Bir ziyalı ömrünün
manifesti...
Aprelin 26-da böyük
pedaqoq, alim,
istedadlı yazıçı, xeyirxah insan, əsl vətəndaş Mir Cəlal Paşayevin anadan olmasından 105 il ötür
O insan
bu dünyada olduğu kimi, əbədiyyətdə
də xoşbəxtdir ki, həyatın kəşməkəşli,
yaradıcılığın ucsuz-bucaqsız yollarında qoyduğu izlər özündən sonra gələn nəsillər üçün örnək olmuşdur.
O insan bu dünyada olduğu kimi, əbədiyyətdə də xoşbəxtdir
ki, kamilliyə aparan yolun bütün
sınaqlarından üzüağ
çıxaraq müdriklik zirvəsini fəth
etmiş və
özündən sonra işıqlı
xatirələr qoymuşdur. Və o xalq, o
millət əbədi xoşbəxtdir ki,
belə keyfiyyətlərə malik şəxsiyyətlər
yetişdirmişdir. Belə
ali keyfiyyətlərə malik
Azərbaycan xalqının Nizami Gəncəvi,
Məhəmməd Füzuli, Mirzə Fətəli
Axundzadə, Mirzə Ələkbər Sabir,
Cəlil Məmmədquluzadə, Hüseyn
Cavid... kimi bütün nəsillərin müasiri
olan mütəfəkkir sənətkarları
ilə fəxr etməyə haqqı vardır.
XX əsr
Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin
inkişafında misilsiz xidmətlər göstərmiş
görkəmli yazıçı, böyük alim, xeyirxah
insan Mir Cəlal Paşayev də məhz belə nurlu şəxsiyyətlərdən
biri kimi xalqımızın yaddaşında əbədiyaşarlıq
haqqı qazanmışdır.
Mir Cəlal
Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın
Ərdəbil vilayətində yoxsul kəndli ailəsində
dünyaya göz açmışdır. Kiçik
yaşlarında atası Gəncəyə
köçdüyündən uşaqlığını
burada keçirmişdir. 1918-ci ildə - Mir Cəlal 10
yaşında ikən atası vəfat etmiş, o,
böyük qardaşının himayəsində
yaşamışdır.
Əzablı
ömür qisməti dünyaya gəldiyi ilk illərdən
onu izləməyə başlasa da, Ulu Tanrının mərhəməti
sayəsində Mir Cəlal Paşayev çox çətinliklərə
sinə gərərək, öz yolu ilə inadla, inamla irəliləyə
bilmişdir. O, 1918-1919-cu illərdə Xeyriyyə Cəmiyyətinin
köməyi ilə ibtidai təhsil almış və Azərbaycanda
sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəllimliyinə
daxil olmuşdur. Tələbə təşkilatının,
sonra isə şəhər tələbə həmkarlar təşkilatının
sədri seçilmişdir.
Mir Cəlal
Paşayev Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat
şöbəsində, Azərbaycan SSR Elmlər
Akademiyasının aspiranturasında təhsilini davam etdirməklə
yanaşı, müəllimlik etmiş və millətinin
övladlarına xalqının ədəbiyyatını, mədəniyyətini,
zəngin keçmişini mənimsətmişdir. Bu mənada
Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının,
təhsilinin inkişafındakı xidmətləri misilsizdir.
Yazıçı
kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal, elə
həmin ildə də ilk tədqiqat əsərini
yazmışdır. Sözün gücünə güvənib,
onun böyüklüyünə baş əyən sənətkarın
könüllərə yanğı salmış “Bir gəncin
manifesti” əsəri, zəmanənin güzgüsü olan
hekayələri klassik bədii nümunələr kimi ədəbiyyat
tariximizin səhifələrində müəllifinə əbədiyaşarlıq
qazandırmışdır. Onun böyük zəhmətinin bəhrəsi
olan “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan
ədəbiyyatı”, “Azərbaycanda ədəbi məktəblər
(1905-1917)”, “Ədəbiyyatşünaslığın əsasları”
adlı fundamental əsərləri ədəbiyyatşünaslıq
elminin qiymətli mənbələrindəndir.
Azərbaycan
Dövlət Universitetinin (indiki Bakı Dövlət
Universiteti) sevimli müəllimi, nüfuzlu professoru kimi xatirələrdə
daim yaşayan Mir Cəlal Paşayev həqiqət,
düzlük, səmimiyyət aşiqi, ailəsini,
övladlarını sevən, qoruyan şəxsiyyət
olmuşdur. Onun bu kəlamı indi də dillər əzbəridir:
“Həyatımda yaratdığım ən böyük əsər
ailəmdir”.
XX əsrin
20-30-cu illərində ədəbi aləmdə əvvəlcə
şeir, sonra isə oçerk və hekayələri ilə
görünən Mir Cəlal, az sonra istedadlı və orijinal
yaradıcılıq üslubu olan yazıçı kimi
tanınmışdır. Səməd Vurğun, Süleyman Rəhimov,
Süleyman Rüstəm, Mehdi Hüseyn kimi tanınmış
söz ustadları ilə bir dövrdə yaşayan Mir Cəlal
öz yazı üslubu ilə həmkarlarından fərqlənərək
Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirmişdir.
XX əsr Azərbaycan ədəbiyyatının bir sıra
nailiyyətləri bilavasitə Mir Cəlal Paşayevin adı
ilə bağlıdır. O, ədəbi-bədii, ictimai-fəlsəfi
yaradıcılığı ilə ədəbiyyatımızda
əsaslı dönüş yaradan mütəfəkkir
yazıçılardan biri olmuşdur. Əlli illik
yaradıcılıq fəaliyyəti dövründə o,
görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı
tarixində öz layiqli və şərəfli yerini
tutmuşdur. Qəti əminliklə deyə bilərik ki, təkcə
“Bir gəncin manifesti” əsərinə görə Mir Cəlal
klassik sənətkarlar sırasında dayanmaq haqqını
qazanmışdır. Bu əsər çapdan çıxanda
onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk
şeirləri (“Dənizin cinayəti”, “Ananın vəsiyyəti”,
“Müxbir”) çap olunmuşdur. Lakin o, bundan sonra, daha
doğrusu, 1930-cu ildən etibarən hekayələr
yazmışdır. O dövrün “Şərq qadını”,
“Gənc işçi”, “İnqilab və mədəniyyət”,
“Ədəbiyyat qəzeti” kimi nüfuzlu nəşrlərində
“Doktor Cinayətov”, “İfşa”, “Mərkəz adamı”, “Naxələf”,
“Bostan oğrusu”, “Qüdrət nümayişi”, “İstifadə”,
“Dəzgah qızı”, “Heyrət” və digər hekayələrini
çap etdirmişdir. 1932-ci ildə “Sağlam yollarda”, 1935-ci
ildə “Boy” adlı ilk oçerklər və novellalar
kitabları işıq üzü görmüşdür.
Mir Cəlalın
bütövlükdə yaradıcılıq dünyası ilə
tanışlıqdan sonra belə qənaətə gəlmək
olur ki, onu düşündürən həyati məsələləri,
milli folklorun, xalq təfəkkürünün
işığını, milli-mənəvi dəyərlərin
klassik ənənələrə uyğun inkişafını
və bu istiqamətdə yaranan problemləri, xalq həyatının
real görüntüsünü nəsr dilində aydın,
qabarıq şəkildə vermək mümkündür. Necə
ki, Sabiri oxuyanda şeirin, Mirzə Cəlili oxuyanda satira və
yumorun gücünü duyursan, Mir Cəlal hekayələrini
oxuyanda da eyni hissləri keçirirsən.
Mir Cəlalın
ilk irihəcmli əsəri - “Dirilən adam” romanı 1935-ci ildə
ayrıca kitab kimi nəşr olunmuşdur. Hələ
yarım əsr bundan əvvəl akademik Məmməd Arif
yazmışdır: “Mir Cəlal ”Dirilən adam"la diqqətli
bir realist yazıçı olduğunu göstərmişdir".
İlk
dəfə 1937-1939-cu illərdə hissə-hissə
“Revolyusiya və kultura” jurnalında nəşr olunan “Bir gəncin
manifesti” əsəri isə yazıçının həyatında
böyük bir dönüş yaratmış, ədəbi
zirvəyə aparan yoluna cığır açmış və
müəllifə böyük oxucu auditoriyası
qazandırmışdır. 1940-cı ildə “Uşaqgəncnəşr”də
kitab halında kütləvi tirajla buraxılan bu əsər
oxucu tələbatına görə sonrakı illərdə də
dəfələrlə təkrar çap edilmişdir. “Bir gəncin
manifesti” bu gün də qəlbləri riqqətə gətirir.
Doqquz dəfə müxtəlif illərdə ayrıca kitab
halında nəşr olunmuş “Bir gəncin manifesti” Azərbaycanın
hüdudlarından çox-çox uzaqlarda da sevilir.
Mir Cəlalın
“Dirilən adam”, “Bir gəncin manifesti”, “Yolumuz hayanadır”
romanlarında keçmiş, “Açıq kitab”,
“Yaşıdlarım”, “Təzə şəhər”
romanlarında isə müasir həyat lövhələrinin bədii
təsviri ustalıqla qələmə
alınmışdır. Yazıçının
“İnsanlıq fəlsəfəsi” (1961) kitabında
toplanmış hekayələri də böyük tərbiyəvi-əxlaqi
əhəmiyyətə malikdir. “İnsanlıq fəlsəfəsi”,
“Subaylıq fəlsəfəsi”, “Təzə toyun nəzakət
qaydaları”, “Vicdan mühakiməsi”, “Vicdan əzabı”,
“Hesab dostları”, “Təsadüf, ya zərurət”,
“Qocaların uşaq söhbəti” və digər hekayələrində
isə real həyat lövhələri, fəlsəfi
düşüncələr əks olunmuşdur.
Mir Cəlalın
bədii yaradıcılıq nümunələri dəfələrlə
nəşr olunmuşdur. “Seçilmiş əsərləri”
(2 cilddə, 1956-57), “Seçilmiş əsərləri” (4
cilddə, 1967-68), “Seçilmiş əsərləri” (2 cilddə,
1986-87), hekayə və povestlərdən ibarət “Şəfəqdən
qalxanlar” (1972), “Dağlar dilə gəldi” (1978), “Ləyaqət”,
hekayələrdən ibarət “Bostan oğrusu” (1937),
“Gözün aydın” (1939), “Vətən” (1944), “Həyat
hekayələri” (1945), “Sadə hekayələr” (1955), “Xatirə
hekayələri” (1962), “Gülbəsləyən qız”
(1965), “Silah qardaşları” (1974) və s. kitabları bu qəbildəndir.
Ümumiyyətlə, indiyədək yazıçının
70-dən çox kitabı nəşr olunmuşdur.
XX əsrin
ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal
Paşayev çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi
alim kimi də müstəsna və özünəməxsus
yer tutmuşdur. Filologiya təhsili alan tələbələrin
birinci kursda istifadə etdikləri “Ədəbiyyatşünaslığın
əsasları” dərsliyi sonralar da mütəxəssislərin
masaüstü kitabı olmuşdur. Mir Cəlal Paşayev
1936-cı ildən ömrünün sonunadək dərs dediyi
universitetin auditoriyalarında bu fəndən mühazirələr
oxumuşdur.
Mir Cəlal
Paşayev 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri”
əsərinə görə filologiya elmləri namizədi,
1947-ci ildə isə “Azərbaycanda ədəbi məktəblər”
əsərinə görə filologiya elmləri doktoru alimlik dərəcələrini
almışdır. Füzuli poeziyasının qüdrətinə
heyran olan, ümumiyyətlə, klassik ədəbiyyata qəlbən
bağlı Mir Cəlal Paşayev 1958-ci ildə bu mövzuya
yenidən müraciət edərək “Füzuli sənətkarlığı”
adlı monoqrafiyasını nəşr etdirmişdir. Professor
Qara Namazov deyir ki, Mir Cəlalın “Füzuli sənətkarlığı”
monoqrafiyası Füzuli ədəbi irsini öyrənmək,
mənimsəmək və dərk etmək üçün
elmi açardır. Əsər 1994-cü ildə təkrar nəşr
olunmuşdur.
“Azərbaycanda
ədəbi məktəblər (1905-1917)” əsərində
isə Mir Cəlal Paşayev XX əsrin əvvəllərində
inqilabi-demokratik meyllərlə əlaqədar baş verən
ictimai-siyasi hadisələr kontekstində Azərbaycanda realizm,
romantizm ədəbi məktəbləri, maarifçi-didaktik
yazıçılar və xırda məişət
dramları haqqında müfəssəl tədqiqatlar
aparmış, əhatəli elmi nəticələr əldə
etmişdir.
Mir Cəlal
Paşayevin tanınmış tədqiqatçı Firudin
Hüseynovla birgə yazdığı “XX əsr Azərbaycan ədəbiyyatı”
əsəri 40 ilə yaxındır ki, ali məktəblərin
dərs vəsaitidir. Bu dərslikdə XX əsrin böyük
ədəbi şəxsiyyətləri, onların
yaradıcılığı, ədəbi mühitə gətirdikləri
yeniliklər haqqında əhatəli elmi fikirlər əks
olunmuşdur. Mir Cəlal Paşayev böyük şəxsiyyətlərin
həyat və yaradıcılıqlarını, dövrün
ictimai-siyasi, ədəbi-mədəni mühitini öyrənməklə,
tədqiq etməklə özü də uca zirvələrə
qalxmış, şəxsiyyət kimi müdrikləşmişdir.
Əməkdar
Elm Xadimi Mir Cəlal Paşayev XX əsr ədəbiyyat, ədəbiyyatşünaslıq
tarixində elə bir iz açmışdır ki, bu,
çağdaş təfəkkürümüzün də əsas
sütunu olaraq qalacaqdır.
1978-ci
il sentyabrın 28-də əbədiyyətə
qovuşmuş, böyük şəxsiyyət kimi tarixləşmiş,
gözəl müəllim, görkəmli yazıçı,
istedadlı ədəbiyyatşünas Mir Cəlal Paşayevin
xatirəsi daim qəlblərdə yaşayacaq, ədəbiyyatımızın,
ədəbiyyatşünaslığımızın əbədi
mövzusu olaraq qalacaqdır.
Kamil
insan, alim, yazıçı dünyanı təkcə izah
etmir, eyni zamanda, onu dəyişdirir, insanların
şüuruna, baxışlarına təsir edə bilir. Bu mənada
Mir Cəlal Paşayevin çoxşaxəli yaradıcılığı
nəinki müasirlərinə, özündən sonra gələn
nəsillərə də əsl örnək olmuşdur. Təsadüfi
deyildir ki, bu gün təkcə Azərbaycanda deyil, onun sərhədlərindən
kənarda da görkəmli ədibin həyat və
yaradıcılığı geniş şəkildə
öyrənilir və əsərləri çap olunaraq maraqla
oxunur.
“UNESCO-nun
2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin
və əlamətdar hadisələrin qeyd edilməsi
proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin
keçirilməsi haqqında” Azərbaycan Prezidentinin 2008-ci il
31 yanvar tarixli Sərəncamına əsasən,
yazıçı Mir Cəlal Paşayevin yubiley mərasimi təntənə
ilə qeyd edilmişdir. Parisdə, UNESCO-nun iqamətgahında
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi, alim, pedaqoq Mir Cəlal Paşayevin 100
illiyinə həsr olunmuş mərasim keçirilmişdir.
XX əsr
Azərbaycan ədəbiyyatında, elmində müstəsna
xidmətlər göstərən Mir Cəlal Paşayevin 100
illiyinin UNESCO səviyyəsində qeyd olunması, ilk növbədə,
Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına
dünya miqyasında verilən dəyərin təzahürüdür.
2008-2009-cu illərdə UNESCO-nun dünya miqyaslı hadisələrin
və şəxsiyyətlərin yubileylərinin qeyd
olunması ilə bağlı qərarına Mir Cəlal
Paşayevin də adının daxil edilməsi, həm də
Azərbaycan-UNESCO əməkdaşlığının
inkişafının bariz nümunəsidir.
İllər
ötdükcə Mir Cəlal Paşayevin təkcə elmi irsi
tədqiq edilmir, onun həm də xeyirxahlığı,
böyük və əlçatmaz müəllimliyi, bəşəriliyi
heyranlıqla qarşılanır və sevilə-sevilə qəlblərdə
özünə ucalıq abidəsi qurur. Ədibin bu zirvədəki
yeri daim qalacaq və onun mərhəmət sevgisi dünya durduqca
yaşayacaqdır.
Gözəl AĞAYEVA
Xalq qəzeti.- 2013.- 26 aprel.- S. 9.