Samux: yeni ünvanlar inkişafın yeni
mərhələsindən xəbər verir
Gəncənin 5-6 kilometrliyində olan Samuxun
inkişafını hiss etməmək,
görməmək mümkün deyil. Vaxtaşırı olaraq
bu rayonda sosial obyektlər, istehsal
sahələri, yeni park
və xiyabanlar, hətta Samuxun
tarixində ilk dəfə olaraq
çoxmərtəbəli yaşayış binaları tikilib istifadəyə verilir.
Rayon icra hakimiyyətinin
başçısı Alı Qocayevlə bu
mövzuda söhbət edərkən dedi:
-Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev Samuxun
daha da inkişaf etməsi üçün daim diqqət və
qayğı göstərir. Elə keçən il ölkə
başçısının 10 aprel tarixli sərəncamı
dediklərimin bariz nümunəsidir. Məhz həmin sərəncamla
rayona ayrılmış vəsait hesabına Samuxun 17 min nəfər
əhalisinin yaşadığı 6 yaşayış məntəqəsini
birləşdirən Gəncə-Sərkar-Qarayeri-Qədilli
avtomobil yolunun tikintisinə başlanmış və işlər
qısa müddətdə başa çatdırılaraq əhalinin
istifadəsinə verilmişdir.
Rayon
icra hakimiyyəti başçısının dediklərinə
belə bir faktı da əlavə edək ki, adını
çəkdiyimiz yolun Sərkar, Ziyadlı, Qovlarsarı kəndlərindən
və Qarayeri qəsəbəsindən keçən hissələrinin
kənarlarında geniş abadlıq işləri
aparılmışdır. Yol kənarlarındakı tikililər
qaydaya salınmış, hörgü, suvaq, rəngləmə
işləri aparılmış, bardürlər
düzülmüş, ictimai yaşayış evlərinin qarşısında
çiçək və bəzək kolları əkilmişdir.
Qarayeri qəsəbəsində yolun kənarında 800 metr səki
salınmış, dairəvi hərəkət
üçün xüsusi dairə inşa olunmuş,
çil-çıraq quraşdırılmışdır. Qəsəbənin
mərkəzi hissəsində ayrıca istirahət parkı
yaradılmış, bulaq tikilmiş və
işıqlandırma sistemi
quraşdırılmışdır.
Samuxun
girəcəyində olan Heydər Əliyev parkını indi
tanımaq olmur. Çünki bu park tamamilə yenidən
qurulmuş və yeni tikililəri ilə hamının diqqətinə,
marağına səbəb olmuşdur. Tikintisinə ötən
ilin noyabrında başlanılmış Heydər Əliyev mərkəzi
artıq hazırdır. Kafe, oyun zalı, çay evi parkın
əsl mədəniyyət və istirahət guşəsinə
çevrilməsi üçün yaxşı tikililərdir.
Yaşıllıqların suvarılması üçün
xüsusi çiləyici qurğular
quraşdırılmışdır. Elektrik təchizatı
sistemi yenidən qurulub, meydanın və gəzinti
yollarının kənarlarına mərmər bardürlər
düzülüb. Diqqətçəkən məqamlardan biri
də budur ki, parkın sahəsi genişləndirilmiş,
şəhərin Heydər Əliyev prospektinin yenidən
qurulması layihəsinə uyğun olaraq üç ədəd
yeni parkın salınması başa
çatdırılmışdır. Bu parklarda adamların səmərəli
istirahət etməsi üçün hər cür şərait
yaradılmışdır. Burada Heydər Əliyev
bulağı, fəvvarələr inşa edilmiş,
yaşıllıqlar və gəzinti üçün yollar
salınmış, işıqlandırma və su sistemi
quraşdırılmışdır. Prospektin
işıqlandırma sistemi də yenidən qurulmuşdur.
Rayonun
ayrı-ayrı obyektlərində, küçələrdə
görülən işlərlə yaxından tanış
olduqda, zövqlülük daha qabarıq hiss olunur. Adi bir bulaq
kompleksi də, rayonun ad göstəricisini əks etdirən guşə
də zövqlülüyünə görə seçilir. Təbii ki, orijinallığı, müasirliyi
də öz yerində. Hiss
olunur ki, rayon rəhbərliyi, elə icra
hakimiyyətinin başçısı Alı Qocayev
bu işlərin demək olar
ki, hamısına özü
nəzarət edir, məsləhətlərini,
göstərişlərini verir. Elə
bu zövqlülük
də işə münasibətdən yaranır. Rayon mərkəzindəki
küçə və məhəllələr bir-birinin ardınca
abadlaşdırılır, evlərin fasadlarına və hasarlara aqlay vurulur, əlavə hörgü
işləri aparılır, kommunikasiya xətləri
qaydaya salınır, yollar
genişləndirilir, arxlar çəkilir,
yararsız, primitiv tikililər
sökülərək yeniləri ilə əvəz olunur. Artıq Arif Nəbiyev,
28 may, N.Nərimanov, Tofiq
İsmayılov küçələri, Kolayır prospekti öz görkəmini
xeyli dəyişdirmişdir. Lakin bu işlər hələ
davam etdirilir.
Rayon mərkəzi ərazisində “Dül-dül” adlanan ziyarətgahın yanında yerləşən qəbiristanlıqda abadlıq işləri aparılmış, onun ətrafına hasar çəkilmişdir. Bundan başqa şəhər - Yenikənd yolunun sol tərəfində yarım kilometrdən çox məsafədə dekorativ hasar çəkilmişdir.
Bir
sıra respublika və yerli əhəmiyyətli yollarda asfalt
salınmış, təmir-bərpa işləri
aparılmış, çınqıl materialları
tökülmüşdür.
Rayonda
müxtəlif inzibati binaların tikilib istifadəyə verilməsi
Samuxun görkəmini tədricən dəyişir. Artıq
rayon prokurorluğunun yeni inzibati binası inşa edilərək istifadəyə verilmişdir. Ən ucqar kəndlərdə
də sosial obyektlərin inşasına
diqqət yetirilir. Burunqovaq
kəndində icra
nümayəndəliyinin və kənd bələdiyyəsinin
yeni inzibati binası
artıq istifadəyə verilmişdir.
Bir məsələni
qeyd edək ki, son 9 ildə Samuxda 15 yeni məktəb binası
inşa edilmiş, 14 məktəbdə, 4 uşaq
bağçasında əsaslı təmir işləri
aparılmışdır. Lakin
keçən il yeni
tikilən binaların sayı əvvəlki illərdən fərqli
olmuşdur. Belə ki, 2012-ci ildə rayonda
şəhər 2 saylı tam orta məktəbi üçün
360 şagird yerlik, Lək
kənd tam orta məktəbi
üçün 220 şagird
yerlik, Poylu və
Salahlı kənd məktəbləri üçün
180 yerlik, Qiyaslı məktəbi üçün 80 şagird
yerlik yeni məktəb
binaları tikilib istifadəyə verilmiş, şəhər
1 saylı uşaq bağçası əsaslı
təmirdən sonra istismara
buraxılmışdır.
Aşağı
Ağasıbəyli kəndində yerləşən stadion
yenidən qurulmuş, idmançılar üçün üç otaqdan
ibarət, həm də avadanlıqlarla təchiz olunmuş
soyunub-geyinmə otağı inşa edilmişdir. Stadionun ətrafı hasarlanmış, 100 ədəd
müasir oturacaq
quraşdırılmışdır.
Rayonda
istehsal sahələrinin yaradılmasına xüsusi fikir
verilir. İstixana kəndi ərazisində
3 hektar sahədə faraş
meyvə-tərəvəz istehsal edəcək
“Aqrikola” MMC İstixana
kombinatı fəaliyyətə başlamışdır.
Hazırda burada 30 nəfər daimi işlə təmin edilmişdir.
Müəssisə tam işə
düşdükdə işçilərin sayı 100 nəfərə
çatacaqdır.
Rayonda
“Aqroenerji” kompleksinin yaradılması da nəzərdə
tutulur ki, onun da ümumi dəyəri 94 milyon manat təşkil
edir. Bu isə 1000 nəfərin
işlə təmin olunması deməkdir.
Qeyd
edək ki, həyata keçirilən tədbirlər nəticəsində
keçən il 747 iş yeri açılmışdır ki,
onun da 486-sı daimidir. Bütövlükdə 2004-2012-ci illərdə
Samuxda 4467 daimi iş yeri açılmışdır.
Təbii
ki, rayonun iqtisadiyyatının əsasını aqrar sahə təşkil
etdiyindən bu məsələ daim diqqət mərkəzindədir.
Ötən il sahələrdən
30 min tona yaxın
taxıl məhsulu yığılıb, məhsuldarlıq hər
hektardan 33 sentnerə çatıb. Əslində
yaxşı göstəricilərdir. Lakin
bu, hələlik istənilən səviyyə
deyil. Buna görə
taxılçılığın, eləcə də kənd
təsərrüfatının digər sahələrinin, o cümlədən üzümçülüyün
inkişafı üçün kompleks tədbirlər görülür.
Samuxda
əhalinin qaz, su, elektrik enerjisinə olan tələbatını
tam dolğunluğu ilə ödəmək üçün
bir sıra layihələr həyata keçirilir.
Hazırda
rayonda 12 min 709 nəfər abonent təbii qazdan istifadə edir
ki, bu da ötən illə müqayisədə 526 abonent,
2003-cü illə müqayisədə 3,4 dəfə
çoxdur.
Elektrik enerjisi, su təchizatında bir sıra texniki-təşkilati tədbirlər həyata keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı Alı Qocayev söhbət zamanı dedi ki, bu il şəhərin kanalizasiya və su sisteminin qurulması ilə bağlı nəzərdə tutulan iri layihənin icrasına başlanacaqdır. Rayon rəhbəri onu da xüsusi vurğuladı ki, əvvəlki layihədə yalnız rayon mərkəzi olan Nəbiağalı şəhərində su və kanalizasiya xəttinin çəkilməsi nəzərdə tutulurdusa, biz ətraf bir neçə kəndin də həmin problemini həll etməyi nəzərdə tutmuşuq.
Təhsil,
səhiyyə, mədəniyyət sahələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi diqqət
mərkəzindədir. Qəza vəziyyətində olan Əhmədbəyli
kənd orta məktəbi üçün 360 yerlik,
Qarabağlar orta məktəbi
üçün 180 şagird yerlik yeni məktəb
binalarının tikintisi, Alabaşlı, Qırmızı
Samux qəsəbə və Zazalı kənd orta məktəblərinin
əsaslı təmir olunması nəzərdə tutulur.
Bu il
rayonun qəsəbə və kəndlərində bir neçə
uşaq bağçasının açılması,
Qarabağ müharibəsi əlilləri və şəhid
ailələri üçün çoxmənzilli
yaşayış binasının, səhiyyə və mədəniyyət
ocaqlarının tikintisi və əsaslı təmiri sahəsində
işlər aparılır.
...Samuxun inkişafı sürətlə gedir. Burada aparılan işlər onu göstərir ki, Samux tezliklə gözəl, füsunkar, çoxlu park və xiyabanları, abad kənd və qəsəbələri, geniş yolları olan bir rayona çevriləcək. Kürün o tayındakı kəndlərin də tezliklə qazlaşdırılması nəzərdə tutulur. Bu isə adamların daha yaxşı, rahat yaşamasına imkan verəcəkdir.
Hamlet QASIMOV
Xalq qəzeti.- 2013.- 25 aprel.- S. 10.