Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları Rusiya EA M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda
olmuşlar
Rusiya Federasiyası M.Qorki adına Dünya Ədəbiyyatı
İnstitutu SSRİ Mərkəzi
İcraiyyə Komitəsinin 17 sentyabr
1932-ci il tarixli “M. Qorkinin ədəbi
fəaliyyətinin 40 illiyinin qeyd edilməsinə dair tədbirlər”
adlı sərəncamına əsasən
yaradılmışdır. 1934-cü ilin avqustunda MK-nin Rəyasət
heyətinin qərarı ilə A.M.Qorki
adına Ədəbiyyat İnstitutu
adlandırılmışdır.
1938-ci
ildə SSRİ EA-nın tərkibinə daxil edilərək
Dünya Ədəbiyyatı İnstitutu adını
almışdır. 1991-ci ildən Rusiya Elmlər
Akademiyasının A.M.Qorki adına Dünya Ədəbiyyatı
İnstitutu adını daşıyır. Müxtəlif illərdə
institutun direktorları L.B.Kamenev, akademik İ.K.Luppol,
L.İ.Ponomaryov, akademik V.F.Şişmarev, müxbir üzvlər
A.M.Yeqolin, İ.İ.Anisimov, B.L.Suçkov, filologiya elmləri
doktorları Y.Y.Barabaş və b. olmuşlar. Hazırda instituta Rusiya EA-nın akademiki Aleksandr Borisoviç Kudelin rəhbərlik edir. İnstitutda 74 elmlər doktoru,
91 elmlər namizədi
çalışır. 1957-ci ildən institutun Yazıçılar İttifaqı
ilə müştərək
təsis etdiyi “Voprosı literaturı” jurnalı, 1960-cı ildən
isə “Literaturnoe nasledstvo” nəşr edilir.
Nizami adına Ədəbiyyat
İnstitutunun Elmi informasiya şöbəsi
ədəbiyyatşünaslıq sahəsində tədqiqatların
informasiya təminatının
səmərəliliyini artırmaq,
texnoloji prosesləri təkmilləşdirmək, milli
ədəbi irs və ədəbiyyatşünaslığımız
sahəsində yeni elektron resurslar yaratmaq kimi sahələrdə
öz fəaliyyətini
genişləndirməkdədir. Görülən işlərin uğurla
davam etdirilməsi üçün şöbənin
fəaliyyət istiqamətlərində,
strukturunda zəruri olan yeniləşmələr
də həyata keçirilir, yeni vəzifələr müəyyən
edilir. Qeyd edilənlərlə əlaqədar
şöbənin əməkdaşları
Əmin Əfəndiyev
və Zakirə Əliyeva mart ayının
12-dən 16-na kimi Rusiya
Elmlər Akademiyası
M.Qorki adına
Dünya Ədəbiyyatı
İnstitutunda ezamiyyətdə
olmuşlar.
İnstitutun strukturunda - Ədəbiyyat
nəzəriyyəsi, Folklor,
Qədim slavyan ədəbiyyatı, Klassik
rus ədəbiyyatı,
XIX əsrin sonu-XX əsrin əvvəlləri
rus ədəbiyyatı,
Yeni rus ədəbiyyatı və
rus mühacir ədəbiyyatı, A.M.Qorkinin
yaradıcılığının öyrənilməsi və
nəşri, A.M.Qorkinin
arxivi, A.M.Qoki Muzeyi, Rusiya və MDB xalqları ədəbiyyatı, Qərb
klassik ədəbiyyatı
və müqayisəli
ədəbiyyatşünaslıq, Yeni dövr Avropa və Amerika ədəbiyyatı,
Asiya və Afrika ölkələri ədəbiyyatı, “Ədəbi
irs”, Əlyazmalar, İnformasiya texnologiyaları,
Aspirantura şöbələri
vardır. Elmi Şura, Gənc
Mütəxəssislər Şurası
da fəaliyyətini davam etdirir.
İnstitutun müxtəlif şöbələrində
görüşlər keçirilmiş,
filoloji resursların yaradılması sahəsində
texnoloji proseslər, təcrübə, qarşılıqlı
professional məlumatların əldə edilməsi və işgüzar elmi-yaradıcılıq əlaqələrinin
aparılması və
s. istiqamətlərdə gələcək
birgə fəaliyyətlərin
layihələşdirilməsini nəzərdə tutan danışıqlar aparılmış
və razılıqlar
əldə edilmişdir.
Əsasən “İnformasiya-texnoloji” və “Rusiya və MDB xalqları ədəbiyyatı” şöbələrində
daha səmərəli
və geniş çərçivədə görüşlər
keçirilmişdir.
Filologiya
sahəsində akademik
çərçivədə informasiyalaşdırma proseslərinin
uğurla həyata keçirilməsi, dünya
ədəbiyyatı və
ədəbiyyatşünaslıq elminə inteqrasiya sahəsində Rusiya EA M.Qorki adına
Ədəbiyyat İnstitutu
ilə əməkdaşlıq
üçün əlaqələrin
intensivləşməsinə böyük ehtiyac olması dönə-dönə
qeyd edilmişdir. Ezamiyyətdən sonra əldə edilən biliklər, təcrübə
nümunələrinin iş
proseslərinə tətbiqini
nəzərdə tutan
təkliflər paketi hazırlanması nəzərdə
tutulur. M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu
ilə Nizami adına Ədəbiyyat İnstitutunun müvafiq şöbələri ilə
birgə Azərbaycan ədəbiyyatı, ədəbiyyatşünaslıq
və ədəbi əlaqələrə həsr
edilmiş konfransların,
videogörüşlərin, kollektiv monoqrafiya və biblioqrafik resursların işlənilməsi
sahəsində təşəbbüslərin
həyata keçirilməsi
də nəzərdə
tutulur.
Almaz ÜLVİ
Xalq qəzeti.- 2013.- 21 aprel.- S. 7.