Azərbaycan Milli
Olimpiya Komitəsində “Qadınlar idmanda” mövzusunda seminar
keçirilmişdir
Aprelin 15-də Azərbaycan Milli Olimpiya Komitəsində
(MOK) “Qadınlar idmanda” mövzusunda seminar
keçirilmişdir.
AzərTAc xəbər verir ki, seminarı
ABŞ-ın ölkəmizdəki səfirliyinin dəvəti
ilə Azərbaycanda səfərdə olan Birləşmiş
Ştatların ESPN Televiziya Xəbərləri şəbəkəsinin
aparıcı idman jurnalisti, Kolumbiya Universitetinin jurnalistika
üzrə professoru, peşəkar roller derbi
idmançısı xanım Ceyn MakManus aparmışdır.
Əvvəlcə MOK-un əməkdaşı,
“İnkişaf naminə idman” İctimai Birliyinin rəhbəri
Mehman Kərimov Azərbaycan idmançılarının
qazandığı nailiyyətlərdən söz
açmış, seminarın əhəmiyyətini yüksək
qiymətləndirmişdir.
Bildirmişdir ki, MOK-da məşhur
idmançı, idman mütəxəssisi və bu sahənin
jurnalistləri ilə görüşlər artıq adət
halını almışdır. Ötən il İngiltərə
Futbol Assosiasiyasının sabiq direktoru və BBC
telekanalının idman reportyoru Devid Devisin iştirakı ilə
Azərbaycan jurnalistləri üçün seminar təşkil
olunmuşdu. Bu kimi silsilə tədbirlərin keçirilməsində
məqsəd ölkədə idman jurnalistikasını
inkişaf etdirmək, həmçinin ictimaiyyətin diqqətini
qadın və qızların bədən tərbiyəsi və
idmanla fəal iştirakına cəlb etməkdir.
C.MakManus ABŞ-da qadın idmanının
inkişaf tarixindən, hazırda bu ölkədə
qadınların idmana cəlb olunması istiqamətində
görülən işlər barədə məlumat
vermişdir. Bildirmişdir ki, qadınlar arasında idmanın
kütləviliyinin təmin olunması istiqamətində
ABŞ-da bir neçə qanun qəbul edilmişdir. 1972-ci ildə
qəbul edilən “IX başlıq” adlı qanunla ABŞ-da
qadınlara təhsil almaq hüququ verildi ki, bununla da
qadınların idmanla məşğul olması
üçün münbit şərait yarandı. İlk dəfə
ABŞ-da kişi və qadın arasında yarış
idmanın tennis növü üzrə keçirilmişdir. Həmin
görüşdə xanım Billi Jean King rəqibi Bobbi Riggsə
qalib gəlmişdir.
Qonaq C.MakManus ABŞ-ın tanınmış
qadın idmançılarından olan sürətli
maşın sürücüsü Danila Patrik, basketbolçu
Britniy Griner, tennisçi Serrena Uilyams və qaydasız
döyüşlə məşğul olan Ronda Rouseri barədə seminar
iştirakçılarına məlumat vermiş və
onların qazandığı nailiyyətlərdən
danışmışdır. Vurğulamışdır ki,
hazırda dünyada qadınlar məşğul olduqları
idman sahələrində əlavə böyük gəlir əldə
edirlər. Dünyaca məşhur qadın idmançılar
bir çox şirkətlərin, brendlərin və məhsulların
siması seçilir və bundan böyük mənfəət
qazanırlar.
Sonda C.MakManus seminar
iştirakçılarının suallarını
cavablandırmışdır.
Xalq qəzeti.- 2013.- 16 aprel.- S. 6.