Geologiya İnstitutunda BDU-nun
kafedrasının filialı yaradıldı
Azərbaycan
Milli Elmlər Akademiyası Geologiya İnstitutunda Bakı
Dövlət Universitetinin “Seysmologiya və yer təkinin
fizikası” kafedrasının
filialı yaradıldı.
İki təşkilatın
birgə müqaviləsi əsasında təşkil
olunmuş filialda bakalavriat və magistratura səviyyəsində
elmi-tədqiqat işləri aparılacaq. Dərslər
Geologiya İnstitutunun alimləri tərəfindən
keçiriləcək. Müqavilə Azərbaycan Milli Elmlər
Akademiyası prezidentinin səlahiyyətlərini icra edən,
Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə və
BDU-nun rektoru, akademik Abel Məhərrəmov tərəfindən
imzalandı.
Filialın
təşkilində məqsəd BDU-da tədris prosesinin elmi tədqiqatlarla
əlaqələndirilməsi, elm və təhsilin istehsalatla
inteqrasiyasının gücləndirilməsi, tələbə
və magistrantlarda tədqiqatçılıq və praktiki
bilik vərdişlərinin formalaşdırılması,
geologiya elmi sahəsində innovasiyaların tədris prosesində
tətbiqi və digər məsələlərdir.
Qeyd olunan
müqavilə kadr hazırlığı və elmi tədqiqat
sahəsində ümumi maraqlara əsaslanır. Sənədə
görə, geologiya elminin müxtəlif istiqamətlərində
kadr hazırlığında hər iki tərəf birgə
iştirak edəcək. Filialda iki təşkilatın
elmi-texniki bazasından və kadr potensialından ümumi
istifadə olunacaq. AMEA Geologiya İnstitutunun mətbuat xidmətinin
məlumatında bildirilir ki, müqavilədə simpozium,
seminar və konfransların birgə təşkili, beynəlxalq
layihə və proqramlarda birgə iştirak, elmi əsərlərin
və dərs vəsaitlərinin müştərək
yazılması da nəzərdə tutulur.
Xalq qəzeti.- 2013.- 24 aprel.- S. 8.