Gədəbəy:
təbii gözəlliyinə gözəllik gətirilən
rayon
Bu yerlərə ulu Tanrı elə gözəlliklər
bəxş edib ki, tamaşasına aylarla, illərlə
dayanmaq olar. Sıx meşələr, büllur bulaqlar,
dağlar, dərələr, qədim abidələr Gədəbəyin
füsunkarlığını bütün dünyada məşhur
edib. Yeraltı və yerüstü sərvətləri,
havası, iqlimi heç nə ilə müqayisə olunmur.
Adamlarına
da söz ola bilməz. Sadə, zəhmətkeş,
istiqanlı, ədalətli... Gədəbəydə
işləyən, zəhmətkeş adama hörmətlə
yanaşılır. İstər bu yerlərin
adamı olsun, istərsə də gəlmə. Sadəsənsə, dikbaş, yekəxana deyilsənsə,
gözlərinin üstündə yerin var. Bir də ki, gərək
tənbəl olmayasan. Bu rayon üçün az-çox
iş görəsən. Adamların
dərd-səri ilə maraqlanasan. İstər xırda məmur
olsun, istərsə də ən iri ranqlı, dəxli yoxdur...
Gədəbəydə (təkcə Gədəbəydəmi? - H.Q.) adamlara qarşı bir addım atana on addım
atırlar, onun səsinə səs verirlər. Son vaxtlar bu
rayonda həyata keçirilən xeyirxah işlərin -
yolların, körpülərin salınması, sosial obyektlərin
tikintisi, qazın, suyun çəkilişi
və digər tədbirlərin həyata keçirilməsinin
nəticəsidir ki, gədəbəylilər Ölkə
Prezidentinin daxili və xarici siyasətini dəstəkləyir,
birlik, mütəşəkkillik nümayiş etdirirlər. Rayonda insan amili ön plandadır. Nə olunursa, ona görə olunur. Diqqət, qayğı var. Elə söhbətimiz də
bu barədədir.
Sadəlik ən böyük
ucalıqdır
- Adamlara
isti münasibətin, sadəliyin, təvazökarlığın
ən böyük nümunəsini elə cənab
Prezidentimizin özü göstərir deyə rayon icra hakimiyyətinin
başçısı Ramiz Yediyarov bu mövzuda söhbətimizə
sanki bir körpü salır. - Heç uzağa getməyək.
Gədəbəy camaatı hələ də cənab
Prezidentin ilk səfəri zamanı Mehriban xanım Əliyeva
ilə birlikdə Slavyanka kəndində kənd əhalisinin
sadə nümayəndələri ilə bir çay süfrəsi
arxasında əyləşməsindən, səmimi söhbət
etməsindən, onlarla bir yerdə şənlənməsindən
danışır.
Bilirsiniz, əslində sadəlik, təvazökarlıq ən
böyük ucalıqdır. İnsan vəzifəsi
ilə, var-dövləti ilə deyil, məhz bu keyfiyyətləri
ilə sayılıb seçiləndə, o, hamının
gözündə müqəddəsləşir, hörməti-izzəti
ilə seçilir.
...Dağ
rayonlarının hamısına məxsus problemlər Gədəbəydə
də var. Amma bu problemlər problem olaraq qalmır. Onlar öyrənilir, konkret tədbirlər planı
hazırlanır, həyata keçirilməsi nəzarətə
alınır. 2006-cı ilin noyabr
ayının 1-də ölkə Prezidenti İlham Əliyev ilk
dəfə bu rayona səfər edəndə problemlər daha
çox idi. Amma indi tamamilə başqa mənzərədir.
Əgər o zaman məktəb tikintisi, qaz,
işıq təminatı, yol, körpü çəkilişi
önə çəkilirdisə, indi su, kanalizasiya xətlərinin
çəkilişi, turizmin inkişafı kimi daha qlobal
işlər önə çıxır.
Gədəbəyə
ilk dəfə qədəm qoyan hər bir qonaq gözəl,
rahat yollarla yanaşı, suyu, kanalizasiyası, hər cür
kommunikasiyası olan, özü də təbiəti,
ab-havası heç nə ilə ölçülməyən
bir bölgəyə, təbii ki, ikinci, üçüncü
dəfə gəlməyə cəhd göstərəcək.
Hazırda
Gədəbəydə gedən hər bir iş onu göstərir
ki, dağlar qoynundakı rayon tezliklə tanınmaz olacaq. Adamlara, onların işinə münasibət dəyişib.
İş adamlarına hərtərəfli şərait
yaradılıb.
Səmimiyyət, qarşılıqlı hörmət
bütün işlərin əsasında dayanır. Bütün
bunlar problemlərin həllinə təbii ki, böyük təsir
göstərir.
Firudin Məmmədov 8 ildir ki, Slavyanka bələdiyyəsinə
rəhbərlik edir. Amma bəzi bələdiyyə sədrlərindən
fəqli olaraq, təşəbbüskarlığı, fəallığı,
adamlara isti münasibət ilə seçilir.
– Məmurun
hörmətli, həm də onun işidir – deyə F.Məmmədov
söhbət zamanı dedi, – əlini ağdan-qaraya
vurmayıb, səliqə ilə geyinib, sakit gəzib camaat
arasına çıxmaq hələ yaxşı məmur olmaq
demək deyil. Əgər sənə etimad göstəriblərsə,
gərək onu doğruldasan, adamların sosial problemləri ilə
maraqlanasan, iş görəsən.
Mən demirəm ötən bu illərdə dağı
dağ üstünə qoymuşuq. Amma hər halda 9 bələdiyyə
üzvümüzün hər biri, zənnimizcə, öz
vicdanı qarşısında təmizdir. Slavyanka
kənd əhalisinin sayına görə rayon mərkəzindən
sonra ikinci hesab edilir. Hazırda əhalinin
sayı 4150 nəfəri keçib.
Gücümüz nəyə çatır, onu
canla-başla görməyə çalışırıq. Təxminən
1 kilometr məsafədən içməli su çəkmişik.
Adamların xeyir-şər məclislərini
yola vermək üçün səyyar çadır
almışıq. Bütün avadanlıqları
ilə birlikdə. Əhalinin çox
köməyinə gəlir.
Qış aylarında yolların təmizlənməsi,
binaların qızdırılması, digər işlərlə
müntəzəm məşğul oluruq. Təbii ki,
dağ rayonunun problemləri həmişə olur. Bəzən bundan sui-istifadə edənlərə də
rast gəlirik. Məsələn,
Slavyankadan son bir ildə yuxarı orqanlara yazılan ərizələrin
50 faizi Maarif kənd sakini Dilşad Əliyevanın payına
düşür. Bu faktı ona görə qeyd etdim ki, bəzən
xoşagəlməz, həqiqətə uyğun olmayan adi bir
söz işimizə az da olsa kölgə
salır.
Digər məmur
Alnabat kənd inzibati ərazi dairəsi üzrə nümayəndə
Natiq Nağıyevlə söhbətimizdə də bu qənaətə
gəldik ki, adamlar işləməyi bacarmaq, hörmət
qazanmaq üçün təkcə səmimiyyət, sadəlik
kifayət etmir. Gərək adamların
sosial problemlərinin qayğısına qalasan, kömək əlini
uzadasan. N.Nağıyev deyir ki, əvvəllər
bu kənddən daha çox ərizə yazılırdı.
Bir dəfə yığışıb təhlil
etdik, onun səbəblərini öyrəndik. Məlum oldu ki, kiminsə səhlənkarlığı
ucbatından sadə bir işin həllinin ləngiməsi
yuxarı təşkilatlara gedib çıxır.
Tezliklə kəndarası yolları düzəltdik. Yaponiya səfirliyinin köməyi
ilə təxminən 100 min ABŞ dolları dəyərində
7,5 kilometr məsafədən su xətti
çəkib gətirdik, 50 tonluq su anbarı tikdik. Kənd
investisiya layihəsi çərçivəsində 5,5 kilometr yol çəkdik. Mədəniyyət
Evimizi yüksək səviyyədə təmir edə
bilmişik. Təbii ki, rayon icra hakimiyyətinin
köməyi olmadan bu işləri həyata keçirə
bilməzdik. Kənd bələdiyyəsi
ilə birgə işləyirik. Yerləşdiyimiz
inzibati binanı da yüksək səviyyədə təmir
etmişik. Amma problemlər, görüləsi
işlərimiz hələ çoxdur. Rayon
icra hakimiyyətinin başçısı Ramiz Yediyarovun bizim
nümayəndəliyin hesabat yığıncağında
iştirakından istifadə edib bir sıra problemlərin həllinin
vacibliyini vurğuladıq. Məsələn,
Kiçik Qaramurad kəndindəki körpü qəzalı vəziyyətə
düşüb. Nəzərə alsaq ki,
bu körpüdən 11 kəndin əhalisi istifadə edir, o
zaman məsələnin ciddiliyi göz qabağındadır.
Magistral qaz kəmərinin bizim kəndin
yaxınlığından keçməsi də imkan verir ki,
evlərə bu il qaz xətti çəkilsin.
Ramiz müəllimə nəinki bizim kəndin,
eləcə də digər kəndlərin camaatı çox
inanır. Çünki son vaxtlar rayon icra
hakimiyyəti ilə əhali arasında çox sıx əlaqə,
səmimi münasibət yaranıb.
İcra nümayəndəsi adamlara kömək əli
uzatmağı özünün mənəvi vəzifə
borcu hesab etməlidir. Vaxtilə həbsdə olub, heç bir
yerdə işləməyən, imkansız bir adama sosial
yardım almaq üçün sənədlərini düzəldib
müvafiq təşkilata təhvil verməkdə kömək
edəndə, elə bildim dünyanı mənə
bağışladılar.
El gözü tərəzidir
Qarayaxmalarla,
böhtan, şərlə iş görməyə artıq adət
etmiş bir sıra üzdəniraq müxalifət qəzetləri
Gədəbəyi və onun icra başçısını
da hədəfə götürüblər. Xəbər
portallarının hansındasa oxudum ki, onların məqsədi
Ramiz Yediyarovun gördüyü işlərə kölgə
salmaqdır. Əslində çox dəqiq
yanaşmadır. Çünki bir il əvvəl
bu vəzifəyə təyin olunan R.Yediyarovun rəhbərliyi
altında rayonda görülən böyük abadlıq,
quruculuq, yenidənqurma işləri göz
qabağındandır. Bəlkə də təzə
başçı, necə deyərlər, əlini
ağdan-qaraya vurmasaydı, rayon mərkəzinə daxil olan
yolu genişləndirməsəydi, lüzumsuz, primitiv tikililəri
başqa bir münasib yerə köçürməsəydi,
maraqlı və həm də hamının
razılığına səbəb olan planlarını
açıqlamasaydı, “dəymə mənə, dəyməyim
sənə” prinsipi tutsaydı, o zaman heç şər-böhtan
da yazmazdılar. Amma bütün bunların
heç biri rayonda başlanan çox böyük işləri
yarımçıq qoymaq gücündə deyil, onlara kölgə
sala bilməz. Gədəbəy əsl
inkişaf dövrünə qədəm qoyub. Hara
baxırsan iş gedir, yollar genişləndirilir, səkilər
düzəldilir, binaların fasadları yenidən qurulur, park
və xiyabanlar abadlaşdırılır, ucqar kəndlərdə
məktəb binaları, digər sosial obyektlər inşa
olunur. Artıq kartof emalı zavodu, Aşıq
Musiqisi Mərkəzi, Məhkəmə, Statistika binaları
tikilib istifadəyə verilib. Ölkə
Prezidentinin sərəncamı ilə tikintisinə ilkin olaraq 3
milyon manat vəsait ayrılan Gədəbəy-Novosaratovka-Qaravəlilər
yolunun 10 kilometri tikilib başa çatdırılıb.
Heç bilirsiniz adamlar necə sevinir.
Zarafat deyil, az qala 70 kəndin camaatı bu
yoldan istifadə edir. Adamların üzündəki
sevinci ötən yay Fındıqlı çayı üzərindəki
körpünün açılışında iştirak edərkən
də gördüm. Rayon icra hakimiyyəti
aparatının vətəndaşların müraciəti və
sənədlərlə iş şöbəsindən bizə
ürəkaçan rəqəmlər göstərdilər. Məsələn,
keçən il birbaşa rayon icra hakimiyyəti
başçısının ünvanına 650-yə yaxın
məktub daxil olub. Halbuki, ondan əvvəlki il
bu rəqəm cəmi 508 olub. Demək inam,
etimad artıb. 2012-ci ildə rayon icra
hakimiyyətində qəbul olunan 2602 nəfər vətəndaşdan
2142 nəfərini birbaşa başçı özü qəbul
edib. Başçının keçirdiyi
səyyar qəbullara maraq artıb. Çünki
işgüzar söhbət olur. Deyilənlər,
səmərəli təkliflər kağız üzərində
qalmır.
Qarşıda daha böyük işlər dayanır. Qeyd etdiyimiz
kimi şəhərin su-kanalizasiya sistemi yenidən qurulacaq.
Park və xiyabanlar abadlaşdırılacaq,
yeniləri salınacaq. Gənclər Evinin, Bayraq
meydanının, bir sıra məktəb və səhiyyə
ocaqlarının tikintisi plandadır. Yeni yollar və
körpülər inşa olunacaq. Rayon mərkəzi
tezliklə öz görkəmini tamamilə dəyişəcək.
Artıq bir sıra tikililər öz
orijinallığı, gözəlliyi ilə diqqəti cəlb
edir. Hiss olunur ki, rayon rəhbərliyinin
özünün yüksək zövqü, işə
yaradıcı yanaşma tərzi var.
...Və
bir də ki, atalar demiş “el gözü tərəzidir”. Rayon rəhbərliyinin işini də, insanlarla rəftarını
da adi, sadə camaatdan soruşun, biz heç nə demirik.
Hamlet QASIMOV
Xalq qəzeti.- 2013.- 21 aprel.- S. 6.