YAP Astara rayon təşkilatının
konfransı
Astarada Yeni Azərbaycan Partiyası rayon təşkilatının
növbədənkənar konfransı keçirilmişdir.
Konfransa partiyanın ilk təşkilatlarından
300 nəfər nümayəndə dəvət olunmuşdu.
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Siyasi
Şuranın üzvü Siyavuş Novruzov, YAP mərkəzi
aparatının məsul işçisi Mirkamal Seyidov, millət
vəkilləri Mirkazım Kazımov, Aslan Cəfərov və
rayon icra hakimiyyətinin başçısı Qəzənfər
Ağayev konfransda iştirak etmişlər. Əvvəlcə
Yeni Azərbaycan Partiyasının banisi, ulu öndər Heydər
Əliyevin abidəsi ziyarət edilmiş, önünə
güllər qoyulmuşdur.
Partiyanın Astara rayon
təşkilatının sədr əvəzi Faiq Həsənovun siyasi qurumun fəaliyyəti
haqqında hesabat məruzəsi dinlənilmişdir. Şəhər
4 saylı tam orta məktəbin müəllimi Aygül Məmmədova, 6 saylı tam orta məktəbin
direktoru Rinat Fərzəliyev, Ağsaqqallar Şurasının
sədri Hamlet Əliyev, Təhsil İşçiləri Azad
Həmkarlar Təşkilatının sədri Laləzar
Qurbanova çıxış etmişlər.
Yeni Azərbaycan Partiyası icra katibinin
müavini, Siyasi Şura üzvü, Siyavuş Novruzov, millət
vəkili Mirkazım Kazımov konfransda çıxış
edərək ümummilli liderimiz Heydər Əliyevin
yaratdığı Yeni Azərbaycan Partiyasının müstəqil
dövlətimizin möhkəmləndirilməsində, azərbaycançılıq
ideyasının inkişaf etdirilməsində mühüm rol
oynadığını, güclü siyasi partiya kimi xalqa sədaqətlə
xidmət göstərdiyini, hazırda ölkə Prezidenti
möhtərəm cənab İlham Əliyevin rəhbərliyi
ilə fəaliyyətini daha geniş və uğurla davam
etdirdiyini nəzərə çatdırmışlar.
Konfransda təşkilati məsələyə
baxılmış, YAP rayon təşkilatının Siyasi
Şurası və idarə heyətinin yeni tərkibi
seçilmişdir.
Rayon icra hakimiyyəti
başçısının aqrar məsələlər
üzrə müavini Firudin Əhmədov YAP rayon təşkilatının
sədri seçilmişdir.
İcra hakimiyyətinin başçısı,
YAP rayon təşkilatı idarə heyətinin üzvü Qəzənfər
Ağayev rayon təşkilatının yeni seçilmiş sədrinə
və bütün heyətə fəaliyyətləri
dövründə uğurlar arzulamışdır. Qeyd
etmişdir ki, YAP ölkənin ağır günlərində,
mürəkkəb bir siyasi şəraitdə yaranmış,
ulu öndərin və ölkə Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi ilə şərəfli bir yol
keçmişdir. Ölkəmizin yüksək
inkişafını Astara rayonunun timsalında da aydın
görmək olar. Möhtərəm Prezidentimiz İlham Əliyevin
imzaladığı sərəncamlarla ayrılan vəsait
hesabına son bir ildə rayonda Olimpiya İdman Kompleksi, YAP
rayon təşkilatı üçün yeni inzibati bina, bir
neçə məktəb və digər obyektlər inşa
edilmiş, yollar asfaltlaşdırılmış,
genişmiqyaslı abadlıq-quruculuq işləri həyata
keçirilmişdir.
— Bu il həm də xalqımız və dövlətimiz
üçün mühüm bir siyasi kampaniya olan Prezident
seçkiləri ili kimi yadda qalacaq. Çox böyük inam
var ki, bütün Azərbaycan xalqı bu seçkilərdə
ölkəmizi daha uğurlu sabahlara aparan partiyamızın
liderinə - cənab İlham Əliyevə səs verməklə
tarixinin ən şanlı səhifələrini yazacaq.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.
Ə.ƏLİYEV
Xalq qəzeti.- 2013.- 14 aprel.- S. 11.