Birinci
rübün yekunları uğurlu olmuşdur
Artıq 2013-cü ilin I rübü arxada
qaldı. Bu dövr ərzində
respublikamızda inkişaf tendensiyası davam etmiş, bütün sahələrdə yüksəliş qeydə alınmışdır. Bu
yaxınlarda cənab Prezidentin iştirakı ilə keçirilən Nazirlər
Kabinetinin 2013-cü ilin birinci rübünün yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında bu barədə geniş bəhs olunmuşdur.
Cənab
Prezident iclasdakı nitqində demişdir: “Bu ilin birinci
rübündə ümumi daxili məhsul 3,1 faiz artmışdır.
Hesab edirəm ki, bu, çox yaxşı göstəricidir.
Biz bu artımı qeyri-neft sektorunun hesabına əldə
etmişik. Bu ilin birinci rübündə qeyri-neft sektorunun
inkişafı 11,4 faiz olmuşdur. Yəni, bu, hesab edirəm
ki, bugünkü Azərbaycan iqtisadiyyatını təhlil etmək
üçün əsas göstərici olmalıdır.
Çünki əvvəlki dövrlərdə də, bu
gün də Azərbaycanın iqtisadi inkişafını təhlil
edənlər bəzi hallarda bu inkişafı neft-qaz amili ilə
bağlayırlar. Şübhə yoxdur ki, ilk illərdə -
müstəqilliyimizin ən ağır dövründə,
1990-cı illərin ortalarında başlamış neft
strategiyamız ölkə iqtisadiyyatına böyük təkan
vermişdir və bu gün neft-qaz sektoru ölkə
iqtisadiyyatında önəmli bir yer tutur. Ancaq bizim əsas
uğurlarımız müdrik iqtisadi islahatlar nəticəsində
təmin edilmişdir və bu il qeyri-neft sektorunun 11,4 faiz
artması özlüyündə bir göstəricidir. Bu, onu
göstərir ki, ölkə iqtisadiyyatı və ümumiyyətlə,
ölkəmiz neft-qaz amilindən
asılılığını azaldır və beləliklə,
dayanıqlı inkişaf artıq reallıqdır.” Əlbəttə,
bu inkişafda Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin də xüsusi xidmətləri
vardır.
Sevindirici haldır ki, 2013-cü il
Prezidentimiz tərəfindən
“İKT ili” elan
olunmuşdur. Mənə belə gəlir ki, ilin birinci
rübündəki uğurlarımız “İKT ili”nə yaxşı töhfədir. Qeyd edək
ki, bu ilin I rübü ərzində İKT, informasiya və
poçt sektorunda əldə olunan gəlirlərin həcmi
ötən ilin müvafiq dövrü ilə müqayisədə
14,3 faiz artaraq 371,4 milyon manat təşkil etmişdir. Ötən
ilin müvafiq dövrü ilə müqayisədə artım
tempi İKT sektorunda 13,4 faiz təşkil etmişdir. İKT,
informasiya və poçt sektorunda əldə olunan gəlirlərin
təxminən 76,8 faizi qeyri-dövlət rabitə müəssisələrinin
payına düşmüşdür.
2013-cü
ilin I rübü ərzində ölkə üzrə
ÜDM-in həcmi 12.9 milyard
manat, ötən illə müqayisədə real artım
tempi isə 3,1 faiz təşkil etmişdir. İKT, poçt və
informasiya sektoru üzrə əldə olunan gəlirlərin
ÜDM-də payı 1,9 faiz təşkil etmişdir.
Ölkənin
informasiya və rabitə sektoru üzrə orta aylıq əməkhaqqı
ötən ilin müvafiq dövrü ilə müqayisədə
3.8 faiz artırılaraq 642,0 manata
çatdırılmışdır. Həmçinin,
RİTN-in birlik və müəssisələrində
çalışan rabitəçilərin orta aylıq əmək
haqqı 330,0 manat təşkil etmişdir ki, bu da ötən
ilin mavafiq dövrü ilə müqayisədə 6,4 faiz çoxdur.
RİTN
sektorda effektiv dövlət siyasətini həyata keçirməklə
yanaşı, tabeçiliyində olan birlik və müəssisələrin
davamlı inkişafına da xüsusi diqqət yetirir. Bunun nəticəsidir
ki, rüb ərzində RİTN-in strukturuna daxil olan birlik və
müəssisələr üzrə 81,6 milyon manat proqnoza
qarşı 85 milyon manat gəlir əldə edilmişdir ki,
bu da proqnozla müqayisədə 4,2 faiz, əvvəlki illə
müqayisədə isə 2,8 faiz çoxdur. 2013-cü ilin I
rübü ərzində bu
birlik və müəssisələr dövlət büdcəsinə
8,0 milyon manat, DSMF-ə isə 3,6 milyon manat vəsait ödənilmişdir.
Ümumilikdə
informasiya və rabitə sektoruna 39,8 milyon
manat investisiya qoyulmuşdur. Məlumat üçün bildirək
ki, birinci rübdə ölkə iqtisadiyyatına 2,8 milyard manat investisiya qoyulmuşdur.
Respublikada
sabit telekommunikasiya sektorunun inkişaf etdirilməsi yeni
texnologiyaların tətbiqi, keyfiyyətli və
dayanıqlı telefon rabitəsinin təşkili məqsədilə
həyata keçirilmiş investisiya layihələri çərçivəsində
birinci rübdə 15 yeni EATS istismara verilmiş, 17 ATS-də
genişləndirmə işləri aparılmış, 13 ədəd
TV-radio vericisi quraşdırılmış, 8 ədəd
poçt şöbəsi binası tikilmiş və 248,5 kilometr fiber-optik kabel çəkilmişdir.
Aztelekom və BTRİB şəbəkəsi üzrə
özəl provayderlər də nəzərə alınmaqla
montaj olunan genişzolaqlı internet portlarının sayı
437 605-ə çatdırılmış və onlardan 352
440-ı istifadə olunur. Həmçinin,
BTRİB və “Aztelekom” İB şəbəkələrində
CDMA abunəçilərinin sayı 30 771 ədədə
çatdırılmışdır.
Hazırda ölkədə hər 100 nəfərə
düşən mobil abunəçilərin sayı 110-a bərabərdir.
Ölkədə əhalinin internet xidmətlərinə
tələbatının artmasının və
yaradılmış texniki imkanlığın nəticəsidir
ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə
beynəlxalq internet kanallarının ümumi tutumu 2,3 dəfə artırılaraq təqribən
200 Gb/s-ə çatdırılmışdır.
2013-cü
ilin I rübü ərzində dünya ölkələrindən
Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi
ötən ilin müvafiq dövrü ilə müqayisədə
24,8 milyon dəqiqə azalaraq
127,7 milyon dəqiqə, çıxış trafikinin həcmi
isə 2,7 milyon dəqiqə azalaraq 42,8 milyon dəqiqə təşkil
etmişdir.
Beynəlxalq telefon kanallarının sayı ilin əvvəli
ilə müqayisədə 209 ədəd artırılaraq
9594 ədədə çatdırılmışdır.
Nazirlər
Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında cənab Prezident
bildirmişdir:
“İnformasiya-kommunikasiya texnologiyaları ili Azərbaycanda
uğurla başlayır. Azərbaycan kosmik
dövlətdir. Bu böyük tarixi nailiyyətdir.
“Azərspace-1” peyki orbitdədir. Artıq idarəçilik də Azərbaycana
verilibdir. Biz peyki Bakıdan idarə edirik.
Artıq tərəfdaşlarla ikinci,
üçüncü peykin orbitə buraxılması ilə
bağlı danışıqlara başlamışıq.
Bu da bir yenilik, müasirlik,
inkişafdır".
İnformasiya cəmiyyətinin
inkişafı, İKT-nin cəmiyyətdə tətbiqi və
əhalinin İKT biliklərinin artırılması istiqamətində
də ardıcıl işlər görülmüşdür.
2013-cü ilin İKT ili
elan edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin 16 yanvar 2013-cü il tarixli sərəncamına əsasən,
dövlət qurumları və ictimai təşkilatlardan rəy
və təkliflər alınmaqla Tədbirlər Planı
hazırlanmış və Azərbaycan Respublikasının
Prezidentinin 28 mart 2013-cü il tarixli sərəncamı ilə
təsdiq olunmuşdur.
Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli fərmanı ilə Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin yanında
yaradılmış “Elektron Təhlükəsizlik Mərkəzinin
Əsasnaməsi” təsdiq
edilmişdir. Hazırda Mərkəzin fəaliyyətinin
təşkili üzrə aidiyyəti dövlət
qurumlarına müraciətlər olunmuş və digər zəruri
tədbirlər görülməkdədir.
Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 1 fevral tarixli sərəncamı ilə Azərbaycan
Respublikasında İnformasiya Texnologiyaları Universitetinin
yaradılması qərara alınmışdır. Bu universitetin Nizamnaməsinin hazırlanması üzərində
işlər aparılır.
“Elektron hökumət” portalına qoşulan dövlət
qurumlarının sayı 40-a, onların portala inteqrasiya
edilmiş elektron xidmətlərinin sayı 215-ə
çatdırılmışdır.
2013-cü ildə həyata keçiriləcək əsas
tədbirlərdən biri də 2013-2015-ci illər ərzində
ölkənin hər bir yaşayış məntəqəsində
(hətta ən ucqar kəndlərdə) fiber-optik kabel şəbəkəsi
üzərindən əhalinin yüksəksürətli
genişzolaqlı internet və digər müasir
telekommunikasiya xidmətlərinə
çıxışını nəzərdə tutan “Milli
genişzolaqlı internetin inkişafı” layihəsinin
icrasına başlanılması olacaqdır.
Hazırda ölkədə əhalinin hər
100 nəfərinə düşən internet istifadəçilərinin
sayı 70-ə, genişzolaqlı internet istifadəçilərinin
sayı isə 50-yə bərabərdir.
Dünya
İqtisadi Forumunun “The Global Information Technology Report 2013"
hesabatında Azərbaycan ”Şəbəkələşmə
hazırlığı indeksi"nə görə (Networked
Readiness Index) əvvəlki mövqeyindən 5 pillə irəliləyərək
dünyanın 144 ölkəsi arasında 56-cı yerə
yüksəlmişdir. Hesabata əsasən,
internet istifadəçilərinin sayına görə isə
respublikamız MDB ölkələri arasında birinci yerdədir.
Azərbaycan
Respublikası Prezidentinin 15 mart 2012-ci il tarixli sərəncamı
ilə RİTN-in tabeliyində yaradılmış
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət
Fondunun fəaliyyətinin
təşkili üzrə işlər davam etdirilir.
Eyni
zamanda, Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli fərmanı ilə “Yüksək
Texnologiyalar parkı”nın yaradılması qərara
alınmışdır. Hazırda fərmana uyğun olaraq,
Parkın formalaşdırılması, zəruri infrastrukturun
qurulması, beynəlxalq təcrübənin öyrənilməsi
və digər təşkilati məsələlərin həlli istiqamətində
işlər aparılır.
Azərbaycan Respublikası
Prezidentinin ötən il dekabrın 29-da
imzaladığı fərmanla təsdiq olunmuş “Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyasının kommunikasiya texnologiyalarının
inkişafı və informasiya cəmiyyətinə
keçidin təmin edilməsi bölməsinin həyata
keçirilməsi üçün Tədbirlər Planı
hazırlanmış və yaxın vaxtlarda təsdiq
olunacaqdır.
2013-ci ilin I rübü ərzində maliyyə xidməti
fəaliyyətinin həyata keçirilməsi
üçün icazələrin alınması işi davam
etdirilmiş və Mərkəzi Bankdan daha 8 poçt
şöbəsinə maliyyə xidmətləri göstərilməsi
üçün icazə alınmışdır. “Azərpoçt”
MMC üzrə alınmış icazələrin ümumi
sayı 1016-ya çatdırılmışdır.
Bu dövr ərzində RİTN-in xarici əlaqələrinin
inkişaf etdirilməsi, o cümlədən ölkəmizdə
rabitə və İKT sahəsində aparılan
islahatların beynəlxalq aləmdə tanınması
üçün əhəmiyyətli işlər
görülmüş, ikitərəfli görüşlər
keçirilmişdir. Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi tərəfindən qanunvericilik
bazasının yaradılması və təkmilləşdirilməsi
istiqamətində də işlər davam etdirilmişdir.
RİTN ötən dövr ərzində əsas fəaliyyəti
ilə yanaşı, qaçqın və məcburi
köçkünlərin, şəhid və əlil ailələrinin,
veteranların, idmançıların və sosial vəziyyəti
ağır olan digər insanların problemləri ilə
yaxından maraqlanaraq, onlara daim yardımlar etmişdir.
2013-cü ilin I rübü ərzində nazirliyin rabitə
birlik və müəssisələrində 434 nəfər
işə qəbul edilmişdir.
İşçilərimizdən 4 nəfərinə
“Rabitə ustası”, 9 nəfərə “Fəxri
Fərman”, 10 nəfərə
“Əmək veteranı” adları verilmişdir.
Görülən
işlərlə yanaşı, “Azərbaycan Respublikasında
2013-cü ilin ”İnformasiya-kommunikasiya Texnologiyaları
ili" elan edilməsi ilə bağlı Tədbirlər
Planı"nda, “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasında, qəbul
olunmuş dövlət proqramları və digər hüquqi sənədlərlə
qarşıda duran mühüm vəzifələr müəyyənləşdirilmişdir.
Ölkə ərazisində rəqəmsal yayımın
ölkənin bütün ərazisində təşkilinə
nail olmaq, ölkənin aşağıorbitli yerin məsafədən
zondlama peykinin hazırlanması və orbitə
çıxarılması ölkə ərazisində rəqəmsal
yayımın ölkənin bütün ərazisində təşkilinə
nail olmaq, mərkəzləşdirilmiş avtomatik
radiomonitorinq şəbəkəsinin qurulmasına
başlanılması və regionlarda qurulması işləri
həyata keçirilmişdir. Həmçinin, elektron hökumət
infrastrukturnun təkmilləşdirilməsi, dövlət
qurumlarının inteqrasiyasının artırılması,
elektron xidmətlərin tətbiqinin genişləndirilməsi,
yüksək texnoloji və elmtutumlu məhsulların
hazırlanması üzrə Yüksək Texnologiyalar
Parkının fəaliyyətinin təşkili,
respublikanın bütün yaşayış məntəqələrində
genişzolaqlı xidmətlərin tətbiqi üzrə layihənin
icrasına başlanılması,
telekommunikasiya və poçt infrastrukturunun modernləşdirilməsi,
nanatexnologiyaların tədqiqi və praktikada bilavasitə tətbiq
olunması bu qəbildən olan tədbirlərdir.
İnanırıq ki, bütün rabitəçilərimiz
səylə çalışaraq, bu
tapşırıqların öhdəsindən layiqincə gələcəklər.
Vidadi ZEYNALOV,
Rabitə və İnformasiya
Texnologiyaları
Nazirliyinin aparat rəhbəri
Xalq qəzeti.- 2013.-
23 aprel.- S. 5.