Nəsimi rayonunda qadınların konfransı keçirilmişdir

 

Nəsimi Rayon İcra Hakimiyyəti  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə Azərbaycan Qadınlarının IV Qurultayına hazırlıq mərhələsində rayon qadınlarının konfransını keçirilmişdir.

Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq bildirdi ki, bu gün Azərbaycan qadını dövlət siyasətində fəal iştirak edən, cəmiyyətdə baş verən proseslərdə sözünü deməyi bacaran, elm, təhsil, mədəniyyətdə böyük uğurlarla özünü təsdiq edən böyük bir qüvvədir.

Hazırda ölkəmizdə əhalinin 51 faizini qadınlar təşkil edir və onların  49,5 faizi əmək fəaliyyəti ilə məşğuldur.  Orta məktəb müəllimlərinin 71, ali məktəb müəllimlərinin 47, tibb işçilərinin 61, dövlət qulluqçularının 39  faizi qadınlardır. Bu,  əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş   siyasətin nəticəsidir. Azərbaycanın daha da qüdrətlənməsinə, insanlarımızın maddi-rifah halının yaxşılaşdırılmasına, güclü, demokratik, dünyəvi  dövlətin təşəkkül tapmasına istiqamətlənmiş həmin siyasət bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Zahid Xəlilov məruzə ilə çıxış etdi. Rayon əhalisinin 50,5 faizini qadınlar təşkil etdiyini bildirən natiq dedi ki, rayondakı dövlət qulluqçularının 36,1 faizini qadınlar təşkil edir. Faiz nisbətinə görə Nəsimi Rayon İcra Hakimiyyəti Aparatı bu qurumlarda çalışan qadınların sayna görə ölkə üzrə birincidir. Rayondakı 29 tam orta məktəbdən 23-nün, 3 musiqi məktəbinin hamısının direktorları, 10 xəstəxana və poliklinikanın baş həkimləri qadınlardır. Qadınlar rayonun ictimai-siyasi həyatında da kifayət qədər fəal rol oynayırlar.

  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının sədri Məlahət İbrahimqızı, Nəsimi Rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva, 46 saylı tam orta məktəbin direktoru Sevinc Budaqova tədbirdə çıxış etdilər.

Azərbaycan qadınlarının IV qurultayına Nəsimi rayonundan nümayəndələr seçildi.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev  konfransda yekun çıxışı etdi.

 

 

Ayaz HƏMİDOĞLU

 

Xalq qəzeti.- 2013.- 24 aprel.- S. 9.