Azərbaycan
qadını mədəni və siyasi quruculuğun fəal
iştirakçısıdır
Azərbaycan qadınlarının IV qurultayına hazırlıq çərçivəsində Bakının Xətai rayon qadınlarının konfransı keçirilmişdir. Rayon ictimaiyyəti nümayəndələrinin də iştirak etdiyi konfrans ulu öndər Heydər Əliyevin abidəsinin ziyarəti ilə başladı.
Xətai Rayon İcra Hakimiyyətinin geniş iclas salonunda işə başlayan konfransı təbrik sözü ilə rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov açaraq bildirdi ki, xalqımızın bütün tarixi boyu Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynamışdır. Dünən məhdud hüquqları olan Azərbaycan qadını bu gün ölkədə mədəni və siyasi quruculuğun fəal iştirakçısıdır.
Ölkəmiz
müstəqilliyini bərpa etdikdən sonra qadınlar yeni
imkanlar əldə etmişlər. Bu
imkanların yaradılmasında isə, şübhəsiz, bütün həyatı və fəaliyyəti
boyu qadına yüksək dəyər verən
ümummilli lider Heydər
Əliyevin müstəsna xidmətləri xüsusi
qeyd olunmalıdır. Bu baxımdan bilavasitə onun rəhbərliyi altında işlənib-hazırlanan
və 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycan
Respublikasının ilk Konstitusiyası
qadınların kişilərlə bərabər hüququnu təsbit etdi və
demokratik dövlət quruculuğu
prosesində onların fəal iştirakının hüquqi bazasını
yaratdı. Bundan sonra Prezident Heydər Əliyevin 14 yanvar
1998-ci il tarixli fərmanı
ilə respublikada qadınlara dair dövlət siyasətinin daha
mütəşəkkil şəkildə həyata
keçirilməsi məqsədi ilə Qadın Problemləri
üzrə Dövlət Komitəsi yaradıldı. Bu məlum fərmandan sonra
ölkənin siyasi, sosial,
iqtisadi, mədəni həyatında
qadınların rolunun
artırılmasına xüsusi diqqət
yetirilməyə başlandı.
Natiq
daha sonra bildirdi ki, bütün bunların və Heydər Əliyev
siyasətinin Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsi nəticəsində
ölkəmizdə qadın hüquqlarının təmin
olunması sahəsində ölçüyə gəlməyən
işlər görülmüşdür. İndi müasir Azərbaycanda
elə bir sahə yoxdur ki, orada qadınlar iştirak etməsin.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova bildirdi ki, Azərbaycan qadınlarının III qurultayından keçən 5 il ərzində respublikada dövlət qadın siyasətinin həyata keçirilməsi istiqamətində böyük işlər görülmüşdür. Hazırda respublikamızda əhalinin 51 faizini qadınlar təşkil edir. Cəmiyyət qadının ictimai əməyində maraqlı olduğu qədər qadının özü də bu sahədə maraqlıdır.
Natiq qeyd etdi ki, Azərbaycan cəmiyyətində
qadının ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə
rolu ildən-ilə artır. Bütün bunlar
ölkədə demokratik dövlət quruculuğunun, ulu öndər
Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən
siyasətin əməli nəticəsidir. İndi
müstəqil Azərbaycanda gender bərabərliyinin
təmin olunması üçün
möhkəm hüquqi baza var. Bu
gün qadının sosial
vəziyyətinin yüksəlməsi daha
parlaq surətdə cəmiyyətin bütün fəaliyyət sahələrində
özünü büruzə verir.
Konfransda
Xətai rayon qadınlarının paytaxtın ictimai-siyasi həyatındakı
fəaliyyətlərindən bəhs edən digər nümayəndələr
qeyd etdilər ki, respublikada həyata keçirilən müxtəlif
tədbirlər Azərbaycan qadınının nüfuzunun
yalnız bizim cəmiyyətdə deyil, eyni zamanda, dünyada
da artmasına gətirib çıxarmışdır.
İndi cəmiyyətimizdə qadınlar dövlət işlərinin idarə olunmasında iştirak
edirlər, bunun nəticəsidir ki, bugünkü Azərbaycan qadınının özünə
və gələcəyə inamı yüksəkdir.
Bu
gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
şəxsində qadınlarımız dünyanın ali
kürsülərindən öz sözlərini deyə bilir və
qadının xalqımızın həyatındakı yerini
göstərə bilirlər. Bu yer isə, həqiqətən, Mehriban
xanım Əliyevanın beynəlxalq tədbirlərin birində
dediyi kimidir: “Azərbaycan
xalqının adət-ənənələrində qadına çox böyük
hörmət və qayğı ilə yanaşılır. Ailə
dəyərləri cəmiyyətimizin ən mühüm
və qiymətli dəyərləri olmuş
və olaraq qalır. Azərbaycanlılar üçün ana
müqəddəs simadır”.
Konfrans
Xətai rayonundan respublika qadınlarının ali məclisinə nümayəndələrin
seçkisi ilə işini başa vurdu.
İlqar RÜSTƏMOV
Xalq qəzeti.- 2013.- 18 aprel.- S. 10.