Prezident İlham ƏLİYEV:
Düşünülmüş siyasət, siyasi və iqtisadi
islahatlar, xalqla iqtidar arasındakı birlik
uğurlarımızı şərtləndirən əsas
amillərdir
(əvvəli qəzetin
16 aprel 2013-cü il tarixli sayında)
Azərbaycanda neft-qaz sektoru isə hələ uzun illər
iqtisadiyyatın aparıcı sahəsi olaraq qalacaqdır. Bu baxımdan ölkəmizin
karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə
birgə işlənməsini nəzərdə tutan
hasilatın pay bölgüsü tipli sazişlər xüsusi əhəmiyyət
kəsb edir. Azərbaycanın yeni neft strategiyasının əsasını
qoymuş “Əsrin
müqaviləsi” çərçivəsində əvvəlki
dövrlərdə olduğu kimi, 2012-ci ildə də
mühüm tədbirlər həyata keçirilmiş, bu sahədə
bir sıra nailiyyətlər
qazanılmışdır. “Azəri-Çıraq-Günəşli”
layihəsinin operatoru olan bp-Azərbaycan şirkətinin 2012-ci
ilin nəticələrinə
dair hesabatı da bunu təsdiqləyir. Hesabatda qeyd olunur ki,
yanvar-dekabr ayları ərzində
konsorsium iştirakçıları tərəfindən
“Azəri-Çıraq-Günəşli” layihəsinin əməliyyat
tədbirlərinə 725 milyon dollar, əsaslı məsrəflərinə
isə 2 milyard 495 milyon dollar xərclənmişdir
ki, bu da əvvəlki illə müqayisədə xeyli
çoxdur.
2012-ci ildə müqavilə
sahəsindəki beş hasilat platformasından ümumilikdə
32,9 milyon ton və ya 243 milyon barel neft hasil olunmuşdur. Həmin platformalar üzrə ümumi orta gündəlik
neft hasilatı isə 664 min 400 barel təşkil etmişdir.
Bunun da 74 min 440 bareli “Çıraq”, 158 min 430 bareli “Mərkəzi
Azəri”, 190 min 540 bareli “Qərbi Azəri”, 134 min bareli “Şərqi
Azəri” və 107 min bareli “Dərinsulu
Günəşli” platformalarının payına
düşür. Bütövlükdə
isə 1997-ci ilin noyabr ayında “Əsrin müqaviləsi”
çərçivəsində ilkin neftin hasilatına
başlandığı gündən 2012-ci ilin sonunadək “Azəri-Çıraq-Günəşli”
yataqlar blokundan təqribən 292 milyon ton neft
çıxarılmışdır.
Qeyd etmək
lazımdır ki, hazırda Bakı-Tbilisi-Ceyhan əsas ixrac
boru kəməri ilə “Azəri-Çıraq-Günəşli”
nefti və “Şahdəniz” yatağından
çıxarılan kondensatla
yanaşı, Türkmənistan nefti də
daşınır. Bununla yanaşı, adıçəkilən kəmərlə
Qazaxıstanın “Tengiz” yatağından neft həcmlərini
daşımaq haqqında sazişlər də mövcuddur.
Bütün bunlar isə Bakı-Tbilisi-Ceyhan əsas
ixrac boru kəmərinin rentabelli, həm də uzunmüddətli
fəaliyyəti üçün geniş imkan yaradır.
Göründüyü kimi, Azərbaycanda “Əsrin
müqaviləsi” çərçivəsində hasil olunan
neftin dünya bazarına çıxarılması
üçün ölkəmizdə son dərəcə
etibarlı və geniş imkanlara malik ixrac sistemi mövcuddur.
Bu da Azərbaycanın dünya arenasında
etibarlı tərəfdaş kimi mövqeyinin ilbəil
möhkəmlənməsinə səbəb olur, ölkəmizin
Avropanın enerji təhlükəsizliyinin təminatında
yaxından iştirak etməsinə imkan yaradır.
Ötən
il Azərbaycanın təşəbbüsü
və iştirakı ilə TANAP layihəsinin imzalanması
olduqca mühüm tarixi hadisə sayıla bilər. Bu layihə ölkəmizin iqtisadi qüdrətinin və
dünyadakı siyasi nüfuzunun artmasında önəmli rola
malikdir. Prezident İlham Əliyev həmin layihənin
tarixi rolundan danışaraq deyib: “TANAP layihəsi bizə imkan
verəcəkdir ki, Azərbaycan zəngin qaz resurslarını
dünya bazarlarına böyük həcmdə nəql etsin. Hesab edirəm ki, TANAP layihəsi son illər ərzində
nəinki ölkəmizdə, regionda və Avropa qitəsində
enerji təhlükəsizliyi ilə bağlı olan məsələlər
arasında ən böyük addımdır.”
Hazırda respublikamızda insanların güzəranının
daha da yaxşılaşdırılması yalnız
maaşların, pensiya və müavinətlərin artırılması
ilə məhdudlaşmır. Bu istiqamətdə ən
vacib məsələlərdən biri də əhalinin məşğulluğunun
təmin edilməsidir. Fərəhli
haldır ki, son bir neçə ildə iqtisadiyyatın
inkişafında əldə edilən misilsiz nailiyyətlər
bu məqsədin də uğurla reallaşmasına şərait
yaratmışdır. Ölkə ərazisində ötən
il ərzində yaradılmış 5417 yeni müəssisədən
60 faizi Bakı şəhərində, qalan hissəsi isə
digər iqtisadi rayonlarda fəaliyyətə
başlamışdır. Hesabat dövründə Azərbaycanda
120355 yeni, o cümlədən 95685 daimi iş yeri
açılmışdır. Regionların sosial-iqtisadi
inkişafına istiqamətlənmiş ikinci Dövlət
Proqramının icrasını əhatə edən 1 yanvar
2009-cu il tarixindən 1 yanvar 2013-cü il tarixinə qədər
olan dövr ərzində cəmi 361088 olmaqla 275274 daimi iş
yeri yaradılmışdır, işsizlik səviyyəsi 5,2
faizə enmişdir.
Hazırda dünya dövlətlərinin iqtisadi qüdrətini
müəyyən edən meyarların, qazanılan makro və
mikro iqtisadi göstəricilərin önündə həmin
dövlətlərdə informasiya-kommunikasiya
texnologiyalarının tutduğu yer və onun inkişafı
dayanır. Texnoloji proseslərin, innovasiyaların insanlara xidmət,
korrupsiyaya qarşı mübarizə, şəffaflıq,
yenilik baxımından müasir dünyamızın əsas tələbinə
çevrildiyi belə bir vaxtda ölkəmiz də qlobal
çağırışlardan kənarda qalmayıb. Bu
reallıqları əsas tutaraq respublika Prezidenti İlham Əliyev
2013-cü ili Azərbaycan Respublikasında
“İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edib. Bununla
bağlı verilən sərəncamla Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan Milli Elmlər
Akademiyası ilə birlikdə 2013-cü ilin
“İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsinə
dair “Tədbirlər Planı”nı
hazırlayıb və Azərbaycan Respublikasının
Prezidentinə təqdim ediblər.
Heç
də təsadüfi deyil ki, ölkə
başçısı bu yaxınlarda Davos İqtisadi Forumu (DİF) çərçivəsində
keçirilən və “Mərkəzi Asiya üçün
yeni üfüqlər” mövzusuna həsr olunmuş sessiyada
çıxışında İKT-nin ölkəmizdə
prioritet sahə elan edildiyini, dövlətin bu sahənin
inkişaf etdirilməsinə stimullaşdırıcı maliyyə
dəstəyi verəcəyini, eləcə də bu ilin
“İKT ili” elan edildiyini bir daha beynəlxalq birliyə bəyan
edib. Həmçinin Prezident İlham Əliyev Davosda
“Booz&Co”, “McKinsey”, “Microsoft” və “ThalesAlenia” şirkətlərinin
rəhbərləri ilə keçirdiyi görüşlərdə
də İKT, internet, peyk sənayesi və əlaqədar sahələrin
ölkəmizdə sürətli inkişafını təmin
etmək üçün kompleks işlərin görüləcəyini
potensial investorların diqqətinə çatdırıb.
Təbii ki, neft amilinin ölkəmizin iqtisadi və siyasi
həyatında strateji əhəmiyyəti və xüsusi yeri
vardır. Lakin Azərbaycan rəhbərliyi
çalışır ki, ölkə neft amilindən
asılı olmasın və buna görə də real
iqtisadiyyatın inkişafını prioritet elan etmişdir.
Qeyri-neft sektoruna aid layihələrin
reallaşmasının sayı da durmadan artmaqdadır.
Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan
Respublikasi regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin
yekunlarına həsr olunmuş konfransda ölkə
başçısı davamlı inkişafın mahiyyəti
barədə demişdir: “Bəzi hallarda bizim uğurlu işlərimizə
kölgə salmaq üçün sadəcə olaraq deyirdilər
ki, Azərbaycanda neft var, ona görə Azərbaycan inkişaf
edir. O vaxt bu əsassız fikirlərə biz tutarlı
cavabımızı vermişdik. Bu gün də
demək istəyirəm ki, dünyada bizdən qat-qat çox
neft hasil və ixrac edən ölkələr vardır. Əgər o ölkələrin bəzilərinin
maliyyə durumuna baxsaq görərik ki, neft-qaz hələ
ölkənin uğurlu inkişafını təmin etmir.
Düşünülmüş siyasət, siyasi
və iqtisadi islahatlar, xalqla iqtidar arasında olan birlik, vəhdət,
xalq tərəfindən aparılan iqtisadi islahatlara dəstəyin
verilməsi, liberal iqtisadiyyat, eyni zamanda, güclü hakimiyyət,
sabitlik—budur bizim uğurlarımızı şərtləndirən
əsas amillər”.
Dövlət başçısı bu günədək
həyata keçirilən siyasi-iqtisadi kursun
uğurlarını, hərtərəfli inkişafın
davamlı olacağını vurğulayaraq demişdir ki, Azərbaycan
düzgün yoldadır, bizim xarici siyasətimiz də
çox müsbətdir. Biz dünyanın bir nömrəli qurumu
olan BMT Təhlükəsizlik Şurasının
üzvüyük, rəqabətqabiliyyətliliyinə görə
dünya miqyasında 46-cı, MDB məkanında birinci yerdəyik.
Biz böyük maliyyə imkanlarına malikik.
Bizim valyuta ehtiyatlarımız ümumi daxili məhsulun
70 faizini təşkil edir. Bu, dünya
miqyasında çox yüksək göstəricidir. Yoxsulluq 6 faizə düşübdür, işsizlik
aradan qaldırılır. Birinci Azərbaycan
telekommunikasiya peykinin kosmosa buraxılması tarixi hadisədir
və Azərbaycanın ümumi inkişafını göstərir.
Qeyd etmək lazımdır ki, son dövrdə ölkənin
sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə
malik olan yeni tikili və obyektlərin istifadəyə verilməsi
davam etdirilmişdir. 2012-ci ildə Bakı şəhərində Metal
konstruksiyalar zavodu, Bərk məişət
tullantılarının çeşidlənməsi zavodu, Bərk
məişət tullantılarının
yandırılması zavodu, “Baku Crystal Hall” İdman-Konsert
Kompleksi, Heydər Əliyev Mərkəzi, “Qafqaz Baku City Hotel
and Rezidences” və “JW Marriott Absheron”, “Four Seasons” otelləri,
Azərbaycan Diplomatik Akademiyasının yeni tədris kompleksi,
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı
filialının yeni tədris kompleksi, Milli Təhlükəsizlik
Nazirliyinin hərbi hospitalı, Tofiq Bəhramov adına stadion
yenidənqurmadan sonra, “Bakcell Arena” stadionu, Naxçıvan
şəhərində poliklinika və Naxçıvan-Culfa
magistral avtomobil yolu, Sumqayıt şəhərində
“Azgüntex” zavodu, Sumqayıt Texnologiyalar Parkında
ağır maşınqayırma və dəqiq emal mərkəzi
zavodları, Gədəbəy rayonunda Gədəbəy-Qızıltorpaq-Qonaqlı
avtomobil yolunda yeni körpü, Qazax rayonunda konserv zavodu və
Şahmat Mərkəzi, Qusar rayonunda “Qusar-1" Kiçik Su Elektrik Stansiyası,
”Zirvə" və “Qaya” otelləri,
Masallı rayonunda soyuducu anbar və istixana kompleksləri,
Şəki rayonunda “Shaki Palace” oteli, taxıl anbarı və dəyirman
kompleksi və digər obyektlər, bundan əlavə,
bütün maliyyə mənbələri hesabına ümumi
sahəsi 1757,4 min kvadratmetr olan yeni yaşayış evləri,
15 çarpayılıq xəstəxana, növbədə 996
nəfəri qəbul etmək imkanına malik
ambulatoriya-poliklinika müəssisələri, 47468 şagird
yerlik ümumtəhsil məktəbləri, 1115 yerlik məktəbəqədər
təhsil müəssisələri istifadəyə
verilmişdir.
Regionların
sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları
ilə etibarlı təminatına dair dövlət
proqramlarında nəzərdə tutulmuş tədbirlərin
uğurla həyata keçirilməsi, “Kənd təsərrüfatı
məhsulları istehsalçılarına dövlət dəstəyi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23
yanvar tarixli sərəncamına uyğun olaraq hər hektar əkin
sahəsinin becərilməsində istifadə edilən
yanacağa və motor yağlarına görə büdcə
vəsaiti hesabına yardımın verilməsi, habelə istehsalçılara satılan
mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin
dövlət tərəfindən ödənilməsi, eləcə
də buğda istehsalının
stimullaşdırılması məqsədilə hər hektar
üçün əlavə olaraq 40 manat yardımın verilməsi və bütövlüklə
sahibkarlara göstərilən hərtərəfli dövlət
dəstəyi ayrı-ayrı kənd təsərrüfatı
məhsullarının istehsalının
artırılmasına öz müsbət təsirini göstərmiş
və nəticədə ölkənin aqrar bölməsi
2012-ci ili uğurla başa vurmuşdur.
Ötən
il Azərbaycanda fəaliyyət göstərən
hüquqi və fiziki şəxslər dünyanın 155
ölkəsindəki tərəfdaşları ilə ticarət
əməliyyatları aparmışlar. Dövlət
Gömrük Komitəsinin məlumatlarına əsasən
2012-ci ildə xarici ölkələrlə 33,6 milyard ABŞ
dolları məbləğində ticarət, o cümlədən
9,7 milyard dollarlıq idxal və 23,9 milyard dollarlıq ixrac əməliyyatları
aparılmış, 14,2 milyard dollarlıq müsbət saldo
yaranmışdır. 2011-ci ilə nisbətən əmtəə
mübadiləsinin dəyəri müqayisəli qiymətlərlə
10,7 faiz, o cümlədən ixracın həcmi
13,8 faiz, idxalın həcmi isə 3,1 faiz azalmışdır.
2012-ci ildə əhalinin gəlirləri
əvvəlki illə müqayisədə 13,8
faiz artaraq 34,7 milyard manata, hər nəfərə düşən
gəlirlərin məbləği isə 12,2 faiz artaraq 3784,3
manata çatmışdır. Gəlirlərin 61 faizi son
istehlak xərclərinə, 8,6 faizi vergilər,
sosial sığorta və könüllü üzvlük
haqlarının, 1,1 faizi kreditlər üzrə faizlərin
ödənilməsinə sərf edilmiş, 29,3 faizi isə
yığıma yönəldilmişdir.
Ölkə
vətəndaşlarının rifah halını
yaxşılaşdırmaq, aztəminatlı əhalinin sosial
müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan
Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən
ötən il pensiyaların və sosial
müavinətlərin məbləği
artırılmışdır. Cari ilin əvvəlinə 317
min nəfər sosial müavinət, 35 min nəfər Azərbaycan
Respublikası qarşısında xüsusi xidmətlərə
görə təqaüd və 133,6 min ailənin 589,9 min nəfər
üzvü ünvanlı dövlət sosial yardımı
almışdır. 2012-ci il ərzində birdəfəlik
müavinət alanların sayı 120,7 min nəfər
olmuşdur.
Bu gün
respublikamızda real iqtisadiyyatın dayanıqlığı,
ümumi daxili məhsulun rəqabətədavamlılığı
inkarolunmaz faktdır. Azərbaycanın
davamlı və dayanıqlı yüksək templə
sosial-iqtisadi inkişafı və beynəlxalq əlaqələrində
özünü etibarlı tərəfdaş kimi təsdiq etməsi
onunla əməkdaşlıq etmək istəyən ölkələrin
sayını sürətlə artırır. Bir sözlə, fərəhlə deyə bilərik
ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
strateji kurs onun layiqli davamçısı İlham Əliyev tərəfindən
uğurla davam etdirilir və bu siyasi kurs xalq tərəfindən
dəstəklənir. Bütün bunlar bir
daha onu təsdiq edir ki, ümummilli liderimiz Heydər Əliyevin
siyasəti yaşayır və qalib gəlir.
Arif ŞƏKƏRƏLİYEV,
Azərbaycan Dövlət İqtisad
Universitetinin kafedra müdiri,
əməkdar elm xadimi,
Beynəlxalq Menecment
Akademiyasının üzvü,
iqtisad elmləri doktoru, professor
Xalq qəzeti.-
2013.- 17 aprel.- S. 8.