İKT sektorunda İsveçrə ilə yeni əməkdaşlıq istiqamətləri
müzakirə edilmişdir
Azərbaycanda səfərdə olan İsveçrə Federal
Şurasının üzvü,
İsveçrə Konfederasiyasının federal
müşaviri və iqtisadi
məsələlər, təhsil və tədqiqatlar naziri Yohan
Şnayder-Ammanın başçılıq etdiyi
nümayəndə heyəti ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində
(RİTN) görüş keçirilmişdir.
Nazirlikdən
verilən məlumatda bildirilir ki, İsveçrənin
müxtəlif şirkətlərinin təmsilçilərinin
də iştirak etdiyi görüşdə rabitə və
informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə
Azərbaycan-İsveçrə münasibətlərinin
uğurla inkişaf etdirilməsində digər sahələr
kimi, İKT sektorunun da xüsusi rolu olduğunu
vurğulamışdır.
Azərbaycanda
2013-cü ilin “İKT ili” elan edilməsini, dövlətin diqqətində
olan bu sahənin ölkə iqtisadiyyatının gələcək
inkişafı üçün prioritet sahə olduğunu qeyd
edən nazir müavini gələcəkdə icra olunacaq bir
sıra regional və milli layihələr, o cümlədən
kosmik sənayenin inkişafı, Trans-Avrasiya Super İnformasiya
Magistralı (TASİM), Avropa-Yaxın Şərq İnformasiya
Magistralı (EPEG - Europe Persia Express Gateway), Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi nəzdində
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət
Fondu, eyni zamanda Yüksək Texnologiyalar Parkının fəaliyyətinin
təşkilindən söz açmışdır.
İsveçrənin İKT sahəsində aparıcı
ölkələrdən olduğunu diqqətə
çatdıran E. Vəlizadə Azərbaycanda İKT
sektorunda aparılan işlərdə sözügedən
ölkənin təcrübəsinin əhəmiyyətli ola
biləcəyini qeyd etmişdir.
Azərbaycanla
uzun illər mövcud olan qarşılıqlı əlaqələrin
intensiv şəkildə davam etdiyini və ölkəsinin bu əlaqələrin
daha da genişləndirilməsində maraqlı olduğunu
xüsusi vurğulayan nazir Yohan Şnayder İsveçrənin
İKT sahəsində qazandığı nailiyyətlər və
bu sektorun hazırkı durumu barədə məlumat
vermişdir.
Müasir
dünyada iqtisadiyyatın təkanverici və aparıcı
qüvvəsi kimi məhz İKT sektorunun inkişafına
xüsusi önəm verildiyini deyən isveçrəli nazir
bu sahənin İsveçrədə prioritet istiqamət
olduğunu nəzərə çatdırmışdır.
Görüşdə
qarşılıqlı maraq kəsb edən məsələlərə
dair geniş müzakirələr aparılmışdır.
Samirə ƏLİYEVA
Xalq qəzeti.- 2013.- 17 aprel.- S. 8.