhətdən
hazırlıqlı əsl elm fədaisi idi. O, çoxsaylı
ixtiralar, səmərələşdirici təkliflər müəllifi
kimi yeni texnika və texnologiyanın geniş tətbiq
olunması üçün var qüvvəsini sərf
etmiş, bu sahənin inkişafına diqqəti, təşəbbüskarlığı
və fəallığı ilə təkcə respublikada
deyil, keçmiş ittifaqda böyük nüfuz
qazanmışdır. Mövcud vəziyyətlə əlaqədar
yaranmış iqtisadi çətinliklərə baxmayaraq
kollektivin şərəfini, əmək qanunçuluğunu həmişə
uca tutmuş və zavod əməkçiləri arasında
ruh düşkünlüyü yaranmasına imkan verməmişdir.
Onun rəhbər kimi gözəl
xüsusiyyətlərindən biri də kollektiv üzvlərinin
sosial vəziyyətinin yaxşılaşdırılmasına
səy göstərməsi idi. Bu xeyirxahlığı
özünün ən başlıca mənəvi borcu
sayır, kollektiv üzvlərinin
problemlərini öz problemi hesab edirdi. İctimai mənafeyi
hər şeydən üstün tuturdu.
Son illərin çətinlikləri, ictimai - siyasi problemlər onu daim narahat edir və bütün bunlar səhhətinə təsir göstərirdi. Həmişə haqq, ədalət, düzgünlük tərəfdarı kimi düşünər və bu müqəddəs amalla yaşayardı. Ümumittifaq əhəmiyyətli zavoda rəhbərlik edərkən, onun xidmətlərindən biri də istehsal mexanizmini təkmilləşdirərək, zavodu sahə strukturlarından ayırıb Mərkəzi Elektriktökmə zavoduna çevirməsi idi. Yüksək istehsalat nailiyyətlərinə görə zavod 3 dəfə dalbadal Azərbaycan KP MK - nın, Respublika Nazirlər Sovetinin və Azərbaycan Həmkarlar İttifaqı Şurasının Keçici Qırmızı Bayrağına layiq görülmüş, Fəxri fərmanla təltif edilmişdi.
1982
- ci ildə SSRİ elektrotexnika sənayesi naziri A. İ.
Mayorets onun direktor işlədiyi müəssisəyə gələrək
Azərbaycan KP MK -nın katibi Həsən Həsənovla və
Mərkəzi Komitənin şöbə müdiri Artur Rəsizadə
ilə birlikdə yenidənqurma və texniki təchizat proseslərinə
və köməkçi sexlər üçün inşa
ediləcək korpuslara baxmış, Yeni avtomat xəttin bazasında hazır
məhsulların keyfiyyəti ilə tanış olmuşdur.
1986 - cı ildə “Şərəf nişanı”, 1987 - ci ildə Qırmızı Əmək Bayrağı ordeni, yubiley və digər medallarla təltif olunan Hikmət Babayevin səmərələşdirici təkliflərinin - müəlliflik şəhadətnamələrinin sayı - hesabı yoxdur. Hikmət Babayev və Ramiz Zadəyev (Bakı Poladtökmə və Baku Steel Company zavodlarının sabiq mərhum direktoru) kimi ağır sənaye azmanlarının rəhbərliyi ilə müəssisənin şöhrəti ildən-ilə artaraq ümumittifaq miqyasında yüksək istehsal göstəricilərinə malik bir zavod kimi şöhrət tapmışdı. Çox təəssüf ki,belə bir istehsal nəhəngi bu gün tənəzzüldədir...
Yüksək
idarəçilik və rəhbərlik bacarığına
malik olan Hikmət Babayev həm də səmimi və
qayğıkeş ailə başçısı idi. Səadət
xanımın kövrələrək ömür - gün
yoldaşı haqqında belə fəxr və qürurla
danışmağı onun əsl Azərbaycan xanımı,
anası, qadını obrazını yaradırdı.
Amansız ölüm 2001 - ci il mayın 22-də həssas, xeyirxah, azadlıqsevər insanı, gözəl mütəxəssis və tələbkar istehsalat rəhbərini aramızdan aparsa da, ailəsində yolunu və ənənəsini şərəflə davam etdirən bir oğlu və bir qızı onun ömür çırağını yandırırlar. Bütün şüurlu həyatını və fəaliyyətini xalqa və Vətəninə həsr etmiş Hikmət Babayev yaşasaydı, bu günlərdə onun 75 yaşı tamam olacaqdı. Səd heyif ki, indi bu gözəl insanın təkcə xatirəsi onu tanıyanların qəlbində xeyirxah və müdrik insan kimi əbədi olaraq yaşayır. Bu o deməkdir ki, Hikmət Babayev cəmiyyət tərəfindən rəhmətlə və rəğbətlə anılan ömrünü hədər yaşamamışdır.
M.FƏRZƏLİYEVA,
Yazıçılar və Jurnalistlər
birliklərinin üzvü
Xalq qəzeti.- 2013.- 14 aprel.- S. 10.