Xarici qonaqlar Azərbaycanın içməli su sektorunda reallaşdırılan layihələri yüksək qiymətləndirmişlər

 

Aprelin 11-13-də Bakıda keçirilmiş Xəzər beynəlxalq su texnologiyaları sərgi və konfransında iştirak etmək üçün Azərbaycanda səfərdə olan xarici dövlətlərin rəsmi nümayəndələri, beynəlxalq təşkilatların və əcnəbi şirkətlərin təmsilçiləri  “Azərsu” Açıq Səhmdar Cəmiyyətində olmuş, bir sıra işgüzar görüşlər keçirmişlər.  

“Azərsu” ASC-nin sədri cənab Qorxmaz Hüseynov Koreya Su Forumunun vitse-prezidenti Kyung Taek Yumu qəbul etmişdir. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılmışdır. Səhmdar cəmiyyətinin sədri qonağa Azərbaycanda həyata keçirilən  su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması  layihələri barədə məlumat vermiş, layihələrin icrasında dünyada tətbiq olunan qabaqcıl  texnologiyalardan istifadə edildiyini diqqətə çatdırmışdır.

Koreya Su Forumunun vitse-prezidenti Kyung Taek Yum dünyada sudan səmərəli istifadənin prioritet hesab edildiyi bir vaxtda su texnologiyaları üzrə sərgi və konfransın keçirilməsini yüksək qiymətləndirmiş və  belə bir aktual məsələyə göstərilən diqqətə görə minnətdarlığını bildirmişdir.

 “Azərsu” ASC-nin sədri sərgi və konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Gürcüstanın birləşmiş su təchizatı şirkətinin baş direktoru Arçil Tsabutaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə də görüşmüşdür. Görüşdə qarşılıqlı əməkdaşlıqla bağlı müzakirələr aparılmış, qonaqlara Azərbaycanda həyata keçirilən içməli su və kanalizasiya layihələri barədə məlumatlar verilmişdir. Gürcüstan nümayəndə heyətinin üzvləri ölkəmizdə həyata keçirilən layihələrlə maraqlandıqlarını  bəyan etmiş, gələcəkdə Azərbaycanın təcrübəsindən istifadə edəcəklərini bildirmişlər.

Sərgi və konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Latviyanın “Siarigasudens”  Riqa Su və Kanalizasiya İdarəsinin rəhbəri xanım Daqnija Kalnina da “Azərsu” ASC-də olmuşdur. Səhmdar cəmiyyətinin sədri Qorxmaz Hüseynovla görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Latviya nümayəndə heyətinin üzvləri Azərbaycanda ilk dəfə keçirilən Xəzər beynəlxalq su texnologiyaları sərgisi və forumunun yüksək səviyyədə təşkil edildiyini bildirmiş, belə tədbirlərin ikitərəfli əməkdaşlıq üçün əhəmiyyətli olduğunui vurğulamışlar.

 

 

M.YAQUBZADƏ

 

Xalq qəzeti.- 2013.- 16 aprel.- S. 5.