“Topxananın harayı”nı
xalqa çatdıran jurnalist
Etiraf edim ki, əvvəllər “köhnə kişi”
sözünə mən, haradasa, “ağsaqqalın”ın
sinonimi kimi baxırdım. Bu
anlayışların fərqini ilk dəfə mərhum xalq
yazıçımız Qılman İlkinin dilindən
eşidib, duymuşam. Ömrünün təqribən
son on ilini Qılman müəllimlə tez-tez görüşərdik,
“Xalq qəzeti” ilə fəal əməkdaşlıq edərdi.
Gətirdiyi
məqalələrin birində “köhnə kişi” ifadəsini
“ağsaqqal”la əvəzləmək barədə təklifimi
qəbul etmədi: “Saqqalı ağ olan hər kişi
“ağsaqqal” olmadığı kimi, hər ağsaqqal da
“köhnə kişi” deyil”, – dedi. – Köhnə kişi xalqın aynasıdır, onun mənəvi
dəyərlərini, adət-ənənələrini
özündə daşıyan, xüsusi mühafizəkarlıqla
qoruyub saxlayan bir insandır. Onu da deyim ki,
köhnə kişilərin sırası sürətlə
seyrəlməkdədir. Məndə belə təsəvvür
var ki, köhnə kişilər də davamı gəlməyən
bir zümrə kimi tədricən tarixin arxivinə
qovuşacaq, onların canlı nümunəsinə həyatda
yox, ədəbiyyatda, kinofilmlərdə rast gələcəklər...”.
Qılman
müəllimi dinlədikcə, gözlərim önünə
“Böyük dayaq”da Rüstəm kişi, “Dəli Kür”də
Cahandar ağa, “Qarlı aşırım”da Kərbəlayi
İsmayıl, Abbasqulu bəy və başqaları gəldi. Şübhəsiz, bunlar yazıçı və
rejissor təxəyyülünün məhsulu olan bədii
obrazlardır. Lakin onların həyatda konkret prototipləri
də olub və şükürlər olsun ki, belələrinə
az da olsa, bu gün də rast gəlirik. Milli mətbuatımızın tanınmış
simalarından biri, şəxsiyyəti, xeyirxahlığı,
təvazökarlığı, halallığı, obyektivliyi
və prinsipiallığı ilə həmişə nümunə
olmuş qələm sahibi Firudin Rəsulov da belə kişilərdəndir.
Yetmiş beş illik yubileyi ərəfəsində
onunla görüşüb həmsöhbət olduq.
...Firudin
müəllimlə şəxsi
tanışlığımız eyni kollektivdə — “Kommunist”
qəzeti redaksiyasınıda işlədiyimiz vaxtdan təqribən
8 il əvvələ təsadüf
edir. 1980-ci ilin
yayında “Kommunist” qəzeti “İnsanlar... talelər...”
rubrikası ilə oçerk müsabiqəsi elan etmişdi.
O vaxtlar mən il yarım idi ki, “Bakı”
axşam qəzetində işləyirdim. Qələmimi
sınamağı qərara aldım, yazdığım
oçerki redaksiyaya təqdim etdim. “Kommunist” qəzetinin
23 sentyabr 1980-ci il nömrəsində
müsabiqənin ilk yazısı kimi mənim “Atasının
oğlu” sərlövhəli oçerkim dərc olundu. Bizim yaşıdlarımız və bizdən
yaşca böyük olanlar yaxşı bilirlər ki, o vaxtlar
Azərbaycan mətbuatının flaqmanı olan “Kommunist” qəzetində
dərc olunmaq nə demək idi. Bu qəzetdə
kiçik bir informasiyanın verilməsi istənilən kənar
jurnalist üçün toy-bayrama çevrilərdi. O
ki, qaldı, qəzet səhifəsinin yarıdan çoxunu
tutan oçerk ola. Təvazökarlıqdan
kənar olsa da, deməliyəm ki, oçerk uğurlu
alınmışdı. Bunu çoxsaylı
telefon zəngləri, aldığım təbriklər də
təsdiqləyirdi. Mənim üçün çox
xoş oldu ki, təbrik edənlər arasında ADU-nun
jurnalistika fakültəsinin müəllimləri Nurəddin
Babayev, Nəriman Zeynalov, Tofiq Rüstəmov, Famil Mehdi və
başqaları da vardı. Lakin həmin gün iş telefonuma
ilk zəng edəni səsindən tanıya bilmədim.
Salamı verib soruşdu:
– Kimdi?
– Sizə kim lazımdı? – dedim və hiss etdim ki, bir qədər
kobud alındı.
– Qüdrət
Piriyev.
– Buyurun,
sizi dinləyirəm.
–
“Kommunist”dən Firudin Rəsulovdur, bugünkü nömrədə
sənin oçerkini oxudum, çox təsirləndim... Təbrik edirəm.
Şəxsən tanışlığımız olmasa
da, “Firudin Rəsulov” imzasını nəinki mən,
bütün respublika tanıyırdı. Azərbaycanın bir
nömrəli qəzetini təmsil edən və kifayət qədər
tanınmış, peşəkar qələm sahibinin
aramızdakı böyük məqam və xeyli yaş məsafəsinə
baxmayaraq jurnalistika aləmində hələ ilk
addımlarını atmaqda olan gənc həmkarının
uğuruna belə diqqət göstərməsi onun
böyük ürək sahibi olmasından xəbər
verirdi...
Ömürlüyə
bir nəzər: Firudin Yusif oğlu Rəsulov 1938-ci il martın 25-də Qərbi Azərbaycanın
Zəngibasar mahalının Zəngilər kəndində
anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) filologiya fakültəsinin jurnalistika
şöbəsinə (əyani) qəbul edilir. 1948
—53-cü il deportasiyası nəticəsində
Sabirabadda məskunlaşan ailənin maddi durumunun çətinliyini
nəzərə alaraq, işləmək üçün ərizə
yazıb qiyabi təhsilə keçir. İki ilədək
“Azərkitab” sistemində çalışdıqdan sonra
1962-ci ilin ortalarında Azərbaycan KP MK-nın və Nazirlər
Sovetinin qəzeti kimi çıxan “Abşeron”da korrektor vəzifəsinə
işə düzəlir. Şöbə
müdiri, sonra isə məsul katib vəzifələrinə
irəli çəkilir.
1969-cu ilin oktyabrında Firudin müəllim
respublikanın ən nufuzlu mətbuat orqanı olan “Kommunist” qəzetinə
dəvət alır. Məsul katibin müavini, ədəbi
işçi, müxbir, sosial problemlər şöbəsinin
müdiri, respublikanın müxtəlif bölgələri
üzrə xüsusi müxbir vəzifələrində
işləyir. 1992-ci i lin dekabr
ayında o, “Həyat” qəzetinin siyasət şöbəsinin
müdiri vəzifəsinə işə keçir. Təqribən
2 il yarım bu vəzifədə işlədikdən
sonra həmin qəzetin baş redaktoru təyin olunur. Dörd ildən artıq bu kollektivə rəhbərlik
etdikdən sonra o, Mətbuat və İnformasiya Nazirliyi
Kütləvi İnformasiya Vasitələri İdarəsinin
redaktoru vəzifəsinə təyinat alır. Nazirlik ləğv olunanadək bu vəzifədə
çalışır. 2002-ci ilin aprel
ayında “Azərsu” ASC-nin rəhbərliyi tərəfindən
işə dəvət edilir. On ilə
yaxın burada işləyir. Hazırda
pensiyadadır.
Tərcümeyi-halından da göründüyü kimi,
Firudin müəllim çox yerdə işləyib,
ağlı, fərasəti, istedadı və zəhmətsevərliyi
ilə hörmət-nüfuz qazanıb, jurnalistika peşəsinin
bütün vəzifə pillələrində səbr və
təmkinlə irəliləyərək uca məqamlara
yüksəlib. Bir peşəkar jurnalist kimi harada
çalışıbsa, nə yazıbsa, vicdanının səsinə
qulaq asıb, ədalətli olub, haqqı nahaqqın
ayağına verməyib.
İşlədiyi
kollektivlərlə bağlı Firudin müəllimin fikirləri
də maraqlıdır: “İşlədiyim bütün
kollektivlər mənim üçün əzizdir. Amma
bunların sırasında “Kommunist” qəzeti
redaksiyasının xüsusi önəmi var.
Ömrümün 22 ilindən çoxunu sərf etdiyim bu
redaksiya mənim üçün təkcə iş yeri yox,
bir məbədgah, arzularımın gerçəkləşdiyi
ünvan olub. Ailəm qədər mənə əziz olan bu
kollektiv aradan 20 ildən artıq vaxt keçməsinə
baxmayaraq, bu gün də məni özünə çəkir,
odur ki, tez-tez bura gəlirəm, ötənləri-keçənləri
xatırlayıram, ruhum dincəlir. Jurnalistikanı
özümə peşə seçdiyim ilk gündən,
çoxları kimi, mənim də ümdə arzum bu
redaksiyada işləmək olub. Allahıma
şükürlər olsun ki, bu istəyimi gerçəkləşdirdi.
Bu redaksiya mənim bir jurnalist kimi püxtələşməyimdə
əvəzsiz rol oynayıb, necə deyərlər, əsl həyat
universitetim olub...”
Firudin Rəsulov “Kommunist” qəzetində fəaliyyətə
başlayarkən respublikamızda qlobal dəyişikliklər
baş verirdi.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə
gəlişi ilə cəmiyyətdə yeni ab-hava
yaranmışdı. Respublika rəhbərinin
təşəbbüsü ilə mətbuatda həyatın
müxtəlif sahələrindəki nöqsanlara, neqativ
hallara qarşı ciddi tənqidi materialların dərcinə
start verilmişdi. Şübhəsiz,
“Kommunist” qəzeti bu sahədə nümunə göstərirdi.
Bu qəzetdə dərc olunmuş tənqidi
yazılar çox vaxt Azərbaycan KP MK-nın müşavirə
və plenumlarında məruzələrə,
çıxışlara düşür, bəzən MK
bürosunda müzakirə edilir, lazımi tədbirlər
görülürdü. Ciddi problemlər
qaldıran belə tənqidi-təhlili məqalələrin fəal
yazarlarından biri də Firudin Rəsulov idi. Əhaliyə göstərilən xidmətin müxtəlif
sahələrindəki nöqsanlardan, xüsusilə ticarətdəki
kadr problemlərindən, səhiyyə, fərdi mənzil-tikintisi,
ictimai iaşə sferalarındakı
çatışmazlıqlardan onun yazdığı materiallar
peşəkarlığı və faktlarla zənginliyi
baxımından fərqlənirdi.
1982-ci ilin yayında redaksiyanın sənaye şöbəsinin
müdiri, mərhum Firdovsi Zamanovla birgə respublikanın
yanacaqdoldurma məntəqələrində çox ciddi
nöqsanlar — oğurluq, əliəyrilik barədə
hazırladığı silsilə yazıların (5 məqalə)
o vaxt güclü əks-sədası oldu. Mərkəzi Komitənin
bürosunda birinci katib Heydər Əliyev qəzetin aşkara
çıxardığı nöqsanlarla bağlı baş
redaktor Rəşid Mahmudova təşəkkür edib, eyni
zamanda, bu faktları vaxtında aşkara
çıxarmadıqları üçün müvafiq
orqanların rəhbərlərinə iradlarını kəskin
şəkildə bildirib. Bu, böyük
uğur idi.
...Tale elə
gətirdi ki, 1988-ci ilin aprel ayında məni də “Kommunist”ə
dəvət etdilər. O vaxt Firudin müəllim bölgə
müxbiri idi. Birgə iş zamanı onu daha yaxından
tanıdım. Bir daha yəqin etdim ki, Firudin Rəsulov
xeyirxahlığı özünə həyat amalı
seçmiş, düzlüyə, halallığa tapınan,
tanıdı-tanımadı, dəxli yoxdur, əl tutmağa,
kömək etməyə çalışan,
başqasının uğuruna sevinən, kədərinə
şərik çıxan ağayana bir kişidir.
Firudin müəllimin qələmindən çıxan
yazıların sayı çoxdur, unudulanı da var, yadda
qalanı da. Amma, onların heç biri 1988-ci ilin noyabr ayında
“Kommunist” qəzetində dərc olunmuş “Topxananın
harayı” ilə müqayisəyə gəlməz. Bu, hüququ tapdanan, torpağı yağmalanan vətənpərvər
bir jurnalistin haqq səsi, bağrından qopan hayqırtı
idi. O vaxt Azərbaycan çox ağır günlərini
yaşayırdı. Sovetlər Birliyində gedən
“yenidənqurma” aşınmasından istifadə edən ermənilər
Dağlıq Qarabağı Ermənistana birləşdirmək
barədə iddia qaldırmış, əslində
separatçı təxribatlara başlamışdılar.
Bu məsələdə M. Qorbaçov başda
olmaqla SSRİ rəhbərliyi də onlara kömək edirdi.
Dağlıq Qarabağ ərazisində proseslər
nəzarətdən çıxırdı. Ermənilər əl altından
silahlandırıldığı halda, yerli azərbaycanlı əhalidən
adi ov tüfənglərini də yığırdılar.
Bakıda isə buna fikir verən yox idi, hakimiyyət
uğrunda didişmə gedirdi. Dağlıq
Qarabağ bölgəsi üzrə xüsusi müxbir işləyən
Firudin müəllim hadisələri diqqətlə izləyir,
qəzetə materiallar göndərərək, həyəcan
təbili çalırdı.
F.Rəsulovun
dediklərindən: “Şuşa” qəzetinin redaktor müavini Əli
Mahmudovla birlikdə Şuşa Şəhər
Partiya Komitəsinin binasından binoklla Topxana səmtə
baxarkən gördük ki, orada vur-çatlasın tikinti
işinə hazırlıq gedir. Meydançaya
xüsusi ağır texnika, inşaat materialları gətirilir.
Öyrəndim ki, ermənilər meşəni
qırıb, burada Ermənistandakı hansısa zavodun kimyəvi
sexini tikmək istəyirlər. Dərhal
“Topxananın harayı” sərlövhəli məqaləni
yazıb redaksiyaya çatdırdım. Sonradan
eşitdim ki, Mərkəzi Komitə ermənilərlə gərgin
olan münasibətlərin daha da pisləşə biləcəyini
bəhanə gətirərək yazının dərc
olunmasına icazə verməyib. O zaman “Xalq qəzeti”nin baş redaktoru işləyən Cəmil Əlibəyovun
inadlı təkidindən sonra MK yazının dərc
olunmasına icazə verib, ancaq bir şərtlə: həmin məqaləni
bir neçə yerli erməni də imzalamalıdır. Bunu da etdim. Şuşada hələ
də yaşamaqda olan bir neçə erməninin
imzasını əlavə etdim. Beləliklə,
“Topxananın harayı” işıq üzü
gördü".
Bəli, “Topxananın harayı” Azərbaycan səmasında
güclü ildırım kimi çaxdı, hələ
mürgüləməkdə olan insanları, vəzifə,
kreslo davası edən məmurları qəflət yuxusundan
oyatdı.
Gündəlik 500 mindən artıq tirajla çıxan
“Kommunist”i alıb oxuyan yüz minlərlə insan
Bakının Azadlıq meydanına axışdı... Bütün bunları görən Firudin müəllimin
qəlbi haqlı olaraq qürur hissi ilə
döyünürdü.
Bu yerdə
Firudin müəllimin portretinin əlavə ştrixlərlə
tamamlanması üçün onu yaxından tanıyan
dostlarının və həmkarlarının fikirlərinə də ehtiyac
duyduq: “Firudin müəllimin könül dünyası zaman-zaman
öz duruluğunu qoruyub saxlamışdır... Onu tanıyanların hər biri təsdiq edə bilər
ki, Firudin Rəsulovla yol yoldaşı olmaq, dostluq etmək, bir
yerdə işləmək nə qədər xoşdur. Ən
ümidsiz vəziyyətdə, qəlbindəki inam
işığının öləziyən məqamlarında
belə Firudin Rəsulovla söhbət, ünsiyyət insana
yeni həvəs, güc, həyat eşqi gətirir... Taleyindən keçib gedən insanların
hamısı onun haqqında hörmətlə, ehtiramla
danışır. Zənnimcə,
bütün bunlar bir insan ömründə qazanılan sərvətlərin
ən dəyərlisi, ən qiymətlisidir”. (Əli Rza Xələfli); “Dostluqda sədaqəti
meyardır mənim üçün. Dostunun
qəlbindən keçənləri gözündən oxuyur”.
(Mədət Mədədov); “Dədə-babalarımızdan
qalan keyfiyyətləri ləyaqətlə qoruyub saxlayıb.
Qoruduğu, üstünə ləkə salmadığı
libası var: bu, təmiz adıdır”. (Mahmud Mirzəyev)...
Köhnə kişilərdən olan Firudin müəllim
həm də nümunəvi ailə
başçısıdır. Özünün
dayısı qızı olan ömür-gün yoldaşı
Elmira xanımla birlikdə iki övlad, 4 nəvə
böyüdüb-ərsəyə
çatdırmışdır. Nəinki
onlar, bütün qohum-əqrəba, dost-tanış Firudin
müəllimi özlərinin ağsaqqalı sayır, həmişə
yolunu gözləyir. Əslində,
xoşbəxtlik budur.
Sonda
söhbətimizin axarı yenə bütün
ömrümüzü həsr etdiyimiz jurnalistikanın üzərinə
yönəldi: “Müasir dövrümüzün
jurnalistikasında operativlik, məlumat zənginliyi
baxımından təqdir olunası cəhətlər az deyil, — dedi Firudin müəllim. — Amma bizim
dövrümüzdəki ciddi, klassik jurnalistikadan da öyrəniləsi
çox şey var. Kütləvi informasiya mənbələri
cəmiyyət üçün ümid yerinə çevrilməlidir.
Təəssüf ki, bu müqəddəs peşəni bazar
alverçisi ilə dəyişik salanlar, yaxud reketçiliyə
qurşananlar da az deyil. Ona görə
“müqəddəs peşə” dedim ki, sözdən
başlanıb dünyamız — “Ol!” sözündən. Ona görə də sözə hörmətsizlik,
müqəddəs Qələmə xəyanət çox
böyük günahdır. Jurnalistikanı
özünə peşə seçən hər kəs gərək
bu məsuliyyəti dərk etsin.
Qüdrət PİRİYEV
Xalq qəzeti.- 2013.- 25 aprel.- S. 11.