Azərbaycan Avropa Şurasında dini dözümlülüyün uğurlu
nümunəsi kimi təqdim edilmişdir
Dinlər və mədəniyyətlər
arasındakı münasibətlər Avropa
Şurası Parlament Assambleyasında
(AŞPA) vaxtaşırı müzakirə edilən problemlərdəndir.
Yaz
sessiyasının üçüncü iş günündə bu
mövzu yenə gündəmdə idi. İtaliyalı deputat Luka Volonte və Türkiyənin
millət vəkili Toğrul Türkeşin hazırladıqları məruzə
“Dini icmalara
qarşı zorakılıqlar” adlanırdı və həmin
məsələ ətrafında müzakirələrə başqa məruzələrlə
müqayisədə xeyli geniş
vaxt ayrılmışdı. Günün birinci
yarısı boyu davam
edən müzakirələrdə 50 nəfərə yaxın
deputat mövqeyini bildirdi.
Müzakirələrdə
Azərbaycan nümayəndə heyətinin üzvü Rafael
Hüseynov da Assambleya üzvlərinin maraqla
qarşıladığı çıxış etdi. Din və
cəmiyyət münasibətlərinin bir sıra həssas məsələlərinə
toxunan Rafael Hüseynov bu kontekstdə Azərbaycandakı dini
tolerantlıq mühitinə də xüsusi diqqət yönəldərək
dedi: “Dinlərin, inancların insanları birləşdirmək
və ayırmaq kimi iki fərqli keyfiyyəti vardır. Din
siyasətlə qarışdırılmayanda, dindən
hansısa gizli məqsədlər üçün istifadə
edilməyəndə din məhz insanları və xalqları
bir-birinə yaxınlaşdırmağa, anlaşmaya, sülhə,
əməkdaşlığa zəmin yaradır. Lakin istər
arxada qalan tarixdə, istər müasir dövrdə müxtəlif
ölkələrdə dini icmalara və bütövlükdə
dinə, onun müqəddəslərinə, rəmzlərinə
münasibətdə ortaya çıxan bəzi mənfi məqamları
araşdıranda mütləq bunun arxasında hansısa
xoş olmayan siyasi, iqtisadi, ya digər maraqların
dayandığı üzə çıxır.
Son
bir neçə ildə Avropa Şurasında dinlərarası
dialoqla bağlı ardıcıl olaraq məruzələrin
hazırlanması, müzakirələrin aparılması həm
də onun göstəricisidir ki, bu istiqamətdə hər
halda problemlər mövcuddur, vəziyyətin arzu etdiyimiz
yüksək səviyyəyə çatması
üçün hələ çox çalışmaq
lazımdır. İndiyə qədər hətta bir sıra
beynəlxalq təşkilatlarda belə bəzən dini fərqliliyə
görə fərqli münasibətlər müşahidə
edilirsə, deməli, görüləsi işlər
çoxdur, bu mövzu da hələ xeyli müddət gündəmdə
qalmalıdır.
Din, əqidə,
inanc seçimindəki azadlıq insanın fundamental hüquq
və azadlıqları sırasında ön yerdə
dayananlardandır. Lakin onu da görməmək mümkün
deyil ki, ayrı-ayrı dini sektalar vasitəsilə bəzən
din pərdəsi altında ekstremist fəaliyyətlər də
gerçəkləşdirilir, ruh azadlığına qətiyyən
aidiyyəti olmayan məqsədlər də güdülür
və onlara qarşı ayrı-ayrı ölkələrdə
dövlətin, cəmiyyətin təhlükəsizliyi
baxımından zəruri tədbirlər görüləndə
isə, bunu qeyri-qanuni təzyiq, insan haqlarına, din
azadlığına həqarət kimi qələmə verməyə
cəhd olunur.
Mənim
ölkəm Azərbaycan müxtəlif dinlərin bir-biri ilə
yanaşı, bir-birinə hörmət və əməkdaşlıq
şəraitində mövcudluğuna çox uğurlu
nümunə, model sayıla bilər. Həm də bu model uzun tarixi olan
klassik bir modeldir. Azərbaycanın paytaxtı Bakının
mərkəzində qədim
şəhər yerləşir
və orada bəzisi indi muzey, bəziləri elə ibadətgah kimi fəaliyyət göstərən və yüz illərlə yaşı olan dini abidələr mövcuddur. Burada atəşpərəstlərin atəşkədəsi, xristianların
kilsəsi, müsəlmanların məscidləri
bir-birindən 30-40 metr
məsafədə yerləşir
və min ildən çoxdur ki, belədir. Əgər min ildən artıq
müddətdə bu ibadətgahlar beləcə
bir-birinə mane olmadan,
bir-birini rədd etmədən yanaşı
dayanıblarsa, bunun özü bu məkanda dinlərarası
dialoqun daim davam etməsinə əyani sübutdur. Bu nümunəni gətirməkdə
məqsədim ondan ibarətdir ki, istər mədəniyyətlər,
istər dinlər arasında dialoqun arzu olunan səviyyədə
yaşaması üçün
fərqli dini icmaların təzyiqlərə,
təqiblərə məruz
qalmadan ortaq məkanda varlığından
ötrü cəmiyyətdə
belə bir ənənənin olması
da mühümdür.
Çünki əqidə, mənəviyyatla
bağlı məsələlərdə
yalnız təbliğatlarla,
çağırışlarla ideal nəticəyə çatmaq
çətindir. Əlbəttə, təbliğat da, çağırışlar da
lazımdır, lakin bunlar o qədər sistemli və ardıcıl olmalıdır
ki, ənənəyə
çevrilsin. Bu tərbiyə dərsliklərdə
əksini tapmalı,
ilk uşaqlıq illərindən
beyinlərə həkk
olunmalıdır. Bu xətt, bu yol
dinlərə bağlı
bütün fobiyaların,
bütün tərəddüd
və qərəzlərin
tam aradan gedəcəyi
vaxtlara qədər davam etdirilməlidir.
Bu, bütün böyük dinlərin də, bütün tərəqqipərvər cəmiyyətlərin
də daimi, köhnəlməyən arzusudur”.
Azərbaycan nümayəndə heyətinin
üzvü Sahibə Qafarova çıxışında
bildirmişdir ki, dini tolerantlıq, dini dözümlülük
müasir sivilizasiyada insanların təhlükəsiz
şəraitdə yaşamasının
ən mühüm şərtlərindən biridir. Tolerantlıq milli dövlətlər üçün ən zəngin xəzinə və dəyərdir.
Mən öz ölkəmin timsalında bunun nə qədər əhəmiyyətli olduğunu
söyləyə bilərəm.
Bildiyiniz
kimi, Azərbaycan çox mürəkkəb
coğrafi məkanda yerləşir. Regionda təkcə
siyasi baxımdan deyil, dini və
milli mənsubluq baxımından da kifayət qədər həssaslıq vardır.
Lakin bütün bu məsələlərə rəğmən
Azərbaycan dini və milli tolerantlıq
baxımından bölgə
dövlətləri arasında
liderlik edir. Ölkəmizin ətrafında və
daxilində digər dinlərin daşıyıcısı
olan xeyli sayda millətlərin nümayəndələri yaşayır.
Azərbaycanda bütün dinlərə
və digər millətlərə mənsub
olan toplumlara tarixən tolerant münasibət
bəslənilib. Bu münasibət, təbii ki, inzibati metodlar
hesabına formalaşdırılmayıb
və formalaşdırılması
da mümkün deyildir. Çünki tolerantlıq hər
kəsin fərqli ifadə tərzinə hörmətlə ziddiyyət
təşkil etsə belə, onun fikirlərinə dözümlü
yanaşmaqdır. Bu isə Azərbaycanın milli-mədəni, mənəvi
dəyərləri, tarixi
ənənələri və
bütövlükdə türk
millətinin xarakteri ilə bağlı olan məsələdir.
Azərbaycanda müsəlmanlarla bərabər
xristianlıq, iudaizm və digər qeyri-ənənəvi dinlərə
mənsub xeyli sayda vətəndaş və vətəndaşlığı
olmayan insanlar yaşayır. Həmçinin burada ənənəvi
dini bağlılıqları
olmayan toplumlar, məsələn, qaraçılar
da yaşayır.
Hər hansı bir başqa dinə və millətə mənsub olduğuna görə Azərbaycan ərazisində insanlara cəmiyyət tərəfindən
radikal münasibət
göstərilməyib.
Azərbaycanda din dövlətdən rəsmən ayrıdır.
Lakin Azərbaycan Respublikası
Konstitusiyasının 48-ci maddəsinə
əsasən hər kəsin vicdan azadlığı vardır.
Hər kəsin dinə münasibətini müstəqil
müəyyənləşdirmək, hər hansı dinə təkbaşına
və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini
ifadə etmək və yaymaq hüququ vardır.
Azərbaycanda müxtəlif dini konfessiyalar tərəfindən
ibadət evlərinin tikintisinə və bərpasına fərqli dini icmaların nümayəndələrinin maddi
və mənəvi dəstək verməsi dövlət siyasətinin
mühüm prioritetlərindən
biridir. Müsəlmanların çoxluq təşkil
etdiyi Azərbaycanda xristian məbədlərinə
paralel olaraq yəhudi sinaqoqları da bərpa olunmuş,
yeniləri inşa edilmişdir.
Eyni zamanda, Azərbaycan bütün dünya ictimaiyyəti tərəfindən
örnək göstərilir
və ölkəmizdə,
o cümlədən paytaxt
Bakıda hər il dinlərarası
dialoqa həsr olunmuş beynəlxalq konfranslar, dünyanın dini liderlərinin toplantıları keçirilir.
Beləliklə, çox strateji
bir bölgədə yerləşən Azərbaycan
bir çoxlarından
fərqli olaraq dini fərqliliyini nümayiş etdirən bir paradoks deyil,
barışığı, birliyi, dostluğu, birgə yaşayışı
stimullaşdıran müqəddəs
bir vasitə hesab edir. Bu da təbiidir.
Əgər başqa dinlərə
qarşı dözümlü
olsaq, onda biz təxribatçıların əlindən
bu fürsətlərini
almış olarıq.
Unutmamalıyıq ki, özümüzü
sevmək, özümüzə
hörmət etmək
başqasını sevə
bilmək və başqasına hörmət
etmək qabiliyyətindən
asılıdır.
Əsgər ƏLİYEV
Xalq qəzeti.-2013.- 25 aprel.- S. 4.