Müasir Azərbaycanın
QURUCUSU
HEYDƏR ƏLİYEV-90
Anadan
olmasının 90 illiyi zirvəsindən xalqımızın
ümummilli lideri, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin
müasir Azərbaycan dövlətinin qurucusu kimi roluna nəzər
yetirmək, fəaliyyətini araşdırmaq həm praktik
siyasət, həm də tarixi-elmi-nəzəri baxımdan
aktuallıq kəsb edir. Yaşadığı dövrdən
uzaqlaşdırqca böyüklüyü daha aydın
görünən ulu öndər
Heydər Əliyevin müstəqil dövlətçilik
fəaliyyətinin bütün
tərəflərini, heç şübhəsiz, bir məqalədə
işıqlandırmaq mümkün deyil. Bunun
üçün dərin elmi-tədqiqat işlərinin
aparılmasına və sanballı əsərlərin
yazılımasına ehtiyac
vardır. Bu məqalədə başlıca olaraq Azərbaycanın
dövlət müstəqilliyinin əsaslarının
yaradılması, qorunub saxlanılması və dövlətçiliyin
möhkəmləndirilməsi sahəsində Heydər Əliyevin
fəaliyyətinə nəzər yetirməyə
çalışacağıq.
Tarixi
tədqiqatların dünyada qəbul olunmuş metodoloji
prinsiplərinə görə, dövlət xadiminə bir
sıra meyarlar əsasında qiymət verilir. Tarixi şəxsiyyət
konkret məkan və zaman daxilində fəaliyyət göstərdiyindən
onun fəaliyyətinə də məhz həmin baxımdan
yanaşmaq tarixi tədqiqatların metodoloji tələblərindən
biridir. Dövlət rəhbərinə özündən sonra
gələnlərlə deyil, özündən əvvəlkilərlə
müqayisədə qiymət verilir. Lakin zamanı qabaqlayan,
xalqının inkişaf yolunu əvvəlcədən bir
neçə on illər və bəzən də yüz illər
sonra üçün müəyyənləşdirən,
xalqın tərəqqisi üçün başlıca şərt
olan dövlətinin qüdrətlənməsi işinə
ömrünü həsr edənlər dahilər olurlar. Sonrakı tarixi
dövrlərdə hakimiyyətə gələnlər öz
xalqını və dövlətini daha da güclü etmək
üçün məhz onların dövlətçilik irsinə
və təcrübəsinə müraciət edirlər. Məhz
həmin meyarlar baxımından Heydər Əliyevin dövlətçilik
irsinə diqqət yetirmək, bəlağətə yol vermədən
bəzi suallara elmi cəhətdən əsaslandırılmış
və məntiqi cavab vermək yaxın tariximizi doğru bilmək,
qiymətləndirmək və düzgün nəticələr
çıxarmaq baxımından əhəmiyyətlidir. Doxsan
ilin ucalığından Heydər Əliyev bir siyasətçi
və dövlət xadimi kimi necə görünür? Regionun
və dünyanın geosiyasətinin dəyişməsinə
təsir edən dövlət xadimi kimi xarici siyasət fəaliyyəti
necə görünür? Qeyd etmək istəyirəm ki, bu məqalə
qətiyyən təbliğat məqsədi daşımır,
böyük tarixi şəxsiyyətin fəaliyyətinə
tarixçi
baxışıdır.
İstiqlalın təməli
Azərbaycan
xalqı 1918-ci ilin may ayında müsəlman dünyasında
bir “ilk”ə imza atdı. Müsəlman Şərqində ilk
dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətini,
respublika idarə üsulunu yaratdı. Müsəlman
xalqlarına müstəmləkəçilikdən xilas
olmağın yolunu göstərdi. Lakin Azərbaycan Xalq
Cümhuriyyəti bolşevik Rusiyasının istilasına məruz qaldıqdan sonra milli dövlət
süquta uğradı. Azərbaycan SSR yaradıldı.
Müstəqil dövlətçiliyin atributlarının məhv
edilməsinə başlandı. XX əsrin 20, 30 və
40-cı illəri sovet dövlət quruculuğu adı altında
müstəqil dövlətlçiliyin ləğv edilməsi, təbii sərvətlərinin
amansızlıqla talan edilərək daşınıb
aparılması, Azərbaycanın Mərkəzə daha
çox bağlanması, milli ədəbiyyatın, milli ruhlu ziyalıların məhv edilməsi,
təqiblər və repressiyalar ilə yadda qaldı. Azərbaycan
rəhbərliyində təmsil olunan şəxslər
arasında intriqalar, Moskvaya şikayət dolu məktubların
göndərilməsi respublikaya olan mənfi münasibəti
daha da artırırdı. Sovet lideri Stalinin ölümündən
sonra ölkədə nisbi yumşalma baş verdi. Lakin həmin
yumşalmadan milli məsələlərin həlli
üçün bacarıqla istifadə olunmadı. Mərkəz
Azərbaycanı cəzalandırmaq yolu tutdu. Yenidən milli
ruhlu insanlar sıxışdırılmağa başlandı.
1969-cu
ildə Heydər Əliyev hakimiyyətə gəldikdən
sonra şərait tədricən dəyişməyə
başladı. Fabrik və zavodların tikilməsi və
işə salınması nəticəsində yerlərdən
gənclərin paytaxta gəlməsi ilə çarizm və
sovet dövrlərində əsl simasını itirimiş
Bakı şəhərinə milli ruh qayıtdı.
Dövlət
müstəqilliyinin maddi təməlləri olan ərazinin
qorunmasına, əhalinin artımı və
inkişafına, hakimiyyətin güclü olmasına xüsusi
diqqət yetirildi. İstiqlalı üçün lazım
olan maddi təməllər sovet sistemi daxilində
formalaşmağa başladı. Azərbaycan ərazisindən
qonşu respublikalara pay verilmədi.Əhalinin
sosial-iqtisadi vəziyyəti
yaxşılaşdırıldı. Bu, əhalinin demoqrafik
inkişafına ciddi təsir etdi.
Heydər
Əliyev sovet sistemi şəraitində Azərbaycanı daim
didib-parçalayan, xalq haqqında mərkəzdə mənfi
rəy yaradan intriqalara son qoydu. Hakimiyyətin qanadları
arasında yekdillik
yaradıldı. Xalq ilə hakimiyyət arasında birlik
quruldu, milli kadrların yerləşdirilməsinə
üstünlük verildi.Güclü hakimiyyət
formalaşdırıldı. Bütün ölkədə
slavyan xalqların nümayəndələri milli respublikalarda
hakimiyyət kürsülərinə daha çox gətirildiyi
bir zamanda Heydər Əliyev yerli kadrları hazırlamağa və
ətrafına toplamağa başladı. Xarici tədqiqatçılar
Heydər Əliyevin uğurlarından biri kimi məhz bu amili
görürdülər.
İstiqlal
üçün tələb olunan mənəvi amillərin
formalaşması üçün addımlar atıldı. Məlum
olduğu kimi, Azərbaycanın istiqlal fikri azərbaycanlı
maarifçilərin, şair, yazıçı və alimlərin
əsərlərində intişar tapmışdı.
İstiqlal məfkurəsini əsər və
düşüncələrində gəzdirdikləri
üçün əvvəlki illərdə daim təqib
olunmuş alim, şair, yazıçı və jurnalistlər
azad nəfəs aldılar. Belə şəxsləri Mərkəzin
cənginə verməyən Heydər Əliyev bəzən
yüngülcə tənqid etsə də, az sonra onlara
yüksək fəxri adlar və vəzifələr verərək
qoruyur və toxunulmaz edirdi. O, Azərbaycan dili üzrə tədqiqatların
aparılmasını təşviq edir, həmin sahənin
görkəmli alimlərinə dövlət mükafatları
verirdi.Azərbaycan ədəbiyyatının görkəmli
xadimlərinin xatirəsini əziz tutur və əbədiləşdirirdi.
Sovet dövründə hamının ümimi vətəni
hesab edilən SSRİ-nin uzaq bir guşəsindən — Sibirdən
böyük mütəfəkkir Hüseyn Cavidin məzarının
doğulduğu Naxçıvana köçürülməsinin
dərin mənası var idi. Heydər Əliyev Azərbaycanın
hər bir güşəsini ümumi
vətəndən üstün tutur, birinci yerə
doğma yurdunu qoyurdu. Hüseyn Cavidin məzarının
köçürülməsi təkcə tarixi ədəbi
irsin mühafizəsinə göstərilən qayğı
deyil, şair, yazıçı, jurnalist və alimləri cəsarətli
olmağa çağırış idi. Əcnəbi
tarixçilərin yazdığı kimi, azərbaycanlılar
XX əsrdə iki dəfə Bakıda başlarını dik
tutaraq gəzmişdilər: birinici dəfə, 1918-ci ilin
sentyabr ayında — Qafqaz İslam
ordusu tərəfindən şəhər azad edildikdən
sonra; ikinci dəfə isə özlərinə inamın
artdığı 70-ci illərdə.Sonralar
çıxışlarının birində Heydər Əliyev
deyirdi: “Doğrudur, 22 il bundan
öncə biz bilmirdik ki, Azərbaycan müstəqil dövlət
olacaqdır.Lakin mən o vaxt Azərbaycanın müstəqilliyi
fikri ilə yaşayırdım”.
Bakıdan Moskvaya
1982-ci
ilin sonlarında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi
Komitəsi Siyasi Bürosunun üzvü seçilməsi və
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin
edilməsi ilə Heydər Əliyevin həyat və fəaliyyətinin
Moskva dövrü başladı. Türk, müsəlman olan
Heydər Əliyevin Moskvada rəhbər vəzifələrə
çəkilməsi, dünyanı lərzəyə salan
sovet imperiyasını idarə edən şəxslərdən
biri olması bir tərəfdən, dövlət idarəçilik
bacarığı, yüksək intellektual səviyyəsi, Əfqanıstana müdaxilədən sonra müsəlman
dünyasında itirilmiş
sovet nüfuzunu bərpa etmək niyyətləri ilə
bağlı idisə, digər tərəfdən isə xarici
ölkələrdə nəşr edilmiş əsərlərdə
yazıldığı kimi, onun Azərbaycandan
uzalqaşdırılması, Kremldə daha yaxın nəzarət
altında saxlanılması ilə
əlaqədar idi. Mərkəzdə belə hesab edirdilər
ki, Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan
müstəqilliyə hazırlanıb, yalnız onun formal elan
edilməsi qalır. Bunun qarşısını Heydər Əliyevi
vəzifədən uzaqlaşdırmaqla deyil, Moskvada nəzarət
altında saxlamaqla mümkün idi.
Lakin
Heydər Əliyevdən sonra hakimiyyətə gələn Azərbaycan
rəhbərləri respublikanın gücləndirilməsi xəttini
davam etdirə bilmədilər. Azərbaycan geriyə getdi.
SSRİ-də hakimiyyətə gələn Mixail Qorbaçov
türk, müsəlman respublikalarının Leonid
İliç Brejnev dövründə kifayət qədər
irəli getdikləri, dövlət müstəqilliklərini
elan etməyə hazır olduqları qənaətində idi.
Buna görə də SSRİ rəhbərliyində olan
türk dövlət xadimlərinə etinasızlıq göstərərək
onları vəzifələrindən uzaqlaşdırdı,
xalqlarını isə cəzalandırmaq yolunu tutdu. Heydər
Əliyev də vəzifələrindən
uzaqlaşdırıldı. Bundan sonra Azərbaycanın
ağır günləri başlandı. Ermənistan əsassız
ərazi iddiaları ilə Azərbaycanın daxili işlərinə
qarışmağa və hərbi müdaxiləyə
başladı. Ermənistanda tarixi torpaqlarında yaşayan azərbaycanlılar
qovularaq qaçqına çevrildilər. Azərbaycanlılara
məxsus tarix və mədəniyyət abidələri
dağıdıldı. Hakimiyyət bütün bunların
qarşısını almaq iqtidarında deyildi. Azərbaycan
böhrana düşdü. Rəhbərlər bir-birinin
ardınca dəyişdi. Lakin vəziyyət düzəlmədi.
Dönüş anı
SSRİ
rəhbərliyi təcavüzkar Ermənistanı
dayandırmaq əvəzinə, Azərbaycanı cəzalandırmaq
yolunu tutdu. 1990-cı il yanvarın 19-dan 20-nə keçən
gecə Bakıda sovet qoşun hissələri dinc əhaliyə
qarşı kütləvi
qırğın törətdi. Azərbaycan xalqına
qarşı qəddar repressiya aktı olan bu hadisədən
sonra Heydər Əliyev Moskvada təhlükəsizliyinin təmin
edilməməsinə baxmayaraq, ailə üzvləri ilə
birlikdə Azərbaycan daimi nümayəndəliyinə gəlib
bəyanat verərək 20 Yanvar qətliamını törədənləri ittiham etdi, ən ağır məqamda
xalqının yanında oldu.
Konkret mövqeyini ortaya qoydu. Bu, seçim anı idi. Heydər
Əliyevin bu addımı onun gələcək siyasi və
milli dövlətçilik fəaliyyətində zirvəyə
aparan yolun başlanğıcı, ümummilli liderlik
üçün ilk addım idi.
Heydər
Əliyev az sonra bəyanat verərək Sov.İKP
sıralarını tərk etdi. Onun Kommunist Partiyasının
sıralarından bəyanat verərək istefa etməsi bu
ideologiyanın iflasında mühüm rol oynayan amillərdən
biri oldu. Minlərlə insan ondan nümunə
götürdülər. 20 Yanvardan sonra xalq Moskva ilə yolunun bir
olmadığı qənaətinə gəldi. Bu, bir
dönüş anı idi. Azərbaycanın dövlət
müstəqilliyini elan etməsindən başqa yolu
qalmırdı. Respublika öz dövlət müstəqilliyinin
bərpasının astanasında idi.
Moskvadan
Naxçıvana
Moskvada
yaşamağın mümkün olmadığını
görən Heydər Əliyev Moskvadan Azərbaycana gəldi.
Lakin respublika rəhbərləri onun Bakıda yaşaması
üçün təminat vermədilər. Heydər Əliyev
doğulduğu Naxçıvana getdi. Naxçıvanlılar
onu hərarətlə qarşıladılar. Az sonra Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı və sədri seçildi. Heydər
Əliyevin sədrliyi altında Naxşıvan Muxtar
Respublikası Ali Məclisi sovet dövrünün
atributlarından imtina etdi. Azərbaycanın müstəqil
dövlətçilik atributlarının bərpasına
başlanıldı. Azərbaycan Xalq Cümhuriyyəti
zamanı qəbul edilmiş üçrəngli
bayrağımız ilk dəfə olaraq Naxçıvanda rəsmi
olaraq dövlət bayrağı kimi qəbul edildi. Təkcə
qəbul edilmədi. Azərbaycan rəhbərliyinə sovet
dövrünün bayrağı, gerbi və himnindən imtina
olunması da tövsiyə edildi. Beləliklə,
Naxçıvan Azərbaycan milli dövlətçiliyinin bərpasının
və qorunmasının bel sütununa çevrildi. Bir müddət
sonra Azərbaycanın dövlət müstəqilliyi bərpa
edildi. Bu, heç şübhəsiz, müasir tariximizin ən
mühüm hadisələrindən biri oldu.
SSRİ
dağıldıqdan sonra Azərbaycan xalqı və dövlətinin
qarşısında əsasən aşağıdakı vəzifələr
dururdu: Azərbaycanın dövlət müstəqilliyini
tanıtmaq və qorumaq; Ermənistanın təcavüzünə
son qoymaq; diktaturadan demokratiyaya, planlı təsərrüfatdan azad bazar iqtisadiyyatına keçid
və s.
Lakin
Azərbaycan rəhbərləri həmin vəzifələri
yerinə yetirə bilmədilər. Hakimiyyət ilə xalq
arasında uçurum yarandı. Hakimiyyət qanadları
arasında ziddiyyətlər dərinləşdi.Ölkənin
daxili və xarici siyasəti
ağır vəziyyətə
düşərək dalana dirəndi. Ermənistanın
işğalının davam etdiyi bir şəraitdə Gəncədəki
hərbi hissədə qiyam baş verdi. Qiyamı yatıra bilməyən
hakimiyyət ölkədə baş verən proseslər
üzərində nəzarəti tamamilə itirdi. Şimalda və
cənubda separatçılıq gücləndi. Ölkə
parçalanmaq təhlükəsi qarşısında
qaldı. Azərbaycanın dövlət müstəqilliyi
üçün təhlükə yarandı. Bu, Azərbaycan
xalqının həyatında ağır günlər idi. Xalqı və
dövləti uçurumdan
çıxaran lider, dövlət xadimi yox idi. Xalqın mənəvi-psixoloji
böhranı baş verdi. Sabaha ümidsizlik
yaranmışdı. Xalq nicat yolu arayırdı. Təşkilati,
dövlət idarəçilik bacarığına və
qabiliyyətinə, intellektual səviyyəyə malik olmayan,
xalqın dəstəyini itirmiş hakimiyyət beynəlxalq aləmdə ölkəni
təcridçiliyə gətirmişdi. Belə şəraitdə
vəzifədə olanlar bir-birinin ardınca istefa verərək
məsuliyyətdən yaxa qurtarmaq yolunu tutdular. Bəziləri vəzifələrini “dondurdular”, bəziləri
isə qaçıb gizləndilər. Bu, Azərbaycan dövlətçiliyi
tarixində pis bir an olub, gələcəkdə
xatırlanası və müraciət ediləsi deyil, utanc olan
bir tarix idi. Xalq bir suala cavab axtarırdı: Nə etməli?
Ölkəni ağır şəraitdən kim çıxara
bilərdi? Belə bir tarixi
şəxsiyyət var idimi?
Naxçıvandan Bakıya
Bu
suallara cavb tapıldı. Azərbaycan xalqı Heydər Əliyevə
üz tutdu. Xalqın inamına görə, yalnız o, Azərbaycan
dövlətini dağılmaqdan, xalqı məvəvi-psixoloji
böhrandan xilas edə, Ermənistanın
işğalını dayandıra, ölkəni fəlakətə
salmış xarici siyasət kursunu dəyişib yeni əsaslar
üzərində qura bilərdi. Çarəsiz qalan respublika
rəhbərliyi xalqın tələbləri əsasında
Heydər Əliyevi Bakıya dəvət etdi. Əvvəlcə
parlament sədri seçilən, az sonra isə ölkə
prezidentinin səlahiyyətlərini
həyata keçirən Heydər
Əliyevin qarşısında daxili siyasət sahəsində
xeyli ağır vəzifələrin həll edilməsi
dururdu: ölkəni dağılmaqdan, xaricdən dəstəklənən
separatçılıqdan xilas
etmək, milli birliyi bərpa etmək, hakimiyyətin
strukturları arasında həmrəylik yaratmaq, xalq ilə
hakimiyyət arasında uçurumu, inamsızlığı
aradan qaldırmaq, iflic olmuş dövlət orqanlarını
işlək hala gətirmək, ölkədə kriminogen
şərait yaradan ayrı-ayrı dəstələri tərksilah
etmək, insanların sakit və təhlükəsiz həyatını
təmin etmək, ağır sosial-iqtisadi vəziyyətdə
yaşayan xalqı inkişafa aparmaq və xalqının mənəvi-psixoloji
ruhunu qaldıraraq dövlətin gücünü yaratmaq
üçün etibarlı açarı tapmaq, köhnə
sosializm sisteminin qalıqlarından imtina edərək
uğurlu islahatlar aparmaq və s.
Xarici
siyasət sahəsində Heydər Əliyevin
qarşısında duran əsas vəzifələr dövləti
qurmaq, Ermənistanın davam edən təcavüzünü
dayandırmaq, ölkəni fəlakətə salmış bir
istiqamətli, savadsız, Azərbaycan xalqı və dövlətinə
düşmənlər qazandıran
xarici siyasət xəttindən imtina etmək, ölkə
daxilində dövlət quruculuğu üçün əlverişli
beynəlxalq şərait yaratmaq və s. idi. Bütün
bunları bir dövlət xadiminin həll etməsi xeyli
mürəkkəb və çətin bir iş idi.
Çünki Azərbaycan yerləşdiyi coğrafi-siyasi
mövqeyi, təbii sərvətləri ilə yüzilliklər
imperiya siyasəti təcrübəsi olan böyük dövlətlərin
sınaq meydanına, “qurdlar süfrəsi”nə
çevrilmişdi.
Heydər
Əliyev Bakıya gələn kimi yeni bir liderlik keyfiyyətini
ortaya qoydu, qiyamın baş
verdiyi Gəncəyə təkbaşına getdi. Xalqın
içində oldu. Gəncədə sabitlik tədricən bərqərar
olmağa başladı.
Hakimiyyətə
topsuz-tüfəngsiz gələn Heydər Əliyev ölkənin
problemlərinin həllində
zora deyil, məhz xalqa arxalandı. Azərbaycanı
boğan separatçılıq bilavasitə xalqın iradəsi
ilə “dəfn” edildi. Xalq ayağa qalxıb
separatçıları qovdu. Azərbaycan
xalqı dövləti müdafiə etdi. Lakin ölkə
qarşısında həlli vacib olan digər məsələlər
də dururdu. Ermənistan ilə müharibə davam edir, Azərbaycan
əraziləri bir-birinin ardınca işğal edilirdi. Bu isə
ölkənin inkişafına mane olan başlıca amil idi. Azərbaycan
ya sonu görünməyən və nəticəsi bilinməyən
müharibəni davam etdirməli, ya da hər hansı bir yol ilə
atəşkəsə nail olub fasilə qazanmalı, dövləti
qurmalı, onu möhkəmləndirməli idi. Heydər Əliyev atəşkəs
yolunu seçdi. Dövlət idarəetməsini iflic
halına, xalqı mənəvi-psixoloji böhrana salan, maliyyə
və iqtisadi ehtiyatlarını udan
hərbi əməliyyatlar dayandırıldı. Bu, Azərbaycana
bir sıra məsələləri həll etməyə imkan
verdi.
İnkişafın açarı
Heydər
Əliyevin bilavasitə iradəsi nəticəsində “Əsrin
müqaviləsi” imzalanaraq həyata keçirilməyə
başladı. O, bir-biri ilə didişən ölkələri
Azərbaycanda əməkdaşlığa dəvət etdi,
onları ortaq məxrəcə gətirdi. Ərazicə
kiçik, əhalisinin sayı az olmasına baxmayaraq, Azərbaycan
özündən qat-qat böyük olan dövlətləri
bir araya gətirməyi bacardı. Sual oluna bilər: ərazisinə
və əhalisinin sayına
görə kiçik bir dövlət olan Azərbaycanın
dünya siyasətində rolunu artıran, mövqelərini
gücləndirən, dünyanın cazibə mərkəzinə
çevirən amillər
hansılar idi. Heç şübhəsiz, bu sualın
konkret cavabı var: Heydər Əliyevin təkcə daxili siyasət
məsələlərini, xalqın psixologiyasını deyil,
dünya işlərini mükəmməl bilməsi, zəkası,
uzaqgörənliyi, müdrikliyi, biliyi, bacarığı, qətiyyəti.
Bu, Heydər Əliyevin təkcə Azərbaycan xalqı deyil,
həmçinin bəşəriyyət qarşısında nadir xidmətlərindən
biri idi. Heydər Əliyevin qətiyyəti
“Əsrin müqaviləsi” imzalandıqdan sonra baş verən
dövlət çevrilişi cəhdlərinin
qarşısının alınmasında özünü
aydın şəkildə göstərdi. 1994-cü ilin oktyabr
və 1995-ci ilin mart aylarında baş verən dövlət
çevrilişi cəhdləri məhz Heydər Əliyevin
yenilməz qətiyyəti, siyasi bacarığı ilə
iflasa uğradıldı. Azərbaycan xalqı qanuni hakimiyyəti
müdafiə etdi. Bu çevrilişlərin
qarşısının alınmasının Azərbaycan
üçün tarixi və ibrətamiz bir tərəfi oldu.
Heydər Əliyev göstərdi ki, Azərbaycan dövlət
çevrilişləri üçün sınaq meydanı
deyildir, Azərbaycanda güclü dövlət vardır.
Bununla da silahlı yolla hakimiyyətə
gəlmək kimi acı təcrübəyə son qoyuldu.
Çevrilişlərin
qarşısının alınması digər bir
mühüm məsələnin həllinə kömək
etdi. Məlum olduğu kimi, Azərbaycanda sabitlik və sabaha
ümidlər olmadığından xarici ölkələr və
donor təşkilatlar Azərbaycana borc vermirdilər. Dövlət
büdcəsində isə vəsait yox idi. Dövlət
çevrilişlərinin qarşısı alındıqdan
sonra Azərbaycana investisiya axını başladı. Yeni neft
strategiyası ölkənin inkişafı, güclü
dövlət qurulması, Azərbaycan xalqının daha
yaxşı yaşayışını təmin etmək
üçün açar oldu.
İslahatlara başlanıldı. Özəlləşdirilmə
həyata keçirildi. Azad bazar iqtisadiyyatına
keçildi.Ölkənin demokratikləşdirilməsi istiqamətində
islahatlar aparıldı. Çoxpartiyalı sistemin əsasları
möhkəmləndirlirdi. Vətəndaş cəmiyyəti,
hüquqi dövlət quruculuğu sahəsində ciddi tədbirlər
həyata keçirildi. Ən başlıcası, Azərbaycanda
təməlləri möhkəm olan, güclü dövlətçilik
ənənəsinin, dərin dövlətin əsası
qoyuldu.
Xarici siyasətdə yeni ab-hava
Ulu
öndər hakimiyyətə qayıdarkən ölkənin
xarici siyasəti böhran içində idi. Xarici siyasət
xalqın və dövlətin qarşısında duran əsas
vəzifələri yerinə yetirə, dövlət quruculuğu
üçün əlverişli beynəlxalq şəraiti təmin
edə bilmir, ölkəni problemlərə salırdı.
Naşı insanların apardıqları xarici siyasət
dövləti dalana dirəmişdi. Azərbaycan xalqı və
dövlətinin maraqlarına cavab verməyən bu siyasətdən
imtina edildi. Heydər Əliyev tarazlaşdırılmış
xarici siyasət xəttini dövlətin beynəlxalq fəaliyyətinə
gətirdi. O, ilk xarici səfərini
dünya demokratiyasına böyük töhfə vermiş, Azərbaycanın
dövlət müstəqilliyinin de-fakto
tanındığı və erməni lobbisinin güclü
olduğu Fransaya etdi. Bununla
göstərdi ki, Azərbaycan demokratiya yolu tutub, dövlət
müstəqilliyi daimi və əbədidir. Azərbaycan
dövləti heç bir ölkənin deyil, yalnız öz
maraqlarının yanındadır, erməni lobbisi və
diasporunun fitnələrinə tutarlı cavab veriləcəkdir.
Azərbaycanın
qonşu dövlətlərlə münasibətlərinin
nizama salınması üçün addımlar
atıldı. İran və Rusiya ilə mehriban qonşuluq
münasibətləri tədricən bərqərar edildi.
Türkiyə və Gürcüstan ilə strateji müttəfiqlik
xətti seçildi. Azərbaycanın mehriban qonşuları,
ticarət ortaqları, starteji tərəfdaşları və
müttəfiqləri müəyyənləşdirildi.
Azərbaycan dövləti yeni neft strategiyasını
reallaşdırdı. Çoxşaxəli neft və qaz kəmərləri
inşa edilməyə başlandı. Bakı – Tbilisi –
Ceyhan əsas ixrac neft boru kəməri Azərbaycanın
müstəqilliyinin kəməri oldu. Hər
hansı bir dövlətdən asılılığa son
qoyuldu. Azərbaycanın neft strategiyası
yenicə müstəqillik qazanmış Orta Asiya dövlətlərinin
də dünyaya çıxışına kömək etdi.
Tarixi İpək yolu bərpa edildi. Regionun geosiyasəti dəyişdi.
İnkişafdan doğan problemlər
Heydər Əliyev Azərbaycan dövlətini
dağılmaqdan, xalqını parçalanmaqdan xilas etdi. Sabitlik
yaratdı.Ölkəni inkişaf və islahatlar
üçün hazırladı. Davamlı,
sabit inkişafın təməli möhkəmləndirildi.
Heç şübhəsiz, bütün bunlar
asanlıqla başa gəlmədi. Azərbaycanın
coğrafiyası elə 90-cı illərin əvvəllərindəki
kimi eyni idi. Dəyişilməmişdi.
Bəs nədən Azərbaycan belə bir
inkişaf səviyyəsinə çatdı? Bu, geniş və dərin araşdırma tələb
edən bir mövzudur.
Heç şübhəsiz, bütün digər ölkələr
kimi Azərbaycan da problemlərsiz deyildir. Bu problemlər
böhrandan, geriləmələrdən deyil, inkişafdan
doğan problemlərdir. İnsanlar dünənkindən
daha yaxşı yaşamağı istəyirlər. Bu isə
yalnız müsbət
bir haldır.
İbrət
Heydər Əliyevin fəaliyyətindən alınan ibrət
çoxdur. İlk növbədə, heç şübhəsiz,
göz önünə lider və idarəçilik
bacarığı, daxili və dünya işlərini mükəmməl
bilmək amilləri gəlir. Xalq hakimiyyət
kürsüsünü naşı adamlara verməməlidir.
Təcrübə göstərdi ki, bu, ölkə
üçün fəlakətlər yaradır. Xalq əgər sabit və davamlı inkişaf istəyirsə,
dövlət güclü olmalıdır. Xalq
dövlətinin yanında olmalı və onu
qorumalıdır.
Gələcəyə böyük ümidlərlə
Heydər Əliyevdən sonra hakimiyyətə gələn
Prezident İlham Əliyevin hakimiyyəti Azərbaycan tarixində
müasirləşmə ilə səciyyələnir. Tarixi təcrübə
göstərir ki, ölkənin böyük maliyyə vəsaitləri,
zəngin təbii sərvətləri ola
bilər. Əgər ölkə həmin təbii
sərvətləri milli sərvətlərə çevirmirsə,
yeni texnologiyaların tətbiqini həyata keçirmirsə,
insanlar əməyi yadırğayarlarsa, ölkə digərlərindən
geri qalır və çox vaxt da rəqabətə tab gətirmir.
Buna dair çoxlu nümunələr gətirmək
olar. Məhz Prezident İlham Əliyevin
siyasəti nəticəsində Azərbaycan müasirləşən
bir ölkəyə çevrildi. Azərbaycanı
satış bazarına çevirmək istəyən bəzi
ölkələr özləri Azərbaycan məhsulları üçün satış
bazarına çevrildilər. Sovet dövrü
başa çatdıqdan sonra yaranmış boşluqda Azərbaycan
xalqının əməyi yadırğamasının
qarşısı alındı. İlham Əliyev Azərbaycan
xalqının minilliklər tarixində Qurucu Prezident
adını qazandı.Azərbaycan ərazilərinin bir hissəsinin
Ermənistan silahlı qüvvələrinin işğalı
altında olmasına baxmayaraq, ölkə tərəqqi etdi,
tikinti-quruculuq işləri genişləndirildi.Azərbaycan
borc alan ölkədən borc verən
ölkəyə çevrildi. Azərbaycan
dünyanın enerji təhlükəsizliyində mühüm
rol oynamağa başladı. Bakı-Tbilisi-Ceyhan
neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri
Avropanın enerji təhlükəsizliyi sistemində Azərbaycanı
başlıca ölkəyə çevirdi. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin
uğurla başa çatması ilə Azərbaycan
dünyanın nəqliyyat qovuşağı olan bir ölkəyə
çeviləcəkdir.
İlham Əliyev də tariximizdə bir sıra “ilk”lərə
imza atdı. BMT Baş Məclisində çıxış edən
ilk Baş nazirimiz, ruhumuzun şəhəri Təbrizə səfər
edən ilk dövlət rəhbərimiz oldu. Azərbaycan BMT Təhlükəsizlik Şurasına
qeyri-daimi üzv seçildi. İlham Əliyev Təhlükəsizlik
Şurasının iclasına sədrlik edərək və ən vacib
dünya məsələləri barədə nitq söyləyərək
dünya müdiriyyətinə rəhbərlik etdi. “Eurovision” mahnı yarışması ən mükəmməl
şəkildə ölkəmizdə keçirildi.
Tariximiz, maddi və mənəvi mədəniyyətimiz
heç bir zaman həmin
yarışma keçirildiyi vaxtdakı kimi təbliğ edilməmişdi. İşğal edilmiş ərazilər istisna
olmaqla, Azərbaycan, ərazisində xarici hərbi baza və
ya obyekt saxlamayan bir ölkəyə çevrildi. Azərbaycan kosmosa ilk peykini göndərərək
Kosmos klubunun üzvü oldu. Tariximizdə
ilk dəfə olaraq İlham Əliyev “dövlət canlı
orqanizmdir, daim genişlənməlidir” geosiyasi nəzəriyyəsini
xarici ölkələrə sərmayələr qoymaqla,
geniş əməkdaşlıq yolu ilə gerçəkləşdirdi.
Azərbaycanın birinci Avropa Olimpiada oyunlarına 2015-ci ildə
ev sahibliyi etməsi hər bir azərbaycanlı
üçün qürurverici amil olacaqdır.
Alternativ varmı?
Bəzən
soruşurlar: Heydər Əliyev yolunun Azərbaycanda alternativi
varmı? Heç şübhəsiz, vardır.
Həmin yol Azərbaycanı dağıtmaq,
milli dövləti məhv etmək, ölkəni və
xalqı parçalamaq, vətəndaş müharibəsinə
sürükləmək, onu rəzil günə salmaq yoludur.
Azərbaycan xalqı çətin ki, həmin
yolu qəbul etsin.
Ötən illərin təcrübəsi göstərir
ki, Heydər Əliyevin əsasını qoyduğu siyasi xətdən
kənara çıxmaq Azərbaycana böyük fəlakətlər
gətirər.
Bu, həm də qonşu dövlətlər
üçün arzuolunmaz proseslərin başlanması olar.
Bu siyasətin davam etdirilməsi həm Azərbaycan
xalqının, həm qonşu dövlətlərin, həm də
bütün demokratik ölkələrin maraqlarına
uyğundur.
Musa QASIMLI,
Milli Məclisin deputatı,
professor
Xalq qəzeti.- 2013.- 19 aprel.- S. 3.