Naxçıvanda görkəmli şair-dramaturq İslam Səfərlinin 90 illik yubileyi qeyd olunmuşdur

 

2013-cü ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-dramaturq İslam Səfərlinin anadan olmasının 90 ili tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri 2013-cü il yanvarın 18-də İslam Səfərlinin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamış, ədibin yubileyinin qeyd olunması ilə bağlı tədbirlər planı təsdiq edilmişdir.

Tədbirlər planı çərçivəsində aprelin 15-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında İslam Səfərlinin 90 illik yubileyi münasibətilə tədbir keçirilmiş, böyük ədibin “Göz həkimi” pyesi yeni quruluşda səhnəyə qoyulmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun iştirak etdiyi yubiley tədbirində İslam Səfərli yaradıcılığının tədqiqatçısı, akademik İsa Həbibbəyli ədibin həyat və yaradıcılıq yolu barədə geniş məlumat vermişdir. Qeyd olunmuşdur ki, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan İslam Səfərli öz yaradıcılığında ictimai lirikanı romantik pafosdan və tərənnümçülükdən xilas edərək ona səmimi, təbii duyğular bəxş etmiş, poeziyamızda azərbaycançılığın əsasını qoymuşdur.

Yazdığı şeirlərə məşhur bəstəkarlarımız tərəfindən 200-ə yaxın mahnı bəstələnmiş İslam Səfərli Azərbaycan ədəbiyyatında görkəmli dramaturq kimi də tanınmışdır. Böyük ustadın qələmə alıdığı “Göz həkimi”, “Ana ürəyi”, “Yol ayrıcında” və digər pyesləri Azərbaycan teatrının repertuarını yeni mövzularla zənginləşdirmişdir. Qeyd olunmuşdur ki, İslam Səfərlinin anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamı böyük söz ustadının yaradıcılığını yenidən Azərbaycanda ictimai və ədəbi mühitin işıqlı məcrasına çıxarmışdır.

Sonra İslam Səfərlinin “Göz həkimi” pyesi əsasında hazırlanmış tamaşa göstərilmişdir.

Tamaşadan sonra səhnə arxasına keçən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Göz həkimi” pyesinin uğurla səhnəyə qoyulması münasibətilə Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivini təbrik edərək demişdir: “Göz həkimi” tamaşasının muxtar respublikada görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın və şair-dramaturq İslam Səfərlinin 90 illik yubileylərinin qeyd olunduğu bir gündə göstərilməsi mühüm əhəmiyyətə malikdir. Səhnə əsərində ötən əsrin 50-ci illərində geniş yayılmış traxoma xəstəliyinə qarşı aparılan mübarizə əks olunmuşdur. Həmin dövrdə görkəmli akademik Zərifə xanım Əliyeva göz xəstəliklərinə qarşı öz nurlu peşəsi ilə mübarizə aparmışdırsa, şair-dramaturq İslam Səfərli bu peşənin vacibliyini öz qələmi ilə göstərmiş, yaradıcılığında bu məsələyə xüsusi yer vermişdir.

Ali Məclisin sədri bütün dövrlər üçün aktual olan “Göz həkimi” pyesinin Naxçıvan teatrının repertuarında daim qalacağını qeyd etmiş, uğurlu çıxışlara görə aktyorlara təşəkkürünü bildirmişdir.

Sonda “Göz həkimi”  tamaşasının yaradıcı kollektivi ilə xatirə şəkli çəkdirilmişdir.

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidməti

 

Xalq qəzeti.- 2013.- 17 aprel.- S. 6.