Lənkəran: əhali ilə görüşlər qarşılıqlı inamı gücləndirir

 

Hər görüş bir yaxınlıqdır, təməldir, körpüdür. Əhali ilə müntəzəm görüşlərin keçirilməsi, adamları narahat edən məsələlərin öyrənilib həll olunması fəaliyyətdə uğura təminat verir. Harada ki, rəhbərliklə vətəndaşlar arasında işgüzar əlaqələr var, aşağıların sözünə yuxarılar diqqətlə yanaşıb qayğılı münasibət göstərir, orada inkişaf mütləqdir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bundan əvvəl də çalışdığı rayonlarda bu mühüm amilə daim xüsusi önəm vermiş, rəhbərliklə əhali arasındakı etimad körpüsünün möhkəmliyini  təmin etməyə çalışmışdır. Elə ötən ilin aprelində onun gözəl cənub diyarına rəhbərliyə gəldiyi ilk gündən  ənənəsinə sadiq qalaraq sakinlərlə sıx ünsiyyət qurması buna sübutdur. İcra başçısı öncə rayonun ağsaqqalları, gəncləri, sahibkarları və xidmət sahələrinin təmsilçiləri ilə görüşüb, vəzifələrə aydınlıq gətirib. Bundan sonra il ərzində ərazilərdə sakinlərlə 49 səyyar qəbul-görüş keçirilib, bu tədbirlərdə 10 mindən artıq vətəndaş iştirak edib, 662 məsələ qaldırılıb və əksərən həllini tapıb. Eyni zamanda şəhər icra hakimiyyətində fərdi qaydada 7 min nəfər qəbul edilib, bütün müraciətlərə həssaslıqla yanaşılıb.

Əhali ilə görüşlərdə qaldırılan və xarakter etibarı ilə əsasən sosial yönümlü olan məsələlər cari və perspektiv iş planlarına salınır, ciddi nəzarətdə saxlanır, verilən tapşırıqlar vaxtında icra olunur. Çətinliklər aşılır, müşküllər çözülür.

Yeni il ərəfəsində rayonun 8 yaşayış məntəqəsində evlərə təbii qaz verilməsini, azimkanlı ailələrin sovqatlarla sevindirilməsini, adamların bayram ovqatının yüksəldilməsini hər kəs əhali ilə görüşlərin səmərəli nəticəsi kimi razılıqla qarşılayıb. Həmin ərəfədə Şovu və Ləj kəndlərində görüşlər də yaddaqalan olub, faydalı iş əmsalı yüksəlib.

İlin əvvəlindən Liman şəhərində, Gərmətük qəsəbəsində, Kərgəlan kəndində hesabat yığncaqlarında rayon rəhbərliyinin iştirakı,  Bürcəli kəndində, eləcə də şəhərin mikrorayon ərazisində və Türkəkəranda əhali ilə ənənəvi görüşlər işgüzar ünsiyyətin davamlı səciyyə daşıdığını göstərir. Bundan başqa, 20 yanvar şəhidlərinin ailə üzvləri də qəbul edilmiş, problemləri gündəmə gətirilib və hamısına maddi yardım göstərilib. Fevralda 4 kəndə “mavi yanacaq” verilməsi 750 abonentin sevincinə səbəb olub. Martda Novruz satış-yarmarkalarının təşkili, Böyük Vətən müharibəsi veteranlarına “Lifan Naz” minik avtomobillərinin hədiyyə edilməsi, Şağlaküçə və Göyşabanda görüşlər əlaqəli fəaliyyətin diqqətçəkən məqamlarıdır.

Bu ayın əvvəlindən Prezidentin tapşırığı ilə gənclər və idman naziri Azad Rəhimov, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin sədri Məleykə Abbaszadə də Lənkəranda səyyar qəbullar keçiriblər. Bu da əhalinin ictimai fəallığının və hakimiyyətə inamının daha da artmasına səbəb olub.

...Bu günlərdə Lənkəran şəhər rəhbərliyi yenə də ərazilərdə, adamlarla görüşdə idi. Bu dəfə ünvan Şağlaser kəndi idi. Görüşdə icra başçısı və müavinləri, aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.

İnzibati ərazi dairəsi üzrə nümayəndə S.Həbibov əraziyə daxil olan Şağlaser, Xarxatan və Cil kəndlərinin əhalisi, onların məşğuliyyəti barədə məlumat verdi, sosial-iqtisadi problemləri diqqətə çatdırdı. Şağlaser bələdiyyəsinin sədri A.Mirzəyev ərazidə aparılan abadlıq işlərindən danışdı. Kənd ümumi orta məktəbinin direktoru A.Miriyev çıxışında məktəbin yaxınlığındakı avtomobil yolunda sürətməhdudlaşdırıcı nişanların qoyulmasını xahiş etdi. Kənd sakini Ə.Əliyev kənddə xəstəxana üçün yeni binanın tikilməsinin zəruriliyini vurğuladı.

Xarxatan kənd sakini M.Nəsirov magistral yolun asfaltlaşdırılmasına görə təşəkkürünü bildirdi. İ.Məmmədov rayonda aparılan genişmiqyaslı tikinti, abadlıq və quruculuq işlərinə görə Prezident İlham Əliyevə sakinlər adından minnətdarlıq etdi.

Cil kənd tam orta məktəbinin müəllimi A.Qənbərli 2008-ci ildə inşa edilmiş yeni məktəb binasında qaz xəttinin olmadığını söylədi. Kənd sakini İ.Quliyev ərazidə yaşayan əhalinin yekdil fikrini ifadə edərək qarşıdan gələn prezident seçkilərində dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildirdi.

Ayrı-ayrı sakinlər şəxsi xarakterli xahişlərlə rayon rəhbərliyinə müraciət etdilər. Onlar həmçinin yeni yaşayış məhəllələrində işıq və qaz xətlərinin çəkilməsinə, əlavə transformatora ehtiyacın olduğunu söylədilər.

Görüşü yekunlaşdıran Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov bildirdi ki, bu, Şağlaserdə əhali ilə keçirilən ikinci görüşüdür. Cənab Prezident İlham Əliyevin Lənkərana göstərdiyi diqqət və qayğı sayəsində rayonda aparılan işlərə əhalinin verdiyi qiymət bizi daha yaxşı işləməyə ruhlandırır.

İcra başçısı 90 illik yubileyinə ciddi hazırlıq görülən ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizin tənəzzüldən inkişafa keçid almasından danışdı. Son 10 ildə sosial-iqtisadi inkişaf sahəsində böyük uğurların qazanılmasından, yeni layihələrin insanların həyat şəraitinə müsbət təsirindən söhbət açdı. Cənab Prezidentin rəhbərliyi altında şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi, Azərbaycan neftinin və qazının dünya arenasına çıxarılması, neft kapitalının insan kapitalına çevrilməsi, aprelin 7-də Bakıda keçirilmiş Davos Ümumdünya İqtisadi Forumunun Azərbaycanın iqtisadi qüdrətinin göstəricisi olması, ölkədə hökm sürən iqtisadi-siyasi sabitlik, dövlətimizin büdcəsinin sosialyönümlülüyü, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyasının bəhrələri, hazırda Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında həyata keçirilən qlobal layihələr barədə məlumat verdi. Eyni zamanda  vurğuladı ki, ərazidə aparılan quruculuq-abadlıq işləri, Xarxatan kəndində 360 şagird yerlik müasir məktəb binasının tikintisi, sakinlərin içməli su ilə təchizatı üçün artezian quyusunun qazılması, Vilvan-Zövlə-Boladi-Liman magistral avtomobil yolunun əsaslı təmirinə başlanması, Şağlaser kənd əsas məktəbi üçün yeni binanın tikintisinin plana salınması mörtərəm  Prezidentimiz İlham Əliyevin bölgəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Sonra T.Qaraşov qarşıdan gələn prezident seçkilərində Lənkəran sakinlərinin yekdilliklə Heydər Əliyev siyasi kursunun davamına səs verəcəyinə möhkəm əminliyini ifadə etdi. O, bu görüşdə  irəli sürülən təkliflərin tez bir zamanda  birgə səylərlə həllini tapacağını xüsusi vurğuladı. Yeni uğurlar sorağıyla növbəti görüşlərin keçiriləcəyini söylədi.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.-  2013.- 14 aprel.- S. 11.