Əli ƏHMƏDOV:
Azərbaycan heç bir halda özünün dövlət və
milli maraqlarını beynəlxalq təşkilatların
arzularına qurban vermək niyyətində deyil
Hakim
Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini -
icra katibi, deputat Əli Əhmədovun ölkədəki ictimai-siyasi
vəziyyətlə bağlı Trend-ə müsahibəsi.
-
YAP-ın prezident seçkilərinə
hazırlığı necə gedir? Hakim partiya seçkidə
təbliğat kampaniyasında yeni metodlardan istifadə edəcəkmi?
-
Ümumiyyətlə, hər bir partiyanın seçki
taktikası partiyanın gözlənilən seçkidə
proqnozlaşdırılan perspektivləri ilə bilavasitə əlaqədardır.
Biz Yeni Azərbaycan Partiyası olaraq birmənalı şəkildə
hesab edirik ki, qarşıdan gələn prezident seçkilərində
Yeni Azərbaycan Partiyasını böyük uğur və qələbə
gözləyir. Bunun da ən əsas səbəbi
qarşıdan gələn prezident seçkilərində
partiyanın sədri və Azərbaycanın Prezidenti İlham
Əliyevin namizədliyinin irəli sürülməsi ilə əlaqədardır.
Bizim bütün müşahidələrimiz, təhlillərimiz,
Azərbaycan cəmiyyətinin mövcud əhval-ruhiyyəsinin
dəyərləndirilməsi ondan xəbər verir ki, Azərbaycan
xalqının böyük əksəriyyəti
qarşıdan gələn prezident seçkilərində
İlham Əliyevin namizədliyinin irəli sürülməsini
birmənalı şəkildə dəstəkləyir. Prinsip
etibarilə insanlar rasional düşünməyə meyillidirlər
və İlham Əliyevin namzədliyinin
insanlarımızın mütləq əksəriyyəti tərəfindən
dəstəklənməsi məhz elə bu rasional
düşüncənin təzahürüdür, ifadəsidir.
Ona görə ki, 10 ilə yaxın müddət ərzində
İlham Əliyevin rəhbərliyi altında Azərbaycan əhəmiyyətli
dərəcədə dəyişib. Böyük iqtisadi
sıçrayış əldə edilib, Azərbaycan qüdrətli
bir dövlətə çevrilib, dünya birliyində Azərbaycanın
mövqeləri möhkəmlənib, bu gün Azərbaycan
dünyada hörmət sahibi olan bir dövlət kimi qəbul
olunur.
Digər
bir tərəfdən, bu illər ərzində Azərbaycanda
insanların həyatının yeni keyfiyyəti
formalaşıb, həyatın tamamilə yeni bir keyfiyyəti
meydana gəlib. Mən bunun üç əsas sütununu demək
istərdim. Birincisi, insanlarımızın rifahı əhəmiyyətli
dərəcədə yaxşılaşıb. İkincisi, Azərbaycanda
Prezident İlham Əliyevin siyasəti sayəsində həyata
keçirilən yeniləşmə, müasirləşmə
konsepsiyasıdır ki, bunun nəticəsində də Azərbaycan
tamamilə yeni bir görkəm alıb, Azərbaycanın
paytaxtı Bakı şəhəri, regionlar, ayrı-ayrı
yaşayış məskənləri, şəhərlər,
qəsəbələr tamamilə yeni bir görkəm alıb
və beləliklə də Azərbaycan vətəndaşları
yeni bir mühitdə, mədəni və məişət
mühitində yaşayıblar ki, bu da Azərbaycanda
insanlarımızın həyatının yeni keyfiyyətinin
qərar tutduğu ikinci bir sütun kimi qiymətləndirilir.
Və nəhayət, sabitlik, əmin-amanlıq, dinclik,
rahatlıq, insanların təhlükəsizliyinin təmin
edilməsi də haqqında danışdığımız
həyatın yeni keyfiyyətinin üçüncü bir
dayağıdır. Beləliklə, bu üç əzəmətli
dayaq üzərində həyatın yeni bir keyfiyyəti
formalaşıb. Azərbaycan vətəndaşları bunu
çox gözəl dərk edirlər, qiymətləndirirlər,
eyni zamanda, bütün bu dəyişikliklər gələcəkdə
Prezident İlham Əliyevin rəhbərliyi altında daha
böyük uğurların və nailiyyətlərin
qazanılacağına ümidləri daha da gücləndirir.
Bu rasional düşüncə Prezident İlham Əliyevin
namizədliyinin dəstəklənməsində
özünün ifadəsini tapır. Bu mənada Yeni Azərbaycan
Partiyası özünün seçki taktikasını qurarkən
Prezident İlham Əliyevin namizədliyinin insanlarımız tərəfindən
qətiyyətlə dəstəklənməsi məntiqindən,
reallığından çıxış edir.
Bu mənada
qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar
Yeni Azərbaycan Partiyasının bütövlükdə
seçki taktikası ciddi, əsaslı inam üzərində
qurulub desəm, hesab edirəm ki, gerçəkliyi və bizim
öz üzərimizə götürdüyümüz vəzifənin
öhdəsindən gələcəyimizə
inamımızı ifadə etmiş olarıq. O ki qaldı,
yeni texnologiyalar, Yeni Azərbaycan Partiyasının seçki
kampaniyasının keçirilməsi ilə əlaqədar
proqram məsələsinə, ayrıca vurğulamaq istəyirəm
ki, bütövlükdə Yeni Azərbaycan Partiyasının
böyük, zəngin seçki təcrübəsi var, dəfələrlə
ölkəmizdə keçirilən prezident, parlament
seçkilərində Yeni Azərbaycan Partiyası yeni
texnologiyalardan faydalanıb və biz bunun qələbələrimizin
əldə olunmasında xeyrini görmüşük. Təbiidir
ki, bizim məhz bu yeni texnologiyalara istinad etməyimiz əhəmiyyətli
rol oynayıb. Qeyd etmək istəyirəm ki, 2013-cü ilin
prezident seçkiləri kampaniyası istisna olmayacaq. Yeni Azərbaycan
Partiyasının çox əhatəli,
insanlarımızın İlham Əliyevin gələcək fəaliyyətinin
Azərbaycanın daha böyük inkişafına gətirib
çıxaracağına inamını gücləndirən
proqramı formalaşır, hazırlanır və günam
edirəm ki, bu proqram Azərbaycan vətəndaşları tərəfindən
ciddi şəkildə dəstəklənəcək.
Seçki yeniliklərindən istifadə olunacaq. Əmin etmək
istəyirəm ki, Yeni Azərbaycan Partiyası həmişə
olduğu kimi 2013-cü ilin seçki kampaniyasını da məzmunlu,
maraqlı təşkil edəcək və kifayət qədər
yeniliklərin şahidi olacağıq.
-
Yeni Azərbaycan Partiyası dəfələrlə dialoqa
hazır olduğunu bəyan etsə də, nədənsə
müxalifət yenə də dialoq deyir və hakim
partiyanın çağırışlarını qəbul
etmir. Sizcə, müxalifət dialoq deyəndə nəyi
nəzərdə tutur?
-
Yeni Azərbaycan Partiyası Azərbaycanda milli
maraqlarımıza uyğun şəkildə fəaliyyət
göstərən istənilən siyasi təşkilatla aktual
problemlərin müzakirə edilməsinə, “dəyirmi
masa”ların keçirilməsinə həmişə hazır
olub və bu gün də hazırdır. Amma çox təəssüf
hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanın
müxalifət partiyalarında dialoq haqqında boş-boş,
mənası olmayan söz-söhbətlər etməkdən kənara
çıxa biləcək real, praktik addımlar
atılmayıb. Yeni Azərbaycan Partiyası ilə müxalifət
partiyalarının dialoq məsələsinə
yanaşmasında ciddi fərqlərdən biri bundan ibarətdir.
Bir neçə il bundan əvvəl Yeni Azərbaycan
Partiyasının təşəbbüsü ilə müxalifət
partiyalarının bir neçəsi ilə “dəyirmi masa”lar
keçirilib və bu “dəyirmi masa”lar Yeni Azərbaycan
Partiyasının qərargahında baş tutub. Yəni biz
dialoq məsələsi haqqında sadəcə
danışmaqla kifayətlənmirik, real addımlar
atmağı bacarırıq. Müxalifətə gəldikdə
isə, müxalifət dialoq problematikasını sanki bir
çəkişmə, didişmə predmetinə
çevirib. Mən hesab edirəm ki, bütövlükdə
dialoq probleminə və dialoq perspektivlərinə bundan da
artıq dərəcədə ziyan vura biləcək bir
praktikanı təsəvvür etmək mümkün deyil. Biz
səhərdən axşama qədər dialoq, dialoq deyib, elə
boş-boşuna söhbət etmək əvəzinə, ciddi
şəkildə real nəticələri olan və təbiidir
ki, faydalı bir işə xidmət edən, faydalı
ideyalara xidmət edən danışıqların və yaxud
fikir mübadiləsinin aparılmasının tərəfdarıyıq.
Amma biz buna rasional şəkildə yanaşmağın tərəfdarıyıq.
Sadəcə olaraq dialoq deyib, dialoq eşidib, dialoq
danışa-danışa yatıb, dialoq
danışa-danışa durmağın, obrazlı şəkildə
desək, tərəfdarı deyilik, çünki bunun bir
faydası yoxdur. Yeni Azərbaycan Partiyası dialoqa hazırdır,
ancaq hesab edirəm ki, bu, rasional şəkildə
düşünülmüş, faydalı olan siyasi partiyalar
arasında anlaşmaya gətirib çıxara biləcək
bir “dəyirmi masa” və yaxud toplantı şəklində
keçirilə bilər. Onu da vurğulamaq istərdim ki, Yeni
Azərbaycan Partiyası ilə dialoq haqqında danışan
bu və ya digər siyasi partiyaların davranışında
da, hərəkətlərində də bu dialoq mühitinin,
atmosferinin yaranmasına kömək edəcək bir rasional
yanaşma olmalıdır. Ancaq müxalifət
partiyalarının davranışında biz bunu
görmürük və müxalifət partiyalarının həm
Yeni Azərbaycan Partiyasına, həm də bugünkü
hakimiyyətə münasibətində özünü
göstərən kifayət qədər aqressivlik dialoq
ab-havasının yaranmasına ciddi maneçilik törədir.
Bütün bunlara baxmayaraq, biz dialoqun, fikir mübadiləsinin
aparılmasının tərəfdarıyıq. Ancaq həqiqət
bundan ibarətdir ki, Azərbaycanda müxalifət amorf bir
anlayışa çevrilib. Müxalifət dedikdə,
yalnız fərqli düşünmək istəyən,
reallıqları təhrif edən qeyri-müəyyən bir
subyekt başa düşülür. Müasir anlamda müxalifətin
parametrləri tamamilə fərqlidir. Digər bir tərəfdən,
əlbəttə, Yeni Azərbaycan Partiyasının dialoqa
yanaşmasında bu cəhət də xüsusi əhəmiyyət
kəsb edir ki, biz dialoqu kimlə aparmalıyıq? Kimlə
oturub fikir mübadiləsi aparmalıyıq? Hansı partiya və
o partiyanın funksionerləri Azərbaycan cəmiyyətinin
müəyyən bir kəsiminin maraqlarını ifadə edə
biləcək etimada sahibdirlər? Bütün bunlar, əlbəttə,
ciddi suallardır. Dialoq yalnız oturub söhbət etmək məqsədi
daşıya bilməz. Dialoq o zaman aparılır və
dialoqun tərəfləri kimi o qruplar çıxış edə
bilər ki, onlar kiminsə adından danışmaq hüququna
və səlahiyyətinə malik olsunlar. Təbiidir ki, Yeni Azərbaycan
Partiyasının 600 min üzvü var, hakim partiyadır və
təbiidir ki, Yeni Azərbaycan Partiyası hər hansı bir tərəflə
dialoqa gedərkən cəmiyyətin ciddi bir kəsiminin mənafeyinin
ifadəçisi kimi çıxış edir. Amma bizimlə
söhbət etmək, dialoq aparmaq istəyən tərəflər
kimlərin maraqlarını ifadə edir və onlar bu
maraqları nə dərəcədə ifadə etmək səlahiyyətinə
sahibdirlər? Bu məsələ isə diqqətdən kənarda
qalıb. Müxalifət daxildən bir-biri ilə didişən,
bir yerə toplaşa bilməyən və bu səbəbdən
də az-çox cəmiyyət toplumunun marağını
ifadə edən quruma çevrilə bilməyib. Reallıq
bundan ibarətdir. Bu mənada, bir tərəfdən müxalifət
real, ciddi qüvvə kimi çıxış edə bilmir,
ikinci bir tərəfdən, ona ictimai etimad və dəstək
həddən artıq zəif olduğundan onların dialoq
haqqında çıxışları və yaxud dialoq aparmaq
istək və niyyətləri də təbii ki, kifayət qədər
zəif səslənir və bunun özü də dialoq
mühitinin formalaşmasına müsbət təsir göstərmir.
-
“Nida” gənclər təşkilatının üzvləri
qanunsuz odlu silah və ya narkotik maddə gəzdirməkdə
ittiham olunsalar da, deyirlər ki, bu, gənclərə
qarşı təzyiq, hətta repressiya siyasətidir. Buna
münasibətiniz?
- Azərbaycan müxalifətinin çox tez-tez istinad etdiyi taktikalardan biri də heç bir əsas olmadan Azərbaycan hakimiyyətinin guya onlara qarşı repressiyalar tətbiq etməsi haqqında uydurmalarıdır. Birmənalı şəkildə demək istəyirəm ki, Azərbaycanda repressiya mövcud deyil. Ən azından ona görə ki, Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti indiki Prezidenti, onun həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir və bugünkü hakimiyyətə alternativ ola biləcək və ciddi ictimai dəstək qazana biləcək və yaxud qazanmış elə bir qüvvə yoxdur ki, Azərbaycan iqtidarı narahat olsun və bu narahatlığın əsasında da kimlərəsə qarşı təzyiq və yaxud onların dediyi ifadədən istifadə etsək, repressiyalara əl atsın. Bu, uydurmalardan başqa bir şey deyil və bu uydurmaların da kökündə dayanan məntiq ona gətirib çıxarır ki, Azərbaycanda müxtəlif siyasi iddialar ortaya qoymuş qruplar, müxalifətçilər ciddi ictimai dəstək əldə edə bilmədiklərindən günahı özlərində görmək əvəzinə, iqtidarın üzərinə yıxmağa çalışırlar ki, guya Azərbaycan iqtidarı onların sərbəst şəkildə siyasi fəaliyyət göstərməsi üçün əngəllər törədir və hətta repressiyalara yol verir. Eyni sözləri mən “Nida” gənclər təşkilatı ilə əlaqədar demək istərdim. Bildiyiniz kimi, bu təşkilatın köməyi ilə və yaxud icraçılar bu təşkilatdan olmaqla, digərlərinin təhrikləri ilə Azərbaycanda bir neçə dəfə qanunsuz küçə aksiyalarının keçirilməsinə cəhdlər göstərilib. Bu küçə aksiyalarının iştirakçılarının sayı o qədər az olub ki, bütövlükdə Azərbaycandakı ictimai-siyasi həyatın normal axarına nəinki təsir etmək gücündə olmayıb, bu aksiyalar heç insanlar tərəfindən hiss olunacaq dərəcədə də effektli olmayıb. Belə olan halda, o gənclərə qarşı təzyiqlərin tətbiq edilməsi haqqında səsləndirilən fikirlər cəfəngiyatdan başqa bir şey deyil. Digər bir tərəfdən, təbiidir ki, istənilən hüquqi dövlətdə hər bir vətəndaşın hərəkətinə qanunlar çərçivəsində qiymət verilir və qanunun pozulmasına gətirib çıxaran hərəkətlər də qanun müstəvisində nəzərdən keçirilir. Qanunun kimin tərəfindən pozulmasından asılı olmayaraq, qanun hamıya eyni dərəcədə şamil edilir. Əgər kimsə silah gəzdiribsə və yaxud ictimai asayişi pozmaq istəyibsə, lap elə qanunsuz aksiyalar keçirmək fikrinə düşübsə, qanunun tələblərinə uyğun şəkildə müvafiq məhdudlaşdırıcı tədbirlərin görülməsi tamamilə normal haldır, normal praktikadır. Azərbaycanda da belə edilir, dünyanın digər yerlərində də, belə deyək, dünyaya demokratiya nümunəsi göstərən ölkələrdə də belə edilir. Qanun pozulursa, əlbəttə ki, qanunu pozanlar qanunun özünün müəyyənləşdirdiyi formada sanksiyalarla üzləşməlidirlər. Azərbaycan da istisna deyil, Azərbaycan da hüququn aliliyinə söykənən bir dövlət kimi bu addımları atır və təbii ki, bundan sonra da belə olacaq. Dövlətin ən vacib vəzifələrindən biri sabitliyi, əmin-amanlığı, hər bir vətəndaşın təhlükəsizliyini təmin etməkdən ibarətdir. Əgər kimsə sabitliyin, əmin-amanlığın, insanların təhlükəsizliyinin pozulmasına gətirib çıxara biləcək hərəkətə yol verirsə, o, qanun qarşısında cavabdeh olur və ona qarşı sanksiyalar tətbiq edilir. Siyasi fəaliyyətlə məşğul olmaq qanunların pozulması üçün əsas yaratmır və qanunun pozulmasına görə sanksiyaların tətbiq edilməsinin də siyasi repressiyalar və ümumiyyətlə, repressiya kimi dəyərləndirilməsi ədalətdən kənar bir yanaşmadır.
-
Özünü Ziyalılar Forumu adlandıran bir qurumda ermənipərəsət
çıxışlar artıq intensiv xarakter alıb. Əkrəm
Əylislidən sonra Rüstəm İbrahimbəyov da ermənipərəst
çıxış etdi. Belə bir fikir var ki, Ziyalılar
Forumu xarici qüvvələr tərəfindən idarə
olunur. Siz bununla bağlı nə düşünürsünüz?
- Əlbəttə, Azərbaycan cəmiyyətində bu fikirlər aktiv şəkildə yayılmaqdadır. Yəqin ki, belə bir fikrin ictimai rəydə dərin kök salmasının səbəblərindən biri də Ziyalılar Forumu deyilən qurumda fəallıq göstərən iki nəfərin açıq-aydın ermənipərəst bəyanatlar verməsi, ermənipərəst mövqedə dayanması ilə bağlıdır. Əkrəm Əylisli ilə bağlı hər şey aydındır və güman edirəm ki, Azərbaycan cəmiyyəti ona öz mövqeyini tamamilə açıq şəkildə ifadə edib. Rüstəm İbrahimbəyova gəldikdə isə, onun bir neçə gün bundan əvvəl “Rosbalt” informasiya agentliyinə verdiyi bəyanat kifayət qədər sürüşkən bir mövqenin ifadəsidir. Bu bəyanatda Rüstəm İbrahimbəyov Qarabağın Azərbaycana məxsus olması fikrinin üzərinə kölgə salmağa çalışır. Mən təsəvvür etmirəm ki, azərbaycanlı olan hər hansı bir insan Qarabağın Azərbaycan torpağı olduğunu şübhə altına alsın. Amma Rüstəm İbrahimbəyovun günahı tək ondan ibarət deyil ki, o öz qəlbində, düşüncələrində şübhələnir ki, Qarabağ mübahisəli bir zonadır. Əksinə, o, erməni mövqeyinə yuvarlanır və beləliklə, əslində ermənilərin mövqelərini gücləndirmiş olur. Əslində o, erməni mövqeyinin güclənməsinə xidmət edən bir bəyanat səsləndirib və hesab edirəm ki, erməni tərəfi də Azərbaycan torpaqlarının işğal altında saxlanılmasına yönəlmiş hərəkətlərinin bundan sonra da davam etdirilməsində Rüstəm İbrahimbəyovun səsləndirdiyi fikirlərə istinad edəcək, ondan istifadə edəcək, necə ki, onlar Əkrəm Əylislinin yazdığı kitabdan artıq çox bacarıqla istifadə edirlər. Eləcə də Rüstəm İbrahimbəyovun Qarabağın Azərbaycana məxsus olduğunu şübhə altına alan fikrindən istifadə edəcəklər. Hesab edirəm ki, bu, Rüstəm İbrahimbəyovun Azərbaycanın milli maraqlarına ciddi zərbə vurmaqdan ibarət olan çox təhlükəli bəyanatıdır və eyni zamanda görünür ki, bu, Rüstəm İbrahimbəyovun mövqeyidir. Əks halda o, tamamilə başqa bir fikir səsləndirməli idi. Bu mənada, çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Ziyalılar Forumunda cəmləşənlər Azərbaycanın maraqlarına zərər vurmaq silsilələrini davam etdirirlər. Əkrəm Əylisli, onun ardınca Rüstəm İbrahimbəyov. Təəssüf hissi ilə qeyd edirəm ki, Azərbaycan ziyalısı adını daşıyan bir neçə adamın yığışıb yaratdığı Ziyalılar Forumunda bu cür düşünən, Azərbaycanın maraqlarına bu cür münasibət nümayiş etdirən insanlar cəmləşib. Təbiidir ki, buna görə də Azərbaycan cəmiyyətində onların kənardan idarə olunması, kənar maraqlara xidmət etməsi haqqında fikirlər formalaşıb. Mən hesab edirəm ki, birincisi, belə fikirlərin formalaşması təsadüfi deyil, ikincisi, çox ciddi əsaslara söykənir. Qeyd etmək istəyirəm ki, ümumiyyətlə, nəyin bahasına olursa-olsun, hakimiyyəti, iqtidarı tənqid etmək və yaxud ona qarşı çıxmaq praktikası nəticə etibarilə çox ciddi səhvlərə gətirib çıxarır. Bəzi hallarda isə bu səhvlər xəyanət formasını alır. İndi biz onların elementlərini və təzahürlərini açıq şəkildə görməkdəyik. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu cür səhvlər və özündə xəyanət elementlərini birləşdirən hərəkətlər ziyalı adını daşıyan insanların yaratdığı forumun üzvləri tərəfindən edilir.
- Belə
fikirlər var ki, bir sıra beynəlxalq təşkilatlar Azərbaycanda
ictimai-siyasi sabitliyi pozmaq üçün maliyyə
yatırırlar. Nəzərə alsaq ki, qarşıdan
prezident seçkiləri gəlir, təbii ki, bu cür təşkilatlar
daha da aktivləşəcək. Siz necə
düşünürsünüz, bu cür təşkilatlara
mesajınız nə olardı?
- Əvvəla,
onu qeyd etmək istəyirəm ki, hər kəs öz taleyinin
sahibi olmağı bacarmalı olduğu kimi, hər bir millət
və xalq da öz taleyinin sahibi olmağı
bacarmalıdır. Azərbaycan xalqı
müstəqil yaşamaq, həyatını dəyişmək,
inkişaf etmək istəyirsə, müstəsna şəkildə
özü öz taleyinin sahibi olmalıdır. Əlbəttə,
Azərbaycan dünya birliyinin üzvüdür, Azərbaycan
çox sürətlə dünya birliyinə bütün
parametrlər üzrə inteqrasiya edir və bu inteqrasiya
da kifayət qədər uğurludur. Eyni zamanda, Azərbaycan
dünya birliyinin vacib təsisatları olan beynəlxalq təşkilatlarla
da səmərəli əməkdaşlıq edir. Azərbaycanın Birləşmiş Millətlər
Təşkilatında fəaliyyəti, Azərbaycan hökumətinin
Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla
səmərəli əməkdaşlığı Azərbaycanın
dünya birliyinə sürətlə və səmərəli
şəkildə inteqrasiya etmək niyyətini çox ciddi
şəkildə qarşıya qoyduğundan xəbər
verir. Eyni zamanda, biz beynəlxalq təşkilatlarla əməkdaşlıq
edərkən hər şeydən əvvəl milli
maraqlarımızın qorunması mövqeyindən çıxış
etməliyik. Birincisi, milli maraqları ayaq
altına ataraq və yaxud kifayət qədər qorumayaraq beynəlxalq
təşkilatlarla səmərəli əməkdaşlıq
etmək mümkün deyil, ikincisi isə bu əməkdaşlıqdan
Azərbaycan xalqına və dövlətinə hər
hansı bir fayda gəlməyəcək. Beynəlxalq təşkilatlarla
əməkdaşlıq etmək milli maraqlardan geriyə
çəkilmək deyil. Heç bir halda
heç bir dövlət, heç bir xalq milli
maraqlarını unutmaq və milli maraqlarından geri çəkilmək
hesabına beynəlxalq təşkilatlarla əməkdaşlıq
etmək istəməz və bu əməkdaşlıqdan hər
hansı bir fayda götürə bilməz. Bu mənada, Azərbaycan həm beynəlxalq təşkilatlarla
faydalı əməkdaşlıq etmək istəyir, digər
bir tərəfdən, təbiidir ki, biz ilk növbədə və
hər şeydən əvvəl milli maraqlarımızın,
dövlətçilik maraqlarımızın qorunması
haqqında düşünürük və bunu da
qoruyuruq. Ayrı-ayrı beynəlxalq təşkilatlar Azərbaycanı
tənqid edirlərsə, bu onların öz yanaşmaları
ola bilər. Burada hər hansı bir səthi təhlil nəticəsində
tənqidlərin yer alması da mümkündür və yaxud
Azərbaycanın reallıqlarının məqsədli şəkildə
təhrif edildiyi tənqidlər də mümkündür. Biz
buna tamamilə normal yanaşırıq. Harada tənqidlər
üçün əsaslar olursa, həmin tənqidlərin
aradan qaldırılması üçün lazımi
addımlar atılır. Haradasa tənqidlər
qərəzli xarakter daşıyır və Azərbaycanın
maraqlarına zərbə vurmaq məqsədi güdürsə,
təbiidir ki, biz həmin tənqidləri qəbul etmirik və
Azərbaycanın reallıqlarını qoruduğumuzu
açıq şəkildə ifadə edirik. Azərbaycanda
fəaliyyət göstərən istənilən beynəlxalq
təşkilat Azərbaycanın dövlətçilik
maraqlarına hörmətlə yanaşmağı
bacarmalıdır. Azərbaycanın dövlət
maraqlarına qarşı çıxan, Azərbaycanda tamam
başqa niyyətlərin həyata keçirilməsi istiqamətində
səylər göstərən beynəlxalq təşkilatlara
isə təbiidir ki, öz iradlarımızı bildirməkdən
çəkinməməliyik. Hər bir dövlətin bu
günü, gələcəyi dövlətin öz
maraqlarını qorumasından asılıdır. Əgər
dövlət öz milli maraqlarını, millətini,
xalqını qoruya bilirsə, o öz gələcəyini təmin
etmiş olacaq. Beynəlxalq təşkilatların
marağı və istəkləri Azərbaycanın dövlət
və milli maraqlarından üstün ola bilməz. Ona görə də biz əməkdaşlıq niyyətimizi
bir daha ifadə etməklə yanaşı, eyni zamanda hesab
edirik ki, Azərbaycan heç bir halda özünün dövlət
və milli maraqlarını ayrı-ayrı beynəlxalq təşkilatların
istək və arzularına qurban vermək niyyətində
deyil.
Xalq qəzeti.- 2013.- 14 aprel.- S. 5.