Naxçıvanda akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi qeyd olunmuşdur

 

Aprelin 15-də Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi qeyd olunmuşdur.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yubiley tədbirində çıxış edərək demişdir:

— Yaradıcı əməyi və böyük xidmətləri ilə Azərbaycan elminin və səhiyyəsinin tarixində silinməz izlər qoyan görkəmli alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyini qeyd edirik. Akademik Zərifə xanım Əliyevanın alim, həkim, pedaqoq və insan kimi yaşadığı mənalı ömrü, keçdiyi şərəfli həyat yolu nəsillərə mənəviyyat məktəbidir. Bu məktəb özünün ən layiqli qiymətini akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevin 2013-cü il 7 fevral tarixli sərəncamında tapmışdır.

Həmin sərəncamda qeyd olunur ki: “Akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun elmi-pedoqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir”.

Zərifə xanımın həyat yolu işıqlı bir ailədən - böyük ziyalı və dövlət xadimi Əziz Əliyevin ailəsindən və işıqlı bir kənddən, ustad Cəlil Məmmədquluzadənin “Sahib - mənsəb ziyalıların məskəni” adlandırdığı Şahtaxtı kəndindən başlanmışdır. İstər dünyaya göz açdığı ailənin, istərsə də doğulduğu kəndin maarifçi mühitinin ənənələrindən faydalanan Zərifə xanım öz həyat yolunu insanlara işıq bəxş etmək kimi ali keyfiyyətlər üzərində qurmuşdur. 1942-ci ildə orta məktəbdə təhsilini başa vurduqdan sonra bu arzu onu Azərbaycan Dövlət Tibb İnstitutuna gətirmiş, 1947-ci ildə həmin institutu bitirib, Moskvada Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşma kursu keçmişdir.

“Zərifə xanımın oftalmologiya ixtisasını seçməsinin bir neçə səbəbi var. Onlardan birincisi bu xeyirxah insanın həyatının fəlsəfəsindən - insanlara işıq, nur bəxş etmək missiyasından irəli gəlirdisə, ikincisi həmin dövrdə Azərbaycanda oftalmologiyanın az inkişaf etməsindən qaynaqlanırdı. Nəhayət, ən ciddi səbəblərdən biri də ikinci dünya müharibəsindən sonra keçmiş SSRİ-də, o cümlədən Azərbaycanda traxoma göz xəstəliyinin geniş yayılması idi”, - deyən Ali Məclisin sədri bildirmişdir ki, o zaman Azərbaycanda “Traxoma ilə mübarizə haqqında” qərar qəbul edilsə də, nəticə görünmürdü. Çünki bu xəstəliyə qarşı təsirli müalicə üsulları yox idi. Oftalmoloq həkimlər çatışmırdı. Belə bir şəraitdə kəskin gedişə malik xəstəlik kimi traxomaya qarşı mübarizə təkcə oftalmologiya elmi üçün yox, bütövlükdə dünya, o cümlədən Azərbaycan səhiyyəsi üçün də həyati əhəmiyyətə malik idi.

Moskva Mərkəzi Həkimləri Təkmilləşmə İnstitutunda təhsilini başa vuran gənc Zərifə xanım 1949-cu ildə Naxçıvanda traxomaya qarşı mübarizəyə həsr edilmiş səyyar seminarlarda iştirak etmiş, bu sahədə əldə etdiyi elmi və praktik nailiyyətlərin tətbiqinə nail olmuşdu. Beləliklə, Zərifə xanım Əliyevanın istər həkim kimi, istərsə də alim kimi elmi fəaliyyətinin əsasını həyat özü müəyyənləşdirmiş, o, traxomanın müalicəsi ilə bağlı məsələlərə, bu xəstəliyin müalicəsində və ağırlaşdırıcı hallarda daha təsirli vasitələrin öyrənilməsinə dair geniş elmi tədqiqat işləri aparmışdı.

Gənc alim 1960-cı ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomitsinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdi. Həmin illərdə Oftalmologiya Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi vəzifəsində çalışan Zərifə xanım 1967-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunmuşdur.

O, “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində - Moskva Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdi. Alim-oftalmoloqların yüksək qiymətini almış dissertasiya işi oftalmologiyanın bu sahəsində o zamankı Sovetlər Birliyi məkanında ilk işlərdən idi. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmiş və o, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilmiş, 1983-cü ildə isə həmin kafedranın müdiri olmuşdur.

Zərifə xanım Əliyeva peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərini dünyada ilk araşdıran alimlərdən olmuş, bu yolla gedərək Azərbaycan elmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoymuşdur. O dövrdə ümumittifaq mükafatları müttəfiq respublikalardan olan alimlərə tək-tək hallarda verilirdi. Amma peşə patalogiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə Zərifə xanım Əliyeva keçmiş Sovetlər Birliyinin oftalmologiya sahəsində ən yüksək mükafatına - SSRİ Tibb Elmləri Akademiyasının Averbax adına mükafatına layiq görülmüşdü. Zərifə xanım Əliyeva bu nüfuzlu mükafatla təltif edilən ilk qadın alim idi. Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir.

Ali Məclisin sədri demişdir: Peşə oftalmologiyası Zərifə xanımın yol açdığı yeganə elmi istiqamət deyildi. O, həm də o zaman ölkədə qəbul edilməyən alternativ təbabət sahəsi olan iridodiaqnostikanı bir elm kimi araşdıran ilk tədqiqatçı və “İridodiaqnostikanın əsasları” adlı fundamental elmi əsərin müəlliflərindən biri idi. Həmin dövrdə mövcud olan ideoloji maneələrə baxmayaraq Zərifə xanımın səyi nəticəsində nəşr olunmuş bu kitab bu gün də həkimlərin iş təcrübəsində əvəzolunmaz elmi vəsaitdir.

Zərifə xanımın - bu böyük alimin, həkimin, pedaqoqun, ictimai xadimin bütün həyatı və fəaliyyəti mənsub olduğu xalqa təmənnasız xidmət nümunəsidir. Onun Azərbaycan səhiyyəsi qarşısındakı xidmətlərini yüksək qiymətləndirən ümummilli liderimiz Heydər Əliyev demişdir: “Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də göz müalicəsi tədqiqatı idi. Mənə belə gəlir ki, onun iki dəyərli irsi vardır. Birincisi, Azərbaycanda ilk dəfə deontologiyanı bir elm kimi meydana atıbdır. İkincisi, Zərifə xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəliklərdən xilas etsin, sağlamlaşdırsın”.

Ali Məclisin sədri demişdir: “Zərifə xanım Əliyeva Azərbaycanda elə bir oftalmologiya məktəbi yaratmışdır ki, bu məktəb bu gün də öz mövqeyini və əhəmiyyətini itirməyən sahələrdən biri olaraq qalır. Zərifə xanımın çoxistiqamətli elmi yaradıcılığı 12 monoqrafiya, dərslik və dərs vəsaitlərində, 160-dan çox elmi işdə, bir ixtira və 18 səmərələşdirici təklifdə öz əksini tapmışdır.

Dəyanətli şəxsiyyət və dərin zəka sahibi olan Zərifə xanım ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı kimi bu çətin, lakin şərəfli missiyanı da layiqincə yerinə yetirən, ulu öndərə etibarlı mənəvi dayaq olan Şəxsiyyət və Ana idi.

Zərifə xanım Əliyeva Azərbaycana Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, dünya siyasətində öz nüfuzu və yeri olan İlham Əliyev kimi milli lider bəxş edən Ana kimi də unudulmazdır.

Ali Məclisin sədri görkəmli alim, həkim, nurlu şəxsiyyət Zərifə xanım Əliyevanın işıqlı obrazının nəsillərin yaddaşında yüksək vətənpərvərlik və humanizm rəmzi kimi qalacağını bildirmiş, çıxışını ulu öndər Heydər Əliyevin “Ömür yoldaşım kimi, həyatımda keçdiyim yolda mənə həmişə dayaq, arxa olduğuna görə Zərifə xanım mənim üçün çox əzizdir. O, çox istedadlı, çox sadə insan idi. Onun xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır”, fikri ilə tamamlamışdır.

Sonra tədbirdə akademik Zərifə xanım Əliyevaya həsr olunmuş şeirlər səslənmiş, Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Zirvələrə yüksələn zərif insan ömrü” televiziya filmi göstərilmişdir. Tədbir iştirakçıları görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevaya həsr olunmuş sərgiyə baxmışlar. Sərgidə görkəmli akademikin əsərləri, müxtəlif dövrlərdə onun haqqında yazılmış kitab, monoqrafiya və qəzet məqalələri, fotoşəkillər və rəsm əsərləri nümayiş olunmuşdur.

Yubiley tədbirinin sonunda Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında görkəmli şair-dramaturq İslam Səfərlinin “Göz həkimi” pyesi əsasında hazırlanmış tamaşa göstərilmişdir.

 

 

Xalq qəzeti.- 2013.- 16 aprel.- S. 6.