Şəmkir:
müasirləşmə və yeniləşmə yeni mərhələyə qədəm qoyur
Bu ilin fevralında Prezident
İlham Əliyevin sədrliyi ilə “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın icrasının dördüncü
ilinin yekunlarına həsr olunmuş
konfransda ölkə rəhbərinin bir sıra məmurların fəaliyyəti ilə bağlı
və hamının böyük
marağına və razılığına səbəb olan fikirlərini, tənqidi
çıxışını dinləyərkən gözlərim
önündən istər-istəməz
qulluq etdiyim bölgənin
icra hakimiyyəti
başçıları, digər məmurları gəlib keçdi.
Əksəriyyətini
uzun illərdir tanıyıram. Yeniləri ilə də işlə
bağlı tez-tez təmasda oluruq. Təbii ki, jurnalist-məmur dialoqları
zamanı onların hər birinin keyfiyyətlərini üzə
çıxarmaq çətin məsələdir. Bu işdə
daha çox əhalinin ən müxtəlif təbəqələrinin
fikirlərini öyrənmək, tez-tez adamlar arasında olmaq
daha önəmlidir.
Hansı
rayonda, şəhərdə ki, əmin-amanlıqdır,
sakitlikdir, məmur özbaşınalığı yoxdur,
orada inkişaf da göz qabağındadır. Şəmkir də
belə rayonlardandır. Yaxın bir-iki il ərzində bu
rayonu tanımaq olmayacaq. İndi küçələrindən,
döngə-dalanlarından güc-bəla ilə
keçdiyimiz Şəmkir suyu, kanalizasiyası, bir-birindən
yaraşıqlı park və xiyabanları, gözəl
binaları, hər cür kommunikasiyası olan bir məkan kimi tanınacaq.
Dəfələrlə
fikir vermişəm. Necə deyərlər, səhərin
gözü açılmamış yollarda xüsusi forma
geyinmiş, təmizlik işləri aparan qadınları
görmüşəm. Yer qazan, hörgü hörən
kişilərlə rastlaşmışam. Hamısının
da üzündə həvəs, ruh yüksəkliyi sezmişəm.
Bu rayonda
son illər nə iş görülübsə, həm də
sadəliyə, təvazökarlığa söykənib.
Rayonun icra hakimiyyətinin başçısından tutmuş ən
aşağı vəzifəli məmurlara kimi əhali ilə
qaynayıb qarışıblar. Onların əksəriyyəti
məhz öz insani keyfiyyətlərinə görə uzun illərdir
ki, işləyir. Rayon icra hakimiyyətinin
başçısı Nazim Veysov özü sadəliyi,
istiqanlılığı, səmimiyəti və adamları
ruhlandırmaq
bacarığı ilə daim nümunə göstərib.
Əhalisinin
sayı 200 min nəfəri keçən Şəmkirdə
yuxarı orqanlara göndərilən şikayət ərizələrinin
sayı da ilbəil azalır. Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsinin
müdiri Sənan Quliyev söhbət zamanı dedi ki, məmur-vətəndaş
münasibətlərinin səviyyəsi istər-istəməz
öz təsirini göstərir. Məsələn, keçən
il rayon icra hakimiyyətinə 2011-ci illə müqayisədə
640 ədəd az müraciət daxil olmuşdur. Rayon icra
hakimiyyəti başçısının səyyar qəbulları
öz səmimiliyi, işgüzarlığı və
operativliyi ilə yadda qalır. Rəhbərliyin sadəliyi və
diqqətcilliyi adi kənd sakinlərinə öz problemlərini
birbaşa söyləməyə imkan yaradır.
...Rayonda
olarkən ayrı-ayrı məmurların işi ilə bir
daha maraqlandıq, onların özləri ilə söhbət
etdik. Təbii ki, hələ də müəyyən problemlər
var, bəzən izahat-təbliğat işləri
lazımınca olmur, hüquqi biliklərin təbliği zəifdir.
Amma bütövlükdə Şəmkirdə məmur-əhali
münasibətlərində öyrəniləsi, nümunə
götürüləsi məqamlar çoxdur. Onların bir
neçəsinin fikirlərini oxucularla
bölüşdürürük.
M.Şıxlinski, rayon təhsil
şöbəsinin müdiri:
-Son
illərdə Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin qarşıya qoyduğu vəzifələrə
uyğun olaraq vətəndaşların müraciətlərinə,
qəbuluna və onların qaldırdıqları məsələlərin
həllinə diqqət daha da artırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti
Administrasiyasının rəhbərinin imzası ilə Təhsil
Nazirliyinə daxil olmuş 2009-cu il, 13 mart tarixli 2/110 nömrəli
məktubu əsasında “Vətəndaşların müraciətlərinə
baxılması işinin yaxşılaşdırılması
tədbirləri haqqında” respublika təhsil nazirinin 2009-cu
il, 30 aprel tarixli əmri bu məsələ ilə əlaqədar
yeni bir stimul olmuş, vətəndaş müraciətlərinin
diqqətlə dinlənilməsi, şikayət ərizələrinin
şikayətçinin iştirakı ilə
araşdırılması, qaneedici cavabların verilməsi
ön plana çəkilmişdir.
Məsələnin
əhəmiyyəti nəzərə alınaraq rayon təhsil
şöbəsi şurasının fəaliyyət
planında ildə iki dəfə olmaqla ərizə və
şikayətlərə baxılması və onların icra vəziyyəti
barədə müzakirə aparılıb nəticələr
təhlil edilir. Yekun olaraq
ilin sonunda Təhsil
Nazirliyinə hesabat təqdim edilir.
2012-ci
il ərzində təhsil şöbəsinə rəsmi olaraq
785 müraciət daxil olmuşdur. Onlardan 264-ü qismən
ödənişli məzuniyyət, 205-i şagird
yerdəyişməsi, 86-sı ikinci iş yeri, 13-ü müəllim
yerdəyişməsi, 83-ü təkrar imtahan,
17-si dublikat attestat,
61-i dərs saatının artırılması ilə əlaqədar
olmuşdur. Ərizələr
sırasında 25-i şikayət xarakterlidir.
Bundan əlavə 21 nəfər Təhsil
Nazirliynə, 4 nəfər digər orqanlara
müraciət etmiş və müvafiq olaraq onların da həlli üçün təhsil şöbəsinə
göndərilmişdir.
Ümumi
müraciətlərin 727-si, o cümlədən 20 şikayət
müsbət həll edilmiş, 45 müraciət, o cümlədən
4 şikayət ərizəsi əsassız hesab edilmiş, 13
müraciət, o cümlədən 1 şikayət obyektiv
şəraitlə bağlı icradadır və bununla əlaqədar
vətəndaşlara lazimi izahat verilmişdir. Ötən il ərzində
321 nəfər vətəndaş qəbul edilmiş, müraciətlər
dinlənilmiş, müvafiq tədbirlər
görülmüş, əsassız sayılan müraciətlər
istisna olmaqla digərləri müsbət həllini
tapmış, təkrar
müraciət və şikayətə yol verilməmişdir.
İlin
əvvəlindən indiyədək 31 nəfər qəbula gəlmiş,
103 ərizə daxil olmuşdur. Şikayət xarakterli 2 ərizədən
biri müsbət həll edilmiş, ikincisi isə icradatdadır.
Həftənin
2-ci və 4-cü günləri qəbul günü olsa da, vətəndaşlar
müraciət etdikləri bütün vaxtlarda dinlənilmişlər.
Hər
bir zaman vətəndaşların müraciət, ərizə
və şikayətlərinə baxılmasında mövcud
qanunvericiliklə yanaşı, müvafiq tövsiyələr
nəzərə alınmış, müraciətlərin
obyektiv araşdırılması və vaxtında
cavabların verilməsi təmin edilmişdir.
A. Şərifov, Dövlət
Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin
müdiri:
-Dövlət
Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsi
öz fəaliyyətini Azərbaycan Respublikasının
qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və
sərəncamları, Nazirlər Kabinetinin qərarları,
Dövlət Sosial Müdafiə Fondunun əmr və göstərişləri,
Şəmkir Rayon İcra Hakimiyyəti
başçısının tapşırıq və
tövsiyələri əsasında qurmuşdur. Şöbənin 34 nəfər əməkdaşı
26552 pensiyaçıya, fəaliyyətdə olan
1978 sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsə,
253 hüquqi şəxsə və 1359 torpaq pay mülkiyyətçisinə
xidmət edir. Şöbədə vətəndaşlara
daha yaxşı xidmət göstərilməsi
üçün şöbə müdiri, müdir müavini və sektor müdiri tərəfindən həftənin bütün günləri vətəndaşlar
qəbul olunur və bunun
ayrıca uçotu aparılır.
Ötən
il ərzində şöbəyə 852 vətəndaş, o
cümlədən 779 vətəndaş yazılı, 73 vətəndaş
isə şifahi müraciət etmişdir. 779 yazılı müraciətdən 670-i pensiya təyinatı ilə, 60-ı itirilmiş pensiya plastik kartlarının yenisi
ilə əvəz olunması, 49-u isə digər məsələlərlə
əlaqədar olmuşdur. Şöbəyə
daxil olmuş 852
müraciətdən 838-i müsbət həllini
tapmış, 14-ü isə pensiya təyinatı
ilə əlaqədar sənədlər qaydasında
olmadığından əsassız hesab edilmişdir.
2012-ci
il ərzində Dövlət Sosial Müdafiə Fondundan daxil
olmuş 21 vətəndaşın sorğu xarakterli müraciəti
şöbədə araşdırılmış və onlara
qanuna müvafiq izahatlar verilmişdir.
İl
ərzində 4 halda Azərbaycan Respublikası Baş
Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə
İdarəsinin “161-qaynar xətti”nə müraciət
olunmuşdur. Rayon icra hakimiyyəti, dövlət
idarələri və ictimai xidmət
işçiləri, həmkarlar
ittifaqı rayon komitəsi, habelə
sözügedən fond nümayəndələrindən
ibarət xüsusi komissiya
tərəfindən həmin müraciətlər
araşdırılmış və hamısının da böhtan xarakterli olduğu müəyyənləşdirilmişdir.
Bununla əlaqədar vətəndaşların
təkzib vermələri barədə müvafiq
qətnamələr çıxarılmışdır.
Şöbədə
məmur-vətəndaş münasibətlərinə
xüsusi diqqət yetirilir. Belə ki, vətəndaşların hər
bir müraciətinə əməkdaşlar tərəfindən
çox həssasıqla yanaşılır və qanun əsasında
bütün köməkliklər göstərilir.
Şöbənin
əməkdaşları məmur-vətəndaş münasibətlərində
dövlət qulluqçularının etik davranış
qaydalarından kənar heç bir hərəkətə yol
vermirlər.
Q.Heydərov, rayon Əhalinin Sosial
Müdafiəsi Mərkəzinin direktoru:
-Əhalinin
sosial müdafiəsinin yaxşılaşdırılması,
ölkəmizdə insanların daha yaxşı
yaşaması və onların illik gəlirlərinin
artmasına dövlət dəstəyinin gücləndirilməsi
hökümətin əsas prioritetlərindən biridir.
Mərkəzə
müraciət edən vətəndaşlar hər biri son dərəcə
nəzakətlə qarşılanır, onların müraciətlərinə
diqqətlə yanaşılır. Bunun nəticəsidir ki,
2011-ci illə müqayisədə 2012-ci ildə şikayət
edənlərin sayı 50 faizədək azalmışdır.
Aztəminatlı
ailələrin sosial müdafiəsinin
yaxşılaşdırılması məqsədilə
ötən il ünvanlı
sosial yardım üçün mərkəzə 3519 ailə
müraciət etmişdir ki, bunun da 3179-u müsbət həll
olunmuşdur.
Tələblərinin
həll edilməsi mümkün olmayan vətəndaşlardan
118 şikayət daxil olmuşdur. Bunlardan 23 nəfər
Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin 161
saylı qaynar xəttinə, 5 nəfər Şəmkir Rayon
Prokurorluğuna, 88 nəfər Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin 142 saylı qaynar xəttinə
və 2 nəfər isə Şəmkir Rayon İcra Hakimiyyətinə
müraciət etmişdir.
Prezident
İlham Əliyevin məlum çıxışından sonra
şikayətlərin yerində həll olunması
üçün mərkəzin işçilərinə
dövlət qulluğu haqqında qanunda göstərilən vəzifə
borcları bir daha xatırladılmış, müraciət edən
vətəndaşlara izahat işlərinin daha mükəmməl
aparılması tələb olunmuşdur. Bu, bizim həm vəzifə,
həm də vətəndaşlıq borcumuzdur.
F.Hüseynov,
icra hakimiyyəti başçısının Zəyəm-Cırdaxan
kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi:
-Zəyəm-Cırdaxan
kəndi əhalisinə və ərazisinə görə
rayonumuzun ən böyük kəndlərindən
biridir. Kənddə 8656 nəfər yaşayır.
Gündəlik
fəaliyyətində kənd sakinləri ilə müntəzəm
münasibətdə olan kənd İSD üzrə nümayəndəlikdə
digər vəzifələrlə yanaşı, daim diqqət mərkəzində
saxlanılan məsələlərdən biri və ən əsası
vətəndaş-məmur münasibətlərinin
düzgün və tələb olunan səviyyədə
qurulmasıdır.
Nümayəndəlik
gündəlik işində bu məsələyə xüsusi
fikir verir və demək olar ki, fəaliyyətini həmin
istiqamətdə qurur.
Nümayəndə
və müavin tərəfindən vətəndaşlar
müntəzəm qəbul olunur, onların ərizə,
şikayət və müraciətləri diqqətlə dinlənilir
və icrası ilə bağlı xüsusi iş
aparılır.
Xatırladım ki, 2012-ci ilin və bu ilin ötən ayları ərzində vətəndaşlar tərəfindən nümayəndəliyə 153 ədəd ərizə, şikayət və müraciət daxil olmuşdur. Bu müraciətlərə diqqət və qayğı ilə yanaşılmış, onların həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür.
N.Əhmədov, rayon Mərkəzi xəstəxanasının baş həkimi:
-Ötən
il Mərkəzi xəstəxanada 2 min nəfərdən artıq əhali
baş həkim və baş həkim müavini tərəfindən
qəbul olunmuş, onların tələbləri qanun daxilində
həll olunmuşdur. 2012-ci ildə 2 dəfə
Dağ-cəyir, 1 dəfə Seyfəli kəndindən,
2 dəfə isə Şəmkir şəhərindən Səhiyyə
Nazirliyinin nəzdində
yaradılmış “Qaynar xətt”ə
şikayət daxil olmuşdur.
Bu şikayətlərin əsas səbəbləri
şəkər ölçən aparatların testlərinin
verilməməsi, vərəm əleyhinə dərmanların
vaxtlı-vaxtında çatdırılmaması və s. olmuşdur.
2012-ci
ildə 11 nəfər Heydər Əliyev Fonduna və Səhiyyə
Nazirliyinə müraciət etmiş, onların hamısı mərkəzi
xəstəxanada yaradılmış xüsusi komissiya tərəfindən
qəbul olunmuş, şikayətlərin motivləri
araşdırılmış və lazımi tədbirlər həyata
keçirilmişdir.
Ötən
il 21 nəfər respublikanın elmi-tədqiqat institutlarında müayinə və
müalicə olunmaq üçün yuxarı təşkilatlara
müraciət etmiş və onların hamısı profilə
uyğun institutlara göndərilmişdir.
Mərkəzi
rayon xəstəxanasının baş həkiminin və
müavinin qəbul günləri üçün lövhələr
qurulmuşdur. Müraciət edənlər hər gün (istirahət və bayram
günləri istisna olmaqla)
qəbul olunurlar. Onların qəbulu
haqqında xəstəxanada xüsusi jurnal açılmış və qəbula gələn
hər bir vətəndaşın
qeydiyyatı aparılır.
...Şəmkirdə həyata keçirilən hər bir iş təkcə səfərbərlik, işgüzarlıq, təşəbbüskarlıq meyilləri ilə deyil, həm də adamlara münasibətlə ölçülür. O yerdə ki qarşılıqlı anlaşma, vəzifəli ilə vəzifəsizin bir-birinə isti münasibəti nəzərə çarpır, orada böyük iş də var, abadlıq, quruculuq da.
Hamlet QASIMOV
Xalq qəzeti.- 2013.- 14 aprel.- S. 11.