Polşa-Azərbaycan
“Dostluq” abidəsinin açılışı olmuşdur
Polşanın qədim paytaxtı Qniezno şəhərində
Azərbaycan-Polşa diplomatik əlaqələrinin
qurulmasının 540, bərpasının 20 illiyi ilə əlaqədar
“Dostluq” abidəsinin açılışı və Azərbaycan
incəsənət ustalarının iştirakı ilə
muğam konserti keçirilmişdir. Bu münasibətlə mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi
ilə nümayəndə heyəti Polşaya səfər
edib.
Nümayəndə heyətinə abidənin
müəllifləri – xalq rəssamı Salxab Məmmədov və
əməkdar rəssam Əli İbadullayev, əməkdar incəsənət
xadimi, heykəltəraş Akif Əsgərov, incəsənət
ustaları – əməkdar artist Təyyar Bayramov (xanəndə),
Arzu Əliyeva (xanəndə), Rövşən Qurbanov (tar), Xəyyam
Məmmədov (kamança), digər şəxslər
daxildir.
Qeyd edək ki, Azərbaycan-Polşa münasibətləri
qədim tarixə söykənir. XV əsrin sonlarına
yaxın Ağqoyunlu ilə Reç Pospolita dövlətləri
arasında məktublaşmalar aparılıb,
qarşılıqlı səfərlər təşkil edilib.
Gəncə, Bakı, Zaqatala və Quba şəhərlərində
vaxtilə polyak icmasının inşa etdiyi katolik kilsəsi və
digər tikililər bu gün dövlət tərəfindən
qorunub saxlanılmaqdadır.
“Dostluq” abidəsinin ümumi kompozisiyasına gəldikdə, o, üz-üzə dayanmış palıd yarpağı formasındadır. İç tərəfdən üzərində Azərbaycanın və Polşanın xəritəsi əks olunub. Bürünc materialda, parlaq rənglərdə verilmiş yarpağın çöl tərəfində ümummilli lider Heydər Əliyevin Polşa haqqında, digər tərəfdə isə Roma papası II İohann Pavelin Azərbaycan haqqında dediyi sözlər yazılıb. Abidənin hündürlüyü 3,5 m, eni 1,7 metrdir.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2013.- 24 aprel.- S. 5.