Gəncə şəhəri hər zaman ulu öndər Heydər Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuşdur

 

Azərbaycan Respublikasının dövlətçilik tarixində XX əsrin 70-ci illərindən sonrakı dövr xarakterik cəhətləri ilə fərqlənir. Bu dövrü fərqləndirən cəhətlərin əsasında Azərbaycan xalqının tarixində müstəsna xidmətləri olan ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində  həyata keçirdiyi islahatlar və bu gün də ulu öndərin siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi durur. Ötən əsrin 70-ci illərində Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə seçilən Heydər Əliyev idarəetmə sisteminə yeni, orijinal idarəçilik metodları, dinamizmlə və yeniliklə xarakterizə olunan iş üsulu və həyat tərzi gətirdi.

Heydər Əliyevin orijinal idarəçiliyində yalnız respublikanın paytaxtının deyil, bölgələrin də inkişafına diqqət vermək xüsusi yer tutur. Onun rəhbərlik keyfiyyətlərində bütün digər cəhətlərlə yanaşı, əhali ilə birbaşa dialoqda olmaq, onların problemlərini, qayğılarını həll etmək xüsusiyyəti daha təqdirəlayiqdir.

Məqsədimiz ulu öndər Heydər Əliyevin çoxşaxəli rəhbərlik keyfiyyətlərinin açıqlanması, şərh edilməsi deyil. Bu, çox geniş mövzudur. Bu məqalədə məqsəd yuxarıda qeyd edilən iki cəhətin: orijinal idarəçiliyin və əhali ilə birbaşa təmasın vəhdəti kimi rəhbərin bölgələrə, regionlara səfərləri haqqında mülahizələri oxucularla bölüşməkdir.

Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikamızın elə bir regionu, bölgəsi, rayonu tapılmazdı ki, ulu öndər Heydər Əliyev oraya bir neçə dəfə səfər etməsin. Məhz bu  idarəçiliyin sayəsində respublikamızda, eləcə də onun ikinci sənaye və mədəniyyət mərkəzi olan Gəncədə böyük əhəmiyyət daşıyan, qlobal məsələlər həll edilmişdir.

El arasında Gəncə şəhəri iki cəhəti ilə səciyyələnir. Birincisi, Gəncə İmam Hüseyn şəhəridir, deyirlər. Bu ictimai rəy ona görə formalaşmışdır ki, Gəncədə Məhəmməd Peyğəmbərin (s.) nəslindən olan İmamzadənin uyuduğu məbədgah yerləşir. Milli-mənəvi və ictimai dəyərlərin qorunmasında xüsusi əhəmiyyəti olan bu məbədgah tarixən insanlarımızda yüksək mənəvi keyfiyyətlərin formalaşmasında əvəzsiz rol oynamışdır. İkincisi, Gəncə Heydər Əliyevə məhəbbətin mərkəz şəhəridir. Bu ictimai rəy ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə zamanın süzgəcindən keçərək formalaşmışdır.

Dövlət başçıları, sərkərdələr Vətən qarşısında, xalq qarşısında müstəsna xidmətlərinə görə ən yüksək dövlət təltifləri ilə mükafatlandırılırlar. Məhz Azərbaycan xalqının müdrikliyi ondadır ki, öz ömrünü bütünlüklə xalqına həsr etmiş, xalqı qarşısında müstəsna xidmətləri olan Heydər Əliyevi ümummilli lider səviyyəsinə yüksəltmişdir. Xalqına, millətinə, Vətəninə fəaliyyəti  və şəxsiyyəti ilə şərəf gətirən insana ümummilli lider kimi qiymət verilməsi dünya xalqları təcrübəsində yüksək dəyərləndirilir.

Heydər Əliyevin rəhbərliyi dövründə Gəncə şəhərində onlarca yeni iri sənaye müəssisəsi, səhiyyə, təhsil mərkəzləri, mədəniyyət ocaqları tikilib istifadəyə verilmişdir.

Böyük əminliklə demək olar ki, Azərbaycan dövlətçilik tarixinin məhz Heydər Əliyev dövründə Gəncənin iqtisadi potensialı yaradılmışdır. Gəncənin sonrakı inkişafına, tərəqqisinə möhkəm zəmin, bünövrə qoyulmuşdur. Məhz XX əsrin 70-80-ci illərində Gəncə şəhərində çini qablar, avtomobil, maşınqayırma, büllur, əlvan metalların emalı, 2 ¹-li  Şərab zavodları, xalça kombinatının 2-ci növbəsi, çörək-bulka, ət və süd kombinatları kimi iri sənaye müəssisələri, hava limanı, dəmir yolu vağzalı, Nizami və Kəpəz Rayon İcra Hakimiyyətlərinin, Milli İdeologiya Mərkəzinin (indiki Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının qərərgahı) binaları Gəncə Dövlət Universitetinin 2- ci tədris korpusu, oftalmologiya, yoluxucu xəstəliklər, A.Səhhət adına xəstəxanaları, kardiologiya dispanseri, Diaqnostika Mərkəzi, Kəpəz mehmanxanası, Gənclər sarayı, Bakı və Gəncə kinoteatrları istifadəyə verilmiş, Azərbaycan Texnologiya Universiteti yaradılmış, Quru Qobu ərazisində 300 hektardan artıq sahədə park salınmışdır.

O dövrdə Gəncə şəhəri “Yeni Gəncə” və “Gülüstan” yaşayış massivləri hesabına genişləndirilmişdir.Gəncə ilə bağlı bütün məsələlər paytaxtda öz həllini tapmaqla yanaşı, qlobal layihələr, perspektivli təkliflər ümummilli liderimiz Heydər Əliyevin Gəncə şəhərinə etdiyi işgüzar səfərlərində reallaşırdı.

Azərbaycan rəhbəri kimi ümummilli liderimizin Gəncəyə işgüzar səfərlərini iki mərhələyə ayırmaq olar: 1969-1982-ci illərdə Azərbaycan KP MK- nın birinci katibi işlədiyi dövr və 1993-2003-cü illərdə müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu dövr.

Birinci mərhələdə Heydər Əliyev Gəncəyə beş dəfə səfər etmişdir. Bu səfərlərin hər biri böyük tarixdir. 1970- ci il aprel, 1977-ci il noyabr, 1980-ci il iyul, 1980-ci il dekabr, 1981-ci il iyun tarixlərdə Heydər Əliyevin Gəncədə olduğu günlər hər bir gəncəlinin qəlbində uzun zaman silinməyəcək dərin iz buraxmışdır.

Mənim ictimai fəal gənc kimi iştirakçısı olduğum bu görüşlər haqqında xatirələrim var.

1970 -ci il, aprel: Heydər Əliyev Gəncənin Azərbaycan tarixində yerini və mövqeyini yaxşı bilirdi. Gənclik illərini Nizami Gəncəvi kimi dahi mütəfəkkirin, fılosofun vətənində keçirdiyindən Gəncəni çox sevirdi, öz doğma yurdu hesab edirdi. Digər tərəfdən, strateji baxımdan Gəncənin  mövqeyini düzgün qiymətləndirən ümummilli lider şəhərin sənaye və tikinti potensialının gücləndirilməsi məqsədi ilə ölkə başçısı kimi Gəncəyə ilk işgüzar səfər edir.

1977-ci il, noyabr: Gəncə şəhərində bünövrəsi qoyulan layihələr reallaşmaq üzrədir. 1970- ci ildən keçən dövrdə artıq Gəncədə bir neçə iri sənaye obyekti istifadəyə verilmişdir. Gəncə şəhəri Azərbaycanın milli sərvəti və gözəl incilərindən biri olan xalçası ilə məşhurdur. Gəncə şəhərində M.D.Hüseynov adına xalça-mahud kombinatı (indiki “Gəncə-Xalça” ASC) istehsal etdiyi gözəl Azərbaycan xalçalarını 300- dən çox ünvana göndərirdi. Yumşaq xovlu, bənzərsiz milli naxışları ilə sevilən Gəncə xalçalarına tələbatı nəzərə alıb, kombinatın ikinci növbəsinin işə salınması həll edildi. Həyatımın ən xoş anlarından saydığım o gün, yəni kombinatın açılış təntənələrinə həsr edilmiş toplantıda şəhərin komsomol təşkilatlarının aktivləri sırasında mən də iştirak edirdim. Məqsədimiz ulu öndərin məntiqli, cazibədar, səlis nitqini yaxından dinləmək, qulaq asmaq idi. Açılış mərasimində o, kombinatın ikinci növbəsinin tikintisinin qısa müddətdə tamamlanmasından razı qaldığını bildirdi və qeyd etdi ki, şəhərin qüdrəti hər şeydən əvvəl onun sənaye potensialından asılıdır. Şəhərin sənaye potensialı artdıqca onun əhalisinin maddi rifahı yüksələcəkdir, deyən Heydər Əliyev şəhər sakinlərində xoş gələcəyə inam yaradırdı. Həmin səfər çərçivəsində ulu öndər Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutuna “Qırmızı Əmək Bayrağı” ordeni təqdim etdi.

1980-ci il, iyul: Gəncənin və bölgənin strateji mövqeyini və əhalinin arzularını nəzərə alaraq şəhərdə iri həcmli sərnişin təyyarələrini qəbul etməyə imkan verən hava limanının genişləndirilməsi məsələsi həll edilir. Bir neçə yeni uçuş xətlərinin açılması ilə Gəncənin keçmiş SSRİ- nin iri şəhərləri ilə əlaqəsinin şəbəkəsi genişlənir.

1980-ci il, dekabr: Heydər Əliyevin rəhbərlik keyfiyyətlərinə xas olan daha bir xüsusiyyət diqqəti çəkirdi. Həmişə olduğu kimi, səfər zamanı əvvəlcə şəhərin sənaye müəssisələrində olur, kollektivlərlə görüşüb söhbət edir, vəziyyəti yerlərdə özü öyrənir və müvafıq qərarlar qəbul edirdi. Bu dəfəki səfərində də özünün təşəbbüsü ilə tikilmiş “Büllur” zavodunda olur. Zavodla tanışlıqdan sonra şəhər əhalisi, fəallar ilə təəssüratını belə bölüşür:" Şəhərdə çox mühüm bir obyekt işə salınıb, bu, hamımızın böyük qələbəsidir. Mən istehsalat prosesi ilə tanışlıqdan hədsiz sevinc duydum, zövq aldım. Xüsusilə mənə sevinc gətirən hal gənclərin bu zavodda işləməsi, çalışmasıdır".

Elə həmin gün ulu öndər bilavasitə özünün təşəbbüsü ilə salınmaqda olan “Xatirə” parkına baş çəkir. Daim təbiətə vurğunluğunu öz fəaliyyətində reallaşdıran ümummilli lider yenə də şəxsi nümunə göstərir: “Mənə çinar tingi verin. Çinar həm Gəncənin, həm də Azərbaycanın rəmzidir”. Bu gün gəncəlilər dahi rəhbərın adını daşıyan həmin parkda möhtəşəm layihələri reallaşdırırlar.

Azərbaycan Kənd Təsərrüfaıtı İnstitutuna (indiki Aqrar Universitet) “Şərəf nişanı” ordeni təqdim etməklə Heydər Əliyev şəhərin elm, təhsil müəssisələrinin yüksəlişinə, təhsildə çalışan işçilərin həyat səviyyəsinin artırılmasına diqqət yetirdiyini bir daha önə çəkir.

Azərbaycan Respublikasının Prezidenti kimi ulu öndər Heydər Əliyevin Gəncə səfərlərində ictimaiyyətin fəal nümayəndəsi kimi iştirakımdan da çox məmnunam və bu tarixi günləri belə xatırlayıram:

1993- cü il, 10 iyun: Ulu öndər Azərbaycanın siyasi rəhbərliyində təmsil olunmadığı dövrdə, Azərbaycan Respublikasının dünya siyasi xəritəsindən silinmək təhlükəsi qarşısında, vətəndaş müharibəsinin astanasında olduğu bir dövrdə 1993- cü il iyunun 10-da müdrik el ağsaqqalı  kimi Gəncəyə səfər etdi.

Bu səfər xilaskarlıq, qurtuluş missiyası daşımaqla, ölkəmizi ağır faciələrdən xilas etdi. Topsuz, tüfəngsiz, cangüdənsız, mühafizəsiz, dövrdə, respublikanın rəhbərlərinin heç biri Gəncəyə gəlmək və yaranmış vəziyyətə aydınlıq gətirmək iqtidarında olmayanda, heç bir dövlət vəzifəsi olmayan, amma xalqın məhəbbətinin zirvəsində duran Heydər Əliyev öz həyatını təhlükəyə ataraq bu şərəfli və son dərəcə ağır missiyanı – qurtuluş missiyasını yerinə yetirdi. Burada belə bir hikmət yada düşür: “Əsl rəhbər xalqın şad günündə də, dar günündə də onunla birlikdə olmalıdır”.

1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Heydər Əliyev dörd dəfə Gəncəyə səfər etdi. Hər dəfə Gəncəyə səfər edəndə özünün orijinal idarəçilik ənənəsinə sadiq qalaraq Gəncənin həyatına müsbət dəyişikliklər, yeniliklər, müasir layihələr, təkliflər gətirdi. 1993-cü il 13 dekabr, 1998-ci il 7 oktyabr, 2000-ci il 23-24 may, 2002-ci il 12-13 sentyabr səfərləri müstəqil dövlətçilik tariximizə düşmüş, rəhbər-xalq münasibətinə xüsusi xidmət nümunəsi gətirmişdir.

1993-cü il, 13 dekabr: Gəncə şəhərinə Azərbaycan Respublikasının Prezidenti kimi ilk səfər edən Heydər Əliyev şəhər sakinləri və fəalları ilə birlikdə müstəqil Azərbaycan dövlətinin inkişafı, şəhərin iqtisadiyyatının dirçəldilməsi, bazar iqtisadiyyatına keçid, ölkə daxilində sabitliyin qorunması yolunda təxirəsalınmaz tədbirləri müzakirə etdi. Azad bazar iqtisadiyyatı şəraitində şəhərdə sahibkarlığın inkişafı perspektivləri barədə dəyərli tövsiyələrini verdi.

1998-ci il, 7 oktyabr: Azərbaycan Respublikasının Prezidenti və 1998- ci il prezident seçkilərində namizəd kimi cənab Heydər Əliyev Gəncə seçiciləri ilə görüşmək məqsədilə şəhərə növbəti səfərini etdi. Bu səfər zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan  Heydər Əliyev Gəncə qarnizonunun əsgər və zabitləri ilə görüşdü. Xan Bağında xalq şairi Nigar Rəfibəylinin abidəsinin açılış mərasimimdə çıxışında respublikada yaranmış ictimai-siyasi sabitliyi yüksək qiymətləndirdi. Şəhərin mərkəzi meydanında Azərbaycan Respublikası prezidentliyinə namizəd, dövlət başçısı Heydər Əliyevlə Gəncə şəhərinin və ətraf rayonların seçiciləri ilə görüş oldu.

Bu görüşdə Azərbaycanın gələcəyi, qüdrətlənməsi naminə dövlət proqramlarının işlənməsinə, qəbul edilmiş mühüm tarixi qərarların icrasının reallaşmasına, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində daha ciddi və cəsarətli addımların atılacağına seçicilərin ümidləri artdı. Seçicilərin ölkə rəhbərinə inamı, etibarı belə görüşlərin hesabına daha artdı və Azərbaycanın gələcəyinə, Heydər Əliyevə ümidləri yüksəldi.

Ulu öndər, həmişə olduğu kimi, Gəncəyə və gəncəlilərə olan hörmət-ehtiramını özünəməxsus səmimiliklə ifadə etdi: “Gəncə Azərbaycan xalqının qədim, zəngin tarixini özündə əks etdirən diyardır, gözəl bir şəhərdir. Azərbaycan xalqının qədim tarixini, mədəniyyətini, ədəbiyyatını, şeirini Şərq aləmində, bütün dünyada Nizami Gəncəvi ilə tanıyırlar. Azərbaycana, Azərbaycan xalqına təkcə Nizami Gəncəvi kimi dahi bir şəxsiyyət bağışladığına görə Gəncə torpağı, Gəncə xalqı, gəncəlilər əbədi minnətdarlığa layiqdirlər”.

Üstündən illər keçdikdən sonra ulu öndər Gəncəyə olan qayğısının bir nümunəsini belə ifadə edirdi: “Bizim böyük şairimiz Nizaminin adı Bakıda çox yerlərdə var idi, amma mən istəyirdim ki, bir rayon da Nizaminin adını daşısın... O vaxt Gəncənin adını bərpa etmək böyük cəsarət tələb edirdi. Biz o rayonlardan birinin adını “Gəncə” , o birisinin adını “Kəpəz” qoyduq.

Bu məlumdur, gərək ki, bir neçə dəfə deyiblər, – o vaxt buradan təkliflər verilmişdi, Moskvaya da artıq yazılmışdı, çünki o zaman biz bu rayonları özbaşına yarada bilməzdik, bunun  üçün Moskvanın qərarı olmalı idi. Deyəsən, birinə “Zavod rayonu”, birinə də “Proletar rayonu” adı verilmişdi. Yəni layihədə, Sovet hökumətinin qərar layihəsində bu vardı. Mən o layihəni dəyişdirdim və “Gəncə ”, “Kəpəz” adları verdik. Bakıda yaranan yeni rayonu isə, - o vaxt Bakıda on rayon var idi, - “Nizami rayonu” adlandırdıq. Bizim böyük şairimiz Nizaminin adı Bakıda çox yerlərdə var idi, amma mən istəyirdim ki, bir rayon da Nizaminin adını daşısın. Bir vaxt da xalqımız üçün, eyni zamanda da Gəncə üçün, – çünki Nizami də gəncəlidir, Nizami deyəndə də Gəncə düşünürsən, – bir rayonun adı “Gəncə” , o biri də “Kəpəz” qoyuldu, – Kəpəz də Gəncədir. Bəli, biz bu milli adları 1980-ci ildə qoyduq".

Ulu öndərin o dövrdə belə qərarların qəbul edilməsinin çətinlikləri haqqında açıqlaması  çox maraqlıdır: “Nizami rayonu” nu ki, yaratdıq, - onun adını da “Sovet rayonu” qoymaq istəyirdilər. “Zavod”, “Proletar” və “Sovet” rayonları    3 dənə belə ad vermişdilər, özü də burada, Azərbaycanda bəzi adamlar məndən xəbərsiz bu layihəyə razılıq vermişdilər. Artıq Moskvada layihə hazırlanmışdı və imzalanmalı idi. Bu ərəfədə mən böyük çətinliklə, şübhəsiz ki, böyük risklə, - yenə də deyirəm, bu işdə cəsarət lazım idi, - layihəni dəyişdirdim. Olan olub, keçən keçib, o vaxt ümumiyyətlə, təkcə Azərbaycanda yox, Moskvada da nüfuzum yüksək olduğuna görə, bu barədə təkliflərim qəbul edildi. Ancaq həm Moskvada, həm də burada bizim əleyhimizə olan bəzi dairələrdən dedilər ki, Heydər Əliyev tamamilə büruzə verdi ki, o millətçidir. Bilirsiniz ki,  o vaxt da “millətçi” sözü o adamlara qarşı işlədilirdi ki, guya Sovet İttifaqının quruluşunun əleyhinədir”.

2000-ci il, 23-24 may: Gəncə şəhərinə rəhbərin bu səfəri yalnız şəhərin inkişafı, iqtisadi islahatların genişləndirilməsi məqsədi daşıyırdı. Prezident Heydər Əliyev Gəncə şəhərinin sosial-iqtisadi inkişafı ilə maraqlandı, gələcəkdə reallaşdırılacaq layihələri müzakirə etdi və sosial məişət problemlərinin həllini önə çəkməklə öz tapşırıqlarını və göstərişlərini verdi.

2002-ci il, 12-13 sentyabr: Heydər Əliyev Gəncə şəhərində beynəlxalq standartlara cavab verən, müasir avadanlıq və qurğularla təchiz olunmuş Olimpiya İdman Kompleksinin açılışında iştirak etdi. Şəhər ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi müşavirədə şəhərin sosial- iqtisadi inkişafının vəziyyətini təhlil etdi. Öz tövsiyə və təkliflərini bildirdi, iradlarını şəhər fəalları ilə bölüşdü. Bu müşavirənin iştirakçısı kimi, ulu öndərin şəhərin ab-havasından, insanların yaşayış səviyyəsindən keçirdiyi dərin narahatlığını və narazılığını rəhbərin sifətində ifadə olunan cizgilərdən duymaq mümkün idi. Ümummilli liderimiz Heydər Əliyevin Gəncəyə bu səfəri şəhərin həyatında yeni inkişafın başlanğıcını qoydu.

Heydər Əliyevin rəhbərlik keyfiyyətlərinə xas olan xüsusiyyətlərdən biri də etibarlı kadr korpusu hazırlamaq idi. Ən maraqlı cəhət o idi ki, kadrlar onlar üzərində Heydər Əliyev nəzarətinin olduğunu hiss etmədən formalaşır və seçilirdi. Belə bir sınanmış kadr siyasətinin bəhrəsini Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevdə də görmək mümkündür. 2003- il prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına müraciətində, başladığı qlobal işləri İlham Əliyevə etibar edən, ona özü qədər inanan ümummilli liderin uzaqgörənliyi və müdrikliyi bir daha təsdiqləndi və etibarlı kadr potensialı yetişdirildiyini göstərdi.

Heydər Əliyev idarəçilik məktəbindən bəhrələnən Prezident İlham Əliyev yüksək liderlik keyfiyyətlərinə, fundamental siyasi təcrübəyə, fenomenal biliyə, iti ağıla, cəsarətli qərarlar vermək qabiliyyətinə mailk olduğunu göstərdi. O, Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 24 noyabr 2003-cü il tarixdə fərman imzaladı. Bu fərmanın məntiqi nəticəsi kimi 2004-2008 və 2009-2013-cü illər üçün regionların sosial-iqtisadi inkişafı  I və II Dövlət proqramları da qəbul edildi və uğurla yerinə yetirildi.

11 fevral 2004-cü il tarixdə “Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər) qəbul edildi. Dövlət Proqramı regionların inkişaf strategiyasının əsasını təşkil edən üç təməl məqsədi daşıyırdı: mərkəzləşmənin ləğvi və prosesin davam etdirilməsi, iqtisadiyyatın çoxşaxəli olmasına şəraitin yaranması, bütünlükdə bu proqramın idarə olunması işlərinin təkmilləşdirilməsi. Regionların inkişaf planı ölkənin ümumi  perspektivinin tərkib hissəsi olmaqla yanaşı, yoxsulluğun azaldılmasına, Azərbaycanda sabit makroiqtisadi mühit üçün zəmin yaradacaqdır.

Bütün bu məsələləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gəncə şəhərinə göstərdiyi sonsuz diqqət və qayğının nümunəsində aydın görə bilərik. Prezident kimi dəfələrlə Gəncə şəhərinə səfər etmiş və hər dəfə səfəri zamanı Gəncənin inkişafı ilə bağlı çox mühüm qərarlar vermiş, şəhərimizin hətərəfli inkişafına xidmət edən böyük layihələrin, ictimai əhəmiyyətli obyektlərin açılışında gəncəlilərlə birlikdə olmuşdur. Ölkə Prezidentinin 2012-ci il yanvarın 21-də Gəncəyə səfərini şəhərimizin sakinləri böyük məmnunluqla xatırlayırlar. Bu səfər zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev şəhərdə yeni inşa edilən, yenidən əsaslı qurulan on bir obyektdə: tamamilə yenidən qurulmuş Cavad xan küçəsində, “Det.Al” Alüminium MMC-nin Gəncə alüminium zavodu kompleksində, N.Nərimanov adına parkda, əsaslı şəkildə yenidən qurulmuş Nizami şəhərciyində, Nizami Gəncəvinin abidəsi ucaldılan “Xəmsə” abidə kompleksində olmuş, Gəncə Dövlət Filarmoniyasının, Heydər Əliyev Mərkəzinin təməlini qoymuşdur.

Dövlət başçısı Gəncənin tarixini, bugünkü inkişafını yüksək qiymətləndirərək demişdir: “Gəncə çox qədim, gözəl, tarixi şəhərdir. İndi şəhər qədim simasını saxlamaqla yeni müasir yanaşma ilə daha da gözəlləşir. Parklar, binalar bərpa edilir, gözəl küçələr salınır.Yeni Gəncə dünya səviyyəli şəhərə çevrilir”.

Möhtərəm Prezidentimizin şəhərimizə,  bir ildə görülən işlərə verdiyi yüksək qiymət Gəncə ictimaiyyətində Heydər Əliyev ideyalarına olan sədaqəti, ölkə rəhbərinə olan böyük inamı daha da artırır və biz gəncəliləri daha məsuliyyətli, mübariz olmağa ruhlandırır.

Dövlət başçısının diqqət və qayğısı ilə daim əhatə olunan gəncəlilər daim qurub-yaratmaq əzmi ilə çalışırlar. Son iki ildə şəhərdə aparılan quruculuq işlərinin bəzilərinə nəzər salsaq, işlərin miqyasının nə qədər böyük olduğunu görə bilərik. “Yeni Gəncə” yaşayış massivində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 9 mərtəbəli 81 mənzilli bina, 15, 30, 32, 43, 3, 8, 22 saylı orta məktəblər, bir neçə uşaq bağçası, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin yeni inzibati binası, Natəvan, Məhsəti və Şeyxzamanlılar qəsəbələrində mərkəzi küçələr abadlaşdırılmış və istifadəyə  verilmişdir. Hazırda Heydər Əliyev Mərkəzinin, Zəfər tağının, Nizami Gəncəvi Muzeyinin, Beynəlxalq Nizami Kitabxanasınn, Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzinin və Gəncə Dövlət Filarmoniyasının tikintisi uğurla davam etdirilir. Şəhərdə Əziz Əliyev adına və Məhsəti Gəncəvi adına yeni parklar salınmaqla, M.Ş.Vazeh, C.Cabbarlı, A.Səhhət, “İstiqlal” parklarında yenidənqurma işləri davam etdirilir. Şəhidlər Xiyabanında aparılan yenidənqurma işləri 20 Yanvar faciəsinin 23-cü ildönümü ərəfəsində yekunlaşmış və anım tədbirində Vətən şəhidlərinin əziz xatirəsinə ucaldılmış əzəmətli monumental abidə açılmışdır.

Quruculuq-abadlıq işlərinin miqyası daha genişdir.Şəhərimizdə qaz, elektrik xətləri yer altına salınmaqla yeni xətlərlə əvəz edilir. Üç istiqamətdən şəhərə yeni su xətlərinin çəkilişi davam edir, kanalizasiya yenidən qurulur. Küçələr genişləndirilir, yüzlərlə çoxmərtəbəli yaşayış binasının dam örtüyü müasir memarlıq üslubunda dəyişdirilir, binaların fasadları yerli memarlıq üslubunda yenilənir. Gəncə şəhərinin görünüşü tamamilə dəyişmişdir. Şəhər həqiqətən də qədimliklə müasirliyin vəhdətinin gözəl nümunəsinə çevrilmişdir.

Qeyd edilənlər artıq formalaşmış bir ümumi rəyi, tarixi həqiqəti təsdiqləyir ki, ulu öndərin xüsusi qayğı göstərdiyi Gəncə, Heydər Əliyevə məhəbbətin mərkəz şəhəridir.

 

 

İsrafil İSMAYILOV,

YAP Gəncə şəhər təşkilatının

sədri, professor

 

Xalq qəzeti.- 2013.- 25 aprel.- S. 8.