Akademik Zərifə
xanım Əliyevaya həsr olunmuş səyyar mərasim
Respublikamızda tibb elminin inkişafına
mühüm töhfələr vermiş görkəmli
oftalmoloq, akademik Zərifə
xanım Əliyevanın 90 illik yubileyi paytaxtımızın
mərkəzi rayonu olan Səbaildə də geniş qeyd olunur.
Rayonun elm, təhsil və səhiyyə müəssisələrində
görkəmli alimin xatirəsinə həsr olunmuş tədbirlər
keçirilir, sərgi və aksiyalar təşkil olunur.
Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı,
orta məktəb şagirdlərinin iştirakı ilə
növbəti tədbirin daha maraqlı və yaddaqalan
olması üçün məkan Xəzər dənizinin
Bakı buxtası seçilmişdi. Məktəblilər əvvəlcə
Dənizkənarı Milli Parkda “Yaxt-klub”a gəlmiş, burada
“Vətən” gəmisinə minərək Bakı buxtasına
səyahətə çıxmışlar. Onların bir
çoxu ilk dəfə belə gəzintiyə
çıxırdı. Uşaqlar gəminin göyərtəsində
akademik Zərifə Əliyevaya həsr olunmuş fotosərgi,
kitab və nəşrlər, rayon məktəblilərinin rəsmləri,
müxtəlif materiallardan hazırlanmış əl işləri
və inşa yazı nümunələri ilə tanış
olmuşlar.
Səbail Rayon İcra Hakimiyyəti
başçısının birinci müavini Xalidə
Bayramova Azərbaycanın görkəmli alimi və təbibi Zərifə
xanım Əliyevanın həyat və fəaliyyəti barədə
məktəblilərə geniş məlumat vermişdir. O bildirmişdir ki, Zərifə xanım
respublikamızda tibb elminin inkişafına mühüm
töhfələr vermiş, oftalmologiyanın aktual problemlərinə
dair sanballı tədqiqatları ilə nəinki
keçmiş SSRİ məkanında, həmçinin
dünya miqyasında böyük şöhrət
qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti
həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda
oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir. Ümummillli lider Heydər Əliyevin
ömür-gün yoldaşı Zərifə xanım həm
də fəal ictimai xadim, qayğıkeş ana olmuşdur.
Məktəblilər Zərifə xanım Əliyevaya,
anaya, Azərbaycan qadınına, Vətənimizə həsr
olunmuş şeir və mahnılarla, bədii kompozisiyalarla
çıxış etmiş, rəqslər ifa etmişlər.
Dəniz gəzintisi zamanı məktəblilər və onların müəllimləri Bakı buxtasından əzəmətli Dövlət Bayrağı Meydanını, “Kristall-Hall” zalını, yeniləşən Bakı bulvarını, şəhərin ümumi mənzərəsini seyr etmişlər.
R.TAHİR
Xalq qəzeti.- 2013.- 16 aprel.- S. 9.