Amerikalı jurnalist azərbaycanlı həmkarları ilə görüşmüşdür

 

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi iki ölkə arasındakı mədəni əlaqələrin gücləndirilməsi məqsədini daşıyan və bu səbəbdən görkəmli amerikalıları Azərbaycana dəvət edən “Amerikalı Natiqlər Silsiləsi” proqramı çərçivəsində Amerikanın ESPN Televiziya Xəbərləri şəbəkəsinin aparıcı idman jurnalisti xanım Ceyn MakManusun ölkəmizə səfərini təşkil etmişdir. O, Bakı və Gəncədə peşəkar xanım atleti kimi öz təcrübəsini bölüşmüş, idman jurnalistikası və Amerikanın qadın idmanı haqqında təqdimatlar keçirmişdir.

İstirahət günü Beynəlxalq Mətbuat Mərkəzində Qadın Jurnalistlər Birliyinin sədri Sevil Yusifovanın dəvəti ilə KİV nümayəndələrinin amerikalı xanımla görüşü təşkil edilmişdi. ABŞ-ın ölkəmizdəki səfirliyinin mətbuat xidmətinin əməkdaşı Mehdi Hüseynquliyev xanım Ceyn MakManusu görüş iştirakçılarına təqdim etdi və onun ölkəmizə səfərinin məqsədini açıqladı. Amerikalı xanım özü haqqında məlumat verərək 1998-ci ildən bəri Nyu-Yorkun idman hadisələrini qələmə aldığını, yazılarının “Nevsday”, “USA today”, “The Journal Nevs”, “The Nev York Times” qəzetlərində dərc olunduğunu bildirdi. Hazırda qadın idmanından yazmaqla qadın idmanı azarkeşlərini əhatə edən ESPN.com internet saytının Nyu-York bürosunun MFL-in Nyu-York Jets komandası üçün yazılar hazırladığını, həmçinin ESPN W-nin köşə yazarı olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, milli xəbərləri yayımlamaqla bərabər ESPN və bir sıra radioların idman verilişlərində çıxış edir. 2005-ci ildən magistr dərəcəsini bitirdiyi Kolumbiya Universitetində jurnalistika üzrə professor kimi çalışır, həm də Nev Jersey “Suburban Bravn” roller derbu komandasında peşəkar roller derbu idmanı ilə məşğul olur, həyat yoldaşı və iki oğlu ilə birgə Nyu-York yaxınlığında yaşayır.

Görüş iştirakçıları ilə tanış olandan sonra həmkarlarını maraqlandıran sualları səmimiyyətlə cavablandıran MakManus Amerikada qadın idmanının inkişafı tarixindən, Amerika təcrübəsindən irəli gələn qadın idmanının təbliğindən, jurnalistin dərc olunmuş ayrı-ayrı yazılarına qonorar hesablanarkən yazı müəlliflərinin peşəkarlığına, iş stajına, yazı üzərində işlənmə müddətinə diqqət yetirildiyindən söz açdı. “Eyni yazıya bir müəllifə 25 ABŞ dolları yazıldığı halda, digər müəllifə 10 dəfə artıq məbləğ təklif oluna bilər”- deyərək fikrini açıqladı. Bildirdi ki, idmanın geniş təbliği idmana axını gücləndirir, ilk vaxtlar bu sahədə çalışan yeganə qadın olsa da, zaman keçdikcə məhz təbliğat nəticəsində idmandan yazan qadın jurnalistlərin sayının artması onu sevindirir.

Ona ünvanlanan suallara əsasən Azərbaycanın Olimpiya, Avropa və Dünya çempionatlarındakı uğurlarından xəbərsiz olduğunu etiraf etdi. Azərbaycanda qadın voleybolu barədə məlumat aldığını qeyd edən Ceyn MakManus  “Xalq qəzeti” müxbirinin də bir neçə sualını cavablandırdı: “İdmandan başqa siz hansı sahə ilə maraqlanırsınız” sualına “sosial həyat” deyə cavab verdi. Növbəti “Sadə amerikalı qadın hansı sosial  problemləri yaşayır” sualına  isə “Onları da pensiya, maaş azlığı narahat edir, ailə quranda isə müqavilə əsasında iş bölgüsü aparılır və qadın məişət qayğıları ilə yüklənmir”; “Azad Amerikada yaşayan jurnalistin intellekti ilə 21 illik müstəqil Azərbaycanda fəaliyyət göstərən jurnalistin intellekti arasında fərq görürsünüzmü?” sorğumuza Azərbaycanda olduğu müddətdə həmkarları ilə müxtəlif tədbirlərdə olan, onları yetərincə tanıyan, amma elə bir fərq duymadığını deyən xanım sonuncu—“Bəs bilirsinizmi ki, Azərbaycan qadınına seçki hüququ ABŞ-dan 2 il öncə—1918-ci ildə verilib" sualından heyrətləndiyini bildirdi.

Xanım MakManus qəzet və sayt müxbirlərinin bölgələrdə tikilib istifadəyə verilən Olimpiya kompleksləri, Olimpiya çempionatında qazanılan medallar, Azərbaycanda idmana göstərilən böyük diqqət və qayğı, respublikada uşaq idman məktəbləri, qadınların idmana olan marağı, ölkənin inkişafı ilə və digər məsələlərlə bağlı ona verdikləri məlumatlardan məmnun qaldığını bildirdi.  Sonra xanım Ceyn MakManus həmkarları ilə xatirə şəkli çəkdirdi.

Tədbirin sonunda səfirliyin mətbuat xidmətinin nümayəndəsi M. Hüseynquliyev görüş iştirakçılarını ABŞ—Azərbaycan  Təhsil Mərkəzinin təşkil etdiyi “Whip İt” ingilis dilində kino təqdimatına dəvət etdi.  ABŞ-ın Azərbaycandakı səfiri xanımı ilə filmin nümayişində iştirak edirdi. Roller derbu idmanından bəhs edən filmin nümayişindən sonra Amerikada qadın idmanına həsr olunmuş bu filmin müzakirəsi keçirildi.

 

 

Zərifə BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2013.- 16 aprel.- S. 7.