Sumqayıtlı gənc intellektlərin yeni uğuru

 

Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sumqayıt şəhərindəki “Ağsaqqallar Evi”ndə “Xəmsə” Milli İntellektual Oyunu üzrə VI Azərbaycan Çempionatının Abşeron zonası üzrə zona seçim turu keçirilmişdir.

Oyunda yaşı 18-dən 29-dək olan gənclərdən ibarət komandalar iştirak etmişdir. Zona birinciliyində Abşeron və Xızı rayon komandaları ilə yanaşı, Sumqayıtı təmsil edən intellektlər – şəhər Gənclər və İdman Baş İdarəsinin nəzdindəki “Sumqayıt İntellekt Mərkəzi” Klubunun “Ego”, “Bella Chao”,

“Kaspi” və “Bir qalanın sirri” komandaları iştirak etmişdir.

Gərgin mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən Sumqayıtın “Bir qalanın sirri” komandası 1-ci yeri tutmuşdur. “Ego” 2-ci, “Bella Chao” 3-cü, Abşeron rayonunun “Qafqaz” komandası isə 4-cü yerə layiq görülmüşdür. İlk 3 yeri tutmuş komandalar “Xəmsə” Milli İntellektual Oyunu üzrə VI Azərbaycan Çempionatının may ayında Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanmışdır.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2013.- 21 aprel.- S. 6.