HEYDƏR ƏLİYEV
müstəqil Azərbaycanda hüquqi-demokratik
dövlətin yaradıcısıdır
Müasir Azərbaycan tarixi dedikdə öncə gözümüz
önündə ulu öndər, bütün varlığı ilə
xalqına bağlanmış Heydər Əliyevin siması
canlanır. O, özünün dediyi kimi, azərbaycanlı
olması ilə daim fəxr etmiş, ən yüksək kürsülərdə
belə bu məhəbbəti etiraf etmişdir: - “Mən
həmişə fəxr etmişəm, bu
gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.
Ümummilli
lider Heydər Əliyev dünya tarixində ən ziddiyyətli
yüzilliklərdən biri olan iyirminci əsrdə müasir
Azərbaycanın qurucusu zirvəsinə yüksəlmişdir.
40 ildən artıq olan bir dövrdə xalqımızın
taleyi Heydər Əliyev şəxsiyyəti ilə, onun
quruculuq fəaliyyəti və ölkənin tərəqqisi
naminə mübarizəsi ilə bağlıdır. Heydər Əliyev
Azərbaycan torpağının xalqımıza bəxş
etdiyi ən böyük tarixi
şəxsiyyətdir. O, sovet dövründə Azərbaycanın
tarixi inkişaf prosesinə təkan vermiş, müstəqil
Azərbaycan dövlətinin memarı kimi dövlətçiliyimizin
əsaslarını yaratmışdır.
Ulu
öndər Heydər Əliyev təkrarolunmaz, özünəməxsus
keyfiyyətlərə malik müstəsna bir dahidir. Azərbaycan
tarixinin önəmli bir dövrü - XX əsrin ikinci
yarısı — XXI əsrin başlanğıcı onun adı
ilə bağlıdır. Xalqın bütün maddi və mənəvi
həyat sferasına onun gətirdiyi zənginliklər
ölçüyə gəlməzdir. Bu dahi insanın taleyi
xalqın taleyi, Azərbaycanın taleyi Heydər Əliyevin
taleyi idi. O, xalqın ayrılmaz hissəsi olan əbədi
şəxsiyyət idi. Millətin dərdi, ağrısı
onun dərdi, xoşbəxtliyi onun xoşbəxtliyi idi.
Heydər
Əliyev müdrikcəsinə öz xalqının dilini,
tarixini, mədəniyyətini dünyaya tanıtdırdı.
O, bilirdi ki, dil də, tarix də, mədəniyyət də
millətsiz mövcud ola bilməz. Hər hansı bir milləti
yer üzündən izsiz olaraq silmək üçün onun
dilini, mədəniyyətini, tarixini əlindən almaq kifayətdir.
Həyata keçirdiyi tədbirlərdə böyük
öndər bu həqiqətə sadiq qalmış və milli
varlığımızı ucaltmağa
çalışmışdır. Bu uzaqgörənliyi ilə
dahi şəxsiyyət hələ SSRİ tərkibində
olan Azərbaycanın 1978-ci ildə qəbul olunan
Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit
olunmasına nail olmuşdur. Bu, Heydər Əliyevin milli dəyərlərimizə
dərin bağlılığının, əsl vətəndaş
qətiyyətinin parlaq təzahürüdür.
Heydər
Əliyevin hələ sovet Azərbaycanına rəhbərliyi
dövründə həyata keçirdiyi çoxşaxəli
fəaliyyəti xalqımızda milli qürur və mənlik
şüurunun formalaşmasına, azadlıq, müstəqillik
duyğularının baş qaldırmasına gətirib
çıxarmışdır. Taleyinə Tanrı tərəfindən
yalnız qurmaq və yaratmaq missiyası yazılmış bu
böyük insan Azərbaycana rəhbərliyinin ilk günlərindən
köklü dəyişikliklərə təşəbbüs
göstərdi. Bunun üçün müasir tələblərə
cavab verən yeni kadrların hazırlanması işinə
önəm verdi. O, kadrları xalqın qızıl fondu sayırdı.
Azərbaycan
dövlət müstəqilliyi əldə etdikdən az sonra
siyasi böhran yarananda xalqın tələbi ilə
xilaskarlıq missiyasını öz üzərinə
götürən Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi,
dəmir iradəsi sayəsində ölkəmiz bir çox bəlalardan
xilas oldu. Vətəndaş müharibəsinin
qarşısı alındı, ayrı-ayrı siyasi qüvvələrə
və şəxslərə tabe olan silahlı birləşmələr
ləğv edildi, vahid komandanlığa tabe olan ordu
yaradıldı.
Ümummilli
lider Heydər Əliyevin müstəqil dövlət
quruculuğu işində ilk ciddi addımlarından biri “Cinayətkarlığa
qarşı mübarizənin gücləndirilməsi,
qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi
tədbirləri haqqında” 9 avqust 1994-cü il tarixli fərmanı
idi. Həmin fərman müstəqil dövlət
quruluşunun mühafizəsində, insan hüquq və
azadlıqlarının qəsdlərdən qorunmasında,
cinayətkarlığa qarşı mübarizədə və
qanunçuluğun möhkəmləndirilməsində əsaslı
dönüş yaratdı.
Azərbaycan
Respublikasının 1969-cu ildən başlayan yeni tarixi,
müstəqil dövlət kimi ölkəmizin və
xalqımızın taleyi, ölkə həyatında əldə
edilmiş nailiyyətlər yalnız və yalnız dahi şəxsiyyət
Heydər Əliyevin adı və müdrik dövlətçilik
siyasəti ilə bağlı olmuşdur. “Azərbaycan tarixinin
Heydər Əliyev dövrü” kimi qiymətləndirilən
bu zaman kəsiyində ulu öndər tərəfindən
görülən böyük işlərin, onun həyata
keçirdiyi xilaskarlıq və quruculuq missiyasının məntiqi
nəticəsidir ki, bu gün xalqımız müstəqil,
demokratik və hüquqi dövlətdə yaşamaq imkanı
əldə etmişdir. Ölkə öz xoşbəxt gələcəyini
təmin etmək üçün bütün təminatlara, ən
başlıcası siyasi və iqtisadi müstəqilliyə
nail olmuşdur.
Prezident
Heydər Əliyevin rəhbərliyi altında həyata
keçirilən müdrik dövlətçilik siyasəti nəticəsində
Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət
quruculuğu yolunda böyük işlər
görülmüşdür. Ötən illərdə milli
dövlətçilik ənənələrinə və beynəlxalq
standartlara uyğun köklü hüquq islahatları
aparılmışdır. Memarı Heydər Əliyev olan
müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul
edilməsi, çoxpartiyalılıq prinsipi əsasında
demokratik prezident, parlament və bələdiyyə seçkiləri
təcrübəsinin formalaşması tarixi gerçəkliyə
çevrilmişdir. Plüralizm, söz və mətbuat
azadlığı, siyasi partiyaların və ictimai təşkilatların
fəaliyyəti üçün qanunvericilik təminatı
olan əlverişli şəraitin yaradılması, demokratik
dövlət quruculuğu yolunda atılan mühüm
addımlar vətəndaş cəmiyyətinin
formalaşması ilə nəticələnmişdir.
Ulu
öndər Heydər Əliyevin bir siyasətçi kimi bənzərsizliyi
ondan ibarətdir ki, Azərbaycanın çiçəklənməsi
yollarını hamıdan yaxşı bilirdi. O, bilirdi ki,
dünya təcrübəsinin öyrənilməsi və tətbiqi
yalnız o vaxt bəhrə verə bilər ki, inkişafın
Azərbaycan yolu tapılmış olsun. Heydər Əliyev
respublikamızda quruculuq tədbirlərinə neft
strategiyasının yaradılması və həyata
keçirilməsi ilə başladı. Yeni neft strategiyası
respublikamızdakı indiki iqtisadi inkişafın təməlidir.
Dünyada analoqu olmayan “Əsrin müqaviləsi”ndən sonra
19 ölkənin 41 şirkətini əhatə edən 26 neft müqaviləsi
ərsəyə gəldi.
Düzgün
işlənmiş və müvəffəqiyyətlə həyata
keçirilən neft strategiyası, Heydər Əliyevin
respublikamıza rəhbərlik etdiyi vaxtdan başlayaraq bərqərar
olmuş iqtisadi-sosial və siyasi sabitlik bu ölkələrin Azərbaycana marağını
artırmış, xarici investisiyaların güclü
axınına şərait yaratmışdır. Əmək
qabiliyyətli əhalinin üçdə birini özündə
birləşdirən aqrar sahədə islahatların
mühüm əhəmiyyətini yetərincə qiymətləndirən
dahi siyasətçi bu sfera ilə bağlı da zəruri
addımlar atmışdır.
Heydər
Əliyev Azərbaycan xalqının malik olduğu
potensialı, qabiliyyəti, ali şüuru, milli təfəkkürü ən
yüksək səviyyədə təcəssüm
etdirmişdir. Xalqımız əsrlər boyu
qazandığı nailiyyətləri, ali keyfiyyətləri Heydər Əliyev epoxasında təkmilləşdirmiş
və millət kimi mövcudluğunu, dövlət qurmaq
haqqını, özünü idarə etmək
bacarığını dünyaya nümayiş etdirmişdir.
Dünya ədəbiyyatının korifeyi böyük
qırğız yazıçısı Çingiz
Aytmatov Heydər Əliyevi
tarixi, həm də əfsanəvi şəxsiyyət
adlandırırdı. Heydər Əliyev çağdaş
dünyanın siyasi tarixində öz izini qoymuş,
adını əbədi olaraq tarixə həkk etmiş
böyük şəxsiyyətdir.
Qədim
yunan filosofları o kəsləri dahi hesab edirdilər ki, onlar
heç kəsin bacarmadığı işi görə
bilsinlər. Heydər Əliyev məhz belə dahilərdən
idi.
Heydər
Əliyev Azərbaycanın adını bir dövlət kimi
dünya tarixinə böyük hərflərlə və birdəfəlik
yazdı. Heydər Əliyevin qeyri-adi istedadı, dərin zəkası,
fenomenal qabiliyyəti, unikal dövlətçilik məharəti
dünya nəhəngləri arasında onun yerini müəyyənləşdirirdi.
Heydər Əliyev tarixi yaradan şəxsiyyət idi. O, zamanla
ayaqlaşan, bəzən də onu qabaqlayan siyasətçilər
cərgəsində idi.
Ulu
Yaradan ümummilli lider Heydər Əliyevə çox şey
vermişdi: fenomen yaddaş, dərin təhlil qabiliyyəti, vətəninə
bağlılıq, sadəlik, dözüm, səlis nitq, hətta
yaraşıqlı qamət və tarix yaratmaq
bacarığı. Bu gün hər
bir azərbaycanlı fəxr edir ki, məhz o, Heydər Əliyevin
qurduğu müstəqil Azərbaycanın vətəndaşıdır,
onun bütün varlığı ilə sevdiyi bir xalqın
övladıdır.
Müstəqil
Azərbaycanın Prokurorluğu mövcudluğuna,
inkişafına, formalaşıb təşəkkül
tapmasına, dövlət hakimiyyəti orqanlarında
mövqeyinə görə Prezident Heydər Əliyevə minnətdar
olmalıdır. Cinayətkarlığa qarşı mübarizə,
hüquq qaydalarının möhkəmlənməsi, insan və
vətəndaş hüquq və azadlıqlarının
qorunması sahəsində
prokurorluq
orqanlarının əldə etdiyi bütün
uğurlar Heydər Əliyev zəkasının məhsuludur.
Ulu öndər xalqımızın əldə etdiyi tarixi
nailiyyətlərə üstünlük verərək, Azərbaycan
Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr
1918-ci il qərarı ilə Bakı Dairə Məhkəməsi
tərkibində prokurorluq orqanının fəaliyyətə
başlanmasını əsas götürərək hər il
oktyabrın 1-nin Azərbaycan Respublikası Prokurorluğu
işçiləri günü kimi qeyd olunması barədə
17 iyul 1998-ci ildə sərəncam imzalamışdır.
Həmin
gün hər bir prokurorluq işçisi fərəh duyur ki,
onlar Heydər Əliyev kimi memarı olan gözəl bir
ölkədə çalışır. Bütün
bacarığı və işgüzarlığını
xalqının daha layiqli təmsil olunmasına, qanunların
qorunmasına xidmət edir.
Müstəqilliyimizin
əbədiliyini və dönməzliyini təmin etmək
üçün ulu öndər yeni, dünyəvi qanunlar
yaradılması, dövlətimizin daxili və xarici siyasətinin
inkişaf istiqamətlərinin nizamlanması, dünyəvi
normalara cavab verən qanuni islahatların aparılması
üçün baza yaratmışdır. Onun rəhbərliyi
ilə “Məhkəmələr və hakimlər haqqında”,
“Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə
haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti
haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti
haqqında” və sair qanunlar qəbul edilmişdir. Ölkəmizdə
demokratiyanın yaradıcısı olan Heydər Əliyevin
apardığı hüquqi islahatlar nəticəsində Azərbaycanda
ədalətli prezident, parlament, bələdiyyə seçkiləri
keçirilmişdir. Ölkədə demokratik seçki qanunları qəbul
olunmuş, ölüm hökmü ləğv olunmuş, vətəndaşların
Konstitusiya Məhkəməsinə müraciət etmək
hüququ təmin olunmuşdur.
Prokurorluq
orqanlarının dövlət hakimiyyətinin bir qolu olan məhkəmə
hakimiyyəti sisteminə daxil edilməsi, əsas qanunda əlavə
və dəyişikliklər aparılaraq Baş Prokurorluğa
qanunvericilik təşəbbüsü hüququ verilməsi
Heydər Əliyev zəkasının nümunəsidir. Azərbaycan
Prokurorluğu dövlətə və xalqa sədaqət rəmzidir.
Bütün düşüncəsini və elmini
xalqının güzəranının
yaxşılaşmasına həsr edən Heydər Əliyevin
prokurorluq orqanlarına inanması, güvənməsi sahə
işçilərini daha məsuliyyətlə işləməyə
sövq etmişdir. Ölkəni və xalqı məhvə
aparan qüvvələrin üzə çıxarılaraq
cinayət məsuliyyətinə alınmasında, mütəşəkkil
cinayətkar dəstələrin vaxtında ləğv edilməsində
və bu sistemin xüsusi xidmətləri olmuşdur.
Heydər
Əliyev dühasından qüdrət alan Azərbaycan
Respublikası beynəlxalq təşkilatlarda nüfuz, hörmət
qazandıqca, diqqətəlayiq məsələlərin həllində
konkret təkliflərlə çıxış etdikcə
qarşılıqlı hüquqi yardımlar barədə daha
çox müqavilə və sazişlər
bağlanmış, prokurorluq orqanlarının xarici əlaqələri
genişlənmişdir. Azərbaycan Respublikası
Prokurorluğunun ulu öndərin tövsiyəsi ilə Beynəlxalq
Prokurorlar Assosiasiyasına üzv seçilməsi ölkəmizdə
beynəlxalq hüquq normalarının düzgün tətbiq
edilməsində mühüm rol oynamışdır. Azərbaycan
prokurorluğunun demokratik, hüquqi, dünyəvi dövlət
quruculuğunda mühüm rol oynayan bir dövlət orqanı
kimi beynəlxalq aləmdə tanınması da ulu öndərin
adı ilə bağlıdır.
Prokurorluq
işçilərinin həyatında ən əlamətdar
günlərdən biri də 2000-ci ilin aprelində
keçirilmiş görüşdə ulu öndərimizin
çıxışı olmuşdur. O, prokurorluq əməkdaşlarına
yüksək münasibət bildirərək qeyd etmişdir:
“Mən prokurorluqda işləyən insanların əksəriyyətini
sədaqətli və peşəkar işçi hesab edirəm.
Təbii ki, belə adamlara etimad göstərmək, etibar etmək
lazımdır”.
Hər
yerdə kadrların aparıcı rolunu qeyd edən ulu öndər
prokurorluq sistemində də kadrların işə
götürülməsində demokratik üsulun həyata
keçirilməsi üçün “Prokurorluqda işə qəbul
olunmaq üçün namizədlərlə müsabiqə
keçirilməsi haqqında” 19 iyul 2001-ci ildə fərman
imzaladı. Yeni Əsasnamənin tələblərinə
uyğun olaraq 2002-ci ildən başlayaraq prokurorluq
orqanlarında kadr korpusunun komplektləşdirilməsinin ən
demokratik və mütərəqqi vasitəsi kimi qulluğa qəbulun
yeni qaydaları tətbiqi olundu. İşə qəbulun TQDK
ilə birlikdə tam aşkarlıq şəraitində, şəffaf
keçirilməsi kadrların seçilməsində
xüsusi rol oynayır.
Ulu
öndərin diqqət və qayğısı ilə
prokurorluq orqanlarında sağlam iqlim yaradılmış,
prokurorluq əməkdaşları mənəvi cəhətdən
daha da sağlamlaşdırılmışdır. “Azərbaycan
Respublikası Prokurorluq orqanlarında işləyən
işçilərin maddi və sosial təminatı
haqqında” 8 oktyabr 2002-ci il tarixli sərəncamı ulu
öndərin prokurorluq işçilərinə atalıq
qayğısının bariz təzahürü olmuşdur.
Azərbaycanda
hüquqi dövlətin banisi, ulu öndər Heydər Əliyevin
müəyyən etdiyi strateji xəttin onun siyasi kursunun layiqli
davamçısı Prezident İlham Əliyev tərəfindən
müasir dövrün yeni keyfiyyət tələblərinə
uyğun səviyyədə uğurla həyata keçirilməsi
nəticəsində ölkəmiz misli görünməyən
sürətli inkişaf dinamikası əldə edərək
regionun lider dövlətinə çevrilmişdir. Bu yüksək
inkişafa və böyük uğurlara ulu öndərin
hazırladığı, sosial-iqtisadi və ictimai-siyasi həyatın
bütün sahələrini əhatə edən demokratik və
köklü islahatlar zəmin yaratmışdır.
Zaman
keçdikcə, ümummilli lider Heydər Əliyevin
gördüyü işlərin möhtəşəmliyi, həyata
keçirdiyi qətiyyətli siyasi tədbirlərinin əhəmiyyəti
daha aydın görünür. Xalqımız Heydər Əliyevin
xatirəsinin əbədiləşdirilməsi, onun gələcəyə
istiqamətləndirilmiş tövsiyələrinin həyata
keçirilməsi üçün bütün zəruri
işləri görür və ümummilli liderinə dərin
hörmətini nümayiş etdirir və Heydər Əliyev
ideyalarına sonsuz sədaqət göstərir.
Dağlar ZEYNALOV,
Sumqayıt şəhər
prokuroru,
baş ədliyyə müşaviri
Xalq qəzeti.- 2013.- 21 aprel.- S. 4.