Həm tarzən idi, həm də gözəl xanəndə
Bəstəkar Arif Məlikovun
obrazlı bir deyimi var: “Musiqi bəşərin
Allahla danışan dilidir”.
O adamlar xoşbəxtdirlər ki, bəşərin Allahla
danışan dilini bilmək onlara qismət olub və bunun sayəsində həyatda iz
qoyublar, hər zaman yada düşürlər.
Haqqında
söhbət açdığım insan, musiqi aləmində
tanınan, el-obamızın sevimli sənətkarı Teymur
Adil oğlu Hüseynovdur. Yaşasaydı, indi 80 yaşı
olacaqdı.
Teymur
Hüseynov Neftçala rayonunun Haqverdili kəndində sadə
bir ailədə dünyaya göz açıb. Bu ocaqda xanəndəlik sənətinə
bələd olan, çalıb-oxuyan, yaxşı səsi ilə
tanınan kimsə olmamışdır. Bəs, onda bu ilahi səs,
boğazdakı xırdalıqlar hardandı? Bəlkə
dünyaya göz açanda mələklər qulağına
pıçıldayıb ki, sən nəğməkar
olacaqsan, məlahətli səsinlə el-obanın sevimlisinə
çevriləcəksən, incə rübabınla Allahla danışa biləcəksən?
Bəlkə bu ilahi sevgi müqəddəs ana laylası, ana
südü ilə keçib? Bəlkə də...
Teymur
ağlı kəsəndən toylara, məclislərə
gedir, aşıqların, xanəndələrin bir məclisini
belə buraxmır, onların hər birindən ən
yaxşı cəhətləri
görüb-götürürdü. Gecə-gündüz evdə
öz-özünə zümzümə etməkdən
usanmır, simlərdən taxta parçası üzərində
düzəltdiyi “tarı” çalmaqdan bezmirdi.
Tədricən
el məclislərində sərbəst oxumağa
başlayır, tanınır. Bununla belə musiqi təhsili
almaq arzusu onu Asəf Zeynallı adına Bakı orta ixtisas
musiqi məktəbinə gətirib çıxarır.
İmtahanları uğurla verib məktəbə daxil olur.
Teymur burada başqa bir aləmə düşür, sanki sehirlənir,
özünü nağıllar aləmində hiss edir.
Teymur
burada həm tar (Əhməd Bakıxanov), həm də xanəndəlik
(Seyid Şuşinski) siniflərində oxuyur. Tar
çalmağın sirlərini, xanəndəlik peşəsinin
incəliklərini öyrənməyə ciddi səylər
göstərir. İslam Rzayev, Əlibaba Məmmədov,
Ağasaleh Abasəliyev Teymurun sinif yoldaşları idi. T.Hüseynov 1957-ci ildə Asəf
Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbini
bitirib doğma Nefçalaya gəldi. Ona qədər
Nefçalada ixtisaslı musiqi müəllimi yox dərəcəsində
idi, musiqi məktəbi fəaliyyət göstərmirdi. Teymur
musiqi məktəbinin yaradılmasından ötrü qapı
qalmadı açdı. İlk növbədə bina məsələsini,
kadr məsələsini həll etmək, avadanlıq əldə
etmək üçün yollar arayıb axtardı. Nəhayət,
1957-ci ildə musiqi məktəbinin açılmasına nail
oldu. 7 illik musiqi məktəbinin
ilk direktoru da özü oldu. Məktəbdə tar,
qarmon, fortepiano, xanəndəlik sinifləri
açıldı.
Teymur
hələ uşaq yaşlarından dastanları sevə-sevə
oxuyar, oradakı poeziyanın sehrinə düşər,
onları əzbərləyər, yeri gələndə
qoşma, gəraylı, təcnis və aşıq şerinin
başqa növlərindən məclislərdə, toylarda məharətlə
istifadə edərdi. Onun Aşıq Şəmşirlə
böyük Səməd Vurğunun
deyişməsini, S.Rüstəmin “Xatirat dəftərim
durur qarşımda” misrası ilə başlanan “Yadıma
düşdü” qoşmasını və başqa
aşıq şeirlərini çox böyük məharətlə
oxuduğu indi də yaddaşlardadır.
Teymur
Hüseynov başqa xanəndələrdən nə ilə fərqlənirdi?
Onu tanıyanların qənaətinə görə, Teymur
müəllimdə çox gözəl tar çalmaq məharəti
vardı, özü çalıb, özü də
oxuyardı. Bu xüsusiyyət tək-tək xanəndələrə
nəsib olub. Zəngin söz ehtiyatı vardı. Klassiklərimizdən
tutmuş, müasir dövrə qədər yazıb-yaradan
şairlərimizin çoxlu şeirlərini əzbər
bilirdi. Özü də sözləri çox aydın şəkildə,
olduğu kimi dinləyiciyə
çatdırırdı. Zildən-bəmə, bəmdən-zilə,
pərdədən-pərdəyə, muğamın bir
şöbəsindən digərinə ustalıqla keçə
bilirdi. Çox sadə insan idi. Məclisi, auditoriyani ələ
almağı və məharətlə idarə etməyi
bacarırdı. Məşhur tarzən Əhsən
Dadaşovun xalq çalğı alətləri
ansamblının müşayiətilə oxuduğu 17 təsnif
və mahnısı Azərbaycan
radiosunun “Qızıl fond”unda saxlanılır. Çox təəssüf
ki, onun onlarla digər muğam, təsnif və mahnıları
itib batmışdır. Amma bu, dəyərli xanəndə,
ustad tarzən və gözəl insan Teymur Hüseynovun musiqi
sahəsindəki xidmətlərini azaltmır, o həmişə
hörmət və məhəbbətlə yada
düşür. İki il əvvəl
haqq dünyasına qovuşmuş Teymur müəllim musiqiyə
olan hədsiz sevgisinə görə övladlarından ikisinə
muğamlarımızın adlarını vermişdir: Təsnif
və Müxalif. Elə onlardan biri - Müxalif atasının yolunu
davam etdirir.
...Dili
söz, əli mizrab tutandan ömrünün sonuna qədər
musiqi ilə nəfəs aldı, muğamlarla yaşadı.
“Guş qıl, ey ki bilirsən özüvi vaqifi kar, Agah ol,
gör ki, nədir naleyi ney, nəğmeyi tar” - dedi Teymur
müəllim. Bakıya köçsəydi, bəlkə daha
çox tanınar, populyar bir sənət adamı olardı.
Amma o, doğma Neftçalaya üstünlük verdi,
yurddaşlarının musiqi savadının artmasına,
istedadların üzə çıxarılmasına
yardımçı olmaqdan hədsiz məmnunluq duydu.
Tələbəlik
illərinin dostları onun
haqqında gözəl fikirlər bildiriblər.
Xalq artisti Əlibaba Məmmədov:
— Əgər 50-ci illərdə kimsə Seyid
Şuşinskinin tələbəsi olubsa, deməli, birmənalı şəkildə
istedadlı olub. Rəhmətlik
Qulu Əsgərov, xalq artisti Zeynəb Xanlarova, mən,
Teymur Hüseynov, ümumiyyətlə, 19 nəfər idik Seyid
Şuşinskinin tələbələri. Teymurun yumşaq səsi vardı, boğaz
xırdalıqları əla
idi. Güləndə qızıl dişləri
görünür, onu
işıqlı göstərirdi...
Əməkdar artist
Süleyman Abdullayev:
—
Teymur İslam Rzayevlə dostluq
edirdi. Bizdən bir kurs
yuxarıda oxuyurdu. Gözəl
səsi vardı. Əlibabanın “Sevgilim, el bilir, mən
əhli-dərdəm” misrası ilə başlanan təsnifini
necə oxumasını xatırlayıram. Muğam parçalarını çox ustalıqla ifa edirdi.
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin müəllimi, xanəndə
Zakir Əliyev:
—
Eyni rayondan olsaq da, yaşca çox böyük olduğundan onu görməmişəm. Amma
haqqında çox eşitmişəm. Mən Arif
Babayevin tələbəsi idim, amma bəzən rəhmətlik
İslam Rzayevin də sinfinə dinləmələrə
gedirdim. İslam müəllim Teymur Hüseynovdan xatirələr
danışardı. “Şahnaz” təsnifini əla oxumasını hey tərifləyərdi. Deyərdi ki, güclü səsi vardı Teymurun...
Bu
yaxınlarda mərhum musiqi cəfakeşinin 80 illik yubileyini
keçirməyə hazırlaşanlar onun haqqında əbəs
yerə demirlər: “Unutmaz bu oba, bu mahal səni...”
Tədbir MAHMUDOV,
əməkdar
müəllim
Xalq qəzeti.- 2013.- 14 aprel.- S. 10.