Qlobal Liderlər Şurası məqsədlərini və üzvlərinin siyahısını açıqlamışdır

 

İsgəndəriyyə Kitabxanası, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Sülh Mədəniyyəti Fondu, Xarici Əlaqələr Şurası və dünyanın bir sıra nüfuzlu qurumlarının dəstəyi ilə təsis olunmuş Qlobal Liderlər Şurası prioritet məqsədlərini açıqlamışdır.

 Şuradan verilən məlumatda bildirilir ki, beynəlxalq münasibətlərdə təhdid, münaqişələrin, bərabərsizlik və ədalətsizlik anlayışlarının artması, son illər ərzində terror, müharibələr və işğal aktlarının intensivləşməsi cəmiyyətlər, dinlər, insanlar arasında qarşılıqlı şübhə və qorxu hallarına rəvac vermişdir. Bu çərçivədə dözümlülük və anlaşmanın təşviq edilməsi və dünyada yaranmış disbalansın aradan qaldırılması üçün kollektiv siyasi iradənin formalaşdırılması, mədəniyyətlər və insanlar arasında körpülərin qurulmasına ehtiyac heç zaman bu qədər aktual olmamışdır. Qlobal Liderlər Şurasının yaradılması məhz bu zərurətdən irəli gəlir.

Qlobal Liderlər Şurasının əsas məqsədləri sırasına sülh, təhsil, insan hüquqları, milli və beynəlxalq səviyyədə demokratiya və qarşılıqlı anlaşmanın təşviqi, ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizə, beynəlxalq təşkilatlar arasında qarşılıqlı əlaqələrin təmin edilməsi daxildir. Bundan başqa, cəmiyyətin bütün sahələrində demokratik prinsiplərin təbliği, dialoq, tolerantlıq və anlaşma əsasında birgəyaşayışın bərqərar edilməsi, habelə təzyiq və zorakılığın bütün formalarının rədd edilməsi, resursların ədalətli bölgüsü, informasiya və bilik mübadiləsi də şuranın prioritet məqsədləri elan olunmuşdur.

Qlobal Liderlər Şurasının üzvləri Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberga, Finlandiyanın sabiq prezidenti Tarya Halonen, UNESKO-nun sabiq baş direktoru Federiko Mayor Zaragoza, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, BMT Baş katibinin müşaviri Nafis Sadik, ülyahəzrət Kraliça Nur, əlahəzrət Şeyx Hissah bin Saad Al-Sabah və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur.

Alyansın ilk toplantısı mayın 7-8-də Bakı şəhərində keçiriləcək. Mərkəz rolunda isə Vaşınqton, Genevrə, İsgəndəriyyə və Bakı şəhərləri qəbul edilmişlər.

 

 

Samirə ƏLİYEYA

 

Xalq qəzeti.- 2013.- 26 aprel.- S. 9.