Binəqədi rayonunda narkomanlığa qarşı mübarizə ilə bağlı tədbir keçirilmişdir

 

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz  Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu ilə birgə “Narkomanlığa yox deyək!” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə 276 saylı tam orta məktəbin foyesində 26 saylı Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin rəsm dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxmışlar.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, RİH yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Vüsal İsmayılov çıxışında  bəşəriyyətin ən böyük bəlalarından olan narkomanlığın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını və cinayətkarlığın artmasına səbəb olan amil olduğunu, ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və ona qarşı mübarizə sahəsində dövlətin strateji istiqamətlərinin müəyyən olunduğunu diqqətə çatdırdı. O,  rayon üzrə narkomanlığa qarşı mübarizə üzrə həyata keçirilmiş profilaktik tədbirlər barədə danışaraq qeyd etdi ki, narkomanlığa və onun törətdiyi fəsadlar haqqında hər bir vətəndaş maarifləndirilməli, xüsusən yeniyetmə və gənclər arasında geniş təbliğat işləri aparılmalıdır.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının hüquq şöbəsinin müdiri Yunis Hüseynov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz  Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu rəhbərinin müavini Vasif  Quliyev, Gənclər və İdman  Nazirliyinin əməkdaşı Fərid Qurbanzadə,  respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudov, respublika Narkoloji Mərkəzinin həkim narkoloqu Mikayıl Qarayev  narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət və qeyri-dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə hələ 1996-cı ildə Heydər Əliyev tərəfindən Dövlət Komissiyasının yaradıldığını və hazırda bu sahədə mükəmməl hüquqi bazanın təkmilləşdirildiyini qeyd etdilər.  Natiqlər uşaqların zərərli vərdişlərdən mühafizəsi üçün hüquq-mühafizə orqanlarının, təhsil müəssisələrinin və ictimaiyyətin birgə fəaliyyətinin zəruri olduğunu, yeniyetmə və gənclər arasında narkomanlığa qarşı mübarizə üzrə təbliğat işlərinin aparılmasında ailənin və təhsil müəssisələrinin üzərinə daha çox məsuliyyətin düşdüyünü diqqətə çatdırdılar.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 19 aprel.- S. 7.