Akademik Zərifə xanım Əliyeva
Azərbaycan oftalmologiya elmini
bütün dünyada
tanıtmışdır
Aprelin 17-də Azərbaycan
Tibb Universitetinin Tədris-Terapevtik
Klinikasında görkəmli oftalmoloq alim, akademik Zərifə
xanım Əliyevanın 90 illik yubileyinə
həsr edilmiş tədbir keçirilmişdir.
AzərTAc
xəbər verir ki, tədbiri giriş sözü ilə
açan universitetin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman
Əmiraslanov qayğıkeş
və mehriban ana, vəfalı
ömür-gün yoldaşı, intellektual keyfiyyətləri
özündə birləşdirən ziyalı, dünya tibb
elminə əvəzolunmaz töhfələr vermiş
böyük alim Zərifə xanım Əliyevanın həyatından,
zəngin elmi və yaradıcılıq fəaliyyətindən
söhbət açmışdır. Bildirmişdir ki, akademik
Zərifə Əliyevanın alim kimi qazandığı
böyük uğurlar Azərbaycan tibb elminin tarixində
ayrıca bir mərhələ təşkil edir.
Rektor vurğulamışdır ki, Zərifə
xanım Azərbaycan oftalmologiya elmini nəinki SSRİ məkanında,
hətta dünyada tanıtmışdır. O, böyük səhiyyə
təşkilatçısı Zərifə Əliyevanın
yetişməsində onun doğulub boya-başa çatdığı
mühitin də rolu olduğunu diqqətə
çatdırmışdır. Ə.Əmiraslanov demişdir:
“Zərifə xanım Əliyevanın universitetimizin dünya
şöhrətli məzunu olması ilə fəxr edirik”.
Tədbirdə
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının
sədri, Milli Məclisin deputatı Məlahət
İbrahimqızı, professor Paşa Qəlbinur, akademiklər
Adilə Namazova, Böyükkişi Ağayev və
başqaları Zərifə Əliyevanın elmi fəaliyyətinin
əsas istiqamətlərindən danışmış, onunla
bağlı xatirələrini bölüşmüşlər.
Qeyd olunmuşdur ki, Zərifə xanım Əliyeva sadəlik
və xeyirxahlıq mücəssəməsi, Azərbaycan
qadınının mükəmməl nümunəsi idi. Onun
ömür yolu həkimlik peşəsini özlərinə həyat
yolu seçən gənclər üçün örnəkdir.
Diqqətə
çatdırılmışdır ki, müxtəlif göz
xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin
işlənib hazırlanması ilə məşğul olan Zərifə
xanım özünün tədqiqat işlərini
traxomanın müalicəsi ilə bağlı məsələlərə,
habelə traxomanın və onun ağır nəticələrinin
müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin
imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə
həsr etmişdir.
Alim
dünyada ilk dəfə peşə patologiyasını
araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və
praktik olaraq elm aləmində yeni bir istiqamətin-peşə
oftalmologiyasının əsasını qoymuşdur. Görmə
orqanının peşə patologiyası sahəsində
apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə
görə akademik Zərifə Əliyeva keçmiş
SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər
mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının
M.İ.Averbax adına mükafatına layiq
görülmüşdür. SSRİ-də bu mükafatı
alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə
düşmüşdür.
Vurğulanmışdır
ki, Zərifə Əliyeva həm də görkəmli ictimai
xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə
Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə
Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti
İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti
Rəyasət Heyətinin üzvü olmuş, “Əməkdar
elm xadimi” fəxri adına layiq görülmüşdür.
Xalq qəzeti.- 2013.- 18 aprel.- S. 7.