AZƏRBAYCAN
DİLİ ilə hər birimiz fəxr edə bilərik
Heydər Əliyev müzakirə olunan hər
bir məsələnin geniş təhlilinə şərait
yaratmaqla yanaşı, aparılan təhlilləri
yekunlaşdırmaq, ümumiləşdirmək
baxımından da qeyri - adi məntiqə və istedada malik
idi. O, səbrlə, təmkinlə insanları
dinləməyi bacarır, söylənilən hər bir fikri
yaddaşında saxlayırdı.
Bu mənada Heydər Əliyevin güclü
yaddaşı vardı. O, kimin nə vaxt nə dediyini
yaddaşının gücü ilə çox dəqiq şəkildə
başqalarına çatdırır və bununla da hamını
heyrətə gətirirdi. Bunu onun 1995-ci il oktyabr ayının
31-də Elmlər Akademiyasında ziyalılarla
görüşü və noyabrın 2-də olan müzakirələr
də təsdiq edir.
Heydər
Əliyev qəbul olunan qərarlarda hər bir kəsi
inandırmağa çalışırdı. O,
çalışırdı ki, qəbul olunan qərarlar hər
bir kəsi razı salsın, qane etsin. Ona görə də
müzakirə olunan məsələlərdə, o cümlədən
dövlət dilinin adı məsələsində dəfələrlə
müzakirələrin aparılmasına geniş imkan
yaradırdı. Heydər Əliyev dövlət dilinin adı
ilə bağlı olan müzakirələr barədə
ümumiləşdirmə apararaq deyirdi: “Oktyabrın 31-də
Elmlər Akademiyasında bütün ziyalıların
nümayəndələri bu məsələni müzakirə
etdilər. 25-dən çox adam çıxış etdi. Mən
bununla qane olmadım. Noyabrın 2-də konstitusiya
komissiyasının iclasını tamamilə buna həsr etdim.
Biz beş saata qədər müzakirə apardıq. O
müzakirədən sonra bəlkə də qərar qəbul
etmək olardı. Görürsünüz ki, mən bu gün
Konstitusiya komissiyasının və işçi qrupunun
üzvlərinin burada iştirakı ilə müzakirəni
yenə də davam etdirirəm”.
Heydər
Əliyev dil, millət anlayışına izah verir, onun hər
birinin dialektik mahiyyətini açırdı. Bu
anlayışları dilçi, tarixçi, filosof kimi şərh
edirdi. Məsələn, “Dil, millət fəlsəfi məfhumdur,
tarixi anlayışdır. İnsanlar dünyada mövcud
olandan onlar hansısa dillərdə danışıblar. Bir
halda ki, insanlar olub, demək, onların bir - biri ilə əlaqəsi
üçün dil də olubdur”. Başqa bir fikrə diqqət
edək: “İnsanlar dünyada mövcud olandan müəyyən
tayfalar, qruplar yaranıbdır, bundan sonra onlar güclənib,
millət şəklinə gəlib çıxıblar. Ona
görə həm millət anlayışı, həm dil
anlayışı, yenə deyirəm, fəlsəfi məfhumdur,
fəlsəfi, tarixi anlayışdır. Dialektikanın
qanununa görə bu iki anlayış daim inkişafda, dəyişiklikdə
olubdur”. Bax budur Heydər Əliyevin dilə, millətə
baxışının fəlsəfəsi, dialektikası, elmi
və məntiqi yanaşması.
Heydər
Əliyev elmi nöqteyi - nəzərdən
hazırlıqlı olduğundan bəhs etdiyi sahələrlə
bağlı öz görüşlərini aydın məntiqlə
söyləyirdi. Konkret olaraq dövlətimizin dilinin adına
gəldikdə isə o deyirdi: “Heç kəs deyə bilməz
ki, XII əsrdə kim nə deyibsə, o bu gün bizim
üçün ehkamdır. Heç kəs deyə bilməz
ki, XV əsrdə kim nə deyibsə, o da bizim
üçün ehkamdır. Bunu nəzərə almaq
lazımdır və bunu unutmaq lazım deyil. Bu gün biz
dövlət dilimiz haqqında məsələni müzakirə
edərkən heç bir konyukturaya yol verməməliyik.
Hansısa bir qərarı qəbul edəcəyiksə, - bu,
kimin xoşuna gələcək, ya gəlməyəcək, -
bu bizi narahat etməməlidir. Biz onu həqiqət əsasında
qəbul etməliyik və kimdənsə üzrxahlıq da etməməliyik:
Bağışlayın, biz sizinlə qardaşıq, amma biz
dilimizi belə etmək istəyirik. Mən bununla da razı
deyiləm”.
Heydər
Əliyev əsl dilçi, tarixçi kimi təhlil aparır
- dilimizin kökü barəsində müfəssəl məlumat
verir, dilimizin mənsub olduğu qrupu xarakterizə edir,
keçdiyi inkişaf yollarını səciyyələndirir,
dilimizin daim inkişafda olduğunu söyləyirdi. O deyirdi:
“Keçmiş Sovetlər İttifaqının ərazisində
türkdilli 23 xalq məskun olubdur. Yəni türkdilli xalqlar
çoxsaylıdır və millətcə, dilcə türk
kökündən olan xalqlar çoxsaylıdır. Əgər
keçmiş Sovetlər İttifaqının ərazisində
türkdilli 23 xalq olubsa, onun hüdudlarından kənarda da
var. Bu da təbiidir, çünki dünyada olan dillər
ayrı - ayrı dil qruplarına bölünüblər və
bu dil qrupları tarix boyu, əsrlər boyu formalaşıblar,
sonra şaxələniblər və hər bir şaxə
müəyyən proseslər nəticəsində öz
istiqamətində inkişaf edib və gəlib indiki səviyyəyə
çatıbdır”. Bununla da Heydər Əliyev dillərin, o
cümlədən türk dillərinin tarixi köklərindən
şaxələnməsini təbii bir proses kimi qiymətləndirir,
hər şeyin inkişafda olduğunu dünya
yarandığı gündən indiyə qədər baş
verən inkişaf kimi dəyərləndirirdi. Doğrudan da,
dünyada hər şey dəyişir, inkişaf edir, yeniləşir,
bir sözlə, olduğu kimi qalmır. Belə olan təqdirdə
şaxələnmənin, differensiallaşmanın
qarşısını almaq inandırıcı görünmür.
Bu mənada keçmiş Sovetlər İttifaqı ərazisində
yaşayan 23 türkdilli xalqın hər birinin dilinin adı
olması onların tarixi nailiyyətləridir, onların
inkişafıdır. Ancaq bununla belə, inkişaf
türkdilli xalqların heç birinin tarixi - etnik
kökünü inkar edə bilmir, bu heç mümkün də
deyildir. Bu mənada Heydər Əliyev dillərin (o cümlədən
türk dillərinin) dünəni, bu günü və
sabahı barədə aydın bir məntiqlə deyirdi:
“Şübhəsiz ki, dünyada olan dillərin bugünkü
səviyyəsi də son hədd deyil. Bəşəriyyət,
insan cəmiyyəti daimidir, hər şey inkişafdadır,
yüz, iki yüz, beş yüz ildən sonra nə
olacaqdır, - bunu biz indi deyə bilmərik. Ancaq şübhəsiz
ki, nə dünya belə olacaqdır, nə də
dünyanın mənzərəsi bu şəkildə
qalacaqdır. Hər şey inkişafdadır. Belə olan
halda, şübhəsiz ki, bizim mənsub olduğumuz
türkdilli xalqlar da şaxələniblər, məskun
olduqları yerin, ərazinin təsiri altında,
qonşularının, başqa amillərin təsiri altında
hərəsi öz istiqamətində inkişaf edibdir”. Bununla
da Heydər Əliyev türkdilli xalqların ortaq dəyərlərdən,
vahid kökdən şaxələnməsini təbii qəbul
etməklə yanaşı, hər birinin məskun olduğu ərazinin,
əlaqədə olduqları xalqın təsiri ilə
bağlı özünəməxsus xüsusiyyətlər əldə
etdiklərini də istisna etmirdi. Heydər Əliyev türk
dillərinin dövlət dili statusu alması barədə qeyd
edirdi ki, burada dövlətin yaranması və dövlətin
formalaşması vacib amillərdəndir. Düzdür,
türk xalqlarının dövlətçilik tarixi və
çoxlu dövlətləri olmuşdur. Ancaq türk
xalqlarının (xüsusilə keçmiş Sovetlər
İttifaqında yaşayan 23 türkdilli xalqın) milli
dövlətlərinin dövlət dili daha çox XX əsrlə
bağlıdır. Yəni “türk” sözü ümumiləşdirici
bir etnik termin kimi tarixən millət və dövlət
adı kimi işlənmişdir. Sonralar bu sözün
(türk sözünün) ehtiva etdiyi millət və dövlət
anlayışı inkişaf etmiş, şaxələnmiş,
qol - budaqlara ayrılmışdır. Bütün bəşəriyyət
üçün millət, dövlət anlayışı və
onun statusunun müəyyənləşməsi türk
xalqlarının da, təbii ki, tarixi taleyidir. Bu barədə
Heydər Əliyev deyirdi: “Ancaq bu dillərin, yəni bizim bu
türk dili qrupuna mənsub dillərin gəlib dövlət
dili səviyyəsinə çatması XX əsrdə baş
veribdir. Mən başqa Avropa dillərini demirəm. Dövlət
dili statusu alınması da, şübhəsiz ki, hər bir
dövlətin dövlət kimi formalaşması ilə
bilavasitə əlaqədardır”.
Heydər
Əliyev dövlət dili anlayışına aydınlıq
gətirmək üçün tarixdən müqayisələr
gətirir, qohum - qardaş türk xalqlarının tarixində
baş vermiş hadisələri xatırladırdı. Bununla
da müqayisələr və tarixi gerçəklikləri
üzə çıxarmaq yolu ilə dövlət dili və
onun formalaşması ilə bağlı həqiqətləri
söyləyirdi. O, Osmanlı İmperatorluğunun simasında
bu imperatorluğun dilinin adı və Türkiyə
Cümhuriyyəti yaranandan sonra bu cümhuriyyətin dövlət
dilinin adı barədə çox dəqiq elmi fikri dəlil
kimi gətirirdi. Bu mənada Heydər Əliyevin dediklərini
xatırlamaq yerinə düşər: “Osmanlı
İmperatorluğu və Osmanlı dili bu müzakirələr
zamanı (yeni Konstitusiya layihəsində 23-cü maddənin -
dövlət dili məsələsinin müzakirəsi nəzərdə
tutulur - B.X.) tez - tez yada salınır. Amma məlumdur ki,
Osmanlı imperatorluğunun dövlət dili XIX əsrədək
türk dili deyildi, tarixçilərimiz bunu yaxşı bilirlər.
İmperatorluq Osmanlı İmperatorluğu idi, amma dövlət dili türk dili deyildi.
Götürün arxivlərdə onların kitablarına
baxın, həmin padşahların, sultanların fərmanlarına
baxın, onlar türk dillərində yazılmayıb.
Bütün bunlar ərəb-fars dillərində
yazılıb. Gedin İstanbuldakı muzeylərə baxın,
yəqin çoxları baxıblar, kim baxmayıbsa gedib baxa
bilər. Mən bundan Türkiyənin dövlət
başçıları ilə danışıqlarımda da
söhbət açmışam. Onlar da deyiblər ki, bəli,
belə olub. Onlar da Türkiyə Cümhuriyyəti yaranandan
sonra indiki türk dilini formalaşdırıb, dövlət
dili ediblər”. Bu, tarixi bir nailiyyətdir ki, türk
sözünü dövlət dilinin adı kimi Türkiyə
Cümhuriyyəti götürüb, inkişaf etdiribdir.
Düzdür, Azərbaycan Demokratik Cümhuriyyəti türk
sözünü dövlət dilinin adı kimi qəbul
edibdir. Ancaq o vaxt Azərbaycan Demokratik Cümhuriyyəti
yaşaya bilmədiyi üçün onun dövlət dili
olan türk dili də öz statusunu qoruya bilməmişdir.
Buna baxmayaraq, Mustafa Kamal Atatürkün qurduğu Türkiyə
Cümhuriyyəti yaşamış, inkişaf etmiş,
dünya birliyində öz yerini tutmuşdur. Bu cümhuriyyətin
dövlət dili olan türk dili də inkişaf etmiş, bu
günümüzə gəlib çatmışdır. Bu barədə
Heydər Əliyev deyirdi: “Bizim üçün dost, qardaş
olan Türkiyə Cümhuriyyətinin böyük Atatürkdən
sonra onun fəaliyyəti nəticəsində bir cümhuriyyət
kimi meydana gəlməsi, dünya birliyində öz yerini
tutması və özünün dövlət dili olması
bizi sevindirən bir haldır. Bir qardaş, dost ölkə kimi
biz bunu böyük bir nailiyyət hesab edirik”.
Heydər
Əliyevin dilimizin dövlət dili statusunu alması ilə
bağlı fikirləri də maraqlıdır. Dilin
mövcudluğu, həmin dildə danışılması hələ
dilin statuslu olması deyil. Dilin dövlət dili statusunu
alması üçün dövlətin mövcudluğu və
onun konstitusiyasında dövlət dili ilə bağlı maddənin
olması əsas şərtlərdən biridir. Eyni zamanda
dövlət statuslu dilin tədrisinə, bütün sahələrdə
tətbiqinə və tədqiqinə geniş şərait
yaratmalıdır. Məhz Heydər Əliyev bütün bu
amillərin və şərtlərin əlaqəsi ilə məsələlərə
yanaşırdı. O deyirdi: “Bizim ərazimizdə, yəni Azərbaycanda
yaşayan insanlar, İranda yaşayan və bizim dilə mənsub
olan insanlar, Türkiyənin şərq hissəsində
yaşayan və azəri adlanan insanlar keçmişdə də,
elə XX əsrdə də biz
danışdığımız dildə danışıblar.
Ona görə də dilimizin dövlət dili statusu
alması yalnız və
yalnız 1978-ci ildə qəbul edilmiş konstitusiyada olubdur. O
vaxta qədər bizim dilimiz dövlət dili statusu
almayıbdır. Hamı bu həqiqəti bilməlidir”.
Dili
birinci növbədə xalqın özü yaşadır, qoruyub
saxlayır. Belə ki, xalq öz doğma ana dilində
danışır, bir - biri ilə ünsiyyət qurur, dili nəsildən
- nəslə ötürür. Bizim hər birimiz doğma ana
dilimizin bu günə gəlib çatmasında öz
ulularımıza – ata - babalarımıza borcluyuq. Bu, işin
bir tərəfidir. İkinci bir tərəfdən, dili
xalqın böyük şəxsiyyətləri - şairləri,
yazıçıları, filosofları, mütəfəkkirləri
yaşadıblar. Onlar bu dildə öz əsərlərini
yazıblar. Bu dil vasitəsilə nəsillər arasında əlaqə
qurublar. Bir sözlə, bu dil vasitəsilə həm özlərini
yaşadıblar, bu günümüzə gəlib
çıxıblar, biz onları oxuyuruq, öyrənirik, həm
də dili inkişaf etdiriblər, zənginləşdiriblər,
yəni dili yaşadıblar. Beləliklə, dil xalq və onun
içərisindən çıxan ziyalılar tərəfindən
qorunur, işlənir, yaşadılır. Əgər ya xalq,
ya da ziyalılar bu işə ögey münasibət bəsləsələr,
onda dilin yaşamasından və inkişafından
danışmaq əbəs bir söhbət olar. Bax bu
baxımdan da Heydər Əliyev məsələlərə elə
aydın izahlar verirdi ki, bu izahları hər bir kəs
çox asan başa düşürdü. O, deyirdi: “Biz öz
əcdadlarımıza daim minnətdar olmalıyıq, ona
görə ki, torpaqlarımız, ərazimiz cürbəcür
şahlıqların, sultanların, xəlifələrin,
dövlətlərin əlinə keçdiyi vaxtlarda da dilimiz
itməyib, yaşayıb. Onu xalq yaşadıbdır, eyni
zamanda onu xalqımızın böyük şəxsiyyətləri
yaşadıblar”. Heydər Əliyev bununla əcdadlarımızın
qədir - qiymətini bilməyi, eyni zamanda
xalqımızın görkəmli şəxsiyyətlərinin
xidmətlərini unutmamağı, qədirbilənlik göstərməyi
vacib sayırdı. Hətta bu istiqamətdə elə incə
məqamlara diqqət yetirirdi ki, onu yalnız həmin sahəni
dərindən bilənlər duya və mütəxəssis
kimi fikir yürüdə bilərdi. Məsələn, o, qədirbilənliklə
xalqımızın görkəmli şəxsiyyətlərinin
bir qismi barədə deyirdi: “Böyük şairimiz,
filosofumuz, mütəfəkkirimiz Nizami Gəncəvi əsərlərinin
hamısını fars dilində yazmağına baxmayaraq, yenə
də türk dili haqqında öz sözünü deyibdir.
Böyük Füzuli əsərlərinin əksəriyyətini
ərəb dilində yazmağına baxmayaraq, türk dilində
də yazıbdır və dilimizi yaşadıbdır. Molla Pənah
Vaqif, Mirzə Fətəli Axundov, XX əsrdə dünyaya gəlmiş
böyük şəxsiyyətlər - yazıçılar,
o cümlədən Cəlil Məmmədquluzadə, şairlər,
dövlət xadimləri və mütəfəkkir insanlar Həsən
bəy Zərdabi, Əhməd bəy Ağayev, Əlibəy
Hüseynzadə, Fətəlixan Xoyski, Məmmədəmin Rəsulzadə,
Nəriman Nərimanov, Dadaş Bünyadzadə və
başqaları öz əsərləri ilə, verdikləri qərarlarla,
dekretlərlə, sənədlərlə bizim dilimizi
yaşadıblar”.
Heydər
Əliyev dilimizin inkişafını elmin, mədəniyyətin,
ictimai - siyasi həyatın inkişafı ilə
bağlayırdı. Dilimizin XX əsrin 20-ci, 30-cu, 40-cı illərindəki
səviyyəsi ilə 90-cı illərdəki səviyyəsini
nəzəri və praktik baxımdan müqayisə edirdi. Bu
illər ərzində dilimizin nə qədər zənginləşdiyini,
görkəmli dilçi alimlərimizin, şairlərimizin,
yazıçılarımızın, jurnalistlərimizin
yetişdiyini Azərbaycan xalqının böyük nailiyyəti kimi qiymətləndirirdi.
Doğrudan da dilçilər, ədəbiyyatçılar,
şairlər, yazıçılar, jurnalistlər ordusunun
yaranması dilimizi inkişaf etdirib, zənginləşdiribdir.
Bu böyük ordu xalqımıza dilimiz vasitəsilə xidmət
göstəribdir. Dilimizin imkanları onların hər birini
xalqın gözündə böyüdübdür. Odur ki,
Heydər Əliyev deyirdi: “1920-ci ildə dilimiz bu qədər
zəngin, eyni zamanda bu qədər sadə, səlis, bu qədər
təmiz və cazibədar olmayıbdır. 30-cu ildə də,
40-cı ildə də belə olmayıbdır. Demək, həyat
inkişaf etdikcə, xalqımız mədəniyyət yolu ilə,
elm yolu ilə inkişaf etdikcə, irəliyə getdikcə,
dünya mədəniyyətindən bəhrələndikcə
öz dilini də ilbəil inkişaf etdiribdir. Əgər XX əsri
götürsək, xüsusən 20-ci ildən indiyədək
Azərbaycanda böyük dilçi alimlər ordusu,
böyük ədəbiyyatçılar, şairlər,
yazıçılar, jurnalistlər ordusu yaranıbdır”.
Heydər
Əliyev XX əsri Azərbaycan dilinin, ədəbiyyatının
və mədəniyyətinin tədqiqində, təbliğində
və dünyada tanınmasında xüsusi bir mərhələ
sayır, əvvəlki əsrlərlə müqayisədə
bu əsrin (XX əsrin) xalqımıza verdiyi imkanları
dövrümüzün bəhrəsi kimi dəyərləndirirdi.
Əlbəttə, bu prosesdə Azərbaycan adı hər bir
şeyin fövqündə dayanır: “Məhz bu dövrdə
biz Nizami Gəncəvini qaldırıb dünyaya tanıda
bilmişik. Məhəmməd Füzulini də, Nəsimini də,
Mirzə Fətəli Axundovu da, Sabiri də, Seyid Əzim
Şirvanini də, Abbasqulu Ağa Bakıxanovu da
tanıtmışıq və bütün bunların
hamısını o dövrdə etmişik. Bu şəxsiyyətlər
keçən əsrlərdə, dövrlərdə məgər
dünyada bu qədər məşhur olublarmı? Yox,
heç vaxt. Bu, bizim dövrümüzün bəhrəsidir
və bunların hamısı da Azərbaycan adı ilə,
dili ilə bağlı olubdur”.
Heydər
Əliyev dilin yarandığı vaxtdan inkişaf etdiyini,
lüğət tərkibinin zənginləşdiyini, dilin
qrammatik quruluşunda gedən unifikasiya prosesini nəzərə
alırdı və Azərbaycan dilinin də belə inkişaf
mərhələlərindən keçib gəldiyini, bu
gün zəngin dilimizin olduğunu qeyd edirdi. Onun məntiqi belə
bir düzgün qənaəti ortalığa qoyurdu ki, hər
bir dövrün, əsrin, mərhələnin dili öz
fonetik, leksik, qrammatik quruluşu baxımından özünəməxsusluğu
ilə fərqlənir. Əlbəttə, dil nə qədər
zəngin olarsa, orijinaldan tərcümə olunan əsərlər
də bir o qədər kamil və dolğun olar. Bu mənada Azərbaycan
dilinin zənginliyi imkan verir ki, orijinaldan dilimizə tərcümələr
edilsin və bu istiqamətdə də dilimizin ənənəsi
var.
Heydər
Əliyev tərcümə, tərcümənin təkmil
olması, tərcüməçilərin rolu və s. məsələlər
barədə Nizami Gəncəvinin “Xəmsə”sinin orijinaldan
Azərbaycan və rus dillərinə olunan tərcümələri
əsasında maraqlı fikirlər söyləyirdi: “Biz Nizami
Gəncəvinin əsərlərini, bütün
poemalarını, “Xəmsə”sini ilk dəfə 1948-ci ildən
sonra öz dilimizə, yəni indi
danışdığımız Azərbaycan dilinə tərcümə
etdirmişik və xalqımıza
çatdırmışıq. Siz bunu da bilməlisiniz ki, mən
Nizami Gəncəvinin “Xəmsə”sinin ilk dəfə rus dilinə
tərcümə edilib Moskvada nəşr edilməsinə nail
olmuşam... Mən bununla bir neçə il məşğul
olmuşam. Nizami Gəncəvinin poemaları rus dilində
tamamilə nəşr edilməmişdi". Heydər Əliyev
məşğul olduğu sahəni şəxsən
özü araşdırmağa, problemləri üzə
çıxarmağa, onların həlli yollarını müəyyənləşdirməyə
yorulmadan çalışırdı. O, siyasətlə
yanaşı, məşğul olduğu digər sahələrdə
də qətiyyətli və prinsipial idi. Bunu onun Nizami Gəncəvinin
poemalarının rus dilinə tərcüməsi ilə
bağlı dedikləri də təsdiq edir: “Hətta sonra həyat
mənə möhlət verdi, o vaxt Moskvada bu işlərlə
məşğul olarkən aydınlaşdırdım ki,
Nizami Gəncəvinin əsərlərinin rus dilinə tərcüməsi
tamam təkmil deyil. Mən o zaman belə bir fikrə
düşdüm və onu həyata keçirməyə
çalışdım ki, yenidən tərcüməçilər
qrupu yaradıb Nizami Gəncəvinin əsərlərini
orijinaldan rus dilinə tərcümə etdirim - tək Rusiya
üçün yox, çünki rus dilini Rusiyadan savayı
başqa ölkələrdə də çox bilirlər.
Bunlar hamısı bu dövrün (XX əsr nəzərdə
tutulur - B.X.) bəhrəsidir”.
Heydər
Əliyev XX əsri Azərbaycan dilinin inkişafında məhsuldar
bir dövr kimi səciyyələndirirdi: “Bu dövr bizim
üçün, ədəbiyyatımız, tariximiz
üçün böyük bəhrəli, məhsuldar bir
dövrdür və bu dövrdə dilimiz inkişaf edibdir”.
Heydər
Əliyev dilimizin dövlət dili statusundan bəhs edərkən
məsələləri hüquqi, fəlsəfi baxımdan
izah edirdi. Dövlət dili statusu almaq üçün
dövlətin mövcud olmasını vacib sayırdı və
bu, başqa cür də mümkün deyil. Eyni zamanda Heydər
Əliyevə görə “Əgər bir dil bir dövləti
təmsil etmirsə, o dilə nə deyirsən de, o, dövlət
dili ola bilməz”.
Heydər
Əliyev çoxlarının mahiyyətinə
varmadığı, bəzən isə heç
düşünmək istəmədikləri məsələləri
duyur, düşünür, sonra isə onun məğzini
şərh edirdi. Məqsədi qoyulan, müzakirə olunan məsələlər
barədə maarifçilik mövqeyi tutmaq idi. Bundan başqa,
müzakirə olunan məsələlər barədə
söz, fikir söyləyənləri məsuliyyətli
olmağa cəlb etmək idi. Hətta
o, Sovetlər İttifaqı dövründə əldə
etdiyimiz nailiyyətlər sırasında
bayrağımızın, gerbimizin, himnimizin olduğunu ən
böyük bəhrə hesab edirdi: “ Biz Sovetlər
İttifaqının tərkibində müstəqil dövlət
olmasaq da, onun tərkibində respublika idik, dövlət idik,
özümüzün himnimiz, gerbimiz, bayrağımız var
idi. Doğrudur, bunlar hamısı ümumittifaq tərkibində
idi, amma hamısı var idi. Bax, belə olan vaxtda da biz dilimizi
dövlət dili etmək üçün nə qədər
çətinliklər çəkdik, nə qədər əzab
- əziyyətə düşdük”.
Heydər
Əliyev nədən danışırdısa, nədən bəhs
edirdisə, dəlil və sübut gətirirdi. Fakta istinad etməklə
danışmaq onun fikrini və mövqeyini həmişə
üstün edirdi. Dediyi hər bir fikrin arxasında fakt
dayanmaqla yanaşı, o faktı elə izah və şərh
edirdi ki, bunu məhz ondan başqa heç kəs edə bilməzdi.
Fikir verək: “Bir şey də sizin üçün yəqin
maraqlı olar ki, - mən bunu bilirdim, ancaq indi xahiş etdim gətirdilər.
Sovetlər İttifaqının 1977-ci ildə qəbul
olunmuş konstitusiyası buradadır, kim istəyir
götürüb oxuya bilər, - burada dövlət dili maddəsi
yoxdur”. O, məsələnin mahiyyətinə daha dərindən
vararaq çoxlarının ağıllarına gətirmədikləri
məqamlara da toxunurdu. Bu mənada
diqqət yetirək: “1936-cı ildə Sovetlər
İttifaqının konstitusiyasında da dövlət dili maddəsi
yoxdur. 1977-ci ildə qəbul olunmuş Sovetlər
İttifaqı Konstitusiyasında dövlət dili barədə
maddə yoxdur. Bunun səbəbi o deyildir ki, Sovetlər
İttifaqı bir dövlət deyildi, yox. Yəqin, dövlət
dilini yazmayan adamlar istəmirdilər ki, dillər
parçalansın. Bir də bilirdilər ki, onsuz da rus dili
hakim dildir və bunu konstitusiyaya yazmağa da ehtiyac yoxdur. Mən
belə düşünürəm”.
Heydər
Əliyev istənilən məsələ barədə
çox məlumatlı idi. Təbii ki, dilimizin nə vaxtdan və
hansı adda dövlət dili olması barədə. Bu barədə
o danışarkən kifayət qədər məlumatlı və
arxiv materialları ilə işləyən adamları da fakt
qarşısında qoyurdu. Burada da o, fakta təkcə fakt kimi
yanaşmır, onun nə dərəcədə özündən
əvvəlki və sonrakı hadisələrlə əlaqəsinə
ciddi fikir verir, onun fakt olaraq ardıcıl mövcudluğunu,
yaşamasını izləyirdi. Çoxları faktı
konkret şərait və mühitlə
bağladığı halda, Heydər Əliyev belə deyildi.
O, fakta münasibətdə şəraiti, mühiti nəzərə
almaqla yanaşı, həmin faktın hansı nəticə
verəcəyini də diqqət mərkəzində
saxlayırdı. Məsələn, o deyirdi: “Noyabrın 2-də
(1995-ci ildə - B.X.) keçirilən müzakirədə
Baş Arxiv İdarəsinin rəisi arayış verdi və məlum
oldu ki, 1936-cı ildə Azərbaycan Respublikasının
Konstitusiyası hazırlanarkən layihədə
yazılmışdı ki, dövlət dili türk dili olsun.
Ancaq bizim nümayəndələr Moskvaya gedib qayıdandan
sonra 1937-ci ildə Konstitusiya qəbul ediləndə dövlət
dili maddəsi yazılmayıb”. Heydər Əliyev bir çox
tarixi məqamları yada salaraq bir növ dilimizin
inkişafı, keçdiyi tarixi mərhələlər barədə
geniş təsəvvür yaradırdı. Dilimizin dünəni,
bu günü ilə bağlı tarixi məqamları
xatırlamaqla dilimizin gələcəyinin fəlsəfi,
hüquqi, siyasi tərəflərini də nəzərdən
qaçırmırdı. Bu mənada onun dediklərinə
diqqət yetirək: “Əgər biz o tarixi nöqtələri
bir də yadımıza salsaq, 1936-cı ildən indiyədək
Azərbaycanda bizim dilimiz Azərbaycan dili
adlanmışdır. Bütün sənədlərdə Azərbaycan
dili adlanır. Bütün yerlərdə Azərbaycan dili
adlanır. 1978-ci ildəki Konstitusiyada “Azərbaycan dili dövlət
dilidir” yazılmışdır. Bu gün də hamımız
deyirik ki, bizim dilimiz Azərbaycan dilidir”. Bax, budur Heydər Əliyevin
ənənə - varislik, dünən - bu gün vəhdətində
məsələlərin həllinə nail olmaq qabiliyyəti,
başqalarından fərqlənən düşüncəsi,
əsassız, məntiqsiz fikirləri və mövqeləri
ram etmək məntiqi. Həm də elmi - tarixi həqiqətləri
görmək və qiymətləndirmək bacarığı
bir məsələni müxtəlif üsullarla, yollarla ifadə
etmək üçün ona imkan verirdi. Məsələn, o
deyirdi: “Mən bunu da bildirmək istəyirəm ki, biz
1977-1978-ci ildə Azərbaycan Konstitusiyasına “Azərbaycanın
dövlət dili Azərbaycan dilidir” yazmağa
çalışanda bizə Moskvadan deyirdilər ki, axı ,
SSRİ konstitusiyasında bu yoxdur və siz nə
üçün yazırsınız? Deyirdilər ki, bizdə
də yoxdur, sizdə də olmamalıdır".
Tarixi
köklərimizə ehtiramımız, dilimizin özünəməxsus
adını götürüb dövlət dili səviyyəsinə
çatdırmağımız onun nöqteyi - nəzərindən
mənəvi haqqımız kimi qiymətləndirilirdi. O,
tarixi keçmişimizə, dilimizin keçib gəldiyi
inkişaf mərhələlərinə istinad edərək
belə hesab edirdi ki, Azərbaycan dilinin adını dəyişib
başqa ad qoymaq tarixi, fəlsəfi, dövlətçilik,
bu günümüz və gələcəyimiz
baxımından düzgün deyildir. Onun bu istiqamətdəki
fikirləri də olduqca ölçülüb
biçilmiş bir şəkildə olmaqla yanaşı, həm
də siyasi, fəlsəfi, dövlətçilik və onun gələcəyi
baxımından Azərbaycan dili adına sahib olmaq üçün Azərbaycanın
hər bir vətəndaşına mənəvi haqq verirdi.
Heydər Əliyevin fikirlərinə diqqət yetirək:
“Tarixi köklərimizə, tarixi keçmişimizə
böyük hörmət və ehtiramımızı bildirərək,
eyni zamanda bu gün deməliyik və mənəvi
haqqımız var deyək ki, XX əsrdə bizim dilimiz öz
inkişaf dövrünü keçib, formalaşıb,
özünəməxsus adını götürüb və
gəlib dövlət dili səviyyəsinə çatıb.
İndi bunun adını dəyişdirib başqa ad qoymaq
heç bir nöqteyi - nəzərdən düzgün deyil -
həm tarixi nöqteyi - nəzərdən, həm fəlsəfi
nöqteyi - nəzərdən, həm Azərbaycan dövlətçiliyi
nöqteyi - nəzərindən, ölkəmizin nöqteyi - nəzərdən,
həm Azərbaycanın dövlətçiliyi nöqteyi - nəzərindən,
ölkəmizin bu günü və gələcəyi
nöqteyi - nəzərindən düzgün deyil”. Heydər Əliyev
bununla da tarixi keçmişi unutmamağı hər bir kəsin
nəzərinə çatdırırdı. Bəzi siyasi məqamları da deyirdi.
Bu da ondan ibarət idi ki, bütün dünya bizi azərbaycanlılar
kimi tanıyır və dilimizin adı da Azərbaycan dilidir.
Belə olan halda, dilimizin adını dəyişməklə
biz dünya ictimaiyyətini çaşdıra bilərik və
birdən - birə dünyanı bu istiqamətdə maarifləndirmək
heç cür mümkün ola bilməzdi. Məhz Heydər Əliyev
bu məsələni çox sadə bir formada belə deyirdi:
“Bizim ərazimizdə Birləşmiş Millətlər Təşkilatı
tərəfindən qəbul olunmuş hüdudlar çərçivəsində
Azərbaycan Respublikasında yaşayanlar azərbaycanlılardır”.
Eyni zamanda o, kökümüzü də unutmur,
keçmişimizi inkar etmir, dilimizin mənsub olduğu dil
qrupunu açıq - aşkar bəyan edirdi. O deyirdi: “Bizim
keçmişimiz məlumdur, biz onu inkar etmirik, - yenə də
deyirəm, biz türk mənşəli bir xalqıq. Bizim
dilimiz türk dilləri qrupuna məxsus dildir. Ancaq o 23 dil kimi,
bizim də öz dilimiz var”. Heydər Əliyevin məntiqi məsələ
barədə hər bir kəsi düşünməyə
vadar edirdi. Düşünməyə vadar edirdi ki, bir
atanın, ananın övladlarına eyni adı qoymaq
mümkündürmü?! Əgər bir atanın, ananın
övladlarının hərəsinin öz adı varsa, bu,
onların kökünü, eyni ata və ananın
övladları olmalarını inkar edirmi?! Bax, bu məntiqlə
biz türk dillərinə daxil olan 23 dili bir - biri ilə
qarışdırmamalıyıq. Onların hər birinin
müstəqil adının olması tarixi nailiyyətləridir,
eyni kökdən və mənşədən olmalarını
inkar etmir. Heydər Əliyevin sözləri ilə desək:
“Biz öz dilimizi gedib heç bir başqa dilə nə
qarışdırmalıyıq, nə də ona
yapışdırmalı, qoşmalıyıq. Bizim
özümüzün dilimiz var. Bu dil də bizim dilimizdir. Mən
bunu demişəm, yenə də deyirəm, - türk dilləri
qrupuna məxsus olan digər dillər, ola bilər, həsəd
apara bilərlər ki, bizim
dilimiz nə qədər zəngindir”. Heydər Əliyev
dünyanı yaxşı tanıyan bir ictimai - siyasi xadim kimi
bilirdi ki, bizim dilimiz dünyada Azərbaycan dili kimi
tanınır. Eləcə də xalqımızın və
respublikamızın adı Azərbaycan sözü ilə
tanınır. Belə olduğu halda Azərbaycan
sözünü dil adı kimi kənarda qoya bilərdikmi?!
Məhz
Heydər Əliyev bu mənada da çox real fikir söyləyirdi:
“Mən hər bir dilə öz hörmət və
ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz
dilimizlə, Azərbaycan dili ilə hər birimiz fəxr edə
bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada
tanınmış dildir. Xalqımızın adı da
tanınıb, respublikamızın adı da tanınıb,
dilimizin adı da tanınıb. Bu reallıqdır. Mən
keçən dövrü kənara qoyuram, - il ərzində
bu, mövcud olmuş reallıqdır. Günü - gündən,
aybaay inkişaf etmiş reallıqdır”. Heydər Əliyev
hadisələrə və məsələlərə
münasibətdə olduqca real ictimai - siyasi xadim idi. O, vaxtilə
rus dili vasitəsilə Azərbaycan dilini
sıxışdırıb aradan çıxarmağa
çalışsalar da, bu dili qorumağımızı,
saxlamağımızı bütün nailiyyətlərimizin
hamısından üstün olan nailiyyət hesab edirdi. Əslində
bu yolda mübarizə aparan ziyalılarımıza hörmət
və ehtiram göstərirdi. Doğrudan da, XX əsrin 50-ci illərində
Azərbaycan dilinin dövlət idarələrində tətbiq
olunması, bu dilin respublikada hakim olması yolunda mübarizə
aparanların başına olmazın oyunlar açdılar.
Ancaq biz o dövrdə dilimizi qoruduq, saxladıq. Beləliklə,
Heydər Əliyev tarixi keçmişimizə hörmət bəsləyirdi
və deyirdi: “Azərbaycanda rus dili nə qədər hakim
oldusa da, vaxtilə Azərbaycanda nə qədər
çalışdılar ki, Azərbaycan dilini
sıxışdırıb çıxarsınlar, rus dilini
geniş yaysınlar, amma biz dilimizi qoruduq, saxladıq. Biz
dilimizi itirmədik. İndi biz dilimizdə sərbəst
danışırıq və hər bir mürəkkəb
fikri öz dilimizdə ifadə etməyə qadirik. Bu,
böyük nailiyyətdir”.
Heydər
Əliyev yeni Konstitusiya layihəsinin hazırlanmasında
dövlət dilinin adı ilə bağlı çox qətiyyətli,
cəsarətli fikirlər söyləməklə
yanaşı, tarixi bir addım da atdı. Bu da Azərbaycan
Respublikasının dövlət dilinin adının Azərbaycan
dili olması ilə bağlı oldu. O dedi: “Tarixi
keçmişimizə, əcdadlarımıza böyük
hörmət və ehtiram hissini bildirərək, bu gün biz
tarixi bir addım atmalıyıq: müstəqil Azərbaycan
Respublikasının dövlət dilini qəbul etməliyik.
Müstəqil Azərbaycan Respublikasının dövlət
dili Azərbaycan dilidir”. Yeni Konstitusiya layihəsinin 23-cü
maddəsi referenduma məhz bu cür təqdim olundu. Xalq referendum
yolu ilə Azərbaycan Respublikasının dövlət
dilinin Azərbaycan dili olmasını qəbul etdi.
Buludxan XƏLİLOV,
filologiya elmləri doktoru,
professor
Xalq qəzeti.-
2013.- 24 aprel.- S. 3.