İyirmi birinci
çağırış Azərittifaq Şurasının
altıncı yığıncağı keçirilmişdir
Şura üzvləri əvvəlcə Azərbaycan Kooperasiya Universitetinin iclas zalında ulu öndərin
90 illik yubileyinə həsr olunan, Azərbaycan Kooperasiya
Universitetinin Elmi
Şurası və Bakı Biznes və Kooperasiya Kollecinin təşkil
etdiyi “Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin ölkə iqtisadiyyatının inkişafında rolu” mövzusunda təşkil
olunmuş konfransın işində iştirak etmişlər.
Konfransı
giriş sözü ilə açan Azərittifaqın idarə
heyətinin sədri Eldar Quliyev buraya toplaşanlara
xalqımızın işıqlı yola
çıxmasında xüsusi rolu olmuş Heydər Əliyevin
keçdiyi şərəfli həyat yolundan
danışmışdır. O qeyd etmişdir ki, bu gün
dövlətimizin belə qüdrətlənməsi,
inkişaf etməsi üçün hamımız məhz o böyük
şəxsiyyətə borcluyuq.
Sevindirici
haldır ki, bu gün də bu siyasət uğurla davam
etdirilir. Təsadüfi deyildir ki, ulu öndər bir müraciətində
deyirdi: “Mən İlham Əliyevə özüm qədər
inanıram”.
Bu
gün Azərbaycan, sözün həqiqi mənasında,
dünya dövlətləri arasında özünə layiqli
yer tutub, böyük uğurlara imza atıb.
Sonra
Azərbaycan Kooperasiya Universitetinin prorektoru, iqtisad elmləri
doktoru Bəyalı Ataşov konfransda məruzə ilə
çıxış edərək xalqımızın
böyük oğlu Heydər Əliyevin müstəqil Azərbaycan
dövlətinin çiçəklənməsi və
inkişaf etdirilməsi üçün gördüyü
böyük işlərdən danışmış,
iqtisadiyyatımızın inkişafında onun rolunu xüsusi
vurğulamışdır. Professor Vilayət Əliyev və
Azərittifaqın İdarə Heyəti sədrinin müavini
Tənzilə Rüstəmxanlı da böyük şəxsiyyətin
tarixi rolunu qeyd etmiş, Azərbaycanın Heydər Əliyevin
şah əsəri olduğunu bildirmişlər.
Sonra
Azərittifaqın idarə heyətinin sədri, millət vəkili
Eldar Quliyev “2012-ci ilin maliyyə təsərrüfat fəaliyyətinin
yekunları və 2013-cü ildə Azərbaycan Mərkəzi
Kooperativlər İttifaqının qarşısında duran vəzifələr
haqqında” məruzə etmişdir.
2012-ci
ilin ölkə üçün uğurlu il olduğunu qeyd edən
Azərittifaq Şurasının prezidenti bu nailiyyətlərin
qazanılmasında Azərittifaqın da xüsusi rolu
olduğunu bildirmişdir. Göstərmişdir ki, 2012-ci ildə
Azərittifaqın təşkilat və müəssisələri
tərəfindən əhaliyə 2280163 manatlıq istehlak
malları satılmış, 468241 manatlıq iaşə xidməti
göstərilmiş, 558452 manatlıq kənd təsərrüfatı
məhsulları və xammal tədarük olunmuş, 62805
manatlıq məhsul istehsal olunmuş, 2780141 manatlıq pullu
xidmət göstərilmişdir. Hesabat ilində pərakəndə
ticarət üzrə tapşırığa 117, ictimai iaşə
üzrə 114,3 pullu xidmət göstərilməsi üzrə
127 faiz artıqlaması ilə əməl olunmuşdur. Pərakəndə
ticarətdə artım tempi 10 faiz təşkil etmişdir. Əsas
fəaliyyət sahələri olan pərakəndə ticarət,
ictiami iaşə və kənd təsərrüfatı məhsulları
tədarükündən üst-üstə 524286 manat
ümumi gəlir əldə olunmuşdur ki, bu da 2011-ci ilin
göstəricisindən kifayət qədər çoxdur.
Məruzəçi
daha sonra diqqətə çatdırmışdır ki, Azərittifaq
sisteminin bütün fəaliyyət sahələri 2012-ci ili mənfəətlə
başa vurmuş, ümumilikdə fəaliyyətdən 90402
manat mənfəət əldə edilmişdir. Belə ki, il ərzində
pərakəndə ticarətdən 66072, iaşə xidmətindən
14801, kənd təsərrüfatı məhsulları tədarükündən
4595, sənayedən 3800 manat mənfəət
götürülmüşdür.
Məruzəçi
qazanılmış uğurlarla yanaşı, bəzi kooperativ
təşkilatların işindəki nöqsanlardan da
danışmışdır. Bildirmişdir ki, pərakəndə
ticarət üzrə dövriyyə planlaşdırılan 62
təşkilatdan 21-i, ictimai iaşə üzrə 42 təşkilatdan
17-si, tədarük üzrə 46 təşkilatdan 30-u
ümumiyyətlə dövriyyə etməmişdir.
Sonra
şura üzvləri Azərittifaqın Təftiş
Komissiyasının sədri Mehdiyevin hesabatını dinləmişlər.
Məruzə
ətrafında müzakirələrdə
çıxış edən Tovuz Rayon Kooperativ Cəmiyyəti
idarə heyətinin sədri Mücəməddin Axundov,
Sabirabad Rayon Kooperativ Cəmiyyəti idarə heyətinin sədri
Qardaşxan Hacıyev, Kürdəmir Rayon Kooperativ Cəmiyyəti
idarə heyətinin sədri Fikrət Səlimov, Lerik Rayon
Kooperativ Cəmiyyəti idarə heyətinin sədri Zahid
Hacıyev, Tərtər Rayon Kooperativ Cəmiyyəti idarə
heyətinin sədri Mərziyə Qəndilova
çıxış edərək əldə olunmuş
uğurlardan, qarşılaşdıqları bəzi problemlərdən
və qarşıda duran vəzifələrdən
danışmışlar.
Sonra
Azərittifaqın mərkəzi aparatının saxlanması
xərclərinin smetası təsdiq edilmiş, işdə fərqlənən
kooperasiya üzvlərinə mükafatlar verilmiş, Azərittifaq
Şurasının tərkibində bəzi dəyişikliklər
edilmişdir. Şura yığıncağında Azərbaycan
Mərkəzi Kooperativlər İttifaqının XXII qurultayının
çağırılması haqqında qərar qəbul
edilmişdir.
Azərittifaq
Şurasının prezidenti Eldar Quliyev şura
yığıncağına yekun vurmuşdur.
Bununla
da 21-ci çağırış Azərittifaq
Şurasının 6-cı yığıncağı öz
işini başa çatdırmışdır.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2013.- 23 aprel.- S. 5.