Azərbaycan gəncliyi
dövlətimizin daha da
qüdrətlənməsinə xüsusi
töhfələr verir
Bakıda
keçirilən “Cənubi Qafqaz və Mərkəzi
Asiya: 2020-ci ilə baxış”
adlı beynəlxalq forum bunu
bir daha təsdiq etdi
Ulu öndər Heydər Əliyev respublikamıza birinci dəfə rəhbərlik etdiyi illərdə olduğu kimi, 1993-cü ilin yayındakı möhtəşəm qayıdışından sonra da gənclərlə iş məsələsini dövlətin əsas siyasətinin mühüm tərkib hissələrindən biri kimi qəbul edirdi.
Təsadüfi
deyildi ki, hələ ötən əsrin 70-ci illərində
Azərbaycan gəncliyinin irili-xırdalı bütün
problemlərinin həll edilməsi istiqamətində
çoxsaylı tədbirlər
reallaşdırılmışdı. Xüsusən
milli kadrlar ordusunun yetişdirilməsi məqsədiylə
o zamankı müttəfiq
respublikaların əksəriyyəti üçün əlçatmaz olan layihələrə imza
atılırdı. Azərbaycan gəncliyi xoşbəxtdir ki, tarixi 15 İyun
Qurtuluşundan sonra da ölkəmizdə bu tendensiya özünəməxsus templə davam etdirildi. Ümummilli liderimizin
bilavasitə Ali Sovet sədri
seçildiyi gün –
iyunun 15-də, axşamdan
xeyli keçmiş
ölkənin gənclər təşkilatlarının
nümayəndələri ilə görüşməsi sübut edirdi ki, o böyük
tarixi şəxsiyyət problemlər məngənəsində
sıxılan Azərbaycanı ağ
günə çıxarmaq üçün
yaşlı nəslin təcrübə və biliyindən
istifadə etməklə yanaşı, gəncliyin tükənməz
enerjisindən də yetərincə bəhrələnmək
fikrindədir. Təsadüfi deyil ki, politoloq və ekspertlər
həmin görüşü Azərbaycan
gəncliyinin yolunda yandırılan
yaşıl işıq kimi qiymətləndirirlər.
Bu işıq 2003-cü ilin
oktyabrından sonra daha
möhtəşəm bir xarakter
aldı və bizim gənc nəslin
qarşısında qaranlıq sayılacaq heç
bir məqam qalmadı. Prezident
İlham Əliyev 1997-ci ildən – Milli Olimpiya Komitəsinin prezidenti kimi fəaliyyət
göstərməyə başladığı gündən
yaxın dostluq və əməkdaşlıq
etdiyi Azərbaycan gəncliyinin daha böyük uğur və nailiyyətlərə imza atması üçün
lazım olan bütün
addımları atdı. Cəmiyyət həyatının elə
bir sahəsi qalmadı ki,
orada gənclərin fəallığı
nümayiş etdirilməsin. Xüsusən gənclərin təşkilatlanması,
bu sahədə fəaliyyət göstərən
qeyri-hökumət təşkilatlarının
yaradılması, Azərbaycan gəncliyinin beynəlxalq aləmə
inteqrasiyasının sürətləndirilməsi istiqamətində
böyük uğurlarla
nəticələnmiş addımlar atıldı. İlham Əliyev bu
prosesdə bizim gənclərimizin türkdilli ölkələrin gəncləri,
xüsusən, Türkiyə gəncləri ilə daha sıx təmasda ictimai-siyasi,
elmi-mədəni fəaliyyət göstərməsini
tövsiyə edirdi. Bununla yanaşı, ən böyük Azərbaycan diasporunun
fəaliyyət göstərdiyi Rusiya
Federasiyasında yaşayan gənc
soydaşlarımızın bir araya gətirilməsi də mühüm
vəzifə kimi qarşıya qoyulurdu.Bu baxımdan hazırda Azərbaycanın
hüdudlarından kənarda olan
Rusiyanın Azərbaycanlı Gənclər Birliyi bizim ən fəal gənclər
təşkilatımız kimi
tanınır. RAGB-nin bu
fəallığı aprelin 7-də
Bakıda keçirilən beynəlxalq tədbirdə özünü daha
aydın şəkildə göstərdi. Xatırladaq ki, aprelin 7-də Bakıda
Dünya İqtisadi Forumunun (Davos Forumu) Qlobal Gənclər Birliyinin “Cənubi Qafqaz və
Mərkəzi Asiya: 2020-ci ilə
baxış” mövzusunda beynəlxalq forumu keçirilmişdir.
Yuxarıda qeyd etdiyimiz kimi,Heydər Əliyev Fondunun
vitse-prezidenti, Rusiyanın Azərbaycanlı
Gənclər Birliyinin sədri Leyla xanım Əliyeva öz
çıxışında Cənubi Qafqaz
və Mərkəzi Asiyanın dünyanın zəngin təbii
ehtiyatlarını, habelə infrastrukturun qeyri-adi yüksəlişini və texniki inkişafı özündə birləşdirən
regionlardan biri olduğunu vurğulayaraq demişdir ki, bu və digər amillərin sayəsində dünya bizim regionda ilk neft
bumlarından birinin şahidi
olmuşdur. Bu region siyasi təfəkkür
və dövlətçilik ənənələri, incəsənətin,
mədəniyyətin və elmin tərəqqisi
ilə bəşər tarixinin bir hissəsinə çevrilmişdir.
Eyni zamanda, şairlərimizin
və filosoflarımızın əsərləri bütün dünyada milyonlarla insanın qəlbini və zəkasını
fəth etmişdir.
Heydər
Əliyev Fondunun vitse-prezidenti bəzi problemlərin qlobal səviyyədə
həll olunması zərurətini yada salaraq qeyd etmişdir
ki, onların həlli üçün ümumi dəyərlər
işlənib hazırlanmalıdır. Qlobal
problemlərin müvəffəqiyyətlə həllinə dəstək
göstərəcək münasibətlər modelini
belə dəyərlər olmadan yaratmaq mümkün deyildir. Biz inanırıq ki, sərhədləri aşıb keçən
məsələlərin həlli üçün
əməkdaşlıq siyasəti lazımdır. Məhz belə
siyasət müxtəlif region və mədəniyyətlərin
maraqlarını müvafiq şəkildə
nəzərə alıb milli
iqtisadiyyatların inkişafını əlaqələndirə
bilər.
Rusiyanın
Azərbaycanlı Gənclər Birliyinin sədri forum iştirakçılarının
və dünya ictimaiyyətinin diqqətinə
çatdırmışdır ki, bu gün beynəlxalq aləmdə
istənilən uğura imza atmaq üçün gənclər
çox mühüm intellektual, mədəni və peşəkar
potensialdır. Dünya dövlətlərinin
taleyi gənclərin həyatının və
inkişafının keyfiyyətindən asılıdır. Natiq qeyd etmişdir ki, Azərbaycan dövlətinin gənclər
siyasəti cəmiyyətin bu zümrəsinin
hərtərəfli inkişafını təmin etməsi ilə
yanaşı, həm də dövlətin qüdrətləndirilməsində
gənclərin gücündən maksimum
istifadə olunur.
Forumda Azərbaycan gəncliyini təmsil
edən Leyla xanım Əliyeva bizim gənclərin cəmiyyət
həyatının bütün sahələrində fəallıq
nümayiş etdirdiyini xatırladaraq qeyd etmişdir ki, biz beynəlxalq
aləmdə hamının probleminə çevrilmiş
ekoloji tarazlığın bərpa olunmasına töhfə
vermək məqsədiylə ərsəyə gətirdiyimiz
“Yaşıl Azərbaycan” proqramını başa
çatdırdıq. Bu proqram çərçivəsində ölkənin
müxtəlif bölgələrindən 8 mindən çox məktəbli ətraf mühitin mühafizəsinə dair fakültativ məşğələlərdə
iştirak etmişdir.
Bundan əlavə, məhz IDEA Kampaniyasının
təşəbbüsü ilə ətraf mühitin
mühafizəsi üzrə dərslər 2013-cü ilin sentyabrından Azərbaycan məktəblərinin
tədris proqramına daxil ediləcəkdir.
Həmçinin, bu yaz
Litva, Rusiya, Böyük Britaniya, İtaliya və Qırğızıstandan olan həmkarlarımızla birlikdə
köçəri quşlar üçün yuvalar
quracağıq.
Lakin biz təkcə təhsil proqramları ilə kifayətlənmirik. Biz fəaliyyətimizin miqyasını genişləndirmək üçün müxtəlif yolların axtarışındayıq. Məsələn, hazırda Azərbaycanın hüdudlarından kənarda ən fəal gənclər təşkilatı olan Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) geniş şəkildə çoxsaylı humanitar və mədəni layihələr, habelə ətraf mühitin mühafizəsinə yönəlmiş layihələr həyata keçirir. Bütövlükdə RAGB-ın fəaliyyətinin miqyası Rusiyada gənclərin həyatının bütün sahələrini əhatə edir ki, bu da qurumdan əməkdaşlığı genişləndirmək məkanı kimi istifadə etməyə imkan verən müsbət amildir.
Təbii ki, istənilən forum,
simpozium və ya konfrans özünün əsas məramı
ilə parallel olaraq tədbir iştirakçılarına və
dünya ictimaiyyətinə yeni imkanlar açılması
baxımından da yüksək qiymətləndirilir. Adı
çəkilən foruma bu
prizmadan yanaşan Leyla xanım Əliyeva forumun
təşkilatçılarına müraciətlə demişdir ki, ideya və planlarımızı sizə
çatdırmaq imkanının verilməsinə görə bir daha minnətdarlığımı
bildirmək istəyirəm. Mən gələcəyə
nikbinliklə baxıram. Əminəm ki, siyasi, iqtisadi, ekoloji və mədəni mübadilə bizim nəslin nümayəndələrinə
bəşəriyyətin ümumi
idealları naminə gələcəyin təhdidlərini aradan qaldırmaq və sülhü
qoruyub saxlamaq
imkanı verəcəkdir.
Beləliklə, aprelin birinci ongünlüyündə Bakıda keçirilən möhtəşəm beynəlxalq forum və forum çərçivəsində reallaşdırılan mühüm layihələr dünyaya Azərbaycan həqiqətlərinin növbəti dəfə, olduğu kimi çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb etdi. Eyni zamanda, bu tədbirlər silsiləsi bir daha sübut etdi ki, bugünkü Azərbaycan gəncliyi təkcə özünü və ya öz dövlətini düşünmür, həm də bütövlükdə dünyanın problemlərinin həllinə özünün qətiyyətli töhfələrini verməkdə davam edir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2013.- 20 aprel.- S. 5.