“E-hökumət”
təlim mərkəzlərinin yaradılması haqqında Koreya ilə qrant
razılaşması imzalanıb
“Azərbaycanda ”elektron
hökumət" üçün təlim
mərkəzinin yaradılması" layihəsi üzrə “Koreya Respublikasının Xarici
İşlər Nazirliyi və Azərbaycan
Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi arasında Qrant razılaşması” imzalanıb. Bu barədə
Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin mətbuat xidməti məlumat
yayıb.
Sənədi rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Koreyanın Azərbaycandakı səfiri Çoi Suk-İn imzalayıb. Layihə çərçivəsində Bakı şəhərində və Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir, Bərdə, Lənkəran, Qazax, Zaqatala, İmişli, Qəbələ, Göyçay, Şirvan, Şamaxı, Quba, Şəki daxil olmaqla on beş (15) bölgədə təlim mərkəzləri yaradılacaq. Təlim mərkəzlərində Koreya mütəxəssisləri tərəfindən xüsusi təhsil informasiya sistemi quraşdırılacaq və zəruri avadanlıqlarla təmin olunacaq. Dövlət qulluqçuları bu mərkəzlərdə bilavasitə təlim kurslarında iştirak edə biləcək, eyni zamanda mərkəzin distant təhsil xidmətlərindən yararlanacaqlar. Layihə çərçivəsində təlim mərkəzinin fəaliyyətinin təşkili, elektron təlim materiallarının hazırlanması üzrə təcrübə əldə etmək üçün yerli mütəxəssislər Koreyada təlim kursları keçəcəklər. Azərbaycanda “elektron hökumət” üçün təlim mərkəzinin yaradılması dövlət qulluqçularına İKT-nin tətbiqi sahəsində yeni praktik bilik və bacarıqların əldə edilməsinə imkan yaradacaq.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2013.- 20 aprel.- S. 4.