Tarixin ironiyası: “erməni
soyqırımı”
Bu gün
dünya siyasətində belə bir praktika vardır: Tarixdə
baş verən bir
sıra hadisələr müxtəlif siyasi
qütblərin oyun predmeti
kimi istifadə edilməkdədir. Bəzi dövlətlər, xüsusilə böyük iqtisadi və
hərbi potensiala malik
ölkələr öz mənafelərindən
çıxış edərək onlara heç bir aidiyyatı olmayan məsələlərə müdaxilə
edir, tarixi hadisələri
birtərəfli təhlil edərək xalqların daxili işlərinə
qarışır, özlərinin vaxtilə kütləvi
qırğınlarda iştirak etməsini
bir kənara qoyub dünyada mövqe qazanmaq üçün rəqiblərinin
üzərində dominantlığı hər cür
vasitə ilə qoruyub saxlamaq
istəyirlər. Bunun üçün onların işinə ən çox yarayan “kart”lardan
biri də qondarma erməni
soyqırımı iddialarıdır.
Bu
gün Türk dünyasını təhdid edən bu “soyqırımı”
iddiaları təməl prinsiplərini terrorçuluq üzərində
quran, separatizm və terrorizmi dövlət siyasətinin tərkib
hissəsinə çevirən Ermənistanın ideoloji mahiyyət
etibarilə əsas silahına çevrilmişdir.
Qondarma
erməni soyqırımı XX əsrin əvvəllərində,
daha dəqiq desək, 1915-ci ildə Osmanlı imperiyası ərazisində
yaşayan ermənilərin sistemli və kütləvi şəkildə
məhv edilməsini irəli sürən iddiadır. Guya ermənilər
birinci dünya müharibəsi illərində indiki Türkiyənin
sələfi Osmanlı dövlətinin rəhbər
adamlarının xüsusi göstərişlərinə əsasən
məqsədyönlü olaraq qətlə yetirilmiş və
bu “genosid” nəticəsində 1,5 milyon erməni
öldürülmüşdür. Bəs tarix bizlərə
bu barədə hansı həqiqətləri
pıçıldayır? “Erməni soyqırımı” kimi
iddia edilən bu hadisələrin gerçək mahiyyəti əslində
necədir? Elə isə bu olayların baş verdiyi tarixə
nəzər salaq.
Erməni
üsyanları və onu doğuran səbəblər
XIX əsrin
sonlarında Osmanlı imperiyası ərazisində bir sıra
üsyanlar baş qaldırdı. Bu dövrdə beynəlxalq münasibətlərin kəskinləşməyə
doğru getməsi, Avropa dövlətlərinin, xüsusilə
çar Rusiyasının Osmanlıya qarşı
yürütdüyü düşmənçilik siyasətinin
nəticəsi olaraq Balkan, Yaxın Şərq və Şərqi
Anadoluda türklərə qarşı üsyanlar
alovlanmağa başladı. Balkanda serblərin, bolqarların,
Anadoluda ermənilərin, Ərəbistanda, Suriyada, İraqda
isə ingilislərin təşviqi ilə ərəblərin
hökumət əleyhinə çıxışları
baş qaldırdı. Çar Rusiyasının Osmanlıya
qarşı ərazi iddiaları həm müharibə ilə,
həm də ermənilərə, serblərə və
yunanlara verilən siyasi dəstəklə
müşahidə olunurdu. Ermənilərin əsrlər boyu
türklərlə qonşu və bir sərhəd daxilində
yaşayaraq “sadiq” və “məzlum” imic
formalaşdırmaları türklərin onlara qarşı səmimi
münasibət sərgiləməsi ilə seçilirdi. Sonda
bu inanılmış seçim ermənilərin lehinə
türklərin isə əleyhinə işlədi. Belə ki,
“Böyük Ermənistan” xülyası ilə yaşayan erməni
şovinist ideoloqları və kilsə xadimləri rus-türk,
daha sonra I Dünya Müharibəsində Osmanlıya arxadan zərbə
vurmaq, kütləvi üsyanlara başlamaq, dinc əhaliyə
divan tutmaq, ölkə ərazisində xaos və
iğtişaşlar törətmək, hakimiyyəti
onların muxtariyyətini və müstəqil dövlətini
tanımağa məcbur etmək yolunu tutdular. Bu işdə
ermənilərə Qərb dövlətlərinin, xüsusilə
çar Rusiyasının maddi və mənəvi dəstəyinin
böyük rolu oldu. Hələ, 1876-cı ilin dekabrın 6-da
İstanbuldakı erməni patriarxının ingilis səfiri
Eliota göndərdiyi məktubda yazılır: “...əgər
Avropanın bu işə müdaxiləsi və diqqət
göstərməsi iğtişaş və üsyan
qaldırmaq tələb edirsə, bunu etməkdə heç
bir çətin iş yoxdur”. Onun mövqeyi bu işə ermənilərin
hələ uzun illərdən bəri hazır olduğunu və
özlərinin bu məsələyə qəsdən “qol
qoyduğu”nu açıq-aşkar sübut edir. Bunu 28 mart
1894-cü il tarixində İstanbuldakı ingilis səfiri
Currie öz ölkəsinin xarici işlər nazirliyinə
göndərdiyi məktubunda da təsdiqləyir. O yazır: “
Erməni iğtişaşçılarının hədəfi
qarşıqlıqlar yaradaraq, Osmanlıları buna cavab verməyə
təhrik etmək və beləcə xarici ölkələrin
məsələyə münasibətini təmin etməkdir”.
Beləcə üsyanların ilk közərtisi Musa bəy
olayı adı ilə tarixə düşmüş hadisədən
başlayır. Gəlin, silsilə ilə erməni
üsyanlarının I Dünya müharibəsindən öncəki
tarixinə qısa nəzər yetirək.
Musa bəy hadisəsi
Bu
hadisə bilavasitə Türkiyə ermənilərinin təhlükəsizliyi,
xristianlıq təəssübkeşliyini qabartmaq məqsədilə başlayır.
Guya Mutkili olan Musa bəy haqqında irəli sürülən
şikayətlər bu narazılıqların yaranmasına və
ermənilərin fəryad qoparmasına səbəb
olmuşdur. Ermənilər iddia edirdilər ki, “ Musa bəy bir
sıra talanlar və işgəncələrdə təşkilatçı
qismində iştirak etmiş, ancaq haqqında
ölçü götürülməmiş və şikayətlərə
hökumət tərəfindən baxılmamışdır.
Xüsusilə Muş şəhərindən olan bir rahibin
Gülzar adlı qardaşı qızının
qaçırılaraq Musa bəyin evinə gətirilməsi,
onun namusuna təcavüz edilməsi, sonra eyni halın Musa bəyin
qardaşı tərəfindən edilməsi, İslamı
zorla qəbul etdirmək cəhdi və nəhayət
Musanın qıza verdiyi işgəncələr
Gülzarın Muş şəhərində
yaşayan bir qrup erməni ilə İstanbula şikayətçi
qismində gəlməsinə səbəb olmuşdur. Bu
qız da daxil olmaqla 58 nəfər erməni baş nazirliyə
şikayət etmiş, lakin müsbət cavab
almamışdır. Əslində isə bundan ötrü
Musa bəyin İstanbula çağırılması
faktı vardır. İstanbula mühakimə olunmaq
üçün çağırılan Musa bəy xarici mətbuat
nümayəndələrinin gözü qarşısında
60-dan çox şahid dindirmələri əsasında
sorğu-sual edildikdən sonra tutarlı heç bir fakt
olmadığına görə günahsız elan
edilmişdir”. Bununla belə Musa bəy hadisəsi ermənilər
üçün güclü bir təbliğat mənbəyinə
çevrilə bilmişdir. Erməni qızı olan
Gülzarın və əmisi rahibin şəkilləri çəkilərək
Avropanın bütün mətbuat qurumlarına göndərilmişdir.
Məqsəd keşişin “namusunun tapdalanmasını” əsas
gətirərək xristian təəssübkeşliyindən
yararlanmaq olmuşdur.
Ərzurum hadisəsi
Ərzurum
üsyanı, 20 iyun 1890-cı ildə baş vermişdir. Həmin
vaxt vali olan Samih Paşaya və digər bəzi məsul şəxslərə,
ermənilərin Rusiyadan silah-sursat gətirdikləri və bu
tədarükləri Sanasaryan məktəbində, kilsələrdə
saxladıqları xəbəri verilmişdir. İyul ayı ərzində
polislər kilsələrdə araşdırma aparmaq istəmiş,
lakin ermənilər daha əvvəl bu yoxlamadan xəbərdar
olduqları üçün dirəniş göstərmişlər.
İlk əmirdən sonra komitəçi ermənilər,
hadisə yerinə gələn əsgərlərə atəş
açmış və nəticədə 3 hərbçini və
bir polisi qətlə yetirmişlər. Yalnız ermənilər
zərərsizləşdiriləndən sonra kilsədə
axtarışlar davam etdirilmişdir.
Qumqapı təxribatı
Erməni
komitələrinin təbliğat və təşviqat
üçün istifadə etdikləri ən mühüm
hadisələrdən biri də, şübhəsiz ki,
Qumqapı təxribatıdır. Türkiyənin məşhur
tarixçisi Əsəd Uras yazır ki, 1890-cı il iyul ayının 15-də
hnçaklılar tərəfindən Qumqapıda silahlı təxribatın
təşkil olunması üçün iki erməni
seçilir. Hadisə günü teleqraf xətləri kəsilir
və “Hnçakın” bildirişləri erməni kütləsinin
arasında paylanılır. Ermənilər kilsədə dini
ayin icra edən keşişi onlarla saraya getməyə məcbur
edirlər. Keşiş Aşıkyan qaçaraq monastra
sığınır. Silahlı erməni quldurları
monastrı tuturlar, lakin monastrda yığılan silahlar
partlayır və məbəd yerlə-yeksan olur. Keşiş
Aşıkyan məcbur edilərək saraya aparılır.
Sarayın qarşısına toplaşmaq istəyən erməni
kütləsi və terrorçu hnçaklılar
“Yaşasın ermənilər, Yaşasın müstəqil
Ermənistan” şüarları səsləndirirlər.
Türk əsgərləri və polisi bu qeyri-qanuni
toplantını dağıtmaq üçün əraziyə
gəlir və ermənilər onlara atəş
açırlar. Bu təxribatın ideya müəlliflərindən
və təşkilatçılarından olmuş H.Cangulyan atəş
açmaqlarını belə nəql edir: “Bizimkilər vəhşi
bir şəkildə əsgərlərə dayanmadan atəş
açırlar, əskərlər isə silahlıları həbs
etməyə cəhd edirdilər. 6-7 əsgər ağır
yaralı olaraq yerə sərildi. 10 -a qədər əsgərin
isə yarası yüngül idi. Özümüz isə iki nəfər
itirdik”.
Zeytun üsyanı
1895-
ci ilin iyulunda Zeytun bölgəsində “Hnçak” terror təşkilatı
ermənilərin üsyanını təşkil edir.
Başında Nazarbekov qardaşlarının
dayandığı “Hnçak” terror təşkilatının
beş fəalı Zeytuna gələrək erməniləri
üsyana sövq etmiş və ingilislərin bu üsyanda
onlara dəstək olacaqlarını bildirmişlər. Əsəd
Uras yazır: “16 sentyabr 1895-ci ildə 100 nəfərlik quldur
qrup “Qaranlıq dərədə” toplaşaraq üsyana
qalxırlar. Bütün teleqraf
xətləri kəsilir, iki min silahsız və dörd min
silahlı erməni bölgənin bütün yerlərində
iğtişaşlar törədirlər. Bölgənin valisi,
50 əsgər və ümumilikdə 600 nəfər əsir
götürülür. Əsirlər erməni
qadınları tərəfindən öldürülür.
Komandan Rəmzi Paşa yalnız kömək göndəriləndən
sonra üsyanı yenidən
Zeytuna sıxışdırır. Modern silahlardan istifadə
edən erməni asilərini zərərsizləşdirmək
çətin olsa da türk qoşunları ərazini təmizləyirlər.
Silahlı üsyançıları məhv etməyə az
qalmış İstanbuldakı Avropa ölkələri səfirlikləri
müdaxilə etmiş və hərəkat
dayandırılmışdır." Tarixçi Kamran
Gürün qeyd edir ki, üsyandan sonra elçilər Hələb
şəhərindəki konsulluqlarını bu
üsyançıların xilası üçün səfərbər
edirlər. Altı dövlətin konsulu 1896-cı ildə
Zeytuna gəlir və 28 yanvarda “barışıq”
yaradılır. Barışığın şərtlərinə
görə silahlar təhvil verilir, Hnçakın təxribat
qrupu fevralın 13-də ölkədən
çıxarılır və 12 martda Marselə
qaçır. Bu dəfə də partiya bu qanlı təşviqatı
ilə erməniləri üsyana sövq etməklə onlarda
“Böyük Ermənistan” quracaqlarına inam yaratmış
lakin nəticədə məğlub olmuş və xeyli erməni,
kürd və türk qətlə yetirilmişdir.
Birinci Sasun üsyanı
1890-cı
ildə Mehran Damadyan adlı bir Hnçak üzvü
üç ilə qədər təbliğat apardıqdan
sonra Sasun ermənilərinin xəbər verməsindən sonra
mühakimə edilmək üçün İstanbula
aparılmış lakin sonra sərbəst
buraxılmışdır. Sonrakı üsyan isə sırf əcnəbi
dövlətlərin müdaxiləsini reallaşdırmaq məqsədilə
“Hnçak” komitəsində hazırlanmış və Murad
Boyaçıyan vasitəsilə
başlanılmışdır. Ə. Uras yazır ki, Murad
Sasuna getmək üçün əvvəlcə Qafqazdan
keçərək “Daşnaksütyun” komitəsindən dəstək
alır. Sasuna çatdıqda isə ətrafına erməniləri
toplayaraq üsyan planını onlarla bölüşür. Təqribən
3000-ə yaxın silahlı erməni
Antaq dağına sığınaraq dinc türk qəsəbələrinə
və kəndlərinə amansız hücuma keçirlər.
Qadın-uşaq, cavan-qoca bilinmədən yüzlərlə
insan qətlə yetirilir. Erməni quldurları türklərlə
yanaşı kürdlərin bölgədə öz nüfuzu
ilə tanınan əşirətlərinə hücum edərək,
onları kütləvi tələfata uğradırlar. Əsir
düşən bütün müsəlmanların dini
inancları təhqir olunur. Xeyli qadın erməni təcavüzünün
qurbanı olur. Qətllər xüsusi amansızlıqla həyata
keçirilir. Hücum etdikləri dinc əhalinin bütün əmlakı
qarət edildikdən sonra yandırılır. Erməni
quldurları eyni zamanda Muş şəhərinə də
hücum edib oranı işğal etmək istəyirlər.
Lakin Muşda yerləşən türk qarnizonu bunun
qarşısını alır. Hücuma məruz
qalmış müsəlman əhali xaçı öpməyə
və xristianlığı qəbul etməyə məcbur
edilir. Bunu rədd edənlər isə amansızlıqla
öldürülür.
Tarixən
törətdikləri vəhşilikləri yalanlarla pərdələməyə
adət edən ermənilər Sasun hadisələrində də
hər şeyi türklərin üstünə atmağa cəhd
göstərdilər. Bu barədə Amerikalı tədqiqatçı
Samuel Uins ermənilərlə bağlı yazdığı
kitabında qeyd edir: Britaniyalı kapitan Norman 19 sentyabr 1895-ci
ildə qəbul edilərək Adana regionunda yaşayan ermənilərə
ünvanlanmış erməni manifestinə istinadla məruzə
edir. Manifestdə yazılır: “Ermənilər,
döyüş üçün silahlanın! Gəlin,
qılınclarımızı sıyıraq və
düşmənin üstünə atılaq!” Norman deyirdi ki,
Britaniya jurnalistləri “ermənilər tərəfindən ələ
salınıb”. O əlavə edirdi ki, “öz
uşaqlarını Antaq Dağındakı (Sasun) qayadan
atmaları və namuslarını qorumaq üçün
onların arxasınca özlərini də atdıqları
haqqında erməni analarının dedikləri tamamilə əfsanədir”.
Kapitan əhalinin içərisində ermənilərin
sayı haqda sual verir və deyir ki, onlar “öz
qurbanlarının sayını artırdıqları kimi hər
şeyi şişirdirlər”
Bunu
ermənilərin qaldırdığı məsələləri
qiymətləndirmək üçün Osmanlı hökumətinin
1894-cü ildə Sasun Təhqiqat Komissiyasının gəldiyi
nəticələrdən də görmək
mümkündür. Müsəlman üzvləri ilə birlikdə
komissiyada ingilis, fransız və ruslar da var idi. Komissiya belə
qərara gəldi ki, bir-birinə hücum edən ermənilər
də, türklər də eyni dərəcədə
günahkardır. Buna baxmayaraq, Britaniya nümayəndəsi
ayrıca hesabat hazırladı. O, qeyd edirdi ki, “ermənilərin
türk əsgərləri tərəfindən kütləvi
qırılması, xüsusilə erməni
qadınlarının Qeliquzandakı kilsədə
doğranması və Talaridəki qadın monastrının
dağıdılması haqqında yaydığı xəbərlərin
heç bir əsası yoxdur”.
İngiltərənin
Vandakı konsulu Holvard Sasuna vəziyyəti öyrənmək
üçün getmək istəyir. Lakin Osmanlı hökuməti
səfiri bu üsyanın təşviqatçılardan biri
kimi gördüyü üçün getməsinə izn
vermir. Çox keçmir ki, hökumətə təzyiq nəticəsində
Rusiya, İngiltərə, Fransanın konsulları Ərzurumda
toplaşaraq məsələni müzakirə edirlər.
Xüsusi komissiya yaradılır. Altı ay gərgin
araşdırmaların nəticəsində 108 toplantı
keçirilmiş, 190-dan artıq şahid dindirilmişdir. 23
avqustda üsyanın əsas başçısı Murad həbs
edilmişdir. Bu üsyanın ermənilər üçün
böyük əhəmiyyəti var idi. Onlara görə,
Sasunda qopacaq bir üsyan dalğası Avropaya qəti hərəkətə
keçmək üçün fürsət verəcəkdir.
Bununla da erməni xülyaları təmin olunacaqdı. Gərgin
döyüşlər və itkilərdən sonra üsyan
yatırılır. Bu hadisə barədə Amerikanın
“Nyu-York Herald” qəzeti yazırdı: “Komissiya müəyyən
etmişdir ki, Osmanlı hökuməti asilərə
qarşı ordu göndərməklə ən qanuni
haqqından istifadə etmişdir. Bu əsgərlər
qanlı çarpışmalardan sonra erməniləri yenə biliblər. Quldurlar dinc əhaliyə divan
tutmuş. Müsəlman olanlar öldürülmüş, təhqir
və qarət olunmuşdur. Bir çox müsəlmanlar
gözləri oyularaq, qulaqları kəsilərək ən
alçaqcasına həqarətlər edilərək
xristianlığı qəbul etməyə və
xaçı öpməyə məcbur edilmişdir.
Türklər
tərəfindən qadınlara, uşaqlara, ahıllara, əlillərə
İslami və insani hökümlərə uyğun
davranılmışdır. Ölən ermənilər təslim
olmağı qəbul etməyən və ölkənin qanuni
hakimiyyətinə qarşı vuruşanlardır.
Van üsyanı
Van
üsyanı 1895-ci il iyun ayının 15-də başlamışdır.
Altı il Vanda, sonra isə Ərzurumda Rusiyanın konsulu
olmuş general Mayevski xatirələrində yazır: “1895-ci
ildə Van ixtilalçıları Avropanın diqqətini erməni
məsələsinə çəkmək üçün
geniş bir hərəkata başlayır və varlı ermənilərə
maliyyə yardımı göstərmək üçün
ölüm təhdidlərinə söykənən məktublar
göndərilir. Van ixtilal komitəsi tərəfindən bəzi
cinayətlər həyata keçirilir. Bunların içində
ən önəmli cinayət yanvarın 6-da ermənilərin ən
böyük bayram günü, nüfuzlu din xadimi keşiş
Boqosun öldürülməsidir. Bahar fəslində üsyan
hazırlıqları daha da sürətlənmiş, şəhərin
yaxınlarında öldürülüb vücudları
parçalanan insanlardan bəhs edilməyə
başlanmışdı. Təxribatçılar isə bu
kimi cinayətlərə qarşı təqib və dərin
axtarış aparılmadığını görüb daha
da cəsarətlənirlər.
Onların ayağı yer aldıqca müsəlmanların
da səbri azalırdı”.
Vilayət
raportlarında xüsusilə Vana göndərilmiş
qoşun birliyinin komandiri Səadətdin paşanın
raportunda üsyan başlayandan bitənədək 418 müsəlman ilə
yanaşı 1715 erməninin həyatını itirdiyi, 363
müsəlman və 71 erməninin yaralandığı
bildirilmişdir. Osmanlıdakı ingilis baş konsulu Viliams da
üsyan barədə diqqətçəkən fikirlər
bildirmişdir. Diplomat qeyd edir ki, “Daşnaqların Vanda 400-ə
qədər mənsubu var və sayının 50 -ni keçdiyini
sanmadığım
hnçaklılarla birlikdə onlar öz
dindaşlarını terror törətməyə məcbur
edir və öz çılğınlıqlarıyla müsəlman
xalqı da onlara qarşı təhrik edir və islahatların
aparılmasına imkan vermirlər. Əgər bunlar susdurula
bilsə bölgənin əmin-amanlığını əngəlləyən
ən böyük maneənin ortadan qalxacağına əminəm”.
Raportdan da göründüyü kimi, ermənilərin itkiləri
saxtalaşdırılmamış, əksinə, olduğu kimi
bütün təfsilatı ilə təqdim olunmuşdur.
Raport ermənilərin I Van üsyanında kifayət qədər türk vətəndaşını
öldürdüyünü və buna görə də
dövlət qoşunları ilə qarşıdurmada özlərinin
də itkilər verdiyini açıq-aydın sübut edir.
(ardı
var)
Anar TURAN
Xalq qəzeti.- 2013.- 25 aprel.- S. 12.