Dahiyə layiq kitab
Bütün dahilər kimi Heydər Əliyev
də həyatı və fəaliyyəti ilə yalnız öz dövrünün və
millətinin oğlu deyildi,
gördükləri işlərin miqyası, dünya
siyasətinə təsiri və müdaxiləsilə daha geniş areala çıxaraq bəşəriyyətə
mənsub olmuşdur.
Azərbaycanda
ikinci dəfə hakimiyyətə qayıdışından əvvəl
də - yəni Azərbaycandakı birinci dövr rəhbərliyində
də, sonralar SSRİ deyilən dünyanın ən
böyük dövlətinin başında duranlardan biri olarkən
də Onun nəhəng və geniş ölçülü rəhbərlik
qabiliyyəti, dəmir intizama və səmərəliliyə
söykənən idarəçiliyi də, yüksək
intellekti və natiqlik qabiliyyəti də bu insanın qeyri-adi
hakimiyyət ustası olduğunu zaman-zaman təsdiq edirdi. Ona
tapşırılan hər bir işi yüksək səviyyədə
görür, yolunun üstünə dığırlanan
kötükləri qətiyyətlə dəf edir, işini
gözdən salmaq üçün qurulan tələlərdən
məharətlə adlayırdı. Siyasət “oyununda” və həyat
mübarizəsində o heç vaxt uduzmadı.
Çalışdığı bütün sahələrdə
misilsiz nailiyyətlər qazandı. Hələ
sağlığında ikən yalnız SSRİ-də deyil,
bütün dünyada nadir siyasətçi, unikal dövlət
xadimi kimi tanınır, sayılır, onunla
hesablaşılırdı. Kreml rəhbərliyi tərəfindən
Ona tapşırılan bütün çətin və
dolaşıq işləri (Novorossiyskdə qəzaya
uğrayan gəminin təhqiqatı, BAM-ın tikintisindəki
ləngimələr, yeyintilər və əyintilər və
s.) yüksək bacarıqla həll edərək nə qədər
dərin biliyə, işgüzarlığa, məntiqə,
analizetmə və düzgün qərarlar qəbul etmədə
qabiliyyətli insan olduğunu sübut etdi. Heydər Əliyevin
“əlini buladığı” hər hansı iş “çiy”
çıxmadı. Bu peşəkarlığı, özündən
sonra heç vaxt iz buraxmaması Onun düşmənlərini
həmişə pərt edir, qısqandırır, eyni zamanda
Heydər Əliyev fenomeninə hörmət hissilə
yanaşmağa məcbur edirdi.
Bu
sadaladıqlarım və qeyd etmədiyim bir çox məqamlar
tanınmış yazıçı-publisist-jurnalist, MM-in
deputatı, Heydər Əliyevi həm Azərbaycandakı, həm
Moskvadakı, eyni zamanda 1990-2003-cü illərdəki
Naxçıvan və Bakı dövrünü həmişə
ardıcıl şəkildə izləyən Elmira
Axundovanın Azərbaycanda roman-tədqiqat janrında
yazılan ilk çoxcildlik kitabında parlaq və mükəmməl
şəkildə əks etdirilmişdir.
Elmira
Axundova ulu öndərin sevdiyi, istedadını qiymətləndirdiyi
jurnalistlərdən biri olub. Şəxsən mən dediklərimi
iki böyük tarixi səfərdə müşahidə
etmişəm: Çin (7-11 mart 1994) və Amerika (25 iyul-7
avqust 1997) səfərlərində.
Savadlı,
işini yüksək peşəkarlıqla görən, dərin
müşahidə, analitik təhlil qabiliyyətinə malik
jurnalistlərdəndir Elmira Axundova. O, hədsiz faktlar
bolluğunda itib-batmamışdır. Oxşar, bəzən
bir-birinə zidd, uyğun gəlməyən fikirləri səbrlə,
aramla, diqqətlə araşdıraraq, həmin hadisələrin
şahidlərinin iştirakı ilə müzakirə və
müqayisə edib, ən düzgün variantını
seçib. İllərlə ömrünü, səhhətini,
istirahətini - bir sözlə, mənəvi
dünyasını fəda edərək həqiqətən
monumental bir abidə yaratmışdır - ümummilli liderin
adına, sanına layiq. Çəkilən əmək göz
qabağındadır. Heydər Əliyevlə bağlı
kitabı onun bir cəhətini də ortaya qoydu: tədqiqatçılıq
məharəti, minlərlə faktın içindən ən
lazımlılarını seçmək xüsusi məna
çalarlıqlarını tutmaq, faktlardan yerində və
anındaca yararlanaraq oxucunu hadisələrin dalınca
“daşımaq”. Bu zaman oxucunu yormamaq, əksinə, onu yeni
hadisələrin, əhvalatların, faktların, tarixi proseslərin
iştirakçısına, bəzən isə şahidinə
çevirmək. Bu isə, əlbəttə, istedad və
hünər istəyir. Qələmin ağ kağızla
möcüzəsi yalnız bu halda mümkündür. Xoşbəxtlikdən
Elmira Axundova bunu yüksək səviyyədə yerinə yetirib.
Hamının
etiraf etdiyi kimi 6 cildlik dərin tədqiqatın və
böyük zəhmətin məhsuludur. Əsər YAP-ın
yaranmasında xidməti olanların, 91-lərin, Heydər Əliyevin
silahdaşlarının, onu yaxından tanıyanların və
digər insanların ən müxtəlif fikirləri ilə zəngindir.
E.Axundova xatirələrə
yazıçı-jurnalist-publisist gözüylə baxaraq
“özü-özünü” çox uğurla əvəzləyə
bilmişdir. Biz onun özünü də ən müxtəlif
yaradıcı rakurslarda görürük. Səhifədən-səhifəyə,
kitabdan-kitaba müvəffəqiyyətlə keçərək
Heydər Əliyevin obrazını ilmə-ilmə
hörür, oxucuların çoxunun bilmədiyi əhvalatları,
xatirələri mahir bir xalçaçı kimi toxuyaraq
möhtəşəm sənət əsəri
yaratmışdır. Rənglər bir-birinə qovuşaraq
hamının tanıdığı böyük Heydər Əliyevin
obrazını bütün əzəməti ilə
gözümüz önündə canlandırır. Bəli,
budur sadə və dahi Heydər Əliyev! Budur fenomenal şəxsiyyət! Budur,
hamının tanıdığı xilaskar və ağlayetməz,
təsəvvürəgəlməz incəlikləri ilə
yenidən gözümüzün önündə əbədiləşən
rəhbər və şəxsiyyət!
Elmira Axundova rus dilində yazır. Kitabların sürətlə
yayılmasında bunun
da də rolu var, çünki
çox geniş auditoriyanı əhatə
edir. Ona keçmiş ittifaqın
hər yerindən, Avropadan, Amerikadan arasıkəsilməz zənglər
gəlir, “Heydər Əliyev. Şəxsiyyət və zaman”
kitabını haradan əldə etmək barədə suallar verirlər, xahişlər
edirlər. Əlbəttə, əlaqədar qurumlar, şəxslər, naşirlər
bu barədə yəqin ki, öz sözlərini deyəcəklər. (Dünyanın
ən populyar siyasətçilərinin, dövlət
başçılarının - ata və oğul
C.Buşlar, B.Klinton, J.Şirak, V.Putin, Z.Bzejinski, M.Olbrayt, S.Braunbək və xeyli başqalarının
Heydər Əliyev haqqında heyranlıqla dediklərini, dəmir məntiqi, dərin zəkası barədə
səmimi etiraflarını
nəzərə alsaq,
kitaba tələbatın
nə qədər böyük olduğunu görərək hesab edirik ki, 1.000-1.500 nüsxə çox azdır, ən azı, minimum 10.000-15.000 tiraj
çap etmək yaxşı olardı. Gör nə qədər universitetlər, institutlar,
məktəblər, kitabxanalar,
elmi-tədqiqat mərkəzləri
var. Hərəsinə bir
nüsxə göndərilsə
bəlkə də çatmaz. Bəs onda?..)
Diqqətimizi çəkən bir cəhət də odur ki, kitab
sadə, şirin bir təhkiyə ilə yazılıb, forma
elə seçilib ki, oxucu yorulmur,
bezmir. Çünki süjet bir-birindən
tanınmış adların
maraqlı, bilmədiyimiz
xatirələrinin, məlumatlarının,
faktlarının zənginliyindən
kifayət qədər
boldur, ardıcıllıq,
sıralanma əlvandır,
hadisələrin rəvan
axarından kitabı əlindən yerə qoya bilmirsən. Bunlar isə müəllifin yazıçı-jurnalist uğurudur
və hər kəs tərəfindən
səmimi etiraf olunmalıdır.
“Heydər Əliyev. Şəxsiyyət
və Zaman ” kitabı heç
şübhəsiz heydərşünaslığa
misilsiz bir töhfədir. Gələcək nəsillər bu
dolğun və zəngin roman-tədqiqatdan,
vaxtında yazılmış
müstəsna əhəmiyyətə
malik bu məxəzdən çox
şey öyrənəcəklər.
Neçə-neçə insanlar
Heydər Əliyevi, təlatümlərlə dolu
XX əsrin sonu və XXI əsrin əvvəllərindəki qarışıqlıqlarla,
ziddiyyətlərlə, həm
də əhəmiyyətli
və həlledici qələbələrlə zəngin
tarixi epoxanı ilkin, doğru-düzgün
mənbədən öyrənəcək,
bəhrələnəcəklər.
Elmira Axundova həqiqətən
nəhəng bir iş görmüşdür.
Onun payına böyük zəhmətlə bərabər,
həm də böyük şöhrət
düşmüşdür. Halaldır ona. Çəkdiyi əmək hədər
getməmişdir. Bu kitabla o həm öz həyat tarixində qalacaqdır, həm də Azərbaycan tarixində.
Səyyad ARAN,
Dini Qurumlarla İş
üzrə Dövlət
Komitəsi sədrinin birinci
müavini,
filologiya elmləri namizədi
Xalq qəzeti.- 2013.- 17 aprel.- S. 6.