Sevgisinin və peşəsinin mücahidi
Heydər Əliyev və Zərifə xanım Əliyevanın
qoşalaşan talelərinin bu ötəri dünyada
ömürləri bitdiyi yerdə, xatirələri
müstəqil Azərbaycanın həmişəyaşar
taleyində əbədiyyətə qovuşdu.
Bu gün onlar haqqında danışmaq, onlara
əsərlər həsr etmək, onların yubileylərini
keçirmək nə qədər xoşdursa,
onların yoxluğunu düşünmək
bir o qədər
çətin və nisgillidir...
Son
10 ildə bu qoşa taleyin əbədiyyət dastanından
bir-birindən fərqli, bəlkə yüzlərlə məclisdə,
tədbirdə, elmi-praktik konfranslarda olmuşam. Qəribədir,
Heydər Əliyevin adı harada, hansı məclisdə, tədbirdə
çəkilirsə orda Zərifə xanım Əliyevanın
adı da mütləq çəkilir. Zərifə
xanımın işıqlı ruhuna harda dualar oxunursa, orada
mütləq Heydər Əliyevin müqəddəs ruhu
anılır və uca Tanrıdan ona rəhmət dilənir.
Adamı vəcdə gətirən odur ki, bu, Allaha ən mərhəm
dilək kimi milyonların qəlbindən sadəcə söz
kimi yox, bakirə istək və arzu kimi dünyaya gəlir.
Dünən,
Sumqayıt Dövlət Universitetində görkəmli
oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 90
illik yubileyinə həsr olunmuş elmi-praktik konfransda da belə
oldu. Bu mötəbər məclisdə də Zərifə
xanımı Heydər Əliyevdən , Heydər Əliyevi Zərifə
xanımdan “ayıra” bilmədilər. Zərifə xanımdan
danışanlar Heydər Əliyevə üz tutdular, Heydər
Əliyevin xidmətlərindən bəhs edənlər Zərifə
xanımı xatırlayıb, nəcib əməllərini
yada saldılar. Hətta iclas salonundakılar Zərifə
xanımın müqəddəs xatirəsini bir dəqiqəlik
sükutla yad edəndə belə, şübhə etmirəm
ki, Heydər Əliyevi də andılar. Hamı başa
düşürdü ki, bunu etməmək Zərifə
xanımın ruhunu incidər...
İlk
söz açan ev sahibi kimi Sumqayıt Dövlət
Universitetinin rektoru, professor Nadir Qəhrəmanov bildirdi ki,
görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva
yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli
ziyalı, sədaqətli ömür yoldaşı, gözəl
ana kimi əbədiləşib. Akademik Zərifə Əziz
qızı Əliyeva XX əsrin payına düşən
görkəmli Azərbaycan qadınlarından və alimlərindən
biri idi. Nahaq deyil ki, professor V.V.Şmelyeva bu nəcib Azərbaycan
qadını haqqında danışarkən demişdir: “Əgər
mən peşəkar ədəbiyyatçı kimi Zərifə
xanım Əliyeva haqqında əsər yazası olsaydım,
heç şübhəsiz ki, onu “Əvəzolunmaz insan
haqqında povest” adlandırardım".
1923-cü
il aprelin 28-də qədim Naxçıvanın Şahtaxtı
kəndində görkəmli ictimai və dövlət xadimi,
xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində
dünyaya göz açmış və məktəb illərindən
başlayaraq atasının ömür yolunu özünün əsl
həyat məktəbinə çevirmiş Zərifə
xanım Əliyevanın bu il anadan olmasının 90 ili tamam
olur.
Bu nəcib
Azərbaycan qadının elmi fəaliyyətinin çox zəngin
və əhatəli olduğunu qeyd edən professor N.Qəhrəmanov
bildirdi ki, akademik Zərifə Əliyevanın alim kimi
qazandığı böyük uğurlar Azərbaycan tibb
elminin tarixində ayrıca bir mərhələ təşkil
edir. Müxtəlif göz xəstəliklərinin müalicə
və profilaktika tədbirlərinin işlənib
hazırlanması ilə məşğul olan Zərifə
xanım özünün tədqiqat işlərini
traxomanın müalicəsi ilə bağlı məsələlərə,
habelə traxomanın və onun ağır nəticələrinin
müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin
imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə
həsr etmişdir.
1968-ci
ildən başlayaraq professional oftalmologiyanın problemləri
ilə ciddi məşğul olan alim dünyada ilk dəfə
olaraq peşə patalogiyasını araşdıran elmi-tədqiqat
laboratoriyası yaratmış və praktiki olaraq elm aləmində
yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını
qoymuşdur. Bu sahədə
apardığı elmi tədqiqat işlərinin
uğurlu nəticələrinə görə
akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər
mükafat olan SSRİ
Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür.
Azərbaycan üçün bu möhtəşəm uğurun
əhəmiyyəti ondadır ki, keçmiş SSRİ-də bu
mükafatı alan ilk
qadın alim kimi məhz
azərbaycanlı xanım Zərifə Əliyevanın
adı oftalmologiya elminin
tarixinə düşmüşdür.
Sumqayıt
Dövlət Universitetinin rektoru, professor Nadir Qəhrəmanov
qeyd etdi ki, Zərifə xanım Əliyeva həm müasir,
müstəqil Azərbaycan dövlətinin memarı və
qurucusu, bütün mənalı ömrünü Vətəninin
və xalqının tərəqqisinə həsr etmiş dahi
şəxsiyyətin – ümummilli lider Heydər Əliyevin vəfalı
ömür-gün yoldaşı, sədaqətli dostu və
etibarlı silahdaşı kimi, həm də müasir Azərbaycanın
lideri olan Prezident İlham Əliyevi dünyaya gətirmiş,
onu insanlığın ən yüksək dəyərləri
ilə tərbiyə etmiş bir ana kimi xalqımız
üçün misilsiz bir şəxsiyyətdir.
Buradaca bütün Azərbaycana
işıq saçan Əliyevlər
ocağının nəcib və xeyirxah
anası, xalqımızın sevimlisi, dünya şöhrətli görkəmli alim akademik Zərifə
xanım Əliyevaya həsr ounmuş və
Sumqayıt Dövlət Universitetinin pedaqoji kollektivi və tələbələri
tərəfindən hazırlanmış videoçarxa
baxış keçirildi. Təbii
ki, burada da Heydər Əliyevsiz, onun
öz əbədi sevgisi
haqqında həzin və kövrək duyğular
oyadan xatirələri olmadan
keçinə bilməmiş, bu iki misilsiz şəxsiyyətin
nəsillərə əbədi örnəyə çevrilən
sevgi dastanından müxtəlif
epizodları ekrana gətirmişdilər.
Elmi
praktik konfransda maraqlı çıxışı ilə
yadda qalan digər məruzəçi isə, uşaq
yaşlarından Zərifə xanımı tanıyan, məhz
bu ecazkar göz həkiminin, dövrünün nüfuzlu
aliminın məsləhəti ilə oftalmologiyanı
özünə peşə seçib azacıq da olsa ona
oxşamağa çalışan akdemik Ü.Musabəyov
adına Rayonlararası Göz Xəstəxanasının
baş həkimi İradə Əliyeva oldu. “Görkəmli oftalmoloq alim akademik Zərifə Əliyevanın
elmi fəaliyyəti” adlı geniş məruzə ilə
çıxış edən İ.Əliyeva qeyd
etdi ki, gözəl ana, vəfalı ömür-gün
yoldaşı, yüksək intellektual
keyfiyyətləri özündə birləşdirən
ziyalı, dünya tibb
elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim
Zərifə xanım Əliyevanın həyatı və elmi fəaliyyəti ilə yaxından
tanış olduqca, haqqında xatirələri
oxuduqca gözlərimiz önündə ulu Tanrının ən yüksək mənəvi
xüsusiyyətləri bəxş etdiyi və
heç nəyi əsirgəmədiyi böyük bir insanın obrazı canlanır. Dünya oftalmologiya elminə 1960-cı ildə müvəffəqiyyətlə
müdafiə etdiyi namizədlik
dissertasiyası elmi işi
ilə gələn bu zərif və nəzakətli,
alicənab və ziyalı azərbaycanlı xanımı gözün peşə xəstəlikləri
probleminə çox böyük
maraq göstərmiş və bütün elmi fəaliyyəti
boyu bu sahədə ciddi tədqiqatlar aparmışdır. Zərifə xanım Əliyeva apardığı tədqiqatların
gedişində “Göz yaşının
axmasının fiziologiyası”, “Gözün
və görmə sinir yolunun
yaşla əlaqədar dəyişiklikləri”,
“Gözün hidrodinamik
sisteminin anatomik fizioloji təbiəti” və s.
kimi onlarla elmi məqalələr və monoqrafiyalar
yazıb çap etdirmişdir.
Uzunmüddətli müşahidələrin
və tədqiqatların nəticələri görkəmli həkimin
“Azərbaycanın kimya sənayesinin bəzi
müəssisələrinin işçilərinin görmə
üzvünün vəziyyəti” mövzusunda doktorluq
dissertasiyasının əsasını təşkil etmişdir. 1976-cı ildə Q. Helmqolts
adına Moskva Göz
Xəstəlikləri İnstitutunda həmin
dissertasiyanın müdafiəsi zamanı Sovet
İttifaqının aparıcı alimləri Zərifə
xanımın elmi əsərlərini çox yüksək qiymətləndirmiş
və 1977-ci ildə ona tibb
elmləri doktoru elmi dərəcəsi
verilmişdir.
İradə
Əliyeva çıxışında qeyd etdi ki, Zərifə
xanım sadəcə bir elmi tədqiqatçı
olmamış , həm də praktik həkim kimi insanların
dünya işığına həsrət qalmasına imkan
verməməyə çalışmışdır. Zərifə
xanım haqlı olaraq belə hesab edirdi ki,
həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən
başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki,
xəstənin ağrılarını məhz özünün
ağrıları hesab edir.
Belə bir həkim üçün hər dəfə xəstəni
qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə
qarşısında, həm də cəmiyyət
qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi
məsuliyyət deməkdir”. Özünün zəngin tibb
təcrübəsinə və həyat müdrikliyinə əsaslanan
Zərifə xanım Əliyevanın fikrincə, səhiyyə
işçisinin əxlaqının əsaslarını
səmimiyyət, xəstəni başa
düşmək bacarığı, xeyirxahlıq, təvazökarlıq,
təmannasızlıq təşkil etməlidir.
Akademik
Zərifə Əliyeva həm də görkəmli ictimai xadim
idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin
üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi
sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti
İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti
Rəyasət Heyətinin üzvü olmuş, “Əməkdar
elm xadimi” fəxri adına layiq görülmüşdür.
Zərifə
xanım Əliyeva elə insan idi ki, bir dəfə ünsiyyətdə
olanlar onu ömrü boyu unuda bilmirdilər. Bu böyük şəxsiyyət elə ilk andan onunla
ünsiyyətdə olanların yaddaşında yüksək
vətəndaşlıq, humanizm və
ürək saflığının mücəssəməsi kimi əbədi qalırdı. Onun
insanlara məhəbbəti qeyri-adi dərəcədə hüdudsuz
idi.
Elmi
-praktik konfransda xüsusi dəvətli kimi iştirak edən
yazıçı-dramaturq, Milli Məclisin üzvü,
Moskvanın məşhur “Molodaya qvardiya” nəşriyyatının
“Görkəmli adamların həyatı” seriyası ilə nəşr
etdirdiyi “Heydər Əliyev”, “İlham Əliyev” və “Zərifə
Əliyeva” əsərlərinin müəllifi Hüseynbala Mirələmovun
çıxışının böyük maraqla gözlənildiyi
zaldakı alqışlarldan da görünürdü. Ənənəvi rəsmi üslubdan
imtina edib
çıxışını səmimi təhkiyə
üstündə quran yazıçı qeyd etdi ki,
Zərifə xanımın fəxri adları, elmi
titulları, mükafatları çoxdur və
onların hər biri bizim
üçün,
bütövlükdə Azərbaycan xalqı üçün
qürur, iftixar mənbəyidir.
Ancaq bu adlar sırasında ən şərəflisi,
ən müqəddəsi və ən nəcibi sədaqətli
həyat yoldaşı və ana
adıdır. Bu, içində mələklərə
məxsus ilahi xüsusiyyətləri ehtiva edən adların hər birinə monumental bir əsər həsr
etmək olar. Amma bunlardan ən möhtəşəmi, mənim
yazıçı duyumuma,
düşüncəmə görə ilahi
bir sevginin bənzərsiz,
ecazkar nümunəsi olan
sədaqətli həyat yoldaşı obrazıdır.
Biz
bilmirik dünyada hansı sevgi dastanı həyatın
gerçək faktı olub. Amma biz bilirik və bu gün burada
nümayiş olunan kiçicik bir filmdə də
gördük ki, Heydər
və Zərifə sevgisi əsl məhəbbət
haqqında gerçək həyat faktıdır. Müqəddəs
ANA da ülvi hisslərin,
ilahi sevginin qüdrətindən
dünyaya gəlir.
“Hansı
daha güclü idi?” sualına cavab axtararkən demək
olarmı ki, Heydər Əliyevin sevgisi və yaxud, Zərifə
xanım Əliyevanın sevgisi? Ulular
nahaq deməyiblər ki,
insanlar bu dünyaya cüt gəlirlər.
Bax onlar da bu dünyaya
cüt gəlmişdilər. Gəlmişdilər
ki, insanlığa pak,
ilahi sevginin, hörmət
və ehtiramın, etibar və sədaqətin
bənzərsiz nümunəsini göstərsinlər. Təkcə
buna görəmi? Əlbəttə, yox!
“Zərifə
Əliyeva şəxsiyyətinin gücü məhz onun
insanların qayğı və iztirablarına, niyyət və
arzularına fədakarcasına xidmətindədir. Zərifə
xanım dövlət və mədəniyyət sahələrində
daha böyük səmərə
verə bilərdi. Lakin taleyin əmri ilə elə bir insana rast
gəldi ki, onun qismətinə
millətin lideri olmaq
missiyası, qüdrətli dövlət qurucusu,
cəmiyyəti dəyişdirən islahatçı olmaq missiyası yazılmışdı. Zərifə
xanım bu adamın sevilən və sevən
həyat yoldaşı olaraq onun görəcəyi işlərin
miqyasını dərk edərək onun
arxadaşı olmağı özünə borc
bildi”. İlahi sevgidən
dünyaya gəlib bu sevginin mahiyyətini hamıdan yaxşı
görən və bilən Sevil Əliyeva
anası Zərifə xanım haqqında başqa
necə danışa bilərdi ki?!
Mən
“Zərifə Əliyeva” kitabımda, avtobioqrafik bir əsər
olduğu üçün, istedadlı tibb alimi Zərifə Əliyeva
ilə görkəmli dövlət xadimi, ulu öndər Heydər
Əliyevin – bu iki böyük şəxsiyyətin əfsanəvi
məhəbbətə çevrilən
qarşılıqlı sevgisinə, səmimi münasibətlərinə,
bir-birlərinə olan sonsuz hörmət və
ehtiramlarına, böyük sədaqət və etibarlarına
bəlkə də çox geniş yer verməmişəm.
Ancaq mənə elə gəlir ki, bu məhəbbət
bütün dünyaya bir örnək olmağa layiqdir.
Natiq
daha sonra üzünü tələbə-gənclərə
tutub tövsiyə etdi ki, bütün həyatı və fəaliyyəti
yüksək amallar naminə mübarizədə keçən
bu iki şəxsiyyətin ailə həyatından daha
çox azərbaycanlı gənclər nümunə
götürməlidirlər. Son illər cəmiyyətimizdə
gedən sosial aşınmalar göstərir
ki, məhz bu nümunəyə
böyük ehtiyac var və həmişə də olacaq. Çünki bu ailəmin təməlində pak sevgi, təmənnasız,
qarşılıqlı məhəbbət və ən
başlıcası, sədaqət var.
Zərifə
xanımın peşəsinə, həkim kimi insanlara
münasibətinə gəldikdə isə, məncə onun
“Yüksək əqidə” adlı əsəri ilə
tanış olmaq kifayətdir ki, onun bu keyfiyyətləri
haqqında insanda dolğun təsəvvür yaransın. Az qala hər fikrində həkimin
bu dünyada yüksək
xeyirxahlıq missiyası daşıdığını
göstərərək yazır: “Vicdan bizim əsas hakimimizdir.
Çətin dəqiqələrdə də, xoşbəxt saatlarda da onunla
baş-başa qalanda o, soruşur: Ağ xalat geyməyə
haqqın varmı? Sənin əllərin xəstəlikdən
əziyyət çəkənə yalnız biliyini
deyil, həm də qəlbinin həyəcanını,
ürəyinin yanğısını çatdıra bildimi?.. Yaxşı həkim həmişə
xəstə ilə birlikdə həyəcan keçirir,
xəstənin ağrısını şəxsi
ağrısı hesab edir.
Əgər sağlamlığını itirən şəxs
yenidən ona qovuşursa,
demək, həkim də yenidən həyata qayıdır, doğulur. Bizim sənətimizin
mənəvi təməli də elə bundadır. Həkim peşəsi
mücahidlikdir. O, əsl fədakarlıq,
geniş ürək və təmiz niyyət
tələb edir”. Zərifə xanım sevib seçdiyi, ömrünü həsr etdiyi
sənəti ilə ilk növbədə özünün bu amallara sadiq
qaldığını fəaliyyəti ilə sübut
etdi. Sevgi yolunda olduğu kimi, peşəsi yolunda da mücahidə çevrildi.
Zərifə xanım eyni zamanda, ilahinın sevgisindən pay almış
bir ANA idi. Professor
N.Şulpina həmkarının əsl
qadın keyfiyyətlərinin vurğunu kimi onu belə təsəvvür
edirdi: “...Təbiət ona
qeyri-adi qadın cazibədarlığı
bəxş etmişdi. Onun
görkəmi, qalın saçları, sifətinin qövsvari cizgisi,
açıq alnı, insanın qəlbini riqqətə gətirən
qara gözləri heyranlıq doğurmaya bilməzdi. Zərifə Əziz
qızının bütün
varlığı hərəkətlərindən və üzünün mimikasından oxunurdu.
Mən onu heç zaman əsəbi, qəzəbli görməmişəm.
O, həmişə gülərüz, xeyirxah
idi. Zərifə xanımın əlləri
xüsusilə insanı valeh edirdi. Bu balaca
qadın-cərrah əlləri sanki təmasda
olduğu hər şeyə istilik verirdi, eyni zamanda, bu
əllərdə ailə qayğılarının, qadın əməyinin
izlərini də sezmək mümkün idi. Belə ki, Zərifə
xanım yüksək təbəqəyə mənsub olsa da ev
işlərindən boyun
qaçırmazdı”.
Bəli,
xalqa ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin
layiqli davamçısı, Prezident İlham Əliyev kimi bir
oğul verdi bu ana.
Yazıçı
Hüseynbala Mirələmov çıxışını
yekunlaşdırakən dedi:
-Sənədli
filmlərdən, xatirələrdən bilirik ki, polad iradəli
insan, mətin və qüdrətli bir şəxsiyyət olan
Heydər Əliyev yalnız onunla, Zərifə xanımla son
vida mərasimində hönkür-hönkür ağlayıb
göz yaşı tökdü. Mən həmişə
ekrandan bu ürək dağlayan səhnəni seyr
edəndə düşünürəm ki,
ilahi, böyük sevgi gör nələrə
qadir imiş. Bu əzəmətli, nəhəng insan Zərifəsindən sonra
belə düz 18 il ömrünün ilk və
son məhəbbətinin nisgilini yaşadı, kövrəldi və
kövrəltdi.
Mən
zərrə qədər də şübhə etmirəm ki,
kimsənin dərdinə, kədərinə biganə qalmayan,
dara düşənə dayaq, yıxılana söykək
olan, ürəyində və əməllərində
işıqlı amallar, nəcib duyğular yaşadan və ləyaqətli
bir ömür yaşayan Zərifə xanımın parlaq xatirəsi
qədirbilən xalqımızın qəlbində əbədi
yaşayacaq.
Bununla
da Sumqayıt Dövlət Universitetində görkəmli
oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 90
illik yubileyinə həsr olunmuş elmi - praktik konfrans işini
başa çatdırdı.
İlqar RÜSTƏMOV
Xalq qəzeti.- 2013.- 20 aprel.- S. 5.