Pirallahı
neftçiləri dövlət qayğısına əməli
işlə cavab verirlər
Ölkəmizin neft sənayesinin
qabaqcıl müəssisələrindən sayılan “Abşeronneft” Neft və
Qazçıxarma İdarəsinin kollektivi,
həmişə olduğu kimi,
hazırda da neftçıxarmanın
önündə gedir. Xatırladaq ki, idarə ötən əsrin əvvəllərində
“Pirallahı” yatağının quru hissəsində
ilk quyunun istismara verilməsi ilə
yaradılmışdır.
1935-ci
ildə isə adı çəkilən yatağın dəniz
hissəsində dəmir konstruksiyalar üzərindən
qazılmış 157 saylı quyudan neft
çıxarılmasına başlanmış və bununla
da, idarənin istismar etdiyi sahələr Xəzər dənizinə
doğru genişlənməyə başlanmışdır.
Hazırda
isə “Abşeronneft” NQÇİ
“Qərbi Abşeron”, “Abşeron”, “Darvin bankəsi”,
“Pirallahı” və “Gürgan” yataqlarının
istismarını həyata keçirir. Ötən ilin
ortalarından etibarən isə “Qoşadaş”
yatağında “Xəzər-6” üzən qazma qurğusu vasitəsilə
layihə dərinliyi 3500 metr olan
ilk axtarış-kəşfiyyat quyusunun
qazılmasına başlanmışdır. Bundan əlavə,
hazırda məhsuldarlığı
ilə seçilən “Darvin bankəsi” yatağında quraşdırılmış
720 saylı stasionar dəniz özülündən də hasilat quyularının qazılması davam etdirilir. Yeri gəlmişkən,
hazırda burada yeni özüllər
quraşdırılır ki, bu da yaxın illərdə idarə üzrə neft
hasilatının xeyli artırılmasına imkan yaradacaq.
İdarənin istismar etdiyi “Qərbi Abşeron”
yatağının perspektivi nəzərə alınaraq burada
daha üç özülün tikintisi
planlaşdırılır. Hazırda isə bu yataqda 10
istismar quyusu fəaliyyət göstərir. Yeri gəlmişkən,
uzun illər istismarda olan “Pirallahı” yatağının quru
hissəsində qazılan 1200 saylı axtarış quyusunda
da sınaq—mənimsəmə və hazırlıq işləri
aparılmışdır.
Son
illər neft və qaz hasilatına dair proqnoz
tapşırıqlarını vaxtında və
artıqlaması ilə yerinə yetirən Pirallahı
neftçiləri 2013-cü ilin birinci rübünü də yüksək nailiyyətlərlə,
uğurlu göstəricilərlə başa vurmuşlar. Belə
ki, ilin əvvəlindən uğurlu start götürən
“Abşeronneft” NQÇİ-nin kollektivi ötən
üç ay ərzində 51 min 790 ton əvəzinə 54 min 513 ton neft hasil edərək
proqnoz tapşırığını 105,3 faiz yerinə yetirmişdir.
Bu isə ötən ilin müvafiq dövründəkindən
1808 ton və ya 3,4 faiz çoxdur. Bundan əlavə,
neftçilər ilin əvvəlindən 53 min 723,3 ton “qara
qızıl” təhvil verərək plana 105,6 faiz əməl
etmişlər. İdarənin
qaz hasilatı və təhvili üzrə göstəriciləri
də uğurludur. Belə ki, yanvar-mart ayları ərzində
Pirallahı neftçiləri 10 milyon 990 min kubmetr əvəzinə
11 milyon 116 min kubmetr qaz hasil etmişlər ki, bu da proqnoz
tapşırığının 101,1 faiz yerinə yetirilməsi
deməkdir. Hesabat dövründə idarə üzrə
çıxarılan ümumi qazın 1 milyon 876 min kubmetri səmt
qazının payına düşmüşdür. Yeri gəlmişkən,
Pirallahı adasının 16 minlik əhalisinin, eləcə də
buradakı sosial obyektlərin “mavi yanacağa”olan tələbatı
məhz “Abşeronneft” NQÇİ tərəfindən
istehsal edilən təbii qaz hesabına ödənilir. Cari ilin
ilk rübündə idarə üzrə 6 milyon 977 min kubmetrdən
artıq “mavi yanacaq” təhvil verilmişdir ki, bu da nəzərdə
tutulduğundan çox və ya
plana 101,9 faiz əməl olunması deməkdir.
Neft hasilatının
artırılması üçün bütün imkanları
səfərbər edən “Abşeronneft” Neft və
Qazçıxarma İdarəsində hesab edirlər ki, əldə olunmuş bu
uğurların başlıca səbəbi ölkənin neft sənayesinə,
neftçilərə göstərilən dövlət
qayğısının məntiqi nəticəsidir. Elə
idarənin rəisi Şahmar Hüseynov da söhbət əsnasında bu məsələni
önə çəkərək dedi: - Son illər Dövlət
Neft Şirkəti və “Azneft” İstehsalat Birliyi rəhbərliklərinin
diqqət və qayğısından ruhlanaraq bütün
bunlara əməli işlə cavab verməyə
çalışırlar. Neftçilərimiz bir sadə həqiqəti
də dərk edirlər ki, ölkəmizin iqtisadi qüdrətinin
ilbəil artması, xalqımızın rifah halının
anbaan yaxşılaşması həm də onların fədakar
əməyindən çox asılıdır. Neft və qaz
hasilatı üzrə proqnoz tapşırıqlarının
artıqlaması ilə yerinə yetirilməsinin əsas səbəblərindən
biri isə, heç şübhəsiz, istismar fonduna daxil olan quyuların hər
birinin imkanlarının diqqətlə öyrənilməsi,
işlək fondunun təzələnməsi üçün
məqsədyönlü tədbirlərin vaxtlı-vaxtında
həyata keçirilməsi ilə bağlıdır.
Hazırda idarəmizin ümumi istismar fonduna 519 quyu daxildir. Həmin
quyulardan 442-si işlək fonda aiddir ki, bu da ümumi istismar
fondunun 85,2 faizini təşkil edir. İşlək
quyularının 4-dən qaz
çıxarılır.
Müəyyən
səbəblər üzündən istismarı
dayandırılmış quyulardan isə daha məhsuldar hesab
olunanların bərpa edilərək yenidən işlək
fonda qaytarılması üçün lazımi tədbirlər
görürük. Cari ilin birinci rübündə fəaliyyətsiz fonddan 6 quyu təmir
edilərək yenidən istismara daxil edilmişdir ki, bu da nəzərdə
tutulduğundan 4 quyu çoxdur. Həmin quyulardan isə 55 ton əvəzinə
639 ton əlavə neft alınmışdır. Bu istiqamətdə
səylərimizi getdikcə artırırıq. Təkcə
onu deyə bilərəm ki, hazırda idarə üzrə 14
neft və bir qaz quyusu mənimsəmə prosesindədir.
...“Abşeronneft”
Neft və Qazçıxarma İdarəsi yeganə müəssisədir
ki, burada neft hasilatı ilə bağlı bütün
üsullar tətbiq olunur. Bu ilin birinci rübündə idarə üzrə dərinlik
nasosu ilə istismar olunan 390 quyudan 47 min 947 ton neft
çıxarılmışdır ki, bu da ümumi
hasilatın 87,9 faizini təşkil etmişdir. Bundan əlavə,
ilin əvvəlindən çıxarılan neftin qalan hissəsi
isə erlift, svab,
fontan və qazlift üsulu ilə istismar olunan
quyuların payına düşür.
İdarənin istismar etdiyi yataqlar
ehtiyatlarla zəngin olduğundan son illər qazma işləri xeyli intensivləşmişdir. Təkcə
onu qeyd etmək kifayətdir ki, 2013-cü ilin altı ayında
qazmadan 4 quyu alınmışdır ki, bunlardan da 1220 ton neft
alınmışdır. İdarə üzrə neft və qaz
hasilatının sabit saxlanılması məqsədilə
geoloji-texniki tədbirlərin, eləcə də cari və əsaslı
təmir işlərinin vaxtlı-vaxtında aparılmasına
da diqqəti getdikcə artırırıq. Cari ilin
üç ayı ərzində 8 quyuda həyata
keçirilmiş geoloji tədbirlər hesabına 82 ton əlavə
neft çıxarılmışdır. Bundan əlavə,
hesabat dövründə həyata keçirilmiş texniki tədbirlər
də yüksək iqtisadi səmərə ilə
müşayiət olunmuşdur. Belə ki, 55 quyu üzrə aparılmış 104 texniki tədbir
387 ton əlavə neft hasilatına imkan yaratmışdır.
İdarənin istismar etdiyi yataqlar üzrə işlək
quyularının sabit və ahəngdar rejimdə işləməsini
təmin etmək məqsədilə təmir briqadaları da
yüksək əzmkarlıq nümayiş etdirmişlər.
Belə ki, hesabat dövründə onların səyi ilə
quyularda 395 əvəzinə 511 yeraltı təmir işi
aparılmışdır. Rüb ərzində quyularda həyata
keçirilmiş əsaslı təmir işləri də
yüksək səmərə vermişdir. Məhz əsaslı
təmir briqadalarının gücü ilə
görülmüş 36 təmir işi hesabına ilin ilk iki
ayı ərzində 340 tondan artıq neft
çıxarılmışdır.
Yeri
gəlmişkən, bu ilin əvvəlində ölkə
Prezidentinin müvafiq sərəncamı ilə Bakının
12-ci inzibati ərazisi–Pirallahı rayonu
yaradılmışdır. İdarə rəisi Ş.Hüseynovun
dediklərindən:– Neftçilərimiz yenicə
yaradılmış Pirallahı rayonunda həyata keçirilən
abadlıq-quruculuq işlərində də yaxından
iştirak edirlər. Bu da təsadüfi
deyil. Çünki rayon mərkəzi sayılan Pirallahı qəsəbəsi
sakinlərinin əksəriyyəti neftçi ailələridir.
Məhz buna görə də qəsəbənin sosial problemlərinin
həlli, həm də neftçilərimizin məişət
şəraitinin yaxşılaşdırılması deməkdir.
Elə qəsəbənin simasının dəyişdirilməsi
üçün görülmüş işlər də
bütün sakinlər kimi neftçilərimizdə də
xüsusi rəğbət doğurur. Artıq su problemi
Pirallahı və Gürgan qəsəbələrində, eləcə
də Zirə su nasosxanasında qazılmış əlavə
quyular hesabına həll edilmişdir. İşçilərin
iş yerlərində su təminatını
yaxşılaşdırmaq məqsədilə “Əks osmos”
tipli sutəmizləyici qurğusu da istifadəyə verilmişdir.
İdarənin inzibati binasının həyətində 50
yerlik yeməkxana binası tikilib istifadəyə verilmiş və
avadanlıqlarla təchiz edilmişdir.
Qəsəbəmizdə
yerləşən məktəblər, xəstəxana, təcili
tibbi yardım stansiyası, uşaq kordioloji sanatoriyasında həyata
keçirilən təmir işlərinə də lazımi
kömək göstərmiş, işçiləri texniki və
içməli su ilə təmin etmişik. Bundan əlavə, idarəmizin kollektivi qəsəbədə
əlamətdar bayramların keçirilməsinə də
yaxından kömək edir.
Hazırda ulu öndər Heydər
Əliyevin 90 illik yubileyi ilə əlaqədar qəsəbədə
keçirilən iməciliklərdə müntəzəm
iştirak edirik. 2013-cü ilin
birinci rübü ərzində idarə üzrə
sosial məsələlərin həlli istiqamətində də təqdirəlayiq
işlər görmüşük. Ekologiya sahəsində, eləcə
də təbii sərvətlərdən
səmərəli istifadə və ətraf mühitin
mühafizəsinə dair təsdiq olunmuş tədbirlər
planında nəzərdə tutulmuş işlərə diqqət xeyli
artırılmışdır.
Bütün bunlarda əsas məqsədimiz qəsəbəmizin
simasının daha da gözəlləşdirilməsinə mühüm töhfələr vermək,
neftçilərimizin sosial şəraitini
yaxşılaşdırmaq, onların asudə
vaxtlarının səmərəli təşkilinə nail
olmaqdan ibarətdir.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2013.- 25 aprel.- S. 14.