Nərimanov rayonunda birinci rübün nəticələri müzakirə
olunmuşdur
Dünən Nərimanov Rayon
İcra Hakimiyyətində keçirilən
şura iclasında 2013-cü ilin birinci rübünün
sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş yığıncaq keçirildi. Rayon icra hakimiyyəti
aparatının işçiləri, şura
üzvləri, idarə və təşkilat rəhbərlərinin
iştirak etdikləri toplantının
iştirakçıları
öncə ulu öndər Heydər
Əliyevin büstü önünə gül dəstəsi qoydular,
ümummilli liderin
xatirəsini ehtiramla yad
etdilər.
Tədbiri
giriş sözü ilə açan Nərimanov Rayon İcra
Hakimiyyətinin başçısı Abdin Fərzəliyev aprel ayının 14-də Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında
dövlət başçısının nitqinin bəzi
məqamlarına toxundu, ölkəmizin sosial-iqtisadi mənzərəsini
əks etdirən konkret rəqəmləri bir daha diqqətə
çatdırdı. Bildirildi ki, Prezident İlham Əliyevin
ölkəmizin sosial-iqtisadi inkişafının bütün
sahələrində əldə olunmuş nailiyyətlər və
qarşıda duran vəzifələrlə bağlı dəyərli tapşırıq və
tövsiyələri yerlərdə əsl fəaliyyət
proqramı kimi qəbul
olunmuşdur.
Məruzəçi
qeyd etdi ki, ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi
siyasət nəticəsində 2013-cü ilin ilk rübündə
Bakı şəhərinin
aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli
inkişafı üçün böyük işlər
görülmüş və bu tədbirlər hazırda da
uğurla davam etdirilir. Belə ki, cari ilin birinci
rübünün yekunlarına görə, rayon
iqtisadiyyatının əsasını təşkil edən sənayenin
dinamik inkişafı davam
etdirilmiş, bu müddət ərzində xidmətlər də
daxil olmaqla 477,5 milyon manatlıq məhsul istehsal olunmuş və
ötən ilin müvafiq dövrünə nisbətən
118,4 faiz artım əldə
edilmişdir. Hesabat dövründə istehlakçılara 445,9 milyon
manatlıq və ya bütün istehsalın 101,4 faizi qədər sənaye malları göndərilmişdir.
İstehsal olunmuş sənaye məhsulunun həcmində
dövlət sektorunun xüsusi çəkisi 91,4 faiz təşkil
etmişdir. İlin ötən dövrü ərzində sənaye
kompleksində işləyənlərin sayı 9627 nəfər
təşkil etmiş, onların orta nominal əmək
haqqı 17,4 faiz artaraq 448,4 manata çatmışdır.
Bununla yanaşı, rayon ərazisində yeni müəssisələrin
yaradılması, mövcud müəssisələrin fəaliyyətinin
bərpa edilməsi nəticəsində bu ilin birinci
rübündə 811 daimi iş yeri
yaradılmışdır. Rüb ərzində bütün mənbələr
hesabına əsas kapitala 14,7 milyon manatlıq investisiya
qoyulduğunu diqqətə çatdıran natiq bildirdi ki, bu
ilin ilk rübündə tikinti təşkilatları tərəfindən
öz gücləri ilə yerinə yetirilmiş işlərin
həcmi 184,6 milyon manat təşkil etmiş, əvvəlki
ilin eyni dövrünə nisbətən 16,5 faiz artım əldə
olunmuşdur. Bu sahədə çalışan işçilərin
sayı isə 13002 nəfər olmuş və onların orta
aylıq əmək haqqı 2,2 faiz
artaraq 500,7 manata çatmışdır. Cari ilin
yanvar-mart aylarında iqtisadiyyatın başqa sahələrində
olduğu kimi, əhalinin həyat səviyyəsini xarakterizə
edən əsas göstəricilərdən sayılan pullu xidmətlərin
həcmi də xeyli artaraq 66,2 milyon manata çatmış, əvvəlki
ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artım
əldə edilmişdir. Hesabat dövründə, həmçinin
rayon əhalisinə 16,9 milyon manatlıq nəqliyyat və 72,7
milyon manatlıq rabitə xidmətləri göstərilmişdir
ki, bu da sözügedən sahələrdə 13 faiz və 2 dəfə
artım deməkdir.
Daha
sonra A.Fərzəliyev Nərimanov rayonunda həyata keçirilən
abadlıq-quruculuq işlərindən bəhs etdi. Qeyd olundu ki, rayonun qısa zaman kəsiyində
həm də geniş quruculuq məkanına çevrilməsinin
ən ümdə səbəblərindən biri ölkəmizin
bütün bölgələri kimi, bu rayona da ölkə
Prezidenti İlham Əliyev tərəfindən xüsusi diqqət
və qayğı göstərilməsidir. Belə ki, dövlət
başçısı cari ilin birinci rübü ərzində
iki dəfə Nərimanov rayonunda olmuş, yanvarın 31-də “Bakıelektrikşəbəkə”
Açıq Səhmdar Cəmiyyətinin Nərimanov
rayonundakı 110/35/6 kilovoltluq
yarımstansiyasının, martın 7-də isə Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının yeni korpusunun
açılış mərasimlərində iştirak
etmişdir. Bütövlükdə isə 2013-cü ilin ilk
üç ayında Gənclik meydanında yeraltı yol
ötürücülərinin və yeraltı avtomobil
dayanacağının inşası,
metronun “Gənclik” stansiyasının ətrafında yerləşən
binaların fasadlarının milli memarlıq üslubunda yenidən
qurulması, Vaqif prospektinin genişləndirilməsi və
Ziya Bünyadov prospektinin yenidən qurulması, eləcə də
paytaxtın baş planına uyğun digər layihələrin
həyata keçirilməsi davam etdirilmişdir. Natiq, həmçinin
rayonun elektrik enerjisi, qaz və
içməli su təchizatının daha da
yaxşılaşdırılması sahəsində həyata
keçirilmiş tədbirlərdən bəhs etdi, sakinlərin
həyat səviyyəsinin artırılması ilə
bağlı görülmüş işləri diqqətə
çatdırdı.
Nərimanov Rayon İcra Hakimiyyəti
tərəfindən xarici ölkələrlə əməkdaşlığın
yaradılması və inkişaf etdirilməsi sahəsində
də ilin ötən dövrü ərzində xeyli iş
görüldüyünü vurğulayan natiq Azərbaycan
Respublikası və Rusiya Federasiyası, xüsusilə Həştərxan
vilayəti arasında son illər ərzində iqtisadi-siyasi və
mədəni sahələrdə sıx dostluq və əməkdaşlıq
əlaqələrinin gündən-günə genişləndirildiyini
bildirdi. Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin tapşırığı, Heydər Əliyev
Fondunun təşəbbüsü ilə Nərimanov Rayon
İcra Hakimiyyəti tərəfindən son illər Həştərxan
vilayətində bir sıra genişmiqyaslı layihələr
həyata keçirilmiş və hazırda digər sosial layihələrin
icrası uğurla davam etdirilir.
Məruzə
ətrafında millət vəkili Rasim Musabəyov, Nərimanov
Rayon İcra Hakimiyyəti başçısının 1
saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə
nümayəndəsi Natiq Babayev və rayon sosial-müdafiə
mərkəzinin direktoru Ağa Həsənov
çıxış etdilər.
Hesabat
yığıncağına yekun vuran Abdin Fərzəliyev
bildirdi ki, Nərimanov rayonunun sosial-iqtisadi inkişafı, əhalinin
həyat səviyyəsinin
yaxşılaşdırılması, geniş abadlıq və
quruculuq işlərinin aparılması, onlara göstərilən
kommunal və digər xidmətlərin səviyyəsinin
yüksəldilməsi istiqamətində işlər ilin qalan
dövrü ərzində davam
etdiriləcək, dövlət başçısı
İlham Əliyevin Nazirlər Kabinetinin məlum iclasında
qarşıya qoyduğu vəzifələrin icrası naminə
bütün imkanlar səfərbər olunacaq.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2013.- 24 aprel.- S. 9.