Prezident İlham ƏLİYEV:
Düşünülmüş siyasət,
siyasi və iqtisadi islahatlar, xalqla iqtidar arasındakı birlik
uğurlarımızı şərtləndirən əsas
amillərdir
Azərbaycan dövlətinin
müstəqillik dövründə sosial
- iqtisadi inkişaf sahəsində
əldə etdiyi uğurlar,
xüsusilə son on
ildə ölkə iqtisadiyyatının
sıçrayışlı inkişafı və onun iqtisadi artım tempinə
görə dünyanın lider ölkəsinə
çevrilməsi, ÜDM-un həcminin dəfələrlə
yüksəlməsi, dövlət büdcəsinin
gəlirlərinin artması, neft
strategiyasının uğurla
reallaşdırılması bilavasitə düzgün
iqtisadi siyasətin həyata keçrilməsi və iqtisadiyyatın dövlət
tərəfindən tənzimlənməsi ilə
bağlıdır.
Bazar
iqtisadiyyatında dövlət tənzimlənməsinin
vacibliyini vurğulayan məşhur ingilis
iqtisadçısı və dövlət xadimi C.M.Keyns
yazırdı ki, “Dünyanı idarə edən ayrı-
ayrı ölkələrin dövlət
başçılarıdır. Onların buraxdığı
cüzi səhvlər böyük fəlakətlərə səbəb
olur”. Azərbaycanın timsalında da bu daha aydın
görünür. Belə ki, 1991-1993-cu illərdə ölkə
rəhbərliyinə idarəçilik bacarığı və
təcrübəsi olmayan şəxslərin gəlməsi Azərbaycanın
müstəqil bir dövlət kimi məhv olmasına gətirib
çıxaracaqdı. Ümummilli lider Heydər Əliyevin
xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə
yenidən qayıdışı əhalini və dövləti
böyük faciələrdən xilas etdi, müstəqil Azərbaycanın
tərəqqisinə səbəb oldu.
Ulu
öndər Heydər Əliyevin respublikamıza rəhbərlik
etdiyi bütün dövrlər xalqımızın milli mənlik
şurunun oyanması, azadlığa və müstəqilliyə
qovuşmaq arzularının çiçəklənməsi,
ictimai həyatımızın, iqtisadiyyatımızın
bütün sahələrində, elm və mədəniyyətimizin
inkişafında böyük nailiyyətlərin əldə
edilməsi ilə əlamətdar olmuşdur.
Ölkəmizin
müstəqilliyinin və dünya iqtisadiyyatına dərin
inteqrasiya prosesinin hazırkı möhkəm təməli
ümummilli liderimiz Heydər Əliyevin respublikaya rəhbərlik
etdiyi həmin illərdə yaradılmış potensiala əsaslanır. Azərbaycanı hərtərəfli
tərəqqi yoluna çıxaran ulu öndər müstəqil
dövlətimizə rəhbərlik etdiyi dövrün nailiyyətləri
göz önündədir: ictimai - siyasi sabitlik, güclü
iqtisadiyyat, möhkəm sosial təsisatlar, qüdrətli ordu,
regionda lider mövqe, beynəlxalq aləmdə
nüfuz—bütün bunlar günümüzün
reallıqlarıdır.
Heydər Əliyevin milli neft
strategiyası Azərbaycana böyük siyasi və iqtisadi
dividendlər gətirib, ölkəmizin Qərbə
inteqrasiyasına geniş yol açıb. İndi biz bu
möhtəşəm strategiyanın real nəticələrini,
bəhrələrini görürük. “Əsrin müqaviləsi”
çərçivəsində
Bakı – Tbilisi – Ceyhan neft boru kəməri Azərbaycanı
demokratik qərb dünyası ilə daha sıx birləşdirir
və ölkəmizə milyardlarla dollar həcmində mənfəət
gətirir.
Azərbaycan
dövlətinin iri beynəlxalq layihələrdə
iştirakı, Böyük İpək Yolunun bərpası,
TRASEKA nəqliyyat dəhlizinin reallaşması da ümummilli
liderimizin böyük xidmətlərindəndir.
Bu
gün müasir Azərbaycan
dövləti özünəməxsus inkişaf yolu ilə inamla irəliləyir.
Heydər Əliyev məktəbinin yetirməsi, onun siyasi
kursunun layiqli davamçısı Prezident İlham Əliyevin
həyata keçirdiyi tədbirlər, imzaladığı fərman
və sərəncamlar, xalqla birbaşa ünsiyyətdə
olması ümummilli liderimiz tərəfindən başlanmış işlərin məntiqi
davamıdır. Memarı və qurucusu ulu öndər Heydər
Əliyev olan müstəqil Azərbaycan dövləti
böyük şəxsiyyətin Azərbaycan xalqına ən
böyük töhfəsidir. Bu gün hər birimizin borcu
ulu öndərin şah əsəri olan Azərbaycanı
qorumaq və daha da inkişaf etdirməkdir. Dövlətimizin
başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Heydər
Əliyevin adı indi bölgədə və dünyada layiqli
mövqe qazanmış Azərbaycan dövlətinin rəmzi
kimi səslənir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi:
“Biz gələcəyə çox böyük nikbinliklə
baxırıq. Siyasi və ictimai -siyasi vəziyyət
baxımından Azərbaycan çox sabit ölkədir və
Azərbaycana birbaşa xarici investisiyaların qoyulması bunu əks
etdirir. İqtisadi potensialın
möhkəmləndirilməsində uğurlar göz qabağındadır.
Eyni zamanda, bütün bu nailiyyətlərə baxmayaraq, Azərbaycanda
islahatlar davam etdirilir və etdirilməlidir. Həm siyasi sahədə,
həm də iqtisadi sahədə. Çox sevindirici haldır
ki, ən böyük maliyyə qurumu olan Dünya Bankı Azərbaycanı
dünya miqyasında bir nömrəli islahatçı ölkə
kimi tanıyır. Bu onu göstərir ki, bizim
islahatlarımız həqiqətən çox cəsarətlidir,
uğurludur və əhəmiyyətlidir”.
Cənab
İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan
iqtisadiyyatının yeni sürətli inkişaf erası
başlanmışdır. Bu isə dövlət tərəfindən,
dövrün tələblərinə uyğun olaraq iqtisadi
islahatların kompleks və əlaqəli şəkildə
aparılması, proqnozlar əsasında
formalaşdırılmış dövlət
proqramlarının, yerli, regional və beynəlxalq investisiya
layihələrinin həyata keçirilməsi və dünya
iqtisadiyyatına inteqrasiyası ilə əldə
edilmişdir. Bütün bunların məntiqi nəticəsidir
ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və
mövqeyi ilbəil artmaqdadır.
İnkişafının
keyfiyyətcə yeni və kifayət qədər sürətli
mərhələsini yaşayan müasir Azərbaycanı
xarakterizə edən əsas xüsusiyyətlərdən biri
formalaşdırılmış möhkəm iqtisadi əsaslar
fonunda əhalinin maddi rifah halının davamlı olaraq
yüksəldilməsi, ölkə vətəndaşlarının
etibarlı sosial müdafiəsinin təşkil edilməsidir.
Qloballaşma prosesinin geniş vüsət aldığı
mövcud dönəmdə zamanın tələbələrinə
adekvat cavab verərək dünya iqtisadi sisteminə fəal
inteqrasiya edən ölkə iqtisadiyyatında yaşanan
yüksəlişin vətəndaşların həyatında
da öz əksini tapması həyata keçirilən
sosialyönümlü iqtisadi siyasətin yüksək səmərəliliyini
və praktik nəticələrini aydın şəkildə
nümayiş etdirir. Sosial-iqtisadi tərəqqi prosesində
qazanılan nailiyyətlərin miqyasının ildən-ilə
genişlənməsi və dərinləşməsi əhalinin
bütün təbəqələrinin həyat səviyyəsinin
yaxşılaşdırılması ilə bərabər, bu
istiqamətdə mümkün zəruri tədbirlərin
uğurla reallaşması istiqamətində də yeni imkanlar
açır. Təsadüfi deyil ki, dövlətin iqtisadi əsaslarının
davamlı olaraq möhkəmlənməsi
şəraitində sosial-iqtisadi problemlərin həlli, o
cümlədən işgüzar fəallığın
yüksəldilməsi, qeyri-neft sektorunun inkişafı,
yoxsulluğun azaldılması və bu kimi digər sahələrdə
ölkəmizdə son illər ərzində möhtəşəm
nailiyyətlərə imza atılmışdır.
Ulu
öndərin inkişaf strategiyasını yeni çalarlarla
zənginləşdirərək böyük müvəffəqiyyətlə
davam etdirən Prezident İlham Əliyev tərəfindən
yürüdülən, praqmatizmə söykənən səmərəli siyasət nəticəsində Azərbaycanın
sosial-iqtisadi tərəqqisi daha intensiv xarakter
daşımağa başlamışdır. Prezident İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən iqtisadi siyasətin fərqləndirici
xüsusiyyətləri bu sahədə sürətli
inkişafa xidmət edən bütün istiqamətlər
üzrə fəaliyyətin paralel şəkildə həyata
keçirilməsi və əlaqələndirilmiş proqramlar
üzrə aparılmasıdır. Bu zaman ənənəvi
xarakter daşıyan yerli xüsusiyyətlərin gözlənilməsi
ilə mütərəqqi dünya təcrübəsindən
istifadə olunması, sosialyönümlülük prinsiplərinin,
iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarının nəzərə
alınması əsas şərtlər sırasında yer
alır. Sabit, dinamik inkişaf məntiqinə əsaslanan bu
siyasət həm də ölkəmizdə makroiqtisadi sabitliyin
qorunub saxlanılmasına, təbii və iqtisadi potensialdan, əmək
ehtiyatlarından səmərəli istifadə edilməsinə,
əhalinin məşğulluğunun artırılmasına və
ölkədə yoxsulluğun səviyyəsinin
azaldılmasına xidmət edir.
Ölkəmizdə
həyata keçirilən çevik iqtisadi siyasətin
dövlət büdcəsinə, onun gəlir və xərclərinin
dinamikasına təsir göstərməsi fonunda sosial məqsədlər
üçün ayrılan vəsaitlərin həcmi son illərdə
davamlı şəkildə artmış, bunun nəticələri
vətəndaşların pul və digər formada maddi gəlirlərindən
tutmuş həyat şəraitinin
yaxşılaşdırılmasına qədər geniş
bir spektrdə özünü qabarıq şəkildə
büruzə vermişdir. Artıq tarixə çevrilmiş
2012-ci ildə əhalinin sosial müdafiəsinin yüksək
səviyyədə təşkili, iqtisadiyyatın strukturunda
keyfiyyət dəyişikliyi ilə sıx bağlı olan əmək
yaradıcılığı üçün müvafiq şəraitin
formalaşması, məşğulluğun yüksəldilməsi,
səmərəli istehlak səviyyəsinə
nail olunması baxımından zəngin olmuşdur.
Qeyd
etmək lazımdır ki, fəsadları hələ də
tam aradan qaldırılmayan qlobal maliyyə-iqtisadi böhran
ötən il ərzində dünyanın bir çox ölkələrində
ümumi daxili məhsulun artım səviyyəsinin
proqnozlaşdırılan həddə çatmasına imkan
verməmişdir. Lakin sözügedən böhranın istər
özünün zirvə nöqtəsinə
çatdığı 2009-cu ildə, istərsə də
dünya iqtisadiyyatını gərginlikdə
saxladığı 2012-ci ildə
Azərbaycanda ümumi daxili məhsulun yüksək
artımı qeydə alınmışdır ki, bu da ölkəmizin inkişaf
yolunun nümunəviliyini və səmərəliliyini dünya miqyasında sübuta yetirən
ən mühüm hadisələrdən
biri kimi dəyərləndirilir.
Prezident
İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi,
aparılan islahatlar və əldə olunan iqtisadi artım ilk
növbədə Azərbaycan vətəndaşlarının
maddi rifah halının yüksəldilməsinə yönəldilmişdir.
Ölkəmizdə işsizlik
probleminin həlli istiqamətində
qazanılmış nailiyyətlərin miqyası son illərdə nəzərə çarpacaq dərəcədə genişlənmiş,
ümumi iqtisadi inkişaf bu məsələnin
çözümünə böyük
töhfələr vermişdir. Yoxsulluğun azaldılması iqtisadiyyatın uğurlu diversifikasiyası, enerji
gəlirlərindən səmərəli istifadə
olunması, sahibkarlığın inkişafı üçün əlverişli şərait
yaradılması, regionların inkişafına xidmət edən
dövlət proqramlarının uğurla
reallaşdırılması və bu qəbildən
olan digər addımlar sayəsində
mümkün olmuşdur.
Yoxsul əhalinin
müvafiq iş yerlərinə
və istehsal vasitələrinə
çıxış imkanlarının
yaxşılaşdırılması tədbirlərinin həyata
keçirilməsi, məşğulluğun
artırılmasına istiqamətlənmiş addımlar
insanların gəlir əldə etmək imkanlarının
genişlənməsində mühüm rol oynamışdır. Onu da
xatırladaq ki, 2008-ci il
sentyabrın 15-də ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiq
olunmuş “2008-2015-ci illərdə Azərbaycan
Respublikasında yoxsulluğun
azaldılması və davamlı inkişaf
Dövlət Proqramı”nın uğurlu icrası əhalinin gəlir əldə
etmək imkanlarının genişləndirilməsi, yoxsul əhalinin sayının əhəmiyyətli
dərəcədə azaldılmasına nail
olunması, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas
qrupların sosial riskinin
azaldılması sahəsində mühüm
rol oynamışdır.
Azərbaycanda
həyata keçirilən siyasətin uğurlu nəticələri
nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında
da öz əksini tapmışdır. Dünya
Bankı kimi nüfuzlu
beynəlxalq təşkilat Azərbaycanı “Doing
Business” proqramında (2008-ci il) bir nömrəli
islahatçı ölkə kimi
tanımışdır.
Dünyanın ən mötəbər qurumlarından olan Dünya İqtisadi Forumunun
2009-2010-cu illər üçün
hazırladığı “Qlobal Rəqabətlilik
Hesabatı”nda Azərbaycanı 133 ölkə arasında 51-ci,
MDB ölkələri arasında isə 1-ci yeri
tutmuşdur. Məlumat üçün
qeyd edək ki, adı
çəkilən hesabatda qonşu ölkələrdən Türkiyə
61-ci, Rusiya 63-cü, Qazaxıstan 67-ci, Ukrayna 82-ci, Gürcüstan
90-cı yerdədir.
Azərbaycan
makroiqtisadi sabitlik göstəricisinə görə də
bütün MDB ölkələrini qabaqlayaraq 13-cü yerdə
qərarlaşmışdır. Dünya Bankı (DB) və
Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) “Doing Business
2011: Sahibkarlıq üçün şəraitin
yaxşılaşdırılması birgə
hesabatının nəticələrinə əsasən, Azərbaycan
sahibkarlıq fəaliyyəti üçün əlverişli
şərait reytinqində 183 ölkə arasında 54-cü
yeri tutmuşdur.
Nazirlər Kabinetinin 2012-ci ilin
sosial-iqtisadi inkişafının yekunlarına və
2013-cü ildə qarşıda duran vəzifələrə həsr
olunmuş iclasındakı çıxışında cənab İlham Əliyev qazanılan nailiyyətləri
dövlətin yürütdüyü doğru siyasətin bəhrəsi
olaraq xüsusi vurğulamışdır. “Bütövlükdə
ötən il ölkə iqtisadiyyatı üçün çox uğurlu olmuşdur. Bu da təsadüfi deyil. Çünki
keçən ilin uğurları bundan əvvəlki dövrdə müəyyən
edilmişdir. Bizim düşünülmüş
iqtisadi siyasətimiz artıq öz gözəl nəticələrini verməkdədir
və dinamika müsbətdir, inkişaf çox sevindiricidir... İqtisadiyyatımız,
ümumiyyətlə, digər mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir.
Dünya Bankının hesabatlarında biznesin aparılması üçün
Azərbaycan yüksək yerdədir.
Bax, budur görülmüş işlərin nəticəsi
və əlbəttə, biz bu müsbət dinamikanı gündəlik həyatda
da görürük”.
Bu
davamlı, yüksək sürətli inkişafın əsas sirri siyasət,
iqtisadiyyat və sosial sahələrdə islahatların paralel
və əlaqəli aparılması, müasir layihələrin
icrası və ən mühümü isə insan amilinin həmişə
diqqət mərkəzində saxlanılmasıdır.
Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev dövlətimizin başçısının səmərəli, düşünülmüş praqmatik siyasi kursunun xarakterik xüsusiyyətlərini şərh edərək demişdir: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, inkişafımızın əsasında düşünülmüş siyasət, liberal islahatlar, dövlətin həyata keçirdiyi siyasətin xalq tərəfindən dəstəklənməsi, güclü hakimiyyət və sabitlik amilləri dayanır. Azərbaycan Prezidentinin praqmatik siyasi kursu, hakim komandanın səmərəli fəaliyyəti və ən əsası, xalqımızın güclü dəstəyi olmasaydı, bütün bu uğurlar əlçatmaz xəyal olaraq qalacaqdı. Buna görə də dünyanın nüfuzlu ekspertləri, politoloqları hesab edirlər ki, hazırda planetimizin müxtəlif bölgələrində münaqişələrin, siyasi kataklizmlərin müşahidə olunduğu, aparıcı ölkələrin iqtisadi və maliyyə böhranından əziyyət çəkdiyi bir dövrdə Azərbaycanın dinamik inkişafı əsl möcüzədir. Davamlı iqtisadi inkişaf, ictimai-siyasi sabitlik, sosial rifah, xalqla hakimiyyət arasında vəhdət—budur bugünkü Azərbaycanın reallıqları”.
Qeyd
etmək lazımdır ki, bu gün ölkə rəhbərliyi
iqtisadiyyatın çoxşaxəli inkişafına
çalışır. Azərbaycanda həyata keçirilən
neft strategiyası əhalinin maddi rifahının yüksəlməsinə,
qeyri-neft sektorunun hərtərəfli inkişafına, ərzaq,
enerji və nəqliyyat təhlükəsizliyinin təmin
olunmasına zəmin yaratmışdır.
Azərbaycanın neft strategiyasının uğurla reallaşdırılması ölkəmizin dinamik sosial-iqtisadi inkişafı üçün möhkəm baza yaratmışdır. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə zəngin karbohidrogen ehtiyatlarından düzgün, səmərəli şəkildə istifadəsi nəticəsində Azərbaycan Respublikası regionun ən sabit və dinamik inkişaf edən ölkəsinə çevrilmişdir. Artıq 15 ilə yaxındır ki, Azərbaycanın karbohidrogen ehtiyatları dünya bazarına çıxarılır. Onu da qeyd etmək lazımdır ki, neft və qaz ehtiyatlarının ixracı üçün yaradılmış çoxvariantlı boru kəmərləri ölkəmizin Avropanın və dünyanın enerji təhlükəsizliyinin təminatında yaxından iştirak etməsinə imkan verir.
(ardı var)
Arif ŞƏKƏRƏLİYEV,
Azərbaycan Dövlət İqtisad
Universitetinin kafedra müdiri,
əməkdar elm xadimi, Beynəlxalq
Menecment Akademiyasının üzvü,
iqtisad elmləri doktoru,
professor
Xalq qəzeti.- 2013.- 16 aprel.- S. 7.