Tarix elmimizin
böyük himayədarı
(əvvəli qəzetin
21 aprel 2013-cü il tarixli sayında)
XIX yüzilliyin birinci
rübündə çar Rusiyasının Azərbaycanı
işğal etməsi və onun ən səfalı və
münbit ərazilərində erməniləri kütləvi
şəkildə məskunlaşdırması faktı uzun
müddət saxtalaşdırılaraq, tarixi
torpaqlarımız “böyük Ermənistan”ın bir hissəsi
kimi qələmə verilirdi. Ermənilər
öz havadarlarının hərtərəfli dəstəyi ilə
azərbaycanlıların min illər boyu yaşadıqları
ərazidə erməni dövləti yaratmaq üçün
fasiləsiz olaraq deportasiya siyasəti yeridir,
soyqırımı tətbiq edərək onların
torpaqlarını ələ keçirirdilər.
70-ci illərdən
Azərbaycana rəhbərlik edən Heydər Əliyev erməni
saxtakarlığını ifşa edən azərbaycanlı
alimləri müdafiə edərək onların əsərlərinin
nəşr edilməsi üçün çox iş gördü. Onun dəstəyi
sayəsində ermənilərin Azərbaycana gəlmə
olduğunu sübut edən əsərlər nəşr
edildi.
Son illərdə
ulu öndər xarici ölkələrə çoxsaylı səfərlərində,
rəsmi görüşlərində, ən
başlıcası isə ATƏT-in Budapeşt, Lissabon,
İstanbul zirvə sammitlərində erməni canilərinin
mütəmadi surətdə xalqımıza qarşı tətbiq
etdikləri təcavüzləri, deportasiyaları,
soyqırımları ifşa edərək, onların yaramaz
quldur əməllərini dünya ictimaiyyətinə
çatdırmışdır.
Həm də ən önəmlisi odur ki, erməni
daşnaklarının xalqımıza qarşı törətdikləri
terror və milli qırğınlar ilə əlaqədar
Prezident Heydər Əliyevin verdiyi fərmanların misilsiz əhəmiyyəti
vardır. Həmin fərmanların preambulasında erməni
quldurlarının azərbaycanlılara qarşı məqsədyönlü
surətdə tətbiq etdikləri soyqırımlar ifşa
edilmişdir.
Prezidentin “Azərbaycanlıların soyqırımı
haqqında” 26 mart 1998-ci ildəki fərmanı
xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini
yaratmaq və erməni faşistlərinin
soydaşlarımıza qarşı törətdikləri cinayətləri,
soyqırım aktlarını bütün dünya ictimaiyyətinə
çatdırmaq üçün uzun müddət davam edən
erməni terrorunun faciələrini ifşa etmək cəhətdən
müstəsna əhəmiyyətli sənəddir.
Prezidentin fərmanlarında Azərbaycan tarixçilərinin
uzun illərdən bəri tədqiqatlarının nəticəsi
ümumiləşdirilmiş formada öz əksini
tapmışdır. Heydər Əliyev göstərirdi ki, bu deportasiya və
soyqırımlardan yalnız birinə - 1918-ci il
mart qırğınına siyasi qiymət vermək cəhdi
göstərilmişdir. 1919-cu və 1920-ci illərin
mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti
tərəfindən matəm günü kimi qeyd edilmişdir.
Fəqət cümhuriyyətin tezliklə
süqutu o dövrdə yaradılan Fövqəladə
İstintaq Komissiyasının işini başa
çatdırmağa imkan vermədi. Nəticədə
uzun illər boyu erməni quldurlarının cinayətləri
ört-basdır edilmişdir.
Heydər
Əliyevin 18 dekabr 1997-ci il tarixli
“1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan
SSR ərazisindən - öz tarixi-etnik torpaqlarından kütləvi
surətdə deportasiyası haqqında” fərmanı sovet
totalitar rejimi şəraitində Mikoyanın təşəbbüsü
ilə xalqımıza qarşı törədilən, lakin
uzun illər boyu gizli saxlanılan və tarixşünaslıq
elmində öz əksini tapmayan çox böyük cinayət
aksiyasının üzərindən qara pərdəni
götürmüşdür.
Zəngin həyat məktəbi keçmiş siyasətçi
kimi Heydər Əliyevin fəaliyyətində xarici ölkələrdəki
Azərbaycan diasporunu formalaşdırmaq və birləşdirmək
amalı xüsusi yer tutur. 1991-ci ildən başlayaraq onun təşəbbüsü
ilə ilk dəfə Naxçıvanda, sonra isə
bütün Azərbaycan miqyasında hər il 31 dekabr
Dünya Azərbaycanlılarının həmrəylik və birlik günü kimi
qeyd edilir. Prezident 1993-cü ildən başlayaraq xarici ölkələrə
səfərləri zamanı - Fransada, Rusiyada, Böyük
Britaniyada, Türkiyədə, ABŞ-da, Almaniyada, Ukraynada,
Polşada, Rumıniyada, Belçikada, Norveçdə,
Bolqarıstanda və digər ölkələrdə azərbaycanlılarla
maraqlı görüşlər keçirmiş, xaricdə
yaşayan soydaşlarımızı daim milli ideya ətrafında
birləşməyə, təşkilatlanmağa, icmalar, milli
cəmiyyətlər və lobbiçilik yaratmağa sövq
etmişdir.
Həmvətənlərimizi
yaşadıqları ölkənin ictimai-siyasi həyatında
fəal iştirak etməyə, eyni zamanda vətənlə-doğma
Azərbaycanla sıx əlaqə saxlamağa, bir an da olsun belə Azərbaycanı təmsil
etdiklərini unutmamağa çağırmışdır. Ulu öndər vurğulayırdı ki, diasporun
yaranması Azərbaycana qarşı məkrli planlar cızan
düşmənlərimizlə, ilk növbədə erməni
təcavüzkarları ilə mübarizə üçün
olduqca vacibdir. Erməni diasporunun,
xüsusilə çox güclü sərvət sahibi olan erməni
lobbisinin yalan, şər və riyakarlıq üzərində
qurulmuş böhtanın ifşa edilməsi və Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılmasında Heydər Əliyevin xidmətləri
misilsizdir.
Ümummilli
lider Heydər Əliyevin təşəbbüsü ilə
2001-ci il noyabrın 9-10-da Bakıda təntənəli
surətdə Dünya Azərbaycanlılarının I
qurultayı keçirildi. Qurultayda dünyanın 36 ölkəsindən
mindən artıq nümayəndə, Azərbaycandan isə
1500-dən artıq adam iştirak etdi. Qurultayda Heydər Əliyev böyük nitq söyləyərək
dünya azərbaycanlıları qarşısında duran vəzifələri
ətraflı əsaslandırdı, nəzərə
çatdırdı ki, insan hansı ölkədə
yaşamasından asılı olmayaraq, gərək öz
milliliyini qoruyub saxlasın. Heydər Əliyev bəyan
etdi: “... Hər bir azərbaycanlı öz milli
mənsubiyyətinə görə qürur hissi keçirməlidir
və azərbaycançılığı - Azərbaycan
dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini,
adət-ənənələrini yaşatmalıdır.
Heydər Əliyev xalqın öz milli dəyərlərini,
adət-ənənələrini qoruyub saxlamaqla yanaşı,
onları daha da inkişaf etdirib, yaymağı qarşıya məqsəd
qoymuşdur.
Görkəmli nəzəriyyəçi, natiq, strateq kimi Heydər
Əliyevin ən böyük xidmətlərindən biri
müstəqillik dövründə azərbaycançılıq
konsepsiyasının əsaslandırılması və bu ideya
ətrafında respublikada yaşayan bütün xalqları və
etnik qrupları birləşdirmək, onların
qarşılıqlı əlaqələrini möhkəmləndirmək
üçün məqsədyönlü iş
aparmasıdır.
Azərbaycançılıq sivil, hüquqi və
demokratik dövlət kimi Azərbaycanın möhkəmlənməsinə
və inkişafına xidmət edir. Onun məğzini Azərbaycanın
siyasi suverenliyini və iqtisadi müstəqilliyini təmin etmək,
beynəlxalq imicini yüksəltmək təşkil edir.
Azərbaycançılıq bütün
dünya azərbaycanlılarının ideologiyasıdır.
Çağdaş dünyamızın ən
böyük azərbaycanlısı olan dahi Heydər Əliyev
həm millətin, həm də bəşəriyyətin
dahilik meyarlarına cavab verən tarixi şəxsiyyətdir. Onun hakimiyyətə
qayıdışından sonrakı dövr milli
özünüdərkin, milli özünəqayıdışın
güclənməsi ilə səciyyələnir.
Dünya azərbaycanlılarının birlik və həmrəyliyinin
möhkəmləndirilməsi, azərbaycançılıq
qayəsinin inkişafı sayəsində ulu öndərin
başladığı nəhəng işlər Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dünya Azərbaycanlılarının
II və III qurultaylarında Prezident proqram xarakterli konsepsiyalar
irəli sürmüşdür. Dünya Azərbaycanlılarının
2011-ci ildə keçirilən III qurultayında İlham Əliyev
bəyan etmişdir: “Bizim xaricdə yaşayan böyük ailəmiz
vardır. Onlar öz doğma vətənlərinə
bağlı olan adamlardır. Bizi fərqləndirən
əlamət ondan ibarətdir ki, harada
yaşamağımızdan asılı olmayaraq, öz vətənimizə
bağlıyıq. Bura bizim vətənimizdir.
Hamımızın vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların
vətənidir. Bizim bir vətənimiz-Azərbaycan,
bizim bir dilimiz-Azərbaycan dili, bizim bir ideologiyamız-azərbaycançılıq
məfkurəsi vardır”.
Dahi lider Heydər Əliyev həm də 9 milyondan
çox Azərbaycan əhalisinin yarıdan çoxunu təşkil
edən gənclərə xüsusi qayğı göstərirdi. Onların nümunəvi
hamisi idi. Gənclərlə
görüşlərində ulu öndər bizim tariximizə
yazılan görkəmli şəxsiyyətlərin, hərbçilərin
adlarını çəkir, onların zəngin irsini öyrənməyi
tələb edirdi. 1996-cı ilin
fevralında keçirilən gənclərin I qurultayında
Heydər Əliyevin çıxışı bu mənada
proqram əhəmiyyəti kəsb edir.
Heydər
Əliyev demişdir: “Gənclərimiz milli ruhda tərbiyə
olunmalıdır, bizim milli-mədəni dəyərlərimiz
əsasında tərbiyələnməlidir. Gənclər
bizim tarixi yaxşı bilməlidir. Keçmişimizi
yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir,
milli dəyərlərimizi yaxşı bilməlidir”. Ulu
öndər vurğulayırdı ki, milli dəyərlərimizi,
milli ənənələrimizi, ələxüsus, tariximizi
yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər
olmalıdır. Vətənpərvərlik
böyük bir məfhumdur. “Bu sadəcə
orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni
sevmək, torpağa bağlı olmaq-budur vətənpərvərlik”.
Böyük vətənpərvər
tarixlə dili qoşa qanad hesab edərək, bəyan etdi ki,
“öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz.”
Heydər Əliyev dönə-dönə
vurğulayırdı ki, öz ədəbiyyatını bilməyən
şəxs, öz tarixini bilməyəcəkdir. Biz tarix elmi vasitəsilə mədəniyyətimizi,
milli-mədəni ənənələrimizi öyrənməliyik.
Ulu öndər izah edirdi ki, “tariximizin hər mərhələsi
bizim üçün qiymətlidir: ən qədim dövr də,
orta əsrlər də, son dövr də... iyirminci əsrdə
Azərbaycan xalqı bir sıçrayış dövrü
keçib”.
YAP-ın
I qurultayında Heydər Əliyev demişdir: “Onunla fəxr
edirəm ki, tarixdə mən Azərbaycanı bir təbəqə
yüksəklərə qaldırmışam”. Azərbaycan
xalqı isə respublikanı zirvələrə yüksəldən
ulu öndərə öz daimi ehtiram və minnətdarlığını
bildirir.
İnsanların
tarixi taleyində tarixin həlledici rolundan bəhs edən
böyük nəzəriyyəçi 1997-ci ilin yanvarında
Fransa Milli Məclisindəki qəbulda demişdi: “Şəxsən
mən ümumiyyətlə tarixə, eləcə də
öz xalqımın, başqa xalqların tarixinə
böyük hörmətlə yanaşıram”. Ulu öndər Azərbaycan həqiqətlərini
dünya ictimaiyyətinə çatdıraraq
vurğulayırdı ki, xalqımızın tarixi
bütün zamanlarda həqiqət və ədalət
uğrunda mübarizə tarixi olmuşdur.
İdeologiya sahəsində buraxılan elmi-nəzəri
səhvlərin aradan qaldırılması, istiqlal hərəkatında
böyük xidmətləri olan milli siyasi partiyalara və
şəxsiyyətlərə düzgün obyektiv qiymət
verilməsi Heydər Əliyevin fəaliyyətində
mühüm yer tutur.
Keçən
əsrin 90-cı illərinin əvvəllərində xalq hərəkatı
dalğalarında ortaya çıxan AXC-Müsavat
cütlüyü daxili və xarici siyasət, ideologiya sahəsində
ciddi səhvlərə yol verdi. Xalqımızın milli mənlik şüurunun
inkişafında xüsusi rol oynayan A.A. Bakıxanovun, Mirzə
Kazımbəyin, M.F.Axundovun və b. çar idarələrində
işləmələri bəhanə edilərək onların
elmi-mədəni irsinə əsassız hücumlar oldu. İstiqlal hərəkatımızda böyük rol
oynayan “Hümmət”, “Qeyrət”, “Difai”, “Müdafiə”
partiyalarının rolu inkar edildi.
Məhz Heydər Əliyevin əsər və nitqlərində
belə səhvlərə son qoyulmuş, milli dirçəliş,
milli oyanış şüurunun inkşafında onların və
digər mədəni-maarif təşkilatlarının xidmətlərinə
yüksək qiymət verilmişdir.
Xalq cəbhəsinin naşı ideoloqları demokratiyanı
hərc-mərclik kimi qəbul edərək
xalqımızın keçdiyi çətin, həm də
şərəfli yolu təkzib edirdilər. Azərbaycan
xalqının İkinci Dünya müharibəsində
iştirakı məsələsində sanki
xalqımızın qəddar düşməni, satqın
M.Qorbaçovla həmfikir idilər. Qorbaçov
bu müharibədə qaliblərin və məğlubların
olmaması kimi sərsəm fikirlər söyləyib, həlak
olan 27 milyon sovet adamının ruhuna ləkə saldı.
Onu dəstəkləyən cəbhəçilər
deyirdilər ki, vətən müharibəsi
olmamışdır, faşistlər Azərbaycanı
işğal etsələr daha sərfəli olardı.
Bu dönüklər dərhal 9 May Qələbə
gününü ləğv etdilər, elə mühit
yaratdılar ki, veteranlar danışmağa utanır, çəkinirdilər. Onlara irad
tuturdular ki, siz Azərbaycanı deyil, imperiyanı müdafiə
etmisiniz.
Həmin
vaxtlar Naxçıvan Ali Sovetinin sədri olan Heydər Əliyev
veteranları toplayıb onlara ürək-dirək verdi. Azərbaycan Prezidenti olarkən
onun ilk fərmanlarından biri 9 Mayın Qələbə
günü kimi qeyd edilməsi oldu. Vaxtaşırı
veteranlarla görüşlər, onlara maddi və mənəvi
yardım edilməsi, Azərbaycan xalqının müharibədəki
tarixi şücaəti ilə bağlı əsərlərin
çap edilməsi Heydər Əliyev şəxsiyyətinin
ucalığına misaldır.
Azərbaycanı
dünyaya, dünyanı isə Azərbaycana tanıdan Heydər
Əliyevin böyük şəxsiyyət və nüfuz
sahibi kimi dünyanın bir çox ölkələrinə səfərləri,
uzaqgörən taktiki və strateji siyasi gedişləri,
proqram xarakterli dərin məzmunlu nitqləri hər bir azərbaycanlının
qəlbində qürur hissi doğurur. Tarix elmi
üzrə problemlərin yeni təfəkkür
baxımından açıqlanması, eyni zamanda indiki
dövrlə keçmişin varisliyinin qorunub saxlanması onun
əsər və nitqlərinin əsas qayəsini təşkil
edir. Heydər Əliyev yazırdı: “Varislik həmişə
böyük məsuliyyət demək olmuşdur. Biz tarixdən ibrət götürməliyik”.
Zirvədə dayanıb uzağı görmək,
müdriklik, təmkinlik, dəyanət Heydər Əliyevin
başlıca xüsusiyyətidir. Məşhur qədim Çin alimi
Sun Tszinin qiymətli kəlamı var: “Hər şeyi
götür-qoy etmədən döyüşə atılan
adamın qalib gəlmək ehtimalı cüzidir”. Hadisələri qabaqlamaq, onun önündə getmək
sayəsində o dünyanın ən nüfuzlu liderlərindən
birinə çevrilmişdir.
Azad
sözün, azad fikrin qarantı kimi Heydər Əliyev
tarixçilərin, yaradıcı ziyalıların
etibarlı dostu olmuş, çoxsahəli elmi-intellektual fəaliyyəti
ilə Azərbaycan tarix elmini zənginləşdirmiş, onun
başlıca problemləri ilə bağlı konseptual fikirlər
söyləmişdir. Ulu rəhbər dəfələrlə
nəzərə çatdırırdı ki, “Tarix hər bir
insan üçün yeniyetməlikdən başlayaraq
ömrünün sonuna qədər lazımdır. Ona görə də biz indi xalqımızın
tarixinin yazılması işini gərək diqqət mərkəzinə
alaq”.
Heydər Əliyev tarixi qaynaqların və sənədlərin
toplanması və araşdırılmasına müstəsna
diqqət yetirmişdir. 2 dekabr 2002-ci ildə onun “Azərbaycan
Respublikasında arxiv işinin təkmilləşdirilməsi
haqqında” fərmanı arxiv işinin
yaxşılaşdırılmasında əvəzsiz rol
oynadı. Son dövrdə bir çox arxiv
sənədlərinin nəşr olunub geniş ictimaiyyətə
çatdırılması xalqda tarixi biliklərin artması,
onun fəal həyat mövqeyi tutması işində müsbət
rol oynamışdır.
Ümummilli
liderimiz Heydər Əliyev tarixçi alimlər
qarşısında fundamental “Azərbaycan tarixi”nin yazılması kimi məsul vəzifə
qoymuşdu. Respublikanın görkəmli
tarixçi alimləri bu işin öhdəsindən layiqincə
gəldilər. Onun
sağlığında 7 cildlik Azərbaycan tarixi nəşr
edilərək oxucuların istifadəsinə verildi.
Ulu öndər Azərbaycan tarixinin çox mühüm
dövrü olan XIX və XX yüzilliklərin tarixinin əhatəli
tədqiqi və nəşri üçün xüsusi qrant
ayırmışdı. Alimlərimiz onun
tapşırığını layiqincə yerinə yetirdilər.
Nadir siyasi istedada, genişmiqyaslı
dünyagörüşünə malik olan Heydər Əliyev
çağdaş Azərbaycan dövlətinin qurucusu olmaqla
yanaşı, həm də “Vətən tarixi” elminin dahi nəzəriyyəçisi
idi. O, öz
gərgin və çoxşaxəli elmi-intellektual fəaliyyəti
ilə tarix elmini zənginləşdirmiş, onun
başlıca istiqamətləri və qarşıda duran vəzifələrlə
bağlı konseptual fikirlər söyləmişdir.
Azərbaycan
Prezidenti İlham Əliyevin bu yaxınlarda
imzaladığı “Azərbaycan elmində islahatların
aparılması ilə bağlı Dövlət
Komissiyasının yaradılması haqqında” sərəncam
ulu öndər Heydər Əliyevin Vətən elmi
qarşısında qoyduğu vəzifələrin həlli
işində mühüm əhəmiyyətə malikdir. Prezidentin elmin inkişafı üzrə əsaslandırdığı
milli strategiyanın həyata keçirilməsi
ziyalılarımızın şərəfli vəzifəsidir.
Xəlil KÖÇƏRLİ,
tarix elmləri doktoru, professor,
respublikanın əməkdar müəllimi
Xalq qəzeti.- 2013.- 23 aprel.- S. 4.