Heydər Əliyev Azərbaycanda sahibkarlığın dirçəlişinin və inkişafının banisidir

 

Öz tarixini orta əsrlərdən götürən sahibkarlıq, hələ iqtisadiyyatın bir elm kimi öyrənilmədiyi dövrlərdən başlayaraq bu günə qədər dünyanın əksər dövlətlərində iqtisadisosial inkişafın güclü hərəkətverici mexanizmi kimi cəmiyyətə xidmət etməkdədir.  İctimai münasibətlərin konkret bir forması kimi meydana gələn sahibkarlıq təkcə cəmiyyətin maddi və mənəvi potensialının yüksəlməsinə, hər bir fərdin öz bacarıq və istedadını praktik olaraq reallaşdırılması üçün əlverişli şəraitin yaradılmasına deyil, həm də dövlətin birliyinə, onun milli ruhununmilli qürurunun qorunmasına aparıb çıxarır.

Azərbaycanın da orta əsrlərdən başlayaraq XX əsrin ilk iki onilliyinə qədər inkişaf etmiş zəngin sahibkarlıq ənənələri olmuşdur. Ölkənin sahib olduğu zəngin təbii sərvətlər həm xarici iş adamlarının Azərbaycana gəlməsinə, həm də yerli sahibkarların bu istiqamətdə fəaliyyəti üçün geniş imkanlar açmışdır. Lakin, N. Berdyayevin qənaətilə desək, “imperiyanı xilas etmək naminə cadugərlik edən” V.İ.Lenin sahibkarlığı köhnə iqtisadiyyatın qalığı kimi rədd edərək, sosialist inqilabından sonra, Azərbaycan da daxil olmaqla, dünyanın böyük bir ərazisində qırmızı terror bahasına da olsa, ictimai, əslində isə tam dövlət mülkiyyət formasına əsaslanan planlı təsərrüfat sistemini tətbiq etdi.

Beləliklə, bütün postsovet və postsosialist ölkələrinin iqtisadiyyatında olduğu kimi, Moskvadan asılı olan Sovet Azərbaycanının iqtisadiyyatı da bu sistemin bir parçası kimi, yüz illərlə yaşı olan sahibkarlıq ənənələrindən  70 il aralı düşdü. Axı sahibkarlıq  tarixi kateqoriya olsa da, heç də bitkin forma almış və donmuş bir sistem deyil. Ona görə də bu müddətdə siyasi quruluş və qırmızı imperiyanın repressiv metodları çox ənənələrin üstündən xətt çəkdi.

Sovet dövründəki rəhbərliyin acizliyinin  və AXC hakimiyyətinin naşılığının qurbanına çevrilmiş Azərbaycan öz müstəqilliyinə həm siyasi, həm iqtisadi, həm də sosial baxımdan çox aciz bir görkəmdə qədəm qoymuşdu. Ötən əsrin 70-80-ci illərində Azərbaycan iqtisadiyyatını çox möhkəm dayaqlar üzərində inkişaf etdirən, güclü sənaye, energetika, nəqliyyat və kənd təsərrüfatı infrastrukturu yaradan Heydər Əliyev hakimiyyətə qayıdışının elə ilk günündə ölkənin bu aciz və miskin vəziyyətini görüb  hiddətini gizlətmədən demişdi: “İndi Azərbaycanda vəziyyət belədir: iqtisadiyyat büsbütün dağılmışdır. Sənaye və kənd təsərrüfatı istehsalı sıfır həddindədir...”

Dünyanın inkişaf tarixini və bu tarixdə qabaqcıl ölkələrin iqtisadi tərəqqiyə aparan sistem və mexanizmlərini bütün mahiyyəti ilə bilən Heydər Əliyev belə bir vəziyyətin az bir vaxtda aradan qaldırılmasının çətin olduğunu dərk etdiyi kimi, mümkün olduğuna da qəti əmin idi. Böyük neft gəlirlərinə ümid bəsləmək, ona arxayın olub vaxt itirmək Heydər Əliyevin idarəçilik üslubuna xas olan keyfiyyət deyildi.

İqtisadiyyatı 70 illik ictimai mülkiyyət sisteminin buxovlarından azad edib ənənəvi sahibkarlıq, şəxsi mülkiyyət münasibətlərini bütün ölkə boyu qəti şəkildə bərpa etməyin zamanı çatmışdı. Azərbaycan xalqının xarakterinə və istedadına yaxşı bələd olan ümummilli lider, ölkədə  sahibkarlığa geniş imkanlar veriləcəyi təqdirdə meydana çıxacaq sahibkarların az bir zamanda iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevriləcəyini böyük uzaqgörənliklə  müəyyənləşdirmişdi. Onun qənaətinə görə iqtisadiyyatı iflic keçirən Azərbaycanı ayağa qaldırmaq və durğunluqdan çıxarmaq üçün bazar iqtisadiyyatının prinsiplərini tətbiq etmək, dövlət strukturlarından asılılığı minimuma endirmək və elə bir azad, hüquqi cəmiyyət qurmaq lazımdır ki, orada insanlar, xüsusi şirkətlər və ictimai təşkilatlar öz problemlərinin böyük bir qisminin həlli üçün məmurların göstərişlərini, qadağa və icazələrini deyil, bazarın qanunlarını və mübarizədə rəqabəti rəhbər tutsunlar. Əlbəttə, kor-koranə Qərbin təcrübəsini olduğu kimi ölkəyə gətirmək, bazarın inkişafı naminə olsa belə, yaxşı bir şey vəd etmirdi. Bazar strukturlarının özü də, institutları da Azərbaycanın özünəməxsus şəraitinə uyğunlaşdırılmalı idi.

30 iyul 1995-ci ildə Prezident Heydər Əliyev ölkənin qanunverici orqanı olan Milli Məclisə məktubla müraciət edib, “1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında Dövlət  Proqramı”nın təsdiq olunmasını təklif etdi. Məktubda dövlət başçısı Heydər Əliyev çox böyük uzaqgörənliklə bu tədbirin mühüm əhəmiyyətini göstərərək yazırdı: “İqtisadi böhrandan əsas çıxış yolu dövlət mülkiyyətinin özəlləşdirilməsindədir, ona görə ki, dövlətin iqtisadi sahədə yeganə inhisarçı olduğu şəraitdə heç bir islahatın aparılması mümkün  deyildir”.

1994-cü il sentyabrın 20-də müstəqil Azərbaycanın həm siyasi, həm də iqtisadi inkişafında misilsiz  rol oynayan “Əsrin müqaviləsi”nin imzalanması ölkənin siyasi atmosferinə vacib olan bir  aydınlıq gətirdi. İndi, məhz  bazar iqtisadiyyatı mexanizminin hərəkətə gətirilməsi üçün qəti addımlar atılmalı idi. Prezident Heydər Əliyev vaxt itirmədən, ancaq çox dəqiqliklə işlənmiş bir çox cəsarətli islahatlara start verdi. 1995-ci ildə Milli Məclis məhz Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış “Aqrar islahatın əsasları haqqında”, “Sovxoz haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında”  və bir çox digər qanunları müzakirəyə çıxarıb qəbul etdi. Bu qanunlar artıq fərdi təsərrüfatların, yəni şəxsi mülkiyyətə söykənən sahibkarlığın əsasını qoymağa geniş imkanlar açırdı.

1996-cı il iyulun 16-da “Torpaq islahatı haqqında” qanunun qəbul edilməsi isə  ümummilli lider Heydər Əliyevin Azərbaycanda sahibkarlar təbəqəsinin yaranmasındakı misilsiz xidmətlərindən sayılmalıdır. Tanınmış iqtisadçı alimlər bu illərdə Sərqi Avropa ölkələrində torpaq özəlləşdirilməsinə tələsməməyi məqbul saysalar da, keçmiş SSRİ respublikalarında bunun sürətlə həyata keçirilməsini həyati əhəmiyyətli zərurət kimi irəli sürürdülər. Səbəb bəlli idi. Əksər keçmiş sovet respublikaları kimi Azərbaycanda  da ərzaq məhsullarına kəskin ehtiyac var idi.

Dövlət və ictimai mülkiyyətin, torpağın dəqiq göstərilmiş vaxtda və həm də mərhələli şəkildə özəlləşdirilməsini sürətləndirməyi vacib hesab edən ulu öndər Heydər Əliyev, şübhəsiz, çox böyük uzaqgörənliklə bu tədbirin sahibkarlığın hərəkətverici mexanizminə  çevriləcək şəxsi mülkiyyətçiliyi genişləndirəcəyini bilirdi. Dünyanın bütün qabaqcıl ölkələrində olduğu kimi Azərbaycanda da vətəndaşların mülkiyyət hüququnun, məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında işlənib hazırlanmış və 1995-ci il  noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk milli Konstitusiyasında təsbit olunması sahibkarlıq fəaliyyətinin genişlənməsinə böyük təkan verdi.

Müstəqil Azərbaycanın iqtisadi  inkişaf strategiyasının dəqiq bir mexanizm kimi səmərəli fəaliyyət göstərməsinə çalışan Heydər Əliyevin sahibkarlıq fəaliyyəti hüququnu təmin edən əsas  şərtlərdən birinin hüquqi şəraitin və mühitin təmin olunmasında görməsi təsadüfi deyildi. O bilirdi ki, sahibkarlıq fəaliyyətinin təminatı yalnız beynəlxalq, respublika və bələdiyyə haqqında qanunvericilik aktlarında təsbit olunmuş ümumi və xüsusi yuridik təminatların bütün məcmunun dəqiq sistemləşdirilməsi şərtilə mümkündür.

Bu  məqsədlə onun sahibkarlıq fəaliyyətinə mane olan bürokratik əngəllərin və yoxlamaların aradan qaldırılmasına yönəlmiş fərman və sərəncamları müstəsna rol oynamışdır. Onların arasında Azərbaycan  Respublikası Prezidentinin 1996-cı il 17 iyun tarixli “İstehsalat, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə”, 1999-cu il  7 yanvar tarixli “Dövlət  nəzarət sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” fərmanlarını, 1997-ci il 24 iyun tarixli fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi proqramı (1997—2000-ci illər)” xüsusi yer tuturdu.

Amma sahibkarlıq mexanizminin tam gücü ilə işləməsi  üçün  mühüm əhəmiyyət daşıyan  şərtlər sırasında dövlətin sabit iqtisadi və sosial siyasəti, güzəştli vergi rejimi,  sahibkarlığı dəstəkləyən infrastrukturun inkişafı, intellektual mülkiyyətin səmərəli müdafiə sisteminin yaradılması, çevik bazar mexanizmlərinin formalaşması, xarici bazara sərbəst çıxmaq imkanları da var. Prezidenti Heydər Əliyevin 30 aprel 2001-ci il tarixli fərmanı ilə İqtisadi İnkişaf  Nazirliyinin yaradılması bu istiqamətdə vaxtında və zamanında atılan addımlardan biri sayılmalıdır. İndi, bu qurumun 12 yaşı tamam olarkən, cəsarətlə demək olar ki, İqtisadi İnkişaf  Nazirliyi və onun Sahibkarlığa Dövlət Dəstəyi Fondu sahibkarlığın tənzimlənməsi tədbirlərinin vahid qurumda birləşdirilməsinin və idarə edilməsinin əsasını qoydu, sahibkarlığın inkişafını ümumi iqtisadi inkişafın tərkib hissəsinə çevirdi.

Dövlət tədbirlərinin sistemliliyini təmin edəcək yeni “Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002—2005-ci illər)”ında sahibkarlıq infrastrukturunun yaradılması, sahibkarlara dövlət maliyyə köməyi sisteminin formalaşdırılması, vergi yükünün azaldılması, onlara zəruri texniki yardım göstərilməsi və s. tədbirlər nəzərdə tutulurdu.

Nəticələr özünü çox gözlətmədi. İnflyasiya çilovlanmış, büdcə kəsiri ÜDM-in 1-2 faizi səviyyəsinə enmişdi. Dərin iqtisadi böhran keçirən ölkədə makroiqtisadi sabitliyə nail olunmuş və dinamik inkişafı təmin etmək mümkün olmuşdu.  Artıq  2002-ci ildə ölkədə ümumi daxili məhsul istehsalının 71 faizi, o cümlədən sənayedə 50 faizi, kənd təsərrüfatında və ticarətdə 99 faizi özəl bölmənin payına düşürdü.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2002-ci ilin aprel və may aylarında yerli və xarici iş adamları ilə görüşü və geniş fikir mübadiləsi isə Azərbaycan sahibkarlığının inkişaf tarixində xüsusi  iz buraxmışdır.  Məhz həmin görüşdə qazanılan nailiyyətlərin doğurduğu bir qürur hissi ilə üzünü Azərbaycanın gənc sahibkarlar nəslinə tutan Heydər Əliyev demişdi: “...İqtisadiyyatın böyük bir hissəsi sahibkarların əlindədir və onların səmərəli işləməsi Azərbaycan iqtisadiyyatının inkişafını təmin edən amildir.”

Ölkə Prezidenti məhz bu görüşlər zamanı birbaşa sahibkarlardan aldığı ətraflı  məlumatlardan sonra, sahibkarlıq fəaliyyətinin inkişafına  müstəsna töhfələr verən bir neçə fərman və sərəncam imzaladı. Bunlardan 2002-ci ilin sentyabrında imzalanmış “Sahibkarlığın  inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında”, “Azərbaycan Respublikasının yanında Sahibkarlıq Şurasının yaradılması”, “Sahibkarlara Kömək Milli Fondunun yaradılması”    “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında” fərmanlar birbaşa sahibkarlığın və şəxsi mülkiyyət sahiblərinin dövlət səviyyəsində himayəsinə yönəldiyindən sahibkarlığın inkişafında və möhkəmlənməsində çox böyük rol oynadı. Bütün bunlar Heydər Əliyevin iqtisadi inkişaf strategiyasının tərkib hissəsi kimi sahibkarlığın inkişaf modelini formalaşdırdı, dövlətlə sahibkarlar arasında münasibətləri institusional səviyyədə tənzimlədi.

 Hazırda  əməkqabiliyyətli əhalinin 2,8 milyon nəfəri özəl sektorda çalışır. Respublikada özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 82,1 faizini təşkil edir. Ümumi vergi daxilolmalarında qeyri-dövlət sektorunun payı 71 faizə  çatmışdır.  Prezident cənab İlham Əliyev bütün bu göstəricilərin əldə olunmasında məhz milli sahibkarlığın böyük rol oynadığını qeyd edərək, demişdir: “...İş yerlərinin 70 faizi özəl sektorda yaranmışdır. Əgər dövlət tərəfindən kreditlər verilməsəydi, sahibkarlığa qayğı göstərilməsəydi, 2004-cü ildə regional inkişaf proqramı  qəbul edilməsəydi, əlbəttə ki, bu gün özəl sektor bu səviyyədə inkişaf edə bilməzdi. Biz həm iri özəl müəssisələri dəstəkləyirik, həm də ki, kiçik müəssisələri dəstəkləməliyik.”

Heydər Əliyevin daim diqqət və qayğı göstərdiyi, himayə etdiyi və bu gün Prezident İlham Əliyevin xüsusi   nəzarəti ilə müdafiə olunan, yardım göstərilən sahibkarlar qısa vaxtda böyük inkişaf yolu keçərək ölkənin iqtisadi tərəqqisinə öz əhəmiyyətli töhfələrini verirlər.

 

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2013.- 24 aprel.- S. 4.