“Həyati proseslərin
axarında...”
“Yazıçı özünü
və dünyasını gözəlləşdirir, nəyi varsa, insanlığa bəxş edir. Gülüşünü
gül kimi paylamaqdan zövq alır”.
“Xeyrəddin Qoca obrazı sözsüz şəkil,
şərhsiz yazı kimidir”.
“Xeyrəddin
Qocanı oxuyub, onun yanında olub qorxaq, müti böyümək
mümkün deyil. Necə ki, C.Məmmədquluzadənin, Ə.Haqverdiyevin,
M.Ə.Sabirin yanında olub, onları oxuyub qorxaq, müti
böyümək mümkün deyildi...”.
“Ədibin
konkret olaraq ”simpatiyası" və “antipatiyası” olan adamlar
var və o, öz adamlarını “həmişə axıradək
müdafiə edir: kişi kimi !”
Bu
fikirlər satirik yazıçı, dramaturq Xeyrəddin Qoca
haqqında yenicə çapdan çıxmış “Həyati
proseslərin axarında...” adlı kitabda toplanan məqalələrdən
götürülmüşdür.
Kitaba
yazıçının şəxsiyyəti,
yaradıcılığı, şərəfli ömür
yolu haqqında görkəmli qələm sahiblərinin , elm,
mədəniyyət və incəsənət xadimlərinin
müxtəlif nəşrlərdə, kütləvi informasiya
vasitələrində dərc edilən dəyərli məqalələri,
onların fikir və düşüncələrini əks
etdirən yazılardan seçmələr, müxtəlif sənədlər,
ədibin ziyalılarla, dostları ilə çəkdirdiyi
fotoşəkilləri salınmışdır.
Azərbaycan
Respublikası Prezidentinin sərəncamları,
tanınmış dövlət adamlarının, siyasətçilərin
yazıçıya ünvanladıqları məktublar, təbriklər
də kitabda öz əksini tapmışdır.
Kitabın
tərtibçisi və redaktoru istedadlı ədəbiyyatşunas
Sərvaz Hüseyinoğludur.
“Həyati
proseslərin axarında...” kitabını “Yazıçı”
nəşriyyatı nəfis tərtibatla
buraxmışdır. Bu nəşr ədibin
həyat və yaradıcılığı haqqında indiyədək
oxuculara təqdim olunan
üçüncü kitabdır.
Xalq qəzeti.- 2013.- 25 aprel.- S. 11.