Azərbaycan London Beynəlxalq Kitab Sərgisində iştirak etmişdir

 

Londonda növbəti beynəlxalq kitab sərgisi keçirilir. 1971-ci ildən başlayaraq mütəmadi şəkildə hər il təşkil olunan, 40 ildən çox müddətdə uğurla fəaliyyət göstərən sərgidə Avropanın ən böyük ölkələrinin dövlət və özəl nəşriyyatları ilə yanaşı, Amerika, Kanada, Yaponiya, Çin, Koreya, Səudiyyə Ərəbistanı, Hindistan, Türkiyə və s. ölkələrdən 500-ə yaxın təşkilat iştirak edir.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilk dəfə 2009-cu ildə London Beynəlxalq Kitab Sərgisinə qatılmışdır. London sərgisində Azərbaycanın kitabları, mədəniyyəti, Qarabağla bağlı həqiqətləri, dövlətçiliyi, tarixi böyük maraq doğurmuş, 2009, 2010, 2011 və 2012-ci illərdəki sərgidə stendimiz çox sayda insan tərəfindən ziyarət olunmuşdur. Hər sahədə dünyanın mühüm paytaxtlarından olan Londonda keçirilən sərgidə iştirak zəngin milli mədəniyyətimizin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təbliğ olunması, ümumən ölkəmizdə aparılan geniş miqyaslı quruculuq işlərinin dünyaya çatdırılması üçün mühüm vasitədir. Bu il London Kitab Sərgisində ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin Nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu və həmin şöbənin baş məsləhətçisi Aslan Cəfərov təmsil edir. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yaymışdır. Milli ekspozisiyamızı təşkil etmək məqsədilə sərgidə 24 kv.m-lik sahədə stend avadanlıqları quraşdırılmışdır ki, burada ölkəmizin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, turizm imkanlarına, Qarabağa və s. aid 115 adda 200 nüsxədən çox kitab və reklam çap məhsulları nümayiş olunmuşdur.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2013.- 20 aprel.- S. 6.