Rusiyanın İTAR-TASS Agentliyinin həftəlik “Exo planetı” jurnalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş “Ölkəsini xilas etmiş adam” sərlövhəli məqalə dərc edilmişdir

 

İTAR-TASS Agentliyinin həftəlik “Exo planetı” ictimai-siyasi jurnalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş “Ölkəsini xilas etmiş adam” adlı məqalə dərc edilmişdir. Məqalənin müəllifi “Exo planetı” jurnalının baş redaktorunun müavini Valeri Calaqoniyadır.

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda baş verən hadisələri xatırlayan V.Calaqoniya yazır: “Kütlənin apardığı bir plakat həmişəlik yaddaşıma həkk olunmuşdur: Heydər Əliyevin portreti və üzərində yazı: “Heydər baba! Gəl və xəstə Azərbaycanını xilas et!”. Hadisələr 1993-cü ilin iyun ayının ortalarında, mənim tarixi vətənim Bakıda cərəyan edirdi və həmşəhərlilərim Azərbaycan Kommunist Partiyası MK-nin sabiq birinci katibi və hazırda dağılmaq təhlükəsi qarşısında olan ölkənin gələcək Prezidenti Heydər Əlirza oğlunun Naxçıvandan qayıtmasını gözləyirdi. Ancaq onda hələ heç kim, heç Heydər Əliyevin özü də onun Prezident seçiləcəyini düşünmürdü.

İndi isə hər şeyi ardıcıllıqla söyləyəcəyəm. Heydər Əliyev şəxsiyyətinin miqyasını mən təxminən əlli il öncə kəşf etdim. Həmin dövrdə mən Azərbaycan informasiya agentliyində işləyirdim və işimlə əlaqədar olaraq onun respublikanın əsas postunda ilk addımlarının şahidi ola bildim. Bu günlərdə anadan olmasının 90 illiyi qeyd olunan Əliyevin həyat yolu barədə danışmağa hazırlaşmıram. Bu barədə kitablar yazılır, elmi əsərlər nəşr olunur. Yalnız şəxsi xatirələrimi bölüşəcəm".

Azərinformun (indiki AzərTAc) və SİTA-nın müxbiri kimi dəfələrlə Heydər Əliyev ilə görüşmüş, ölkə daxilində və xarici səfərlərində onu müşayiət etmiş müəllif xatırlayır: “1969-cu ilin iyulunda Heydər Əlirza oğlu Azərbaycan KP MK-nin birinci katibi seçildi. Bu vaxta qədər isə o, Dövlət Təhlükəsizlik Komitəsinə başçılıq edirdi və təbii ki, açıq siyasətlə məşğul olmamışdı. Çox-çox sonralar isə artıq təcrübə və bilik toplamış Əliyev paradoksal səslənə biləcək ideya irəli sürmüşdü. Əliyev hesab edirdi ki, dövlət təhlükəsizlik sistemində çalışmış şəxslər sovet iyerxiyasında ən məsul vəzifələr tutan adamlardan daha çox bilir. Onların ən yaxşıları  o zamankı siyasi elitanın korrupsiya, vəzifəsindən sui-istifadə və mənəvi pozğunluq xəstəliyinə yoluxduğunu görürdü. Onlar anlayırdılar ki, ölkəni ancaq avral rejimdə xilas etmək mümkündür. Onların mənfi təzahürlər barədə yuxarılara  ötürdükləri məlumatlar yalnız əsəb və qəzəb doğururdu. Özü də bu qəzəb vəzifəli şəxslərə deyil, sosialist idiliyasının iç üzünü açanlara qarşı yönəlirdi.

O, hesab edirdi ki, beləliklə də vicdanlı çekistlər hakimiyyət sisteminin daxilində bir növ müxalifət qrupu təşkil edirdilər. Heydər Əliyevin fikrincə, onun dəyərləndirdiyi və dərin rəğbət bəslədiyi Yuri Andropov belə adam idi və Andropovun özü də Heydər Əliyevə hörmətlə yanaşırdı. Əliyevin namizədliyini L.Brejnevə məhz Yuri Vladimiroviç məsləhət görmüşdü. Azərbaycanda real vəziyyətdən xəbərdar olması Əliyevə ölkədə radikal islahatlara başlamağa kömək etdi. Doğrudur, hələlik mövcud olan sistem çərçivəsində.

Təxminən bir aydan sonra o, respublika fəallarının qarşısında görünməmiş kəskin məruzə ilə çıxış edərək, məhz vəzifəli şəxslərin - partiya məmurlarının, nazirlik və qurum rəhbərlərinin özlərinin ən ciddi qüsurların daşıyıcıları olduqlarını faktlar əsasında sübuta yetirdi. Əliyevin mətbuatda, demək olar ki, ixtisarsız dərc edilən çıxışı əsl informasiya bombasına, dünya miqyaslı sensasiyaya çevrildi. Əslində, bu, elə ilk aşkarlığın elə ilk təzahürü idi. Həmin vaxt Krımda dincələn Brejnev Əliyevə zəng etdi. Baş katib narazı idi: “Mənə xarici radionun informasiyası barədə məruzə etdilər. Bax ha, çox dərinə gedirsən!”

Koloritli təfsilat: İfşalara başlamazdan əvvəl Əliyev qeyri-adi manevrə əl atır. Tarixə nəzər salsaq, məhz əfsanəvi Harun ər-Rəşid belə edərdi: o, xalqının necə yaşadığını öyrənmək üçün libasını dəyişərək Bağdadı gəzib dolaşardı. Ancaq Əliyevin geyimini dəyişməsinə ehtiyac yox idi: onu üzdən tanıyan az idi  - “gizli cəbhənin döyüşçüləri”nin şəkilləri qəzetlərdə dərc olunmur. Birinci katib adi sərnişin kimi taksiyə əyləşir, mağazalardan, bazarlardan alış-veriş edir, xidmət müəssisələrinə girir, bir sözlə, məişət səviyyəsində yaşayış vəziyyətini araşdırır və yerindəcə tədbirlər görürdü. Heydər Əlirza oğlu özü danışırdı ki, 20 gün ərzində 40-a yaxın mafioz yaxalanmışdı. Qorxuya düşmüş kriminal aləmin yüksək dairələrə əli çatan nümayəndələri əks tədbirlər görməyə çalışırdı - bütün “qaynar nöqtələrə” onun fotoşəkilləri göndərilir və “qara bazarın” oyunçuları bir-birinə telefonla zəng vurub xəbərdarlıq edirdilər: “Mixaylo şəhərdədir...”

V.Calaqoniya qeyd edir ki, “Mixaylo” təxəllüsü cinayətkar biznesin başçılarının ciddi qorxuya düşməsindən xəbər verirdi. Müəllif yazır: “Bu hadisəni Heydər Əliyevin öz dilindən eşitmək mənə nəsib olub. O zaman Heydər Əliyev Bakının müxtəlif rayonlarında fəallarla silsilə görüşlər keçirirdi və mən də onu müşayiət edirdim. Jurnalistlər adətən özlərini hər şeydən hali insanlar sayırlar, lakin mən həmin günlərdə tarix sahəsində biliklər də daxil olmaqla çox şeylər öyrəndim.

Heydər Əliyevin SSRİ Nazirlər Şurası sədrinin birinci müavini olduğu illəri xatırlayaraq V.Calaqoniya yazır: “Həmin illərdə mən artıq Moskvada yaşayırdım və SİTA-nın əsas buraxılışında növbətçi olarkən özüm də bilmədən Kremlin dəhlizlərində gedən səhnəarxası mübarizələrin şahidi oldum. Axşam saat 7 radələrində “instasiyadan” (o zaman MK-nı belə adlandırırdılar) Əliyevin Bolqarıstanın Moskvadakı səfiri Dimitr Julevi qəbul etməsi barədə məlumat daxil oldu və mən dərhal bunu teletaypla ötürdüm. Təxminən saatyarım sonra həmin Julevi Siyasi Büronun üzvü, KP MK-nın katibi Romanovun qəbul etməsi xəbəri gəldi. İlk informasiya axşam 9-da “Vremya” verilişində səslənmişdi, ancaq ikinci xəbər gecikdiyindən həmin buraxılışda səslənmədi.

On dəqiqə sonra SİTA üzrə növbətçi böyük təşviş içində mənə zəng elədi: “Sizin təcrübənizdə elə hal olubmu ki, Siyasi Büronun bir üzvü o biri üzv barədə məlumatın xəbər lentindən çıxarılmasını tələb etsin?” Absurd sualdır, lakin o dövrdə daha nələr olmurdu! Mən cavab verdim: “Xeyr olmayıb, söhbət nədən gedir?” Sən demə Romanovun köməkçisi SİTA-ya zəng edərək rəhbərinin adından Əliyevin Bolqarıstan səfirini qəbul etməsi barədə informasiyanı ləğv etməyi tələb edib. Görünür, Sovet İttifaqının əsas televiziya proqramında həmkarının fəaliyyəti barədə məlumat yayılması, onun adının isə çəkilməməsi Qriqori Vasilyeviçi qısqandırmışdı. İşə bax ki, bu cür xırdaçılıqla böyük ölkənin liderlərindən biri məşğul olurdu! Beş sətirlik informasiyanın taleyinin hansı kabinetlərdə həll olunduğunu bilmirəm, ancaq mürəkkəb danışıqların sonu bununla bitdi ki, Heydər Əliyevin səfiri qəbul etməsi barədə xəbər ləğv edildi.

İş elə gətirdi ki, ertəsi gün mən Heydər Əlirza oğlunun katibliyinə getmişdim. Onun növbəti xarici səfərinin proqramını götürməli idim. Həmin səfəri işıqlandırmaq mənə tapşırılmışdı. Sonra isə məni Əliyevin kabinetinə dəvət etdilər. O, çıxışlarında nəyi nəzərə çarpdırmaq lazım olduğunu, detalları şəxsən dəqiqləşdirirdi. Müzakirə bitəndən sonra Heydər Əliyev soruşdu: “Yeri gəlmişkən, SİTA-da nə baş verir, mənim Julevi qəbul etməyim barədə informasiya “Pravda”da niyə çıxmadı?"

Mən belə bir sualın verilə biləcəyini bilirdim, ancaq əsaslı səbəb tapa bilməmişdim. Siyasi Büronun bir üzvündən digərinə şikayət etmək mənə yaraşmazdı! “Bilmirəm, yalnız öz şəxsi fikrimi deyə bilərəm, - dedim və özüm də gözləmədən əlavə elədim: “Ancaq öz aramızda qalsın”. Əliyev gülümsündü: “Bircə bilsən, bu kabinetin divarları necə sirlər eşidib!” Mən bunu kifayət qədər canlı olaraq təsəvvür etdim. Bir vaxtlar bu kabinetdə Molotov-Ribbentrop paktı barədə çox şeyi bilən Molotovun oturduğundan xəbərdar idim.

“Yəqin kimsə düşünüb ki, əgər qəzetdə Siyasi Büronun iki üzvünün Bolqarıstan səfirini qəbul etməsi haqqında bir-birinin ardınca xəbər getsə, dünyada Moskva ilə Sofiya arasında əlaqələrin ürəkaçan olmadığını düşünə bilərlər”, - dedim və diplomat olmağa yaramadığım qənaətinə gəldim. Heydər Əliyev mənim “versiyamı” təbəssümlə dinlədi. O əlbəttə ki, saray intriqalarının mürəkkəb düyünlərindən yaxşı xəbərdar idi və onların səviyyəsinə enməməyi üstün tutdu. Sonralar öyrəndim ki, Romanov, baş katiblərin bir-birinin ardınca dünyasını dəyişməsi ilə əlaqədar (Qərbdə buna “herontokratiya” deyirdilər) bu vəzifəyə ciddi şəkildə göz dikmişdi və güclü siyasət xadimi və təhlükəli rəqib saydığı Əliyevə qısqanclıqla yanaşırdı”.

“Exo planetı” jurnalının baş redaktorunun müavini Valeri Calaqoniya, həmçinin qeyd edir ki, Heydər Əliyevi xarici səfərlərində dəfələrlə müşayiət edib və sovet siyasi xadimlərinin, eləcə də postsovet siyasətçilərinin heç biri jurnalistlərin işinə onun qədər qayğı göstərmirdilər. O, jurnalistlərin çətin əməyinə hörmət edir və KİV-in cəmiyyətdəki rolunu yüksək qiymətləndirirdi. Bu baxımdan o, Kremldəki həmkarlarından çox Qərb liderlərinə daha yaxın idi.

Müəllif daha sonra yazır: “Ən çətini ilk səfər idi - 1985-ci ilin avqust ayında Əliyevin rəhbərlik etdiyi sovet nümayəndə heyəti Koreyanın azad olunmasının 40 illiyini münasibətilə təntənələrdə iştirak etmək üçün Pxenyana səfər edirdi. Kim İr Senin dövründə KXDR xüsusi ölkə idi. Hətta dünyadan “yaşıl pərdə” ilə təcrid olunmuş sosialist düşərgəsində belə ondan qapalı ölkə yox idi. Zamanın dayandığı qoruq - Şimali Koreyanı biz məhz belə gördük. Kim İr Senin Baş katib, Sədr, Prezident və digər rəsmi vəzifələri vardı, lakin ən başlıcası isə o, böyük öndər idi və bütün digər vəzifələri bu adın yanında mənasını itirirdi. “Böyük öndər” epitet deyil, peşə idi, o, sadəcə Böyük öndər işləyirdi.

Mən onu yaxından müşahidə etmək şərəfinə nail oldum. Jurnalistlər zala Kim İr Senin Sovet nümayəndə heyətinin başçısı ilə danışıqlardan əvvəl buraxılmışdılar. Koreya liderinin sağ yanağında böyük piy xalı var idi və bu səbəbdən onun fotoşəklini yalnız sol rakursdan çəkməyə icazə verirdilər. Əslində o, dolu bədənli idi və Pxenyanın mərkəzindəki 36 metrlik abidəsinə çox oxşayırdı.

Kim İr Sen belə yüksək nümayəndə heyətinin gəlişi səbəbi ilə şad olması barədə bir neçə protokol ifadələr işlətdi və gözlənilmədən soruşdu: “Məhsuldarlıq hansı səviyyədədir?” Elə bu andaca hiss etdim ki, mühafizəçilər bizi nəzakətli qətiyyətlə qapıya doğru sıxışdırırlar. “Hə də - təəssüflə düşündüm, -səmimi söhbət indi-indi başlayırdı...”

Artıq sonra hər axşam hesabatlarımı diktə etdiyim Əliyevin stenoqrafçısı, mehriban qadın Qalya mənə danışdı ki, söhbət həqiqətən də səmimi keçib. Heydər Əliyev istənilən həmsöhbətini danışdıra bilirdi, hətta həmin şəxs Böyük öndər olsa belə. Kim İr Sen səmimiyyətlə etiraf edib ki, son zamanlar bel və oynaq ağrılarından əziyyət çəkir, necə deyərlər, yaş öz sözünü deyir. Əliyev isə onu sakitləşdirərək deyib: “ Bütün bunlar boş şeylərdi, kişinin mühərriki ürəkdir, bir də beyin. Sizdə isə bunlar qaydasındadır”. Bu, Böyük öndəri bir qədər ruhlandırıb.

Ən çətin problem isə böyük, ciddi şəkildə mühafizə olunan Kımsusan sarayında keçirilən təntənəli yubiley iclasında KXDR-in İnzibati Şurasının baş naziri Kim Sen Sanın məruzəsinin mətnini Koreya tərəfindən almaq idi. Bu sənədi nə zaman ala biləcəyimi soyuqqanlı yerli məmurlardan öyrənmək müşkül məsələ idi. Həmin çıxışı məndən nə üçün belə ciddi-cəhdlə gizlətdiklərini anlamaq olmurdu. Ola bilsin ki, koreyalı dostlarımız SİTA-nın hesabatın onların verdiyi rəsmi variantından istifadə etməsini istəyirdilər. Rəsmi varianta görə isə faşizmin darmadağın edilməsində həlledici rolu məhz Koreya oynamışdı.

Mənim sifətimdə çaşqınlıq ifadəsini görən Heydər Əlirza oğlu soruşdu: “Probleminiz var?”. “Özü də necə!” - mən cavab verdim. Əliyev vəziyyəti ani olaraq qiymətləndirdi və KXDR xarici işlər nazirinə dedi: “Əgər SİTA dərhal lazımı sənədləri almazsa, mən bu barədə yoldaş Kim İr Seni məlumatlandırmalı olacağam”. Sonra sanki möcüzə baş verdi: bir anın içində sözügedən məruzə mənə yaraşıqlı qovluğun içində çatdırıldı.

Fenomenal yaddaşa malik Heydər Əlirza oğlu bu hadisəni unutmamışdı. Həmin ilin dekabr ayında Heydər Əliyevin başçılıq etdiyi sovet nümayəndə heyəti Luandaya gəlmişdi. Burada Anqola Əmək Partiyasının -  MPLA-nın 2-ci qurultayı keçiriləcəkdi.

SSRİ-nin Anqoladakı səfiri A.İ.Kalinin ilə elə ilk söhbətində Heydər Əliyev dedi:  “Görünür ki, qurultay çətin keçəcək, çoxlu sənədlər olacaq. SİTA-nın lazımı sənədləri vaxtında almasına nəzarət edin”. Sonra da yarı ciddi, yarı zarafat əlavə etdi: “Arnold İvanoviç, nəzərə alın ki, mən səfirliyin fəaliyyətini bunun əsasında qiymətləndirəcəyəm”. Çaşıb qalmış səfirin gərgin sifətində təbəssüm göründü: “Deməli belə? Yaxşı nəzarət edərəm”.

Səfir sözünün üstündə durdu. Qurultayöncəsi gecəni yuxusuz qalıb SİTA üçün Anqola Prezidenti və MPLA-nın sədri Joze Eduardu duş Santuşun geniş hesabat məruzəsini şərh etməyə çalışdım. Bütün gecəni “Tropico” hotelimdəki 304 nömrəli otağıma həmin məruzənin səfirlikdə rus dilinə tərcümə olunmuş mətnini hissə-hissə sovet səfirliyinin əməkdaşları gətirirdilər”.

V.Calaqoniya vurğulayır ki, Joze Eduardu duş Santuş Bakıda təhsil almışdı, Neft və Kimya İnstitutunun məzunu idi. Heydər Əlirza oğlu ilə söhbətində o, Bakıda öyrəndiyi rus dilində Xəzər sahilindəki şəhərdə keçirdiyi tələbəlik illərini səmimiyyətlə xatırlayırdı.

Müəllif yazır: “Qurultay həyəcanlı və əsəbi şəraitdə keçirdi. Şəhərdə komendant saatı tətbiq edilmişdi. Anqola üsyançılarının lideri Jonas Savimbi qurultayın keçirildiyi zalı partladacağına and içmişdi. Duş Santuşun məruzə etdiyi vaxt (onun məruzəsi 8 saat çəkdi) zalda gözlənilmədən işıq söndü. Qorxulu qaranlıq çökdü. Zil qaranlıqda insanlar tərpənməyə belə qorxurdular. Məruzəçi də tribunada donub qalmışdı.

Hər kəs əmin idi ki, bu, Savimbinin planlaşdırdığı təxribatın başlanğıcıdır və indilərdə partlayış baş verəcək. Əliyevin mühafizə xidmətinin rəisi, uzun illər boyunca onunla birgə çalışmış Aleksandr İvanov sonralar xatırlayırdı: “Biz dərhal şefi dairəyə aldıq. Heydər Əlirza oğlu qaranlıqda soruşdu: “Bu sənsən, Saşa?” “Bu bizik” - deyə mən cavab verdim. “Azadsız, uşaqlar! -Heydər Əlirza oğlu gülümsündü, - düşünürəm ki, bu sadəcə texniki nasazlıqdır”. Belə də oldu. Luandanın elektrik şəbəkəsi üçün səciyyəvi olan qəza baş vermişdi.

Laos Xalq İnqilab Partiyasının 4-cü qurultayında iştirak etmək üçün Vyetyana səfər də (noyabr 1986-cı il) özünəməxsus keçdi. İclaslar arasında fasilələrdə Əliyev qurultayda iştirak edən xarici nümayəndə heyətlərinin başçıları ilə görüşürdü. O, bu sırf protokol tədbirlərini səmimi söhbətlərə çevirə və hətta onlara yumor çalarları qata bilmişdi. Kampuçiya Xalq Partiyasının başçısı Henq Samrini və onun həmkarını Heydər Əliyev gözlənilməz nəzəri mühakiməsi ilə heyran etdi. “Tropiklərdə sosializm qurmaq daha rahatdır, nəinki şimalda” -deyərək Heydər Əliyev sınayıcı nəzərlərlə həmsöhbətinə baxdı. Əli qələmlilər bu inqilabi fikri yazmağa hazır idilər. Əliyev bir qədər fasilə verərək əlavə etdi: “Palto lazım deyil, papaq lazım deyil, hətta ayaqqabısız da keçinmək olar”. Söhbət iştirakçıları bu ideyanı çözməyə çalışırdılar ki, ali qonaq güldü. Kampuçiyalılar da rahat nəfəs alıb gülümsədilər.

Bu gün mən düşünürəm ki, Əliyev zarafatyana olsa da həqiqətən maraqlı fikir söyləmişdi. Vyetyandan qərbə sosialist ölkələrinin inkişaflarının həlledici mərhələlərində nail olduqları mövqe tropik zolaqdakı silahdaşları üçün başlanğıc nöqtə idi. Burada, həmçinin bəzi taktiki, ən azından, mənəvi üstünlükləri də görmək olar.

Lakin bununla belə, sosialist respublikaların liderləri xalqlarının tarixi geriliklərini dəfələrlə özlərinin sosial uğurları ilə kompensasiya etməyə nail olmuşdular. Burada onlar Qərbin nisbətən inkişaf etmiş ölkələrindən olan həmkarları ilə bərabər şəkildə yarışa bilirdi və hətta bəzən onları ötüb keçirdilər də. Məsələn, Yuqoslaviyada 14 hektar geniş ərazidə yerləşən “İosip Broz Tito” memorial mərkəzində buna əmin olmaq mümkündür. Belqradda, Titonun keçmiş iqamətgahının yaxınlığında, “Sava” qurultaylar sarayında 1986-cı ilin iyununda ölkəni cənginə almış böhrandan çıxış yolu axtaran Yuqoslaviya Kommunistlər İttifaqının XIII Qurultayı keçirilirdi. Federasiyanın qanlı müharibələrlə müşayiət olunan süqutuna hələ 6 il qalırdı, lakin Sovet İttifaqı Kommunist Partiyasının nümayəndə heyətinə başçılıq edən Heydər Əliyev bu ölkənin parçalanma təhlükəsi qarşısında olduğunu açıq-aşkar görür və bu barədə yuqoslaviyalı həmkarlarına deyirdi.

Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibindəki altı ölkə o zaman “dəyişən rəhbərlik” institutu barədə razılığa gəldilər. Yuqoslaviya Kommunistlər İttifaqı MK-nın rəyasət heyətinin bütün “növbətçi” sədrlərinə bir illik hakimiyyət verilirdi, ancaq bu, yalnız idarəetmə sisteminin dağıldığını göstərirdi.

Ölkənin əsasını qoymuş İosip Broz Titonun keçmiş ərazilərində sakitlik, rahatlıq və təmtəraq hökm sürürdü. Onun çoxsaylı hədiyyələrini və şəxsi əşyalarını nümayiş etdirmək üçün xüsusi ev inşa olunmuşdu. Burada Titonun təltif edildiyi 300 orden və medal, o cümlədən SSRİ-nin “Qələbə” ordeni, dörd marşal forması, soyuq silah kolleksiyası, rəsm və heykəltəraşlıq əsərləri, daş-qaşlar nümayiş etdirilirdi. Mənim zənnimcə, Titonun ov evi onun xarakterini daha yaxşı açırdı. Yuqoslaviyanın baş kommunistinin burada toplanmış qənimətləri - şir və pələng dərisi, qara kəl və zebra kəlləsi, sığın müqəvvasını toplamaqla bir neçə qırmızı kitab tərtib etmək olardı.  Bələdçi bizi böyük şövqlə Titonun Balkanlarda ovladığı nəhəng ayının dərisinin yanına gətirdi. Bələdçi dedi: “Bu dünya rekordu idi”. “Dünya rekordu?” - deyə Heydər Əlirza oğlu soruşdu. Bələdçi ah çəkərək dedi: “Keçmiş, bu yaxınlarda Çauşesku bundan da böyük ayı vurub”. “Deməli, indi Çauşesku dünya rekordçusudur?”. Bələdçi rişxəndi sezmədən razılaşdı: “Bəli”.

Bu “kommunist yarışı” iki partiya lideri təşkil etmişdi. Hər ikisi sərrast atıcı idi və hər ikisinin sonu pis qurtardı. Tito öldükdən sonra ölkəsini və yaratdığı partiyasını itirdi. Çauşesku isə məhkəməsiz və istintaqsız keçmiş silahdaşları tərəfindən tələsik edam olundu. Tarixin dramatik dərsi.

Xarici səfərlərdən daha çox yadımda 1984-cü ilin iyununda BAM-a 10 günlük səfər qalıb. Bu magistralın inşası Heydər Əliyevin sərəncamında idi. Oraya çatmaq üçün nəqliyyatın bütün növlərindən - qatar, təyyarə, vertolyot, kater və hətta Şimali-Muysk tunelindəki vaqonetlərdən istifadə etmişdik. Heydər Əlirza oğlunu müşayiət edən komanda kiçik vaqonlara oturanda şaqqıltı səsi eşidildi. Bu, “zil”in yumşaq oturacağına öyrəşmiş SSRİ yollar naziri N.S.Konorev və onun həmkarlarının oynaqlarının səsi idi. Lağım yolda dizədək suyun içində 8 saat yol getdik. Yerin üstünə çıxar-çıxmaz hamı kimi sukeçirməz paltar və rezin uzunboğaz çəkmə geyinmiş Heydər Əlirza oğlu Moskvadan gələn yüksək vəzifəli qonağa tamaşa etməyə toplaşmış adamlara dedi: “Bəs gül-çiçək hanı? Mən bu gün dünya rekordu vurdum: dörd naziri yerin altına çəkib aparmışdım”.

V.Calaqoniya xatirələrinin sonunda yazır: “Heydər Əliyev Kremldəki həmkarlarından ciddi şəkildə fərqlənirdi. Mühafizəçilərin gözündən yayınıb birdən kütlənin mərkəzinə gedə bilərdi. Gözlənilmədən hara isə getmək üçün planlaşdırılmış görüşlərin qrafikini poza bilərdi. Olduqca əməksevər idi. Məni ən çox heyran edən isə bu idi ki, heç zaman öyrənməkdən çəkinmirdi. Yadımdadır, Kurqanda seçicilərlə görüşdən öncə (o zaman Heydər Əliyevin RSFSR-in Ali Sovetinə namizədliyi ilk dəfə irəli sürülmüşdü) gecə yarısı Əliyev “Vremya” proqramının şərhçisi Kaleriya Kislovanı və məni yanına çağırdı ki, onun çıxışının hansı fraqmentini qəzetə, hansını isə TV-yə verməyin məqsədəuyğun olmasını müzakirə etsin. Söhbət zaman Kislova gözlənilmədən dedi: “Bağışlayın, Heydər Əlirza oğlu, siz vurğunu düz qoymursunuz - siz “dOsuq” deyirsiz, ancaq “dosUq” demək lazımdır”. “Eləmi? - o, təəccüblə soruşdu. - Mən elə bilirdim ki, belə deyirlər: ”industriya dOsuqa”. İndi isə öyrəndim, çox sağ olun”. Ertəsi gün isə Əliyev tribunadan 15 dəfə bu başıbəlalı sözü işlətdi (çıxışın çox hissəsi mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuşdu), hər dəfə də tam düzgün ifadə etdi. Yeri gəlmişkən, ancaq Qorbaçov, prezidentliyinin sonuna kimi “nAçat” və “uqlUbit” sözlərini düzgün ifadə etmirdi. Bəlkə də ona görə ki, kimsə onun səhvini düzəltməyə cürət etmirdi!

Əliyev rus dilinin zənginliyinə heyran idi və bu dili mükəmməl öyrənmək üçün çox səy göstərirdi. Akademik Saqdeyev əmin idi ki, onu Sovet İttifaqının heç bir siyasi rəhbəri ilə müqayisə etmək mümkün deyil. Azərbaycanda doğulub böyüməsinə baxmayaraq, əsl ədəbi rus dilini Kreml rəhbərlərinin hamısından yaxşı bilirdi”. Aleksandr Bovin də eyni fikirdə idi: “Kremldəkilərdən” rus dilində ən yaxşı Heydər Əliyev danışır”.

Onun dünya baxışında əhəmiyyətli dəyişikliklər baş verdi. Özünün dediyi kimi,  fəaliyyətinin əvvəlində əsil şəkildə kommunist olan Əliyev, 1990-cı ilin yanvar ayında  kommunist partiyasının üzvlüyündən çıxdı. Onun Vətənində 1990-cı ilin yanvarı “Qara Yanvar” adlandırılır. Qarabağ hadisələri ilə əlaqədar vəziyyət kəskin şəkildə gərginləşmişdi. O zaman Moskva etirazlara bürünmüş Bakıya qoşun yeridir və günahsız insanların qanı axıdıldı. Şəhərin küçələrinə çıxarılmış döyüş texnikası dinc əhaliyə divan tutur. O dövrdə infrakt keçirmiş və istefada olan Heydər Əliyev bu faciəvi hadisələrin ertəsi günü övladları ilə birlikdə Azərbaycanın Moskvadakı diplomatik nümayəndəliyinə gəldi. Nümayəndəlikdə onun həmyerliləri və onların etirazını dəstəkləyən moskvalılar toplaşmışdı. Onların arasında çoxlu yerli və xarici jurnalistlər də vardı. Heydər Əliyev mərkəzi hakimiyyətin qəddar aksiyasını qəti şəkildə pislədi və həmin andan etibarən siyasətə qayıtmalı oldu. Sonrakı, yetərincə məlum hadisələr barədə danışmayacağam, çünki bu, artıq başqa söhbətin mövzusudur   mən olanların şəxsən şahidi olmamışam.

Böyük fasilədən sonra mən Heydər Əlirza oğlunu 1993-cü il  iyunun 16-da Bakıda gördüm. Bu ərəfədə o, Azərbaycan Milli Məclisinə sədr seçilmişdi və yeni kabinetinə təzəcə keçmişdi. Çətin və anlaşılmaz bir dövr idi. Hadisələr istənilən yöndə cərəyan edə bilərdi. Niyyətlərini əvvəlcədən proqnozlaşdırmaq mümkün olmayan polkovnik Surət Hüseynovun Prezident Elçibəyin istefasını tələb edən ordusu Bakıya doğru hərəkət edirdi,  Elçibəy özü isə təyyarə ilə Naxçıvana qaçmışdı.

Heydər Əlirza oğlunun gözlərinin altında yorğunluq kölgəsi vardı. “Neçə saat yata bilmisiniz?”,-  deyə mən soruşdum. “İlk iki sutkanı heç yatmamışam. Yalnız dünən yatağa uzandım, gecə saat üçdə oyandım, iki-üç saat işlədim, sonra yenə yatdım. Mənim rejimim bax belədir”. Həmsöhbətimin gərgin işləməyə adət etdiyini bilirdim. Soruşdum ki,  heç belə ağır günləri olubmu. “Hər şey olub, lakin belə yox”, - cavabını verdi və birdən gülərək əlavə etdi: “İlişdim mən, ilişdim. Prezident yox, baş nazir yox, əslində, mən döyüş meydanında təkəm. Əlbəttə, çətindi, ancaq madam ki, Azərbaycanın belə çətin günləridir, çıxış yolu tapmalıyam”.

Heydər Əliyev buna nail oldu. Azərbaycan təqvimində onun hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir. Çox düzgün sözlərdir.

 

 

Fəridə ABDULLAYEVA

 

Xalq qəzeti.- 2013.- 21 aprel.- S. 1; 2.