Heydər Əliyevin
hüquq islahatları Azərbaycan polisini yeni inkişaf
mərhələsinə qaldırmışdır
Azərbaycan
polisi yüz illik ağır və şərəfli bir inkişaf yolu keçmişdir.
1918-ci il iyulun 2-də
yaradılmış polis
orqanlarımızın Şərqin ilk demokratik dövləti olan
Azərbaycan Demokratik Respublikasının ərazi
bütövlüyünün, vətəndaşlarının
əmin-amanlığının qorunmasında, erməni
təcavüzünün dəf olunmasında, həqiqətən
böyük xidmətləri olmuşdur.
ADR-in
süqutundan sonra SSRİ tərkibində olan Azərbaycan
milisi bu cəmiyyətin yaşadığı bütün
problemlərin həllində, cinayətkarlıqla mübarizədə,
ictimai asayişin qorunmasında, xüsusən, faşist
Almaniyasına qarşı qanlı müharibədə misilsiz
fədakarlıq və qəhrəmanlıq göstərmişdir.
Ümumilli liderimiz Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə
— 1969 - 1982-ci illərdə respublikanın daxili işlər
orqanları SSRİ-nin müvafiq strukturunun tərkibində
olsa da, milli mentalitetə uyğun
formalaşdırılırdı. Ulu öndər uca təfəkkürünün
zirvəsindən Azərbaycanın gələcək müstəqilliyini
görərək, respublikanın iqtisadi bazasını
yaratdığı kimi, müstəqil dövlətə xas
olan bütün institutların, o cümlədən daxili
işlər orqanlarının milli kadr potensialının
formalaşdırılmasının qayğısına
qalırdı.
Azərbaycan
ikinci dəfə öz dövlət müstəqilliyini əldə
etdikdən sonra çox böyük çətinliklərlə
üzləşmişdi. Hər imkanlı adam bir silahlı dəstə
yaradırdı, hər silahlı dəstəsi olan hakimiyyətə
gəlmək iddiası ilə yaşayırdı. Ölkə
daxilində qızışan hakimiyyət mübarizəsi, bu
mübarizənin körüyü ilə alovlanan xaos və
anarxiya respublikanı vətəndaş müharibəsinə
sürükləyirdi. Xarici qüvvələrin dəstəklədiyi
Ermənistanın Azərbaycana qarşı təcavüzü
və onun acı nəticələri vəziyyəti daha da
çətinləşdirirdi. Həmin dövrdə
bütün bu çətinliklərin əsas yükü məhz
ulu öndər Heydər Əliyevin birinci rəhbərliyi
dövründə formalaşmış Azərbaycan polisinin
üzərinə düşürdü: Qarabağ müharibəsi, dövlət
çevrilişi cəhdləri, keçid dövrünün,
kriminal durumun problemləri... Müharibənin ilk illərində
Azərbaycanın nizami ordusu yox idi, ona görə də
ön cəbhədə torpaq uğrunda polis vuruşurdu, şəhidlər
verirdi. Ulu öndər Azərbaycan polisinin bu dövrdəki fədakar
xidmətlərini çox yüksək qiymətləndirmişdir:
“Azərbaycan polisi şanlı bir tarix keçibdir. Xüsusən,
1988-ci il hadisələri başlanandan sonra, Qarabağ müharibəsində
Azərbaycan polisinin 932 nəfər əməkdaşı
şəhid, 681 nəfəri isə əlil olubdur. Eyni zamanda,
67 nəfər polis əməkdaşı Milli Qəhrəman
adına layiq görülübdür. Bu, böyük rəşadət,
qəhrəmanlıq və dövlətçiliyə sədaqət
nümunəsidir”.
Belə ağır bir zamanda,
dövlətçilik, müstəqillik təhlükə
altında qalanda xalqın ziyalıları ümummilli lider Heydər
Əliyevə müraciət etdi, hakimiyyətə gəlməyi,
dövləti və milləti xilas etməyi xahiş etdi. Azərbaycan
xalqı öz ziyalılarının səsinə səs
verdi, öz dahi oğlunun hakimiyyətə
qayıtmasını tələb etdi. Ümummilli lider
1993-cü ilin iyun ayında xalqın tələbi ilə
hakimiyyətə qayıtdı və özünün müqəddəs
xilaskarlıq missiyasını həyata keçirməyə
başladı. Qısa bir zamanda dahi rəhbərin siyasi iradəsi
və xalqın dəstəyi sayəsində ölkədə
ictimai-siyasi sabitlik bərqərar olundu, Ermənistan - Azərbaycan
müharibəsində atəşkəs elan edildi və
iqtisadi inkişafımızın əsası olan “Əsrin
müqaviləsi” imzalandı. Dövlət və ordu
quruculuğu ilə məşğul olmaq, iqtisadi və siyasi
islahatlara başlamaq üçün vaxt və imkan
yarandı.
Ulu öndərin 1994-cü il avqustun
9-da imzaladığı “Cinayətkarlığa qarşı
mübarizənin gücləndirilməsi, qanunçuluğun
və hüquq qaydasının möhkəmləndirilməsi
tədbirləri haqqında” fərman mütəşəkkil
cinayətkarlıqla mübarizənin təşkilati-hüquqi
bazasının inkişafına, bu sahədəki uğurlara təkan
verdi. Məhz Heydər Əliyevin rəhbərliyi və şəxsi
nəzarəti altında görülən tədbirlər sayəsində
əllərdə olan on minlərlə qanunsuz odlu silah və
sursat yığıldı, qanunsuz silahlı birləşmələr
ləğv edildi, hakimiyyət orqanlarına meydan oxuyan yüzlərlə
cinayətkar dəstə zərərsizləşdirildi,
qısa müddətdə cinayətkarlığın
dinamikasında müsbət təmayüllər müşahidə
olunmağa başladı. O dövrün cinayətkarlığının
statistikası baş verən müsbət dəyişiklikləri
tam aydınlığı ilə əks etdirir. 1992-ci illə
müqayisədə ölkədə
qeydə alınan cinayətlərin açılması 61
faizdən 2002-ci ildə 83 faizə yüksəldi. Bu illərdə
daxili işlər orqanları müstəqil dövlətin
qurulmasının və sosial rifahın vacib şərti olan
ictimai-siyasi sabitliyin təminatçılarından birinə
çevrildi, dövlətçilik dəyərlərini hər
şeydən üstün tutan, ən ali məqsədi vətənə
xidmət etmək olan və Heydər Əliyev məktəbini
keçmiş peşəkar hüquq mühafizə orqanı
kimi formalaşdı.
Ümummilli
lider daxili işlər orqanları əməkdaşları
qarşısında üç tələb qoymuşdu:
intellektual səviyyəni yüksəltmək və peşəkarlığın
dünya standartları səviyyəsinə
çatdırılmasına nail olmaq, dünyanın ən
qabaqcıl ölkələrinin müvafiq orqanlarının
istifadə etdiyi ən müasir texnologiyalara yiyələnmək
və nəhayət, Vətənə, dövlətə sadiq
olmaq. Azərbaycanın daxili işlər orqanlarının
müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bu siyasi kursunu uğurla
icra etməsi dövlətin bütün strukturlarında
olduğu kimi, polis orqanlarında da yeniləşmənin,
modernləşmənin, beynəlxalq standartlar səviyyəsinə
yüksəlişin əsasını qoydu. Sonrakı illərdə
DİN sistemində islahatlar aparılaraq yeni struktur qurumlar
yaradıldı, şəxsi heyətin sosial müdafiəsinə
yönələn tədbirlər görüldü. 1996 -
2002-ci illərdə vəzifə və rütbəyə
görə maaşların artırılması ilə
bağlı beş sərəncam imzalandı, dövlətçiliyin
qorunmasında, cinayətkarlığa
qarşı mübarizədə, ictimai qaydanın və
ictimai təhlükəsizliyin təmin edilməsində
xüsusi xidmətlərinə, göstərdikləri igidlik və
xidməti borca sədaqətə görə yüzlərlə
əməkdaş və hərbi qulluqçu yüksək
dövlət mükafatlarına, habelə ali xüsusi rütbələrə
layiq görüldü.
Azərbaycanda
müəllifi ulu öndər Heydər Əliyev olan, dövlətin
inkişafına və xalqın rifahına əsaslanan mütərəqqi
siyasət kursu indi möhtərəm Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. Artıq
ümummilli liderimizin bəyan etdiyi strateji hədəflər,
qarşıya qoyduğu vəzifələr reallığa
çevrilmişdir. Azərbaycan 2009-cu ildə iqtisadi
keçid dövrünü başa
çatdırmışdır və hazırda dünyanın
müasir və inkişaf etmiş ölkələri ilə
müqayisə olunan səviyyəyə
çatmışdır. Son 10 ildə, dünya ölkələri
maliyyə böhranından əziyyət çəksə də,
dövlətimiz iqtisadiyyatı şaxələndirməyə,
ümumi daxili məhsulu 300 faiz artırmağa, ən əsası,
iqtisadiyyatın qeyri-neft sektorunu 2,4 dəfə yüksəltməyə
nail olmuşdur. Ötən müddətdə ölkəmizin
strateji valyuta ehtiyatları 30 dəfəyə yaxın
çoxalaraq 46 milyard dolları ötmüşdür.
Yoxsulluğun səviyyəsinin 49 faizdən 6 faizə,
işsizliyin isə 5,2 faizə endirilməsi isə, haqlı
olaraq, həyata keçirilən sosial siyasətin ən
böyük uğuru hesab edilir. Respublikanın şəhər
və rayonları, qəsəbə və kəndləri
tanınmaz dərəcədə dəyişmiş və
müasirləşmiş, sosial problemlər öz həllini
tapmış, xalqın rifahı yüksəlmişdir.
Məlum
olduğu kimi, Azərbaycanın dünyaya siyasi, iqtisadi, mədəni
inteqrasiyası Prezident İlham Əliyevin əsas prioritetlərindən
biridir. Möhtərəm Prezident dəfələrlə bəyan
etmişdir ki, dünyada yaxşı nə varsa, öyrənilməli,
Azərbaycana gətirilməli, tətbiq edilməlidir. Bu,
dünyaya inteqrasiyanın formalarından biridir. Prezident
İlham Əliyevin tövsiyə və göstərişlərini
gündəlik fəaliyyətində əsas tutan Azərbaycan
polisi dünyanın inkişaf etmiş ölkələrindəki
həmkarları ilə geniş əlaqələr qurur, təcrübə
mübadiləsi aparır. Onların qabaqcıl təcrübəsini
öyrənir və özünün fəaliyyəti, nailiyyətləri
ilə onları tanış edir. İndi Azərbaycan polisi,
bir vaxtlar yalnız xarici filmlərdə
gördüyümüz, qabaqcıl dünya ölkələrinin
polislərinin istifadə etdiyi müasir texnika və avtomobillərlə,
silah-sursat, rabitə vasitələri, elektron avadanlıqlarla təmin
edilmişdir. Daxili işlər orqanlarına qəbul
müsabiqə əsasında, tam şəffaflıqla həyata
keçirilir, polisə yalnız ən yaxşılar qəbul
edilir. Respublikada polisin iş şəraitinin
yaxşılaşdırılmasına xüsusi diqqət
yetirilir, polis idarələri və şöbələri
üçün onlarla yeni inzibati binalar tikilir və istifadəyə
verilir. Təbii ki, bütün bunlar Azərbaycan polisinin
öz xidməti vəzifələrini yüksək səviyyədə
həyata keçirməsinə, ölkədə təhlükəsizliyin
tam təmin olunmasına, ictimai asayişin, vətəndaşlarımızın
konstitusion hüquqlarının fədakarlıqla
qorunmasına öz müsbət təsirini göstərir.
Ötən ilin nəticələrinə qısa bir nəzər
salsaq, bunu daha aydın və
konkret görə bilərik.
Azərbaycan
cinayətkarlıqla mübarizənin nəticələrinə
görə 2012-ci ildə də MDB və Şərqi Avropa məkanında
tutduğu öncül mövqeyi qoruyub saxlamış, əhalinin
hər 100 min nəfərinə düşən cinayətlərin
sayı azalaraq 266-dan 236-ya enmişdir. İl ərzində qeydə
alınmış 21.897 cinayətin 86,2 faizinin
açılması təmin edilmişdir. Bunların 88 faizini
böyük ictimai təhlükə törətməyən və
az ağır, yalnız 12 faizini ağır və xüsusilə
ağır növlər təşkil etmişdir. Prokurorluq
orqanları ilə birgə, keçmiş illərdən
bağlı qalmış 379, o cümlədən 81
ağır və xüsusilə ağır cinayətin
açılması təmin edilmişdir.
Cinayətlərin profilaktikasında,
hüquqazidd əməllərə məruz qalmış şəxslərin
həyat və sağlamlığının müdafiəsində,
bu sahədə operativ tədbirlərin görülməsində
müasir texniki vasitələrin və informasiya
texnologiyalarının da böyük rolu olmuşdur. Təkcə
“102” xidmətinə daxil olan məlumatlar əsasında 8502
hüquqazidd əməlin qarşısı alınmış,
2051 cinayət işi başlanmışdır. “Təhlükəsiz
şəhər” xidmətinin texniki imkanları sayəsində
61 cinayət açılmış, 6656 yol-nəqliyyat qəzası,
piyadaların vurulması ilə nəticələnən 111
hadisə aşkarlanmış, axtarışda olan 66 avtomobil
saxlanılmışdır. Vahid məlumat-axtarış
sistemi vasitəsilə məhkumluq, təqsirləndirilən
şəxslər, avtonəqliyyat vasitələri, odlu silahlar
və s. haqqında 455 minə yaxın sorğu
cavablandırılmış, axtarılan 875 şəxs müəyyən
edilmişdir.
Mütəşəkkil cinayətkarlığa
qarşı aparılan mübarizə də sistemli xarakter
daşımış, həyata keçirilmiş kompleks əməliyyat-axtarış
tədbirləri ilə 649 ağır və xüsusilə
ağır cinayət, o cümlədən 15 qəsdən adam
öldürmə, 61 quldurluq və 56 soyğunçuluq
törətmiş 564 nəfərdən ibarət 200 cinayətkar
qrup və dəstə zərərsizləşdirilmişdir. Əllərdə
saxlanılan 713 odlu silah və 35 minə yaxın patron
götürülmüş, qanunsuz olaraq odlu silah saxlama və
daşıma cinayətlərinə görə 100 nəfər
məsuliyyətə cəlb olunmuşdur. Nəticədə
odlu silahla törədilən cinayətlərin sayı 57 fakt
təşkil etməklə 2011-ci illə müqayisədə
22 faiz azalmışdır. Dövlətin iqtisadi təhlükəsizliyinin
qorunması sahəsində həyata keçirilən əməliyyat
tədbirləri nəticəsində 12 saxta pul hazırlama və
satma cinayəti aşkarlanaraq qeyri-leqal dövriyyədən
ümumi məbləği 270 min manat olan 3011 ədəd saxta əskinas
çıxarılmışdır.
Transmilli mütəşəkkil
cinayətlərdən olan narkotraffikə və insan alverinə
qarşı mübarizədə həyata keçirilən tədbirlər
də məqsədyönlü olmuşdur. Narkotiklərlə əlaqədar
2453 cinayət, o cümlədən satışı ilə
bağlı 713 fakt aşkarlanmış, 126 nəfərdən
ibarət 51 cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdir.
Qanunsuz dövriyyədən 596 kiloqram narkotik vasitə və
50 kiloqram prekursor çıxarılmış, 54,9 kiloqram
narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə
gətirilməsinin qarşısı alınmışdır.
İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında
həyata keçirilən əməliyyat tədbirləri ilə
29 faiz çox, yəni 89 cinayət faktı müəyyən
olunaraq 22 nəfər məsuliyyətə cəlb edilmiş,
8 cinayətkar qrup zərərsizləşdirilmişdir.
Qeyd etmək lazımdır ki,
Prezident İlham Əliyev Azərbaycan polisinin peşəkarlıq
səviyyəsini, texniki təhcizatını diqqətdə
saxladığı kimi, sosial rifahını da diqqətdə
saxlayır. Daxili işlər orqanları əməkdaşlarının
maaşlarının mütəmadi olaraq
artırılması, öz əməyi, nümunəvi xidməti
ilə seçilənlərin irəli çəkilməsi,
mükafatlandırılması, təltif olunması, xüsusi
rütbələr alması bu ali diqqətin,
qayğının nəticəsidir.
Azərbaycan Prezidentinin 90 illik yubiley münasibətilə
daxili işlər orqanlarına göndərdiyi təbrikdə
deyilirdi: “Bu gün Azərbaycan polisi inkişaf və yeniləşmə
mərhələsini yaşayır. Müasir dövrün
çağırışlarına cavab olaraq aparılan
islahatlar nəticəsində onun üzərinə qoyulan vəzifələrin
dairəsi genişlənir. Cinayətlərin
qarşısının alınması ilə yanaşı,
insan hüquq və azadlıqlarının qorunması daxili
işlər orqanlarının prioritetlərindən birinə
çevrilir. Polis orqanlarının fəaliyyətini təkmilləşdirmək,
iş keyfiyyətini, peşə hazırlığını
və bilik səviyyəsini artırmaq məqsədilə yeni
axtarış və informasiya texnologiyaları ilə təmini,
maddi-texniki bazanın ən müasir tələblər səviyyəsinə
çatdırılması və şəxsi heyətin sosial
müdafiəsinin gücləndirilməsi istiqamətində
lazımi tədbirlər görülür. Polisin
inkişafına dövlət qayğısı bundan sonra da
davam edəcəkdir”.
Hazırda
Azərbaycan sürətli iqtisadi inkişafla yanaşı,
cinayətkarlığın aşağı səviyyəsi, təhlükəsizliyin
etibarlı təmin olunması və insan haqlarının qorunması sahələrində də
beynəlxalq aləmin diqqət mərkəzindədir. Avropa və
dünya əhəmiyyətli tədbirlər respublikamızda
həyata keçirilir, artıq Davos iqtisadi forumu paytaxt
Bakıda keçirilir və Avropa Olimpiya oyunları gözlənilir.
Bütün bunlar, sürətli iqtisadi inkişafın və
nümunəvi ictimai-siyasi sabitliyin nəticəsində
yaranmış, yüksək səviyyəli qonaqların gəlişi
, beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi
ilə əlamətdar olan
yeni durum Azərbaycan
polisinin üzərinə yeni vəzifələr qoyur. Azərbaycan
polisi də dövlətin diqqət və qayğısı
sayəsində sürətlə inkişaf edir, həm peşəkarlıq,
həm texniki təhcizat, həm də mənəvi tələbat
baxımından müasir standarlara cavab verəcək səviyyəyə
yüksəlir və öz xidməti vəzifələrinin
öhdəsindən layiqincə gəlir. Daxili işlər
orqanlarında aparılmış struktur dəyişiklikləri,
yeni xidmət sahələrinin açılması, müasir tələblərə
cavab verən mükəmməl kadr potensialının
yaradılması, texniki təhcizatın və iş şəraitinin
yaxşılaşdırılması sözün əsl mənasında,
fəxr etməli nailiyyətlərdir.
Azərbaycan
Prezidenti İlham Əliyev bu nailiyyətləri yüksək
qiymətləndirməklə yanaşı, daxili işlər
orqanlarının qarşısına yeni vəzifələr
qoymuşdur: “Polis həm qətiyyətli olmalıdır, cinayətkarlara
qarşı barışmaz, sərt olmalıdır, eyni zamanda
insanlara qarşı çox mədəni, mülayim
olmalıdır, kobudluğa yol verməməlidir.
Çünki biz hamımız - dövlət işində
işləyən insanlar xalqa xidmət edirik. Bizi ona görə
seçirlər, ona görə etibar edirlər ki, biz öz tərəfimizdən
qərarların qəbul olunması ilə, öz xidmətimizlə,
öz nümunəmizlə xalqa xeyir gətirək...”
Qalib ARİF
Xalq qəzeti.- 2013.- 16 aprel.- S. 8.