Azərbaycanda dəmir yolunun
inkişafı və tərəqqisi Heydər Əliyevin
adı ilə bağlıdır
Ümummilli lider Heydər Əliyev
- 90
XX əsr
Azərbaycan tarixinin ən qüdrətli dövlət xadimi,
dahi şəxsiyyəti olan ümummilli lider Heydər Əliyevin
unudulmaz xatirəsi ölkəmizi sevən və onun təəssübünü
çəkən
hər bir Vətən övladı tərəfindən
bütün zamanlarda xüsusi minnətdarlıq və ehtiramla
anılır. Mənalı və şərəfli
ömrünü Azərbaycan dövlətinə, xalqına təmənnasız
xidmətə həsr etməklə əbədiyaşarlıq
rəmzinə çevrilən ulu öndər haqlı olaraq
şanlı tariximizin yaddaşına DÜNYANIN ƏN
BÖYÜK AZƏRBAYCANLISI kimi əbədi həkk olundu.
Xalqlarının taleyində mühüm rol
oynamış şəxsiyyətlər bir qayda olaraq tarixin
gedişinə təsir göstərir və xilaskar
missiyaları ilə yeni bir salnamə yaradırlar. XX əsrdə
xalqımızın yetirdiyi fenomen şəxsiyyət - ulu
öndər Heydər Əliyev də məhz belə liderlərdən
biri kimi müstəqil Azərbaycan dövlətinin
özülünü möhkəm təməllər üzərində
qurmağa nail olmuşdur. Elə bu misilsiz xidmətlərinə
görə də o, bu gün böyük rəğbət və
ehtiramla xatırlanır, sabah da
xatırlanacaq.
Xalqımız əsrlər boyu qazandığı
dövlətçilik ənənələrini məhz Heydər
Əliyev zəkasının qüdrətiylə təkmilləşdirərək
vahid sistem halına salmış, millət kimi
mövcudluğumuzu, özünüidarə
bacarığını ən yüksək səviyyədə
nümayiş etdirmişdir. Azərbaycanı
müstəqil dövlət quruculuğuna aparan keşməkeşli
və şərəfli yol, əslində, məhz ulu öndərin
1969-cu ildə hakimiyyətə gəlişindən sonra
başlamışdır.
Heydər Əliyev siyasi tariximizə qurucu və xilaskar
kimi daxil olmuş görkəmli dövlət xadimi, milli lider və
xalq məhəbbətini qazanan dahi bir şəxsiyyətdir. Xalqımızın
taleyində, mənəvi, siyasi və ictimai həyatında,
dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər
göstərən ikinci bir şəxs tapmaq çətindir.
Ümummili lider Heydər Əliyevdə dünya
miqyasında siyasi liderlərə məxsus istedad cəmləşmişdi. Bu istedad xalqın inkişaf
yollarını aydın müəyyən etməkdə və
qarşıya qoyulmuş məqsədlərə nail olmaqda
özünü büruzə vermişdir. O, Azərbaycanın
modernləşməyə əsaslanan milli inkişaf strategiyasının
- azərbaycançılıq, milli birlik, sosial ədalət,
əhalinin iqtisadi firavanlığı, ölkəmizin ərazi
bütövlüyü ideyalarına əsaslanan müstəqil,
siyasi baxımdan sabit dövlət qurulması
strategiyasının təməlini qoymuşdur.
Mən bir dəmiryolçu kimi istər keçmiş
İttifaq illərində, istərsə də müstəqillik
dönəmində bu dahi şəxsiyyətin dəmir yoluna,
onun inkişafına göstərdiyi diqqət və
qayğıdan söhbət açmaq istəyirəm. Əvvəla onu deyim ki, Heydər
Əliyev müxtəlif sahələrdə
çalışan hər bir mütəxəssislə onun
öz “dilində” danışmağı bacaran, yüksək
intellektual səviyyəli bir insan idi. Bəlkə
də, dəmiryolçu ailəsində dünyaya gəldiyi
üçün dəmir yoluna, onun inkişafına xüsusi
qayğı və diqqətlə yanaşırdı. Müstəqilliyimizin ilk illərində ölkəmizin
məruz qaldığı nəqliyyat blokadasını
dağıdan, keçmiş dəmir yolu əlaqələrini
bərpa edən də ulu öndərin gərgin zəhməti
və çevik xarici siyasəti olmuşdur.
Ümummilli lider Heydər Əliyev hələ Azərbaycana
rəhbərlik etdiyi birinci dövrdə milli kadrların
hazırlanması işini yüksək səviyyədə həll
etmişdir. Məhz
bu böyük insanın qayğısı və təşəbbüsü
ilə 1970-1987-ci illərdə azərbaycanlı gənclərin
keçmiş SSRİ-nin müxtəlif ali
məktəblərində oxumağa göndərilməsi gələcəyə
hesablanmış addım idi. Həmin illərdə
respublikadan kənarda 15000 gənc ali təhsil
almışdır. Görkəmli şəxsiyyət
uzaqgörənliklə dərk etmişdir ki, vaxt gələcək,
respublikadan kənarda təhsil alan gənc
mütəxəssislərə böyük ehtiyac yaranacaq.
Hazırda dəmir yolunun aparıcı sahələrində
məsul vəzifələrdə çalışanların
böyük əksəriyyəti vaxtilə ulu öndər
Heydər Əliyevin xeyir-duası ilə respublikadan kənarda
oxumağa göndərilən gənc mütəxəssislərdir. Mütəxəssis
kimi bu gün polad magistralda çalışanların sayı
180 nəfərə yaxındır. Təsəvvür
edin ki, o böyük insanın bilavasitə qayğısı
ilə həyatda özümüzə mövqe
qazanmış, indi də əməli işimizlə hesabat
veririk.
1969-2003-cü illər
ölkəmizin şərəfli tarixi kimi hər bir Azərbaycan
vətəndaşının yaddaşında əbədi həkk
olundu. Ümummilli lider Heydər Əliyevin
diqtəsi ilə tariximizə yazılan hər səhifə
yeni bir eradır. Neçə illərdir ki, yazılan tarix onun
reallaşdırdığı inanılmaz işlərin tam
siyahısı deyil. İndi bütün dünya etiraf edir ki,
1994-cü ilin oktyabr ayında onun təşəbbüsü
ilə imzalanan “Əsrin müqaviləsi” kimi nəhəng bir
layihəni həyata keçirmək üçün ancaq Heydər
Əliyev iradəsi lazım idi. O iradə ki, zaman-zaman
insanların düşüncəsində əfsanəyə,
nağıla çevrilənləri gerçəkləşdirdi.
Dünya siyasətində öz çəkisi ilə
seçilən ümummilli lider bütün dövrlərdə
iqtisadiyyatın dirçəldilməsinə xüsusi önəm
verirdi. O, həmişə
bildirirdi ki, iqtisadiyyatı güclü olmayan dövlət
öz yerini müəyyən edə bilməz. İqtisadiyyatın
digər sahələri kimi, dəmir yolunda da bu illər ərzində
bir çox nəhəng işlərin görülməsi məhz
onun qayğısı və nəzarəti sayəsində
mümkün olmuşdu. 1996-cı ildən
bu günədək dəmir yolunda aparılan islahatların
birbaşa səbəbkarı da Heydər Əliyev olmuşdu.
Təkcə bir faktı demək lazımdır ki, Azərbaycan
dəmir yolunda istifadəyə verilən mühüm obyektlərin
böyük əksəriyyəti məhz onun təşəbbüsü
və ciddi nəzarəti sayəsind
reallaşmışdır. Məhz bu illərdə
istehsalatda əsas fəaliyyətlə yanaşı, 14300
texniki yeniləşmə metodları tətbiq edilmiş və
bunlar dəmir yolunun bütün sahələrini əhatə
etmişdir.
Dahi rəhbərimizin
qayğısı ilə dəmir yolunda həyata vəsiqə
alan yenilikləri sadalamaqla qurtarmaq olmaz. Aşağıda təqdim etdiyimiz qısa xronologiya
ümummilli liderin qayğısı və nəzarəti ilə
reallaşan tədbirlərin hələ tam siyahısı
deyil.
1970-ci ildən
başlayaraq şəhərətrafı qatarlar müasir tələblərə
cavab verən, yeni seriyalı ER-2 tipli elektrik qatarları ilə
əvəz olunmağa başlamışdır.
1970-ci illərdə Sumqayıt-şəhər ,
Sabunçu, Goran, Ağstafa, Əli Bayramlı, Ucar, Gəncə,
Tovuz, Qazax, Kürdəmir, Baş Ələt və Poylu
stansiyalarında yeni vağzal binaları məhz o böyük
şəxsiyyətin şəxsi nəzarəti altında
tikilmişdir.
Konteynerlərin
təmiri üzrə Keşlə vaqon deposu Zaqafqaziyada bu sahədə
ixtisaslaşdırılmış yeganə müəssisədir.
1975-ci ildə
ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi
dövrdə yaradılmış bu depo hazırda dəmir
yolunun istismar fəaliyyətində aparıcı rol oynayaraq bütün konteyner
parkının əsaslı və planlı cari təmirini həyata
keçirir.
1975-79-cu
illərdə Bakı elektrik dairəsində yoldəyişdirici
və siqnalların mərkəzləşdirilməsi sahəsində
böyük işlər görülmüşdür.
Heydər
Əliyevin köməyi sayəsində Gəncə şəhərində 1978-ci
ildə texnikanın son nailiyyətlərinə uyğun
müasir texnologiyalı yük vaqonlarının təmiri və
istismarı deposu tikilib istifadəyə verilmişdir.
1979-cu ildə sutka ərzində 60 ədəd elektrovoza
texniki baxış keçirməyə imkanı olan Şirvan
dövriyyə deposu tikilmişdir.
1980-ci ildə Heydər Əliyevin şəxsi təklifi
nəticəsində Şirvan çeşidləiə
stansiyasının tikintisinə başlanılmış,
1984-cü ildə başa
çatdırılmışdır.
Sovetlər
Birliyində rəhbər vəzifədə olarkən uzaq
Sibir torpaqlarında inşa edilən Baykal-Amur Magistralı, eləcə
də Azərbaycan BAM-ı adlanan Yevlax-Balakən yolu Heydər Əliyevin
birbaşa qayğısı ilə çəkilmişdir.
2008-ci il iyulun 18-də Baykal-Amur
Magistralının (BAM) Anqoya stansiyasında Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin adını
daşıyan vağzalın təntənəli
açılışı olmuşdur.
Heydər Əliyevin adı həmin illərdə
respublika dəmir younun inkişafına xüsusi fikir verən
bir şəxs kimi yaddaşlara həkk olunub. 1980-ci ildə
başlanan tikinti və ən çətin sahədən
keçən, uzunluğu 160 kilometr olan Yevlax-Balakən dəmir
yolu xəttinin çəkilişi xüsusi olaraq qeyd edilməlidir.
Həmin xəttin çəkilişi zamanı
burada yeni stansiyalar, yaşayış evləri, uşaq
bağçaları, məktəblər tikilmiş və
1985-ci ildə istifadəyə verilmişdir.
1970-1985-ci illər ərzində yolun daxilində və
qonşu dövlətlərin dəmir yolları sərhədlərində
sərnişin və yük qatarlarının kütləvi
buraxılışı üçün böyük işlər aparılmışdır.
1981-ci ildə Ələt qəsəbəsində
müasir tələblərə cavab verən refrijerator vaqon
deposu tikilib istifadəyə verimişdir.
1996-cı ildə Şirvan, 1997-ci ildə Culfa və
İmişli vaqon depoları yaradılmışdır.
Dübəndi
terminalı və neftdoldurma stansiyası 1998-ci il
yanvarın 4-də açılmışdır.
1997-ci ildə
ilk dəfə olaraq Bakı vaqon deposunda vaqonların əsaslı təmiri işinə
başlanılmşdır.
1998-ci ildə
Azərbaycan Dəmir Yolunda ilk dəfə olaraq Bakı lokomotiv deposunda
elektrovoz və elektrik qatarlarının əsaslı təmiri
təşkil olunmuşdur.
Azərbaycan Dəmir Yolunun vaqon təsərrüfatının
inkişaf illəri 1969-cu ildən sonra
başlamışdır. Belə ki, 1969-cu ilədək vaqon təsərrüfatı
cəmi 2 vaqon deposu və bir yuyucu-buxarlayıcı stansiyadan ibarət olduğu halda,
hazırda 9 vaqon deposu və 1 yuyucu-buxarlayıcı stansiya fəaliyyət
göstərir. Bundan əlavə, 1998-ci ilin
yanvar ayında Dübəndi stansiyasında vaqonların texniki
müayinə məntəqəsi fəaliyyətə
başlamışdır.
Keçmiş
SSRİ respublikalarının cəmi bir neçəsində
konteynerlərin təmiri üzrə
depo olduğu halda, 1975-ci ildə Bakıda konteynerlərin
təmiri üzrə ixtisaslaşmış müasir
texnologiyalı depo tikilib istifadəyə verilmişdir.
Ümummilli
lider Heydər Əliyevin gərgin əməyi və qonşu dövlətlərin
rəhbərləri ilə apardığı intensiv
danışıqlar sayəsində 1997-ci ilin may ayından
etibarən Bakıdan Moskvaya gedən qatarların hərəkəti
bərpa edildi. Ulu öndər hələ o vaxt demişdi:
“Rusiya Federasiyası ilə bütün sahələrdə əlaqələri
inkişaf etdirmək çox əhəmiyyətlidir. Azərbaycanla Rusiya arasında dəmir yolu əlaqələrinin
böyük tarixi əhəmiyyəti var və bu əlaqələr
qısa müddət ərzində inkişaf etmişdir.
Bu iki ölkə arasında nəqliyyat sahələrində
əlaqələr daha da inkişaf etdirilməlidir”.
4 dekabr
1997-ci ildə Bakı-Rostov istiqamətində yeni sərnişin
qatarı xəttə
buraxılmışdır. Yüksək standartlara cavab verən
bu qatar dəmir yolunun daxili imkanları
hesabına qısa müddət ərzində təmir olunaraq
istismara verilmişdir. Kupe, plaskart vaqonlardan və vaqon-restorandan ibarət
olan qatarda sərnişinlərin rahatlığı
üçün hər cür şərait
yaradılmışdır.
Bundan
sonra Kiyev, Brest, Xarkov, Həştərxan, Sverdlovsk,
Sankt-Peterburq, Novosibirsk, Voronej, Lvov, Brest, Simferopol, Odessa,
Saratov, Ufa, Çelyabinsk şəhərlərinə hərəkət
edən sərnişin qatarları və qoşma vaqonlar hərəkətə
buraxılmışdır.
28 dekabr
1996-cı ildə bütün ölkə ictimaiyyətinin sevincinə
səbəb olan Azərbaycan Dəmir Yolunun ilk firma qatarı olan Bakı-Ağstafa qatarı sərnişinlərin
istifadəsinə verilmişdir.
4 mart
1998-ci ildə Bakı-Xankəndi firma sərnişin qatarı
istismara
buraxılmışdır.
1996-cı ildən başlayan yeniləşmə prosesi
sonrakı illərdə də davam etdirildi. 1999-cu ildə Bakı-Gəncə
“Ekspres” tipli firma sərnişin qatarı sərnişinlərin
istifadəsinə verilmişdir.
16 may
2001-ci ildə Azərbaycan dəmir yolu Sərnişin Daşıma
İstehsalat Birliyi sərnişinlərə göstərilən
xidmət sahəsini genişləndirərək
Naxçıvan-Şərur istiqamətində yeni növ sərnişin
qatarını xəttə buraxmışdır.
1999-cu ildə
Bakı-Gəncə istiqamətində “Ekspres” tipli firma sərnişin
qatarı sərnişinlərin istifadəsinə
verilmişdir.
7 mart
2002-ci ildə “Mingəçevir-Bakı” “Ekspres” tipli firma sərnişin
qatarı istismara
buraxılmışdır.
7 aprel
2003-cü ildə Bakı-Dərbənd (indi
Bakı-Mahaçqala) “Ekspres” qatarı sərnişinlərin
istifadəsinə verilmişdir.
Müxtəlif
istiqamətlərə hərəkət edən sərnişin
qatarlarının sayının artması ilə əlaqədar,
sərnişinlərə bilet satışının tezləşdirilməsi,
əl əməyinin yüngülləşdirilməsi,
mövcud narazılıqların aradan qaldırılması məqsədilə 1997-ci il
sentyabrın 1-dən etibarən Bakı vağzalında bilet
satışı tam kompüterləşdirilmişdir.
1999-cu ilin dekabrında bu sistem daha da təkmilləşdirilmiş
və eyni zamanda Gəncə vağzalında da tətbiq
edilmişdir.
1998-ci ildən
başlayaraq Bakı lokomotiv deposunda elektrovozlvarın və
elektrik qatarlarının əsaslı və II həcmli
(qaldırma) təmiri
texnologiyası təcrübəyə tətbiq
edilmişdır.
1998-ci ildən
etibarən Biləcəri və İmişli lokomotiv
depolarında manevr teplovozlarının III həcmli cari təmirinə
başlanılmış, 1998-ci
və 1999-cu illər ərzində 3 ədəd teplovoz əsaslı,
24 ədəd teplovoz isə cari təmir edilərək
istismara yararlı hala salınmışdır.
1998-1999-cu
illərdə və 2000-ci ilin birinci rübündə 17804
vaqon depo təmirindən, 1588 vaqon əsaslı təmirdən,
35695 yük vaqonu isə cari təmirdən
buraxılmışdır.
Vaqonların
keyfiyyətli təmirinə görə Bakı vaqon təmiri
zavodu kollektivinin əməyi 1996-cı ildə Meksikanın təsis
etdiyi Beynəlxalq Brilliant Keyfiyyət
Ulduzu, 1998-ci ildə isə İspaniyanın Madrid şəhərində “Nəqliyyat üzrə Beynəlxalq
Priz” nişanı kimi yüksək mükafatlarla qiymətləndirilmişdir.
7 mart
2003-cü ildə Avropa Birliyinin qrantı hesabına alınan
102 çən vaqonu Azərbaycan dəmiryolçularının
ixtiyarına verilmişdir.
5 aprel
1999-cu ildə Yolun Qərb
istiqamətində yerləşən Baş-Mingəçevir
və Mingəçevir-şəhər stansiyaları
arasındakı 16 kilometr
uzunluğu olan əsas dəmir
yolu xətti tam təmir edilmişdir.
Təhlükəli
kilometrlərin təmiri üçün 20 kilometr rels, 12,5 min
ədəd dəmir-beton və 27,5 min ədəd ağac
şpal, 41 ədəd krestovin və digər lazımi
materialar alındı. Həmin materialların hesabına 35,5 kilometr yol əsaslı və orta təmir
edildi. Həmin dövrdə, eyni zamanda, 10 böyük
körpü, 3 orta körpü və 2 viaduk (gediş-gəliş
körpüsü) təmir
edilmiş, Moskva prospektindəki böyük
körpünün tac tikililəri dəyişdirilmişdir.
1998-1999-cu
illər ərzində yolun sağlamlaşdırıması
prosesi davam etdi və təmir olunmuş körpülərin
sayı 29-a çatdı, yolların orta bal
qiyməti 75 bal yaxşılaşdı.
1998-ci ildə “Azərdəmiryoltikintiservis” İstehsalat
Birliyinin kollektivi Bakı lokomotiv deposunda elektrik
maşınlarının təmiri sexinin tikintisinə
başlamış və qısa zamanda sex istifadəyə
verilmişdir.
1996-1997-ci
illər ərzində rabitə və işarəvermə
qurğularının təftişi keçirilmiş,
Böyük Kəsik-Ağstafa sahəsində 12 kanallı
rabitə sistemi quraşdırılmış,
Bakı-Aşqabad, Bakı-Kiyev teleqraf rabitə sistemi istifadəyə
verilmişdir.
Təhlükəsizliyin
təmin olunmasını gücləndirmək məqsədi ilə Qaradağ-Səngəçal və
Şəmkir-Dəllər sahələri
avtomatlaşdırılmış quruğularla təchiz
olunmuşdur. Üç rabitə
distansiyasında rabitə
xətləri tamamilə tənzimlənmişdir. Horadiz
stansiyası bərpa edilərkən qatar
dispetçeri ilə əlaqə yaratmaq üçün
birkanallı sistem və 12 elektrik xətti, Hacılı-Horadiz
arasında radioqatar və stansiyalararası rabitə sistemi
yaradılmışdır.
15 oktyabr 2001-ci ildən etibarən “TASİS” proqramı
üzrə dəmir yolunun Bakı-Böyük Kəsik istiqamətində
503 kilometr uzunluğunda fibrooptik kabelin çəkilişinə
və müasir rabitə sisteminin qurulmasına
başlanılmış və qısa zamanda başa
çatdırılmışdır.
4 yanvar 1998-ci ildə Dübəndi terminalının və
stansiyasının açılış mərasimi
keçirilmişdir. Həmin mərasimdə ümummilli lider
Heydər Əliyev iştirak etmiş, burada görülən
işləri, dəmir yolunun fəaliyyətini yüksək
qiymətləndirmişdir.
Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev tədbirdə
çıxış edərkən demişdir: “Mən bu
gün burada verilən məlumatları çox məmnuniyyət
hissi ilə qəbul edirəm ki, Azərbaycan Dövlət Dəmir
Yolu İdarəsi buraxılmış səhvləri artıq
aradan qaldırır və öz işinin keyfiyyətini
yaxşılaşdırır, yaxşı iqtisadi nəticələr
əldə edir. Bu,
çox vacib məsələdir. Çünki dəmir
yolu Azərbaycan
iqtisadiyyatının böyük bir hissəsidir. Azərbaycan dəmir yolunu on illərlə
yaratmışıq, onun maddi texniki bazasını qurmuşuq.
Təəssüflər olsun ki,1990-cı
ildən başlayaraq Azərbaycan Dövlət Dəmir Yolunda
da çox şeylər dağılıbdır, itirilibdir. Yaxşı ki, indi bunların qarşısı
alınır. Mən indi Azərbaycan Dövlət Dəmir
Yolunda inkişafı hiss edirəm”.
Ulu öndər Heydər Əliyev 6 dekabr 1998-ci ildə dəmiryolçular
tərəfindən hazırlanmış çadır şəhərciklərində
məskunlaşmış qaçqınlar və məcburi
köçkünlər üçün konteynerlərdən
hazırlanmış evlərə, səhiyyə, məişət
xidməti obyektlərinə, sinif otaqlarına baxmaq
üçün Keşlə stansiyasına gəlmişdir.
O, dəmiryolçular qarşısında
çıxış edərkən demişdir: “Tərcümeyi-halımdan
məlumdur ki, mənim atam da dəmiryolçu olubdur. Mən dəmiryolçu ailəsində
böyümüşəm. Hələ
uşaq ikən dəmir yollarının üzərində, nə
qədər atamın yanında olmuşam. Hesab edirəm ki, dəmir yolunu həm bilirəm, həm
də sevirəm. Dəmir yolu sahəsinin Azərbaycanda dərin kökləri və
böyük ənənələri var. Dəmiryolçular həmişə
çox itizamlı olublar. Dəmir yolunun
özü çox intizam tələb edir. Keçmişdə belə bir ənənə var
idi ki, saatları həmişə dəmir yolunun saatları ilə
düzəldirdilər. Çünki dəmir
yolunun saatı həddindən artıq dəqiq işləyən
saat idi”.
18 iyul
1999-cu ildə Şirvan stansiyasında Heydər Əliyevin respublikanın
siyasi rəhbərliyinə gəlişinin 30 illiyi şərəfinə
yeni məktəb binası inşa edilmişdir.
27 oktyabr
1999-cu ildə “Azərdəmiryoltikintiservis” İstehsalat
Birliyində məcburi köçkünlər
üçün irihəcmli konteynerlərdən hazırlanmış
yaşayış evlərinin daha 20 ədədi Biləsuvar
rayonundakı 5 saylı çadır şəhərciyinə
gətirilmiş və burada yerli hakimiyyət nümayəndələrinə
təhvil verilmişdir.
Ucar
rayonunun Qazıqumlaq kəndində Prezident Heydər Əliyevin 75
illik yubileyi münasibətilə yeni məktəb
binasının tikintisi başa
çatdırılmışdır. 7 may 1998-ci ildə 784
şagirdin təhsil alacağı bu müasir məktəb
binasının təntənəli açılış mərasimi
keçirilmişdir.
1999-cu ildə
isə Şirvan stansiyasında 645 yerlik yeni məktəb
binası tikilib istifadəyə verilmişdir.
1999-cu ildə Bakı dəmir yolu xəstəxanasının
cərrahiyyə və terapiya şöbələri əsaslı
təmir olunaraq müasir avadanlıqlarla təchiz
edilmişdir.
Culfa stansiyasındakı xəstəxana
üçün 60 milyon manat, Naxçıvan
stansiyasındakı xəstəxana üçün 10 milyon
manat vəsait ayrılmışdır. Mövcud çəçtinliklərə
baxmayaraq, Ağstafa
stansiyasında 30 çarpayılıq xəstəxananın
inşası başa
çatdırılmışdır. Eyni zamanda Gəncə,
Ağstafa və İmişli dəmir yolu
qovşaqlarındakı xəstəxanalara ikinci ehtiyat elektrik xətləri çəkimişdir.
3 noyabr 2000-ci ildə Bakı dəmir yolu xəstəxanasının
baş korpusu əsaslı təmirdən sonra istifadəyə
verilmişdir.
2001-ci
ilin fevral ayında
Ucar rayonunun Quləbənd
kəndi ərazisində yeni dəmir yolu keçidi tikilərək
istifadəyə verilmişdir.
1996-cı
ildən etibarən elektrik təchizatı sahəsində bir
sıra uğurlu islahatlar aparıldı Ötən dövr ərzində
Puta stansiyasında kontakt şəbəkəsi tamamilə
yenidən qurulmuş, transformatorlar
quraşdırmaq hesabına 123 işarəvermə
nöqtəsi, Znoynı (indiki Xıdırlı) stansiyasında
yarımstansiya bərpa edilmişdir. Horadiz stansiyasında 2, 5
kilometr uzunluğunda hava enerji təchizatı xətti bərpa
edilmiş və 250 KVA-lıq transformatorlar
quraşdırılmışdır. Enerji təchizatı qurğularının
etibarlı işləməsi
üçün Keşlə
stansiyasında ikinci qida mənbəyi 400 KVA-lıq transformator
quraşdırılmış, Gəncə vaqon deposu
üçün yeni 10 KV
gücündə enerji təchizatı xətti çəkilmişdir. Azərbaycan Dövlət
Dəmir Yolunda istismar olunan yolların 62 faizi, yəni 12278
kilometri elektrikləşdirilmişdir. Əsas iş sahələri
olan Bakı-Böyük Kəsik, Bakı-Yalama,
Bakı-Osmanlı xətləri tam elektrikləşdirilmişdir.
1996-cı ildən etibarən Azərbaycan dəmir yolu
tranzit yol kimi bir neçə beynəlxalq nəqliyyat dəhlizlərində
iştirak etməyə başladı. Lakin əsas
daşıma dəhlizi TRASEKA dəhlizi hesab edilir. Bu sahə
Böyük İpək Yolunun Bakıdan Böyük-Kəsik
stansiyasına (Gürcüstanın dövlət sərhədlərinə)
qədər məsafəni
və daha sonra üçüncü dövlətlərə
çıxışı əhatə edir. Sonralar bu nəqliyyat
dəhlizi Qədim İpək Yolundan TRASEKA-yadək yol keçdi (əslinə
qalsa, nəqliyyat dəhlizlərinin fəaliyyətinin bərpa
olunması işi 1994-cü ildə “Əsrin müqaviləsi”nin
imzalanması ilə başlanmışdır).
1998-ci il
sentyabrın 7-9-da Böyük İpək Yolunun dirçəldilməsinə
həsr olunmuş beynəlxalq konfrans ümummilli lider Heydər
Əliyevin təşəbbüsü ilə Bakı şəhərində
keçirilmişdi. Bu mötəbər tədbirdə
13 dövlətin və 32 beynəlxalq təşkilatın
nümayəndələri iştirak etmişlər. İki gün davam edən konfransda Bakı bəyannaməsi
qəbul edildi. Qəbul edilən sənədlər
sırasında beynəlxalq tranzit daşınmaları haqqında Əsas
Çoxtərəfli Razılıq, həmçinin beş
texniki Əsasnamə, o cümlədən, dəmir yolu daşımaları sahəsində
əməkdaşlıq barədə müqavilə də
vardır.
Ulu öndərin qayğısı ilə bu dövr ərzində
fədakarlıq göstərən dəmiryolçuların əməyinin
qiymətləndirilməsi istiqamətində də bir sıra
işlər görülmüşdür. Belə ki, 1970-ci ildən
1988-ci ilədək üç nəfər dəmiryolçu–maşinist Qəzənfər Əliyev,
qazançı Qənbər Balayev və qatar tərtibatçısı Danil
Bondaryov Sosialist Əməyi
Qəhrəmanı kimi yüksək
ada layiq görülmüş, 21 nəfər Lenin ordeni, 241 nəfər
“Qırmızı Əmək
Bayrağı”, 302 nəfər “Şərəf
Nişanı”, 27 nəfər
“Xalqlar Dostluğu”, 24 nəfər “Oktyabr İnqilabı” ordeni ilə təltif
olunmuşdur. Cəmi 843 dəmiryolçu ordenlərlə,
380 nəfər isə medallarla təltif olunmuşdu.
Respublikanın polad magistralının yüzlərlə
işçisi SSRİ Yollar Nazirliyinin ən ali
mükafatı olan “Fəxri dəmiryolçu” döş
nişanı ilə
mükafatlandırılmışdır.
Azərbaycanın çoxillik neft strategiyasının
hazırlanması və uğurla reallaşması, respublika
idmanının inkişafı, dövlətimizin daxili və
xarici siyasətinin uğurla həyata keçirilməsi
ölkəmizdə alternativsiz Heydər Əliyev
ideyalarının hakim olmasının nəticəsidir. Bu gün Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev ulu öndərin
ideyalarını şərəflə həyata keçirir.
Ümummilli lider Heydər Əliyev ölkənin siyasi rəhbərliyində
olduğu bütün dövrlərdə nəqliyyatın
bütün sahələrinin, o cümlədən polad
magistralın inkişafına daim qayğı göstərmişdir. Onun rəhbərliyi ilə
yaradılmış nəqliyyat infrastrukturunun inkişaf
etdirilməsi və modernləşdirilməsi prosesi hazırda Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
daha intensiv şəkildə aparılır, ölkəmiz
“Bakı-Tbilisi-Qars” və “Şimal-Cənub” beynəlxalq və
regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində
yaxından iştirak edir.
İndi Azərbaycan polad magistralı öz
inkişafının yeni mərhələsinə qədəm
qoyub.
Hazırda ölkə başçısı İlham Əliyevin
6 iyul 2010-cu il tarixli sərəncamı ilə təsdiq
olunmuş “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat
sisteminin 2010-2014-cü illərdə inkişafına dair
Dövlət Proqramı” sürətlə icra olunur.
Dəmiryolçular həmişə ümummilli liderin
uğurlu siyasi kursuna sadiqlik nümayiş etdiriblər. Çünki
Azərbaycanın özü qədər əbədi olan Heydər
Əliyevin siyasi kursu alternativi olmayan bir xəzinədir.
Arif ƏSGƏROV,
“Azərbaycan Dəmir Yolları”
Qapalı
Səhmdar Cəmiyyətinin sədri
Xalq qəzeti.-
2013.- 17 aprel.- S. 9.