Tarix elmimizin böyük himayədarı
Heydər Əliyev görkəmli
siyasi xadim və
dövlət xadimi olmaqla
yanaşı, həm də tarix, fəlsəfə,
ədəbiyyat və incəsənətin çox
gözəl və dərindən bilicisi,
vətən elminin, mədəniyyətinin
hərtərəfli himayədarı idi.
Ensiklopedik biliyə, güclü iradəyə
və milli ruha, dərin
fəlsəfi düşüncə tərzinə və
möhkəm tarixi yaddaşa
malik olan bu dahi şəxsiyyətin
bütün fəaliyyəti doğma və sevimli
xalqına sədaqətlə xidmətin parlaq
təcəssümüdür.
Heydər
Əliyev müdrikliyindən, taleyin ona qismət etdiyi bilik və
qabiliyyətindən öz şəxsi məqsədləri
üçün deyil, millət və xalqı yolunda istifadə
etdi. Keçən yüzilliyin
son qərinəsindən başlayaraq
çağdaş günlərimizədək
Azərbaycanın bütün
uğurları, istər sosial-iqtisadi inkişaf, istərsə də təhsil, elm və mədəniyyətin tərəqqisi
böyük öndərin əsaslandırdığı
strategiyanın uğurla həyata
keçirilməsinin nəticəsidir. Xüsusilə
belə bir cəhəti vurğulamaq
vacibdir ki, onun layiqli varisi,
yeni əsrin yeni lideri, Prezident İlham Əliyevin böyük
təşkilatçılıq fəaliyyəti sayəsində
son 10 ildə respublikanın iqtisadi potensialı dəfələrlə
artmış, onun beynəlxalq imici yüksəlmişdir.
Azərbaycan
Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik
yubileyi haqqında” sərəncamda deyilir ki, ölkəmizdə
müasir, demokratik, hüquqi və dünyəvi dövlət
quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü,
milli-mənəvi dəyərlərə qayıdış və
elmin, təhsilin, mədəniyyətin inkişafı dahi Heydər
Əliyevin adı ilə bağlıdır.
Öz
yurdunun, doğma torpağının qızğın təəssübkeşi
olan böyük azərbaycanlı Heydər Əliyev vaxtilə
dövlət təhlükəsizlik orqanında işləməsinə
baxmayaraq ikinci ixtisas kimi tarixi seçmiş, Bakı Dövlət
Universitetinin tarix fakültəsini qırmızı diplomla
bitirmişdir. Belə bir
seçimin başlıca səbəbi
Heydər Əliyevin xalqımızın zəngin və qəhrəmanlıqla
dolu tarixinə boyük
sevgi bəsləməsi, onun
həyatında baş verən hadisələrin
incəliyə qədər hərtərəfli öyrənilməsinə
səy göstərməsi idi. Ulu öndər demişdir:
“Bizim xalqımızın böyük tarixi qəhrəmanlıq
səhifələri ilə dolu olan tarixi məlumdur. ...Əsrlər
boyu dəfələrlə xalqımız
yadelli qəsbkarla üzləşib,
qarşılaşıb və dəfələrlə
döyüşə qalxıb, torpaqlarımızı
müdafiə edib, öz
milli mənliyini qoruyub
saxlaya bilibdir”.
Zəngin
və dərin tarixi, fəlsəfi biliyə malik olan Heydər
Əliyev vətən tariximizin düzgün
araşdırılması və təbliğ olunmasına,
onun bütün səhifələrinin təhriflərdən təmizlənməsinə
böyük diqqət yetirmişdir. Azərbaycan tarix elminin
metodoloji əsaslarının müəyyənləşdirilməsi,
çox dəyərli ümumiləşdirmələr edilməsi
sahəsində onun xidmətləri misilsizdir.
Azərbaycan
alimləri və tarixçiləri ilə sıx əlaqə
saxlayan və görüşlər keçirən ulu öndər
çoxcildli “Azərbaycan tarixi”, “Azərbaycan şəhərlərinin
tarixi”, “Azərbaycan xanlıqlarının tarixi”, “Azərbaycan
xalqının hərbi tarixi” kimi fundamental əsərlərin,
habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin
həyat və fəaliyyətini işıqlandıran
monoqrafiyaların nəşr edilməsini qarşıya
qoymuşdu. Məmnunluq hissi
ilə qeyd etməliyik ki,
onun bu tövsiyəsi
uğurla həyata keçirilmişdir.
2012-ci ildə Prezident İlham
Əliyevin tarixçilərin bir qrupuna Dövlət Mükafatı Laureatı fəxri
adları verməsi də ümummilli liderə
bir daha ehtiram göstərilməsinin nümunəsidir.
Ulu
öndər hakimiyyətə gəldiyi 1969-cu ildə Azərbaycan
xalqının taleyində mühüm rol oynamış
görkəmli yazıçı, dövlət xadimi Nəriman
Nərimanovun anadan olmasının 100 illiyini geniş qeyd etmək
barədə sərəncam imzaladı. Bununla əlaqədar
“Pravda” qəzetində çap etdirdiyi məqaləsində
totalitar sovet rejimi şəraitində Nərimanovun haqsız
hücumlara məruz qalması, Azərbaycanın müstəqilliyinə
və ərazi bütövlüyünə qarşı, mərkəzin
antiazərbaycan siyasətinə qarşı cəsarətlə
mübarizə apardığını nəzərə
çatdırdı.
1970-ci
ildə N.Nərimanovun ev-muzeyinin açılması və ona
əzəmətli abidələrin ucaldılması, əsərlərinin
çap edilməsi və onun barəsində çoxsaylı
monoqrafiyaların nəşri sahəsində görülən
işlər ulu öndərin təkcə Nərimanova deyil, həm
də Azərbaycanın bir çox tarixi şəxsiyyətlərinə
bəslədiyi ehtiramın nəticəsidir.
Heydər Əliyevi Azərbaycan tarix elminin banisi və himayəçisi adlandıranlar tam haqlıdırlar. Onun bütün nitq və yazılarında tarix elminin ən aktual problemlərinin tədqiqi qarşıya qoyulurdu. O, dəfələrlə M.K.Atatürkün belə bir fikrinə diqqəti cəlb edirdi: Tarixi yazmaq onu yaratmaqdan daha çətindir. Tarix elm olmaqla heç bir təhrifə və ideyalaşdırmaya məruz qalmamalıdır.
Ulu
Tanrı Heydər Əliyevə fenomen bilik və möhkəm
yaddaş bəxş etmişdi. O, ən mötəbər
beynəlxalq konfranslarda və
toplantılarda heç bir
mətndən istifadə etmədən məzmunlu nitq söyləmək, dinləyiciləri
sehirləmək qabiliyyətinə malik
şəxsiyyət idi. Ulu öndər “tarix nəsillərin varisliyi,
onların bir-birini əvəz etməsi
deməkdir” konsepsiyasını əsas götürərək
çağdaş hadisələri
keçmişdə baş verənlərlə
əlaqələndirmək, düzgün
nəticələr çıxarmaq qabiliyyətinə malik idi.
Ulu
öndərin “Azərbaycan XXI əsrin və
üçüncü minilliyin ayrıcında” adlı xalqa
müraciəti tarix elminə böyük və qiymətli
töhfədir. Heydər Əliyev həmin müraciətində
Azərbaycanın qədim sivilizasiyanın mərkəzlərindən
biri olduğunu,
xalqımızın beş min ildən artıq dövlətçilik
tarixinə malik olmasını nəzərə
çatdırır. Həm də tarix və
müasirlik arasında sıx və
qırılmaz vəhdət olduğunu əsaslandırır.
Keçmişdə baş vermiş hadisələr heç
də tamamilə keçmişdə qalmayıb, müasir həyatın strukturuna
daxil olaraq onu istiqamətləndirir. Heydər Əliyev
vurğulayır: “Tarix heç
nəyi silmir”, “Tariximiz
bizim üçün
dərs olmalıdır”. Ulu öndər eyni zamanda tarixin
həm də çağdaş proseslərin
iştirakçısı kimi nəzərə
alınmasını tövsiyə edir. Ümummilli lider göstərir:
“Xalq gərək daim öz kökünü
xatırlasın, belə ki, indi atılan hər hansı bir
addım ölkənin inkişaf meyllərinə
zidd olarsa, uğur gətirə bilməz”.
Xalqımızın
tarixi keçmişinə, çağdaş dövrə
konseptual qiymət verən, zəngin mənəvi dəyərlərimizi
ümumiləşdirən, milli ideyaları təcəssüm
etdirən proqram səciyyəli həmin sənəd
tarixçilərimiz, habelə, bütün icimaiyyətşünas
alimlər qarşısında məsul vəzifələr
qoydu. Xalqın tarixini
dərindən bilən, onun ənənələrinə
ehtiramla yanaşan ulu öndərin həmvətənlərinə
həmişə “tariximizi, tarixi ənənələrimizi yaxşı
bilmədən, onlara hörmət etmədən
müstəqil dövlətimizi gələcəkdə qura bilmərik” tövsiyəsi xüsusi aktuallıq kəsb edir.
Bir daha yəqin edirsən
ki, tarixi ənənəyə
xor baxmaq işə ziyan vurur. Tarixi
şəxsiyyət və lider kimi bu ideyanın həyata
keçirilməsi üçün o, nəhəng işlər gördü.
42 il
öncə - 1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun, indiki N.Tusi adına Azərbaycan Dövlət
Pedoqoji Universitetinin 50 illik yubileyi münasibətilə təntənəli
yığıncaqda MK-nın birinci katibi kimi onun iştirak etməsi
və tarixi çıxışı professor-müəllim və
tələbələrin hafizəsində silinməz izlər
qoydu. Ulu öndərin göstərişi
ilə o vaxt dəbdə
olan siyahı üzrə
çıxışlara yol verilmədi. Cəmiyyəti
düşündürən təhsil, elm
məsələlərinin müzakirəsinə prioritet diqqət yetirildi.
Yığıncaqda
Azərbaycan tarixinin və Azərbaycan dilinin tədrisinə
xüsusi yer və diqqət yetirilməsinin zəruriliyi
vurğulandı. Misal gətirildi ki, Azərbaycan ərazisində
yerləşdirilən və uzun əsrlər
boyu vətən ərazisi və dövləti
olmayan ermənilərin tarixinə 150 saat ayrıldığı halda,
bizim respublikada Azərbaycan
tarixinə cəmi 40 saat verilmişdir.
Ali məktəblərdə vəziyyət
daha acınacaqlıdır, indiyə kimi Azərbaycan tarixi
kafedraları və dərsliklər mövcud
deyil, vətən tarixi
fakültətiv fənn kimi tədris edilir.
Heydər
Əliyev yığıncaqda proqram xarakterli nitq söyləyib,
elm, təhsil sahəsindəki nöqsanları təhlil etdi, vətən
tarixinin və Azərbaycan dilinin tədrisinə, dərsliklər
və proqramlar nəşr edilməsinə xüsusi diqqət
yetirməyi vacib saydı. Onun tapşırığı ilə
ali və orta məktəblərdə Azərbaycan tarixinin tədrisi
kökündən yaxşılaşdırıldı,
saatların miqdarı artırıldı, dərsliklər və
dərs vəsaitləri nəşr edilməyə
başlandı.
Heydər
Əliyevin yeni - XXI əsr münasibətilə
xalqımıza müraciətində, bir çox nitq və sərəncamlarında
Azərbaycan dövlətinin keçdiyi tarixi inkişaf yolunun
mərhələləri təhlil edilmiş, milli tarixi proseslərin
səciyyəvi xüsusiyyətləri
işıqlandırılmışdır. Akademik R.Mehdiyevin
redaktorluğu ilə nəşr edilən ulu öndərin
“Müstəqilliyimiz əbədidir” adlı çoxcildlik
monumental külliyyatı, habelə, digər əsərləri
Azərbaycan tarixinin öyrənilməsi üçün qiymətli
mənbə olmaqla ziyalılarımızın masaüstü
kitabına çevrilib.
Ulu
öndər xalqımızın keçdiyi inkişaf yolundan
bəhs edərək göstərir ki, “XX əsrdə Azərbaycan
xalqının ən böyük nailiyyəti, şübhəsiz
ki, müstəqil Azərbaycan dövlətinin
yaranmasıdır”. O, düzgün əsaslandırır ki, XX
yüzillikdən başlanan milli dirçəliş, milli
oyanış, milli ruhun canlanması istiqlal hərəkatının
uğurla başa çatmasına, Azərbaycan Xalq
Cümhuriyyətinin qurulmasına səbəb oldu.
Heydər
Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin, cümhuriyyət
xadimlərinin fəaliyyətini yüksək dəyərləndirmiş,
1991-ci ildə yaradılan Azərbaycan Respublikasının
AXC-nin varisi olduğunu vurğulamışdır. Onun cümhuriyyətin 80 illiyi
ilə əlaqədar imzaladığı sərəncamda deyilir: “AXC gərgin və mürəkkəb ictimai şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də,
sonrakı nəsillərin yaddaşında
xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə
qalacaqdır... Onun qısa müddətdə
həyata keçirdiyi tədbirlər
xalqımızın tarixində silinməz iz
buraxmış, milli dövlətçilik
ənənələlərimizin bərpası işində böyük rol
oynamışdır”.
Heydər
Əliyev 70 il hökm sürən sovet totalitar rejiminin Azərbaycana
vurduğu ağır zərbədən bəhs edərək
vurğulayır ki, bu illərdə heç bir əsas olmadan
Azərbaycanın əzəli tarixi torpaqları mərkəzin
təzyiqi ilə Ermənistana qatılmışdır. “Azərbaycan
qədər heç bir müttəfiq respublika başqa
müttəfiq respublikanın təcavüzünə məruz
qalmayıb”.
Dağlıq
Qarabağ problemi pərdəsi altında Ermənistanın
1988-ci ildən bəri Azərbaycana qarşı hərbi təcavüzündən,
o zamankı Azərbaycan başçılarının səriştəsiz
rəhbərliyindən bəhs edən Heydər Əliyev
düzgün olaraq nəzərə çatdırır: “Əgər
Dağlıq Qarabağ faciəsinin bir qütbündə erməni
separatçılığı, erməni terrorizmi, Azərbaycana
qarşı torpaq iddiaları dururdusa, digər qütbündə,
nə qədər acı olsa da, bunu etiraf etmək
lazımdır, bizim bəzi siyasətçilərimizin səriştəsizliyi,
hakimiyyət hərisliyi, hədsiz-hüdudsuz şəxsi
ambisiyaları durur”.
(ardı var)
Xəlil
KÖÇƏRLİ,
tarix elmləri doktoru,
professor,
respublikanın əməkdar müəllimi
Xalq qəzeti.- 2013.- 21 aprel.- S. 5.